Məhkəmə qərarları › İş №1(001)-291/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-291/2021

16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-291/2021 16.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquq varisi X1, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs oğlunun, xx xxx 1979-cu il tarixdə Gədəbəy rayonunun Sovetabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Şahdağ kəndində qeydiyyata olmaqla, ünvan 1 ünvanında nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi o, bu qaydaları pozaraq ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs kimi 29 may 2018-ci il tarixdə istehsal (mebel sexi) fəaliyyət növü ilə məşğul olmaqdan ötrü ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmaqla açdığı və fəaliyyətdə olan – ünvan 2 ünvanında yerləşən mebel sexində işə qəbul edilmiş şəxslərlə, o cümlədən 01.08.1994-cü ildə Gədəbəy rayonu Şahdağ kəndində anadan olmuş, Axverdiyev Məhəmməd Nurətdin oğlu ilə müvafiq əmək müqavilələri bağlamışdır.Buna baxmayaraq, o öz qulluq mövqeyinə görə mebel sexində işəgötürən kimi işlərə rəhbərlik edən, əmək qanunvericiliyi ilə üzərinə texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs kimi “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili.Ümumi tələblər. 12.0.004-79 DÜST”-nin (Dövlət standartının) 1.1, 1.3 bəndlərinin və “Taxta emalı sənayesində təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydaları”nın 1430 bəndinin tələblərini pozmuşdur.Belə ki, o, yuxarıda göstərilən ünvanda yerləşən mebel sexində işçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırmadığına, anbarın divarlarına söykənmiş halda olan taxta materialların (DSP tipli panellər) aşmaması üçün hər hansı tədbirləri görmədiyinə görə, mebel sexində mebel ustası işləyən Axverdiyev Məhəmməd Nurətdin oğlu 29 yanvar 2021-ci il tarixdə, saat 12:00 radələrində ünvan 2 ünvanında yerləşən mebel sexinin anbarında lazımi qaydada bərkidilməmiş vəziyyətdə saxlanılan mebel panellərini götürmək istədikdə həmin panellər onun üzərinə aşmışdır.Buna görə ehtiyatsızlıqdan kiçik çanaq boşluğuna qanaxma ilə müşayiət olunan sidik kisəsinin, nazik və yoğun bağırsaq müsariqəsinin zədələnmələri, hər iki qalça və qasıq sümüklərinin sınıqları, alın nahiyəsinin və sol almacıq nahiyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyəsinin əzilmiş yarası, sol üst göz qapağının və gözaltı nahiyənin, qarın nahiyəsinin, qasıq nahiyəsinin, sağ və sol diz oynağı nahiyəsinin qançırları, alın nahiyəsinin, sol yanaq nahiyəsinin, sol ayağın və döş qəfəsinin sağ yarısının arxa səthinin sıyrıqlarından ibarət dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər alması nəticəsində Məhəmməd Axverdiyevin həmin gün saat 16:50 radələrində “X11” xəstəxanasında ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, fərdi sahibkardır (VÖEN **********), 2018-ci ildən etibarən vergi qeydiyyatına alınaraq mebel sexi açmış, həmin sex mebel kəsimi və mebellərin düzəldilib quraşdırılması ilə məşğuldur. Bundan əvvəl o, uzun müddət müxtəlif mebel sexlərində mebel ustası kimi fəaliyyət göstərmiş, ehtiyatda olan zabitdir, 2001-2003-cü illər ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi hava qüvvələrinin müdafiə qoşunlarının tərkibində hərbi xidmətdə olmuşdur. Sexin ilkin qeydiyyatı ünvan 3 ünvanında keçirilmiş, daha sonra, yəni 2020-ci ilin mart ayında o, "xxxx" MMC ilə icarə müqaviləsi bağlayaraq sexi ünvan 2 ünvanında yerləşən sahəsi 400 m2 təşkil edən yerə köçürmüş, müqaviləyə əsasən aylıq icarə haqqı 1200 AZN təşkil edir.Sexdə ümumilikdə işlərə rəhbərliyi o keçirir, qardaşı Rəhim isə özü olmayanda onu gəlib əvəz edərək nəzarəti həyata keçirir. Sexdə onun rəhbərliyi altında beş nəfər işləyir: Gündüz, Ramin, İlqar, sürücü işləyən qardaşı Altay və mərhum Məhəmməd.İşçilərin hamısı ilə tərəfindən əmək müqaviləsi bağlanılmış və onlar dövlət sosial sığortadan keçirilmişlər.İşçilər əmək müqaviləsinə əsasən 250 AZN əmək haqqı alırlar.Bundan başqa, özü mebel ustası olan sinif yoldaşı Elçin də hərdən sexə gəlib onların avadanlıqlardan istifadə etməklə öz mebel sifarişlərini həyata keçirir. Elçin sexdə işləmir, sadəcə sifarişləri olduqda ondan icazə alaraq bura gəlib öz işlərini görür. Xəstə olduğu üçün o, 29 yanvar 2021-ci il tarixdə işə gəlməmiş, qardaşı Rəhimdən onu əvəz etməyi xahiş etmiş, belə ki, iki gün əvvəl zəhərləndiyi üçün işə çıxmamışdır. Saat təqribən 12:00 radələrində Rəhim ona zəng edərək işçisi Məhəmmədin üzərinə mebel panellərinin düşdüyü və sonuncunun bundan xəsarət aldığı, Travmatologiya xəstəxanasına aparıldığı barədə məlumat vermişdir.Bu xəbəri alan kimi o da tez evdən çıxıb həmin xəstəxanaya getmişdir. Burada Məhəmmədə ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat olmalı olduğunu demişlər və bunun üçün onlar Məhəmmədi əməliyyat olunması üçün “X11” xəstəxanasına köçürməyə qərara almışlar.Məhəmmədi ora çatdırdıqdan sonra sonuncu dərhal əməliyyata götürülmüş, saat 16-17 radələrində həkimlər onlara Məhəmmədin aldığı xəsarətlərdən ölməsi barədə məlumat vermişlər, daha sonra onlar Məhəmmədin meyitini müayinəsi olunması üçün Binəqədi rayon meyitxanasına aparmışlar.Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən mebel sexində bütün məsələlərə cavabdeh olan şəxs kimi o, şifahi qaydada işçilərə ehtiyatlı olmalarını bildirsə də, buna dair hər hansı xüsusi tədbir görməmiş, sexdə işçilərə təhlükəsizlik qaydaları barədə xüsusi təlimat kitabı üzrə müvafiq təlimatlandırma keçirməmiş, işçiləri xüsusi geyim forması və təhlükəsizlik avadanlığı ilə təmin etməmiş, sexdə mebel panellərini yığdıqdan sonra onların aşmaması üçün hər hansı təhlükəsizlik tədbirlərinin görülməsini təmin etməmiş və bununla da ehtiyatsızlıqdan Məhəmməd Axverdiyevin ölümü ilə nəticələnən hadisəyə zəmin yaratmışdır.O, təhlükəsizlik tədbirlərini və müvafiq təlimatlandırmanı həyata keçirməli olduğu halda, bunu etmədiyi üçün Məhəmmədin ölümünə səbəb olmağını qəbul edir və buna görə də törətdiyi cinayət əməlinə görə çox peşimandır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, səmimi peşmançılığını, hadisələrin təsadüfi axarı zəminində baş verməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə zəruri tibbi yardım göstərilməsini təmin etmək üçün tədbir gördüyünü, zərərçəkmiş şəxsin ailə üzvlərinin ondan tələb və şikayətlərinin olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, himayəsində 2 (iki) azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi X3 bildirmişdir ki, Axverdiyev Məhəmməd Nurətdin oğlu onun oğlu olmuş, Məhəmməd 1994-cü ildə Gədəbəy rayonunun Şahdağ kəndində anadan olmuşdur.Təqribən 2005-ci ildə onlar Gədəbəydən Bakı şəhərinə köçmüşlər, Məhəmməd də burada orta məktəbi bitirmiş, daha sonra hərbi xidmətə getmiş, hərbi xidmətdən qayıtdıqdan sonra Məhəmməd bir müddət Türkiyəyə gedib orada işləmiş, daha sonra isə Azərbaycana qayıdıb burada mebel ustası işləməyə başlamışdır.Burada Məhəmməd ailə həyatı qurmuş və həmin nikahdan oğlunun iki azyaşlı övladı vardır.Təqribən iki il əvvəl o, Məhəmmədi onun şagirdi olmuş Təqsirləndirilən şəxs yanına işləməyə göndərmiş, həmin vaxtdan etibarən Məhəmməd Elşənin yanında mebel işində işləmişdir.Məhəmməd xasiyyətcə mülayim, xeyirxah, zəhmətkeş, lakin bir az tələsik uşaq olmuş, həmişə hər şeyi tez etməyə, hər şeyi çatdırmağa çalışmışdır.Onlar Məhəmmədi nə qədər səbirli olmağa, tələsməməyə çağırsalar da, bu barədə irad bildirsələr də, Məhəmməd yenə də hər şeyi çatdırmağa, tez öhdəsindən gəlməyə çalışmışdır.29 yanvar 2021-ci il tarixdə ona Məhəmmədin telefonundan zəng gələrək sonuncunun işlədiyi yerdə xəsarət aldığı və hazırda “X11” xəstəxanasına əməliyyat olunması üçün aparıldığı barədə məlumat verilmişdir. Bundan sonra o, tez taksiyə minib həmin xəstəxanaya getmiş, xəstəxanaya çatdıqda Məhəmməd artıq əməliyyata götürülmüş, lakin bir qədər müddət sonra onlara Məhəmmədin vəfat etməsi barədə məlumat verilmiş, daha sonra onlar Məhəmmədin meyitini Binəqədi rayon meyitxanasına aparmışlar və burada müayinə keçirildikdən sonra onlar Məhəmmədi dəfn etmişlər. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X3 Təqsirləndirilən şəxs ilə barışdığını və ona vurulmuş ziyanın ödənildiyini və şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, sinif yoldaşı Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ə.Rəcəbli küçəsi ətrafında mebel sexi vardır, həmin sex mebel kəsimi və mebellərin düzəldilib quraşdırılması ilə məşğuldur.Özü mebel ustası olduğu üçün sifarişləri olduqda Elşəndən icazə alıb, materialları özü almaq şərtilə Elşənin sexinin avadanlığından istifadə etməklə mebel sifarişlərini yerinə yetirib mebel düzəldir, lakin Elşən birbaşa onun rəhbəri deyil. Həmin sexdə Elşənin rəhbərliyi ilə Məhəmməd, Gündüz, Ramin, İlqar və sürücü Altay adlı şəxslər işləyirlər.29 yanvar 2021-ci il tarixdə o, saat 10:00 radələrində sexə gəlib öz işi ilə məşğul olmağa başlamış, saat 11-12 radələrində sexdə işləyən Məhəmməd onu mebel panelini götürmək üçün köməyə çağırmış, o da sonuncuya kömək etmək məqsədilə sexdə panellərin saxlandığı otağa (anbara) keçmiş, bu zaman anbarın girişi ilə üzbəüz divara söykənmiş şaquli vəziyyətdə beton döşəmənin üzərində bərkidilməmiş taxta parçalarının üzərində 10 ədəd mebel paneli yığılmış, panellər rəngə görə fərqlənmiş, Məhəmməd də mürdüm rəngli panelin lazım olduğunu bildirmiş, həmin panel ortada olduğundan Məhəmməd ona özünün digər panelləri tutacağını deyib lazım olan paneli ortadan çıxartmağını xahiş etmişdir. O, sağ tərəfə keçib panelləri aralayıb qeyd olunan paneli çıxartmaq istədikdə Məhəmməd panelləri saxlaya bilmədiyini, panellərin onu apardığını bildirmiş, o da sonuncuya tez panelləri buraxıb qırağa çəkilməyini demiş, bundan sonra Məhəmməd panelləri buraxıb arxaya keçmək istəmiş, lakin 7-8 ədəd panel üzərinə aşaraq ayaqlarını sıxmışdır. O da qorxub sexdə işləyən digər işçiləri səsləmiş, sexdə işləyən digər işçilər səs-küyə onların yanlarına gəlmişlər və onlar birlikdə panelləri qaldıraraq Məhəmmədi oradan çıxarmışlar. Onlar əvvəl təcili tibbi yardım çağımışlar, lakin təcili tibbi yardımın gec gəldiyini gördükləri üçün Məhəmmədi Elşənin qardaşı Rəhimin avtomobilinə mindirib sonuncunu Travmatologiya xəstəxanasına aparmışlar.Travmatologiyada Məhəmmədə ilkin tibbi yardım göstərildikdən sonra Məhəmməd “X11” xəstəxanasına aparılmış və burada əməliyyat olunmuşdur. Sonradan o, sexə qayıtmış, bu zaman artıq Məhəmmədin üzərinə düşən mebel panellər anbarda qırağa yığılmışlar.Həmin gün saat təqribən 17:00 radələrində onlar Məhəmmədin aldığı xəsarətlərdən ölməsi barədə məlumat almışlar. O, həmçinin bildirmişdir ki, Məhəmməd sexdə panellərin yığıldığı otaqda (anbarda) onun köməyi ilə mebel panelini götürmək istədikdə, yəni özü panelləri saxlayıb onun Məhəmmədə lazım olan mürdüm rəngli panelləri çıxartmağa cəhd etdiyi zaman panellərin ağırlığına dözməyərək saxlaya bilmədiyi üçün panelləri buraxıb geri çəkilmiş, lakin buna baxmayaraq özünü xilas edə bilməmiş və həmin panellər üzərinə aşıb ayaqlarını sıxmışlar. Panellər üst-üstə yığıldıqda bir-birinə yapışır və birini çəkdikdə digərləri də üstünə gəlir.Hadisə zamanı hamı sexdə olsa da, Məhəmmədin yanında panellərin saxlandığı otaqda ondan başqa heç kəs olmamış, digər işçilər sexin içərisində, giriş darvazasının ətrafında olmuşlar. Sexdə daimi əsaslarla işləmədiyi üçün işçilərin texniki təhlükəsizliyi və əməyinin mühafizəsi üçün zəruri tədbirlərin görülüb-görülməməsi barədə məlumatı yoxdur. Sexdə işçilərin texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət olunmasına cavabdeh olan şəxsin kim olması barədə dəqiq məlumatı yoxdur, lakin ümumilikdə sexdə işlərə rəhbərlik edən şəxs Elşəndir. İşçilərə təhlükəsizlik qaydaları barədə xüsusi təlimat kitabı üzrə müvafiq təlimatlandırma keçirilib-keçirilməməsi barədə məlumatı yoxdur, lakin Elşənin işçilərinə şifahi qaydada ehtiyatlı olmalarını deməsini eşitmişdir. Sexin ərazisində təhlükəsizlik kameraları quraşdırılsa da, məhz hadisənin baş verdiyi otaqda kamera olmamışdır. Sexdə işçilərin xüsusi geyim forması və təhlükəsizlik avadanlığı ilə təmin olunmamışlar, işçilər öz adi geyimində işləyirlər. Bir mebel panelinin ölçüsü 2,80x1,22 metr, çəkisi isə təqribən 35-40 kiloqram təşkil edir. Bir nəfər şəxs bir mebel panelini təkbaşına götürə bilər, lakin bundan artıq olduqda bunu etmək mümkün deyil. Həmin mebel panelləri düzünə şaquli istiqamətdə bir-birinin üzərinə yığılır, həmin qaydaya dair hər hansı təlimatın mövcud olub-olmaması barədə məlumatı yoxdur, sadəcə bildiyi qədər bütün sexlərdə taxta materiallar, o cümlədən mebel panelləri, laminat və sair materiallar bu qaydada yığılır.Mebel panellərini göstərilən qaydada yığdıqdan sonra onların aşmaması üçün hər hansı tədbir görülməmiş, panellər eləcə üst-üstə yığılıb şaquli vəziyyətdə saxlanılmışlar. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 oğlu bildirmişdir ki, fərdi qaydada sürücülüklə məşğul olur. Qardaşı Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ə.Rəcəbli küçəsi ətrafında mebel sexi vardır, həmin sex mebel kəsimi və mebellərin düzəldilib quraşdırılması ilə məşğuldur.Qardaşının həmin sexdə ümumilikdə 5 işçisi vardır: Məhəmməd, Gündüz, Ramin, İlqar və sürücü Altay.Bundan başqa, qardaşının sinif yoldaşı Elçin də qardaşından icazə alaraq gəlib avadanlıqlarından istifadə etməklə öz sifarişlərini həyata keçirir. Qardaşı Elşən 29 yanvar 2021-ci il tarixdə özünü yaxşı hiss etmədiyi üçün ondan sexə gəlib işçilərə nəzarət etməyini xahiş etmiş, bu səbəbdən o, səhər saat 09:10 radələrində sexə gəlmiş, həmin zaman işçilərdən hamı işdə olmuş, o, Elşənin ofisinə keçib burada öz işi ilə məşğul olmuş, saat təqribən 12:00 radələrində o, telefonla danışdığı zaman sexdən səs-küy gəldiyini eşitmiş, bu səbəbdən tez otaqdan çölə çıxmış və işçilərin panellərin saxlandığı otağa qaçdığını, ora yaxınlaşdıqda isə panellərin Məhəmmədin ayaqlarının üstünə aşdığını görmüşdür.İşçilər tez bir zamanda panelləri qaldırmış, Məhəmməd təkan verərək panellərin altından çıxmış, həmin zaman Məhəmmədin başının sol tərəfində çapıq görmüş, eyni zamanda sonuncunun sağ ayağı da zədələnmiş, lakin Məhəmməd sol ayağı ilə təkan verə bilmişdir. Onlar təcili tibbi yardıma zəng vurub çağırsalar da, təcili yardım gec gəldiyinə görə Məhəmmədi onun şəxsi avtomobilinə mindirib Travmatologiya xəstəxanasına aparmışlar. Burada Məhəmmədə ilkin tibbi yardım göstərildikdən, o cümlədən rentgendən keçirdikdən sonra həkimlər sonuncunun əməliyyat olunmalı olduğunu bildirmişlər, bu səbəbdən də onlar Məhəmmədi təcili tibbi yardım avtomobili vasitəsilə oradan “X11” xəstəxanasına göndərmişlər və Məhəmməd həmin xəstəxanada əməliyyat olunmuşdur. Bundan sonra o, sexə qayıtmış, burada Məhəmmədin üzərinə düşən mebel panellərinin işçilər tərəfindən yığılıb həmin otağda qırağa qoyulduğunu görmüşdür. Daha sonra həmin gün saat 17:00 radələrində onlara Məhəmmədin aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat verilmişdir. O, həmçinin bildirmişdir ki, hadisə zamanı orada olmasa da, işçilərin dediyinə görə Məhəmməd sexdə panellərin yığıldığı otaqda (anbarda) Elçinin köməyi ilə mebel panelini götürmək istədikdə panelləri saxlaya bilmədiyi üçün 7-8 ədəd panel üzərinə aşaraq ayağlarını sıxmış, həmin zaman işçilərin hamısı sexdə olmuş, bundan əlavə Elçin də həmin gün sexə işləməyə gəlmiş, lakin qardaşı Elşən özünü pis hiss etdiyi üçün işə çıxmamış, bundan başqa da, Altay həmin zaman də orada olmamışdır. Sexdə işləmədiyi üçün işçilərin texniki təhlükəsizliyi və əməyinin mühafizəsi üçün zəruri tədbirlər görülüb-görülməməsi barədə məlumatı yoxdur, o, sadəcə həmin gün qardaşını əvəz etmişdir. Sexdə bütün məsələlərə, o cümlədən işçilərin texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına cavabdeh olan şəxs onun qardaşı Təqsirləndirilən şəxsdur. İşçilərə təhlükəsizlik qaydaları barədə xüsusi təlimat kitabı üzrə müvafiq təlimatlandırma keçirilib-keçirilməməsi barədə məlumatı yoxdur, lakin qardaşı Elşən işçilərinə şifahi qaydada mütəmadi olaraq ehtiyatlı olmalarını bildirmiş, sexin ərazisində təhlükəsizlik kameraları quraşdırılsa da, məhz hadisənin baş verdiyi otaqda kamera olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ə.Rəcəbli küçəsi ətrafında yerləşən mebel sexində sürücü işləyir, həmin sex mebel kəsimi və mebellərin düzəldilibquraşdırılması ilə məşğuldur.Onun buradakı vəzifəsi mebellərin təmiri və detallarının düzəldilməsi məqsədilə başqa yerlərə aparılıb-gətirilməsindən ibarətdir. Həmin sexdə Elşənin rəhbərliyi ilə ondan başqa Məhəmməd, İlqar, Ramin və Gündüz adlı şəxslər işləyirlər. Bundan başqa, Elşənin sinif yoldaşı Elçin də sexə gəlib fərdi qaydada burada avadanlıqlardan istifadə etməklə özü üçün işləmiş, sonuncu yalnız işi olduqda sexə gəlib işi ilə məşğul olmuş, Elçin sexdə daimi əsaslarla işləməmişdir.Onunla Elşən tərəfindən əmək müqaviləsi bağlanılmış, o, işə təqribən iki il əvvəl başlamış, onların iş rejimi səhər saat 09:00-dan axşam saat 18:00 qədər davam edir, o, aylıq 250 AZN pul alır. 29 yanvar 2021-ci il tarixdə o, saat 09:00 radələrində sexə gəlmiş, həmin gün Elşən xəstə olduğu üçün işə çıxmamış, onu Rəhim əvəz etmişdir.Belə ki, Elşən işə gəlmədikdə Rəhim gəlib sonuncunu əvəz etmişdir.Onun mebel işindən məlumatı olmadığı üçün nəzarəti keçirə bilmir, sexə gəldikdən sonra o, mebelləri yük maşınına qoyduqdan sonra Binə qəsəbəsində yerləşən digər sexə aparmış, həmin sexdə detalları düzəltdikdən sonra o, təqribən saat 17:00 radələrində sexə qayıtmış, sexin bağlı olduğunu görmüş, burada sadəcə Ramin olmuş, sonuncu ona Məhəmmədin üzərinə mebel panellərinin düşməyi nəticəsində aldığı xəsarətlərdən xəstəxanada ölməsini danışmış, bundan sonra o, bir müddət gözlədikdən sonra evə getmişdir.Həmçinin, o göstərmişdir ki, hadisə baş verdiyi zaman sexdə olmadığına görə hadisənin hansı şəraitdə baş verməsi barədə məlumatı yoxdur. Sexdə işçilərin texniki təhlükəsizliyi və əməyinin mühafizəsi üçün zəruri tədbirlər görülməsi, təhlükəsizlik qaydaları barədə xüsusi təlimat kitabı üzrə müvafiq təlimatlandırma aparılması barədə məlumatı yoxdur, lakin ümumilikdə sexdə işlərə Elşən rəhbərlik etmişdir.Sexdə işçilərin xüsusi geyim forması yoxdur, hər kəs özün geyimində işləmiş, həmçinin sexin ərazisində təhlükəsizlik kameraları quraşdırılsa da, məhz hadisənin baş verdiyi anbar otağında kamera yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ə.Rəcəbli küçəsi ətrafında yerləşən mebel sexində mebel ustası işləyir, həmin sex mebel kəsimi və mebellərin düzəldilib-quraşdırılması ilə məşğuldur.Onun buradakı vəzifəsi sifarişlər əsasında mebel düzəltməkdən ibarətdir.Həmin sexdə Elşənin rəhbərliyi ilə ondan başqa Məhəmməd, İlqar, Ramin və sürücü Altay adlı şəxslər işləyirlər.Bundan başqa, Elşənin sinif yoldaşı Elçin də sexə gəlib fərdi qaydada burada avadanlıqlardan istifadə etməklə özü üçün işləmiş, sonuncu yalnız işi olduqda sexə gəlib öz işi ilə məşğul olmuş, sexdə daimi əsaslarla işləməmişdir.O, işə qəbul olduqda Elşən tərəfindən əmək müqaviləsi bağlanılmış, təqribən iki il əvvəl işə qəbul olmuş, onun iş rejimi səhər saat 09:00-dan axşam saat 18:00 qədər davam edir, aylıq 250 AZN pul alır. 29 yanvar 2021-ci il tarixdə o, saat 09:30 radələrində sexə gəlib paltarını dəyişdikdən sonra öz işi lə məşğul olmağa başlamış, saat təqribən 11-12 radələrində o, çöldə siqaret çəkdiyi zaman anbar otağından səs-küy və qışqırıq səsinin gəldiyini eşitmiş, o da həmin səs-küyün gəldiyi mebel panellərinin saxlandığı otağa (anbara) tez gedib işçilərin hamısının orada toplaşdığını görmüş, burada o, 8-10 ədəd mebel panellərinin onlarla birlikdə işləyən Məhəmmədin üzərinə aşdığını görmüş, onlar köməkləşib panelləri qaldıraraq Məhəmmədi oradan çıxartmış, daha sonra işçilərdən kimsə təcili tibbi yardımı yığaraq çağırmış, təcili yardım gec gəldiyinə görə onlar Məhəmmədi Elşənin qardaşı Rəhimin avtomobilinə mindirib Travmatologiya xəstəxanasına aparmışlar. Burada Məhəmmədə ilkin tibbi yardım göstərildikdən, o cümlədən rentgendən keçirdikdən sonra həkimlər əməliyyat olunmalı olduğunu bildirmiş, bu səbəbdən də onlar Məhəmmədi təcili tibbi yardım avtomobili vasitəsilə oradan “X11” xəstəxanasına göndərmiş və sonuncu orada əməliyyat olmuş, həmin gün saat təqribən 17-18 radələrində xəstəxanada onlara Məhəmmədin aldığı xəsarətlərdən ölməsi barədə məlumat verilmişdir.Hadisənin necə baş verdiyini o, şəxsən görməsə də, otağa gəldikdə 8-10 ədəd mebel panellərinin Məhəmmədin üzərinə düşdüyünü görmüş, sonradan eşitdiyinə görə, Məhəmməd mebel panellərini götürmək istədikdə onları saxlaya bilmədiyi üçün büdrəyib arxaya çəkilmək istəyərkən panellər sonuncunun üzərinə düşərək ayaqlarını sıxmışdır. Şahid3 həmçinin bildirmişdir ki, sexdə işçilərin texniki təhlükəsizliyi və əməyinin mühafizəsi üçün zəruri tədbirlər görülməsi barədə məlumatı yoxdur, lakin ümumilikdə sexdə işlərə Elşən rəhbərlik etmişdir.Elşən onlara şifahi qaydada ehtiyatlı olmaqlarını mütəmadi olaraq demiş, lakin onlara hər hansı təlimat keçirilməmiş və buna dair hər hansı xüsusi kitab yoxdur.Sexdə işçilərin xüsusi geyim forması yoxdur, hər kəs öz geyimində işləmiş, sexin ərazisində təhlükəsizlik kameraları quraşdırılsa da, məhz hadisənin baş verdiyi anbar otağında kamera yoxdur.Bir mebel panelinin ölçüsü 2,80x1,22 metr, çəkisi isə təqribən 35-40 kiloqram təşkil edir.Belə ki, bir nəfər şəxs bir mebel panelini təkbaşına götürə bilər, lakin bundan artıq olduqda bunu etmək mümkün deyil. Həmin mebel panelləri düzünə şaquli istiqamətdə bir-birinin üzərinə yığılmış, saxlanması və çıxarıldıqda yerdə cızılmamaları üçün altına taxta parçaları qoyulmuşdur.Mebel panellərinin üst-üstə düzünə şaquli istiqamətdə yığılmağına dair hər hansı təlimat və ya qaydanın olması barədə məlumatı yoxdur, bildiyi qədər bütün sexlərdə taxta materiallar, o cümlədən mebel panelləri, laminat və sair materiallar bu qaydada yığılır, onlar eləcə üst-üstə yığılıb şaquli vəziyyətdə saxlanılmışdır. Məhkəmə iclasında ifadə verən Şahid6 eyni məzmunlu ifadə verərək qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 digər şahidlərlə eyni məzmunlu ifadə verərək qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertizasının 29 yanvar 2021-ci il tarixli, 29 saylı rəyindən görünür ki, Axverdiyev Məhəmməd Nurətdin oğlu 29 yanvar 2021-ci il tarixdə saat 12:45-də “müştərək travma” diaqnozu ilə “X11” klinikasına gətirilmişdir. Daxil olarkən vəziyyəti kritik olmuşdur.A/T40-50/10mm.c.st-dur.Nəbzi sapvaridir.Huşu soporozdur.Xəstədə daxili qanaxma olduğu üçün diaqnostik laparoskopik əməliyyatın icrasına qərar verildi.Laparoskopiya zamanı sidik kisəsində çoxsaylı, nazik və yoğun bağırsağın müsariqəsində cırılmalar aşkar olunmuşdur. Sidik kisəsi, nazik və yoğun bağırsaq müsariqələri tikildi. Əməliyyat zamanı çanaq sümüklərinin çoxsaylı qəlpəli sınıqları aşkar edildi və simfizin cırılması müşahidə olundu. Bütün əməliyyat boyu xəstənin vəziyyəti kritik olaraq qaldığı üçün əməliyyat bu mərhələdə saxlanılaraq intensiv reanimasion tədbirlərə başlanıldı və xəstə reanimasiya şöbəsinə köçürüldü.Xəstənin A/T qeyri-stabil olaraq qalmış və 30/0mm.c.st olmuşdur. Xəstədə saat 16:00-da ürək fəaliyyəti dayandı. Aparılan reanimasion tədbirlərə baxmayaraq saat 16:50-də bioloji ölüm qeydə alındı. Son klinik diaqnoz:Travmatik və hemorragik şok. Müştərək travma. Çanaq sümüyünün sınıqları.Qarının küt travması. Sidik kisəsinin və nazik bağırsağın partlaması. Peritonarxası hematoma.Daxili qanaxma.Hematuriya. Axverdiyev Məhəmməd Nurətdin oğlunun meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir:kiçik çanaq boşluğuna qanaxma ilə müşayiət olunan sidik kisəsinin, nazik və yoğun bağırsaq müsariqəsinin zədələnmələri;hər iki qalça və qasıq sümüklərinin sınıqları; alın nahiyəsinin və sol almacıq nahiyəsinin əzilmişcırılmış yarası;alın nahiyəsinin əzilmiş yarası;sol üst göz qapağının və gözaltı nahiyənin, qarın nahiyəsinin, qasıq nahiyəsinin, sağ və sol diz oynağı nahiyəsinin qançırları; alın nahiyəsinin, sol yanaq nahiyəsinin, sol ayağın, döş qəfəsinin sağ yarısının arxa səthinin sıyrıqları.Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən Axverdiyev Məhəmməd Nurətdin oğlunun tibbi yardım üçün “X11” klinikasına gətirildiyi 29 yanvar 2021-ci il tarixdə saat 12:45-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Axverdiyev Məhəmməd Nurətdin oğlu ölümünə səbəb çanaq sümüklərinin sınıqları, sidik kisəsinin, nazik və yoğun bağırsağın zədələnməsi nəticəsində baş verən travmatik və hemorragik şok olmuşdur.Axverdiyev Məhəmməd Nurətdin oğlu bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda təsvir olunan şəraitdə, yəni mebel panellərinin zərblə Axverdiyev Məhəmməd Nurətdin oğlunun üzərinə düşməsi nəticəsində əmələ gələ bilərdilər.Axverdiyev Məhəmməd Nurətdin oğlunun meyitində aşkar olunmuş sağ və sol bazu nahiyələrinin, sağ və sol əlin arxa səthlərinin nöqtəşəkilli yaracıqları həmin nahiyələrdə yerləşən venoz damarlara iynə vurulması nəticəsində əmələ gəlmişdirlər.Axverdiyev Məhəmməd Nurətdin oğlunun ölümü 29 yanvar 2021-ci il tarixdə saat 16:50-də “X11” klinikasında baş vermişdir. Axverdiyev Məhəmməd Nurətdin oğlunun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 06 aprel 2021-ci il tarixli, 10/857 saylı rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-79 DÜST”-nin (Dövlət standartının) 1.1, 1.3 bəndlərinin və “Taxta emalı sənayesində təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydaları”nın 1430 bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur.ünvan 2 ünvanında yerləşən mebel sexində işçilər əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırılmadığına, anbarın divarlarına söykənmiş halda olan taxta materialların (DSP tipli panellər) aşmaması üçün hər hansı tədbirlər görülmədiyinə görə, “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələbləri. 12.0.004-79 DÜST”-nin (Dövlət standartının) 1.1, 1.3 bəndlərinin və “Taxta emalı sənayesində təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydaları”nın 1430 bəndinin tələbləri mebel sexində işlərə rəhbərlik edən Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərər çəkmiş şəxs Axverdiyev Məhəmməd Nurətdin oğlunun özü tərəfindən təhlükəsizlik texnikasının və əməyin mühafizəsi qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 19 fevral 2021-ci il tarixli, **********2 saylı məktubundan görünür ki, Şahid6 18 oktyabr 2019-cu il tarixdən, Şahid4 15 dekabr 2020-ci il tarixdən, Şahid3 18 oktyabr 2019-cu il tarixdən, Şahid5 08 aprel 2020-ci il tarixdən, Axverdiyev Məhəmməd Nurətdin oğlu 18 oktyabr 2019-cu il tarixdən Təqsirləndirilən şəxs ilə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04 mart 2021-ci il tarixli, **********885700 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2018-ci il tarixdə istehsal (mebel sexi) fəaliyyət növü ilə məşğul olmaqdan ötrü ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 mart 2019-cu il tarixli **********8 saylı məktubundan görünür ki, , Şahid6, Şahid4, Şahid3, Şahid5 və Axverdiyev Məhəmməd Nurətdin oğlu sığortaolunan kimi qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 04 mart 2021-ci il tarixli, 19/51-2566 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli ərizəyə əsasən aydın olur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Axverdiyev Məhəmməd Nurətdin oğlunun yaxın qohumu olan hüquqi varisi X3 ilə barışıq əldə etmişdir, ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsini dinləyib, ekspertiza rəylərini tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin təqsirli olaraq texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi o, bu qaydaları pozaraq ehtiyatsızlıqdan insan ölümünə səbəb olan əməli törətməsi tam sübuta yetirilmişdir. Buna görə də, təqsirləndirilən şəxs CM-nin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki. cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır.Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxsin hüququ varisi ilə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ailə üzvlərinin ondan tələb və şikayətlərinin olmamasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza olaraq azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirən şəxs olmasını, əgər ona əlavə cəza təyin edilərsə əlavə cəzanın onun ailəsini maddi sıxıntı və mərhumiyyətlərə dücar edəcəyini, habelə təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında əlavə cəzanın verilməsinin imperativ olmadığını nəzərə alınaraq ona əlavə cəza qismində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə cəza təyin edilməlidir. Buna görə də, təqsirləndirilən şəxsə cəza olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin dəyişdirilməsinə zərurət olmadığına görə hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlamalıdır. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 102 (yüz iki) manat təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlasın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübut olan «Opel Astra» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və(və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar