Məhkəmə qərarları › İş №1(001)-292/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-292/2025

04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-292/2025 04.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müqavilə üzrə vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş (məhkumluğu ödəniləmiş və ya götürülməmiş), Ağdam rayonu, Ağdam şəhəri, T.İsmayılov küçəsi, ev 32, mənzil 21 ünanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir.

2. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024 il tarixdə saat 17:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Atatürk prospekti 164 ünvanın qarşısında park olunmuş Zərərçəkmiş şəxs1 məxsus «Ford-Transit» markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qapısının açıq olmasından istifadə edərək, həmin qapını açmaqla qapının cibliyindən bir ədəd 10 manat dəyərində içərisində 1900 manat olan pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1910 (min doqquz yüz on) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir.

3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə vaxtını dəqiq xatırlamır. Maddi sıxıntıları olmuşdur. Həm kredit borcu olmuş, həm də kirayə pulunu verməli olmuşdur. Zərərçəkmiş şəxsi əvvəlcədən izləməmiş, lakin o, təsadüfən rastına çıxmışdır. Zərərçəkmiş şəxs Ford qazel avtomobilini sürmüşdür. Zərərçəkmiş şəxs avtomobilin qapısını açıq qoyub marketə getmiş, o da qapının cibliyindən pul kisəsini götürmüdşür. Daha sonra onun içərisindən pulu götürüb, pul kisəsini də zibil qabının kənarına atmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, kartda 1900 manat pul olmuşdur. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş və onunla barışıq əldə etmişdir. Ona görə də, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir.

4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır.

5. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisə günü qonaqlığa gedəsi olmuşdur. X3 tərəfdən götürməli idi. Hər ehtimala qarşı pulu evdən özü ilə götürmüşdür. Pulu üstündə saxlamış, mağazaya düşəndə isə pulu avtomobilin qapısının cibliyində qoyduğunu unutmuş və avtomobilin qapısını açıq saxlamışdır. Hazırda ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Həmçinin ona verilən suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur.

6. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı ifadə vermişdir. Təqsirləndirilən şəxs onun balaca qardaşıdır. Hadisə günü ad gününə getmişlər. Avtomobildə olarkən qardaşı ona hardasa oğurluq etdiyini demişdir. O, əsəbləşmiş və avtomobildən düşüb getmişdir. Lakin onun haradan və necə oğurluq etməsindən xəbəri olmamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, qardaşı avtomobilini saxlayıb yolda düşəndə o, şübhələnmişdir. Geri qayıtdıqda ondan nə baş verdiyini soruşmuşdur. O da oğurluq etdiyini dedikdə əsəbləşib avtomobili saxlatdırıb düşüb getmişdir. Oğurluq hadisəsi ilə bağlı onun heç bir əlaqəsi yoxdur.

7. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, alverlə məşğul olmuşdur. Hadisə günü Fərid ona zəng edib ad gününə gedəcəyini, qardaşının mağazasından ona köynək gətirməsini xahiş etmişdir. O da koftanı gətirmiş və avtomobilə oturub gedəndə yolda polis saxlamaq istəyəndə avtomobili sürüb qaçmışdır. Həmçinin ona verilən suala cavab olaraq bildirmişdir ki, Fərid ona oğurluq etməsi barədə heç bir şey deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

8. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.

9. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona xx.xx.2024-cü il tarixdə həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.

10. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan edilmişdir.

11. Tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.

12. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.

13. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və sonuncu saxlanıldığı Binəqədi rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir.

14. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.

15. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəni bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisənin necə baş verməsini əyani şəkildə təsvir etmişdir.

16. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 66.5-ci maddəsinə əsasən qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.

17. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona vurulmuş 1900 manat ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

18. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

19. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

20. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək, həmin sübutlara və müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.

21. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir.

22. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğurluq cinayətini özgə əmlakını talamaqla törətmişdir. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə CM-nin 177.1, maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxs oğurluq cinayəti ilə Zərərçəkmiş şəxs1 1900 manat məbləğində zərər vurmuşdur.

23. CM-nin 177.1 ci maddəsinə görə oğurluq, yəni özgə əmlakının gizli yolla talama kimi ifadə edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür.

24. Eyni Qərarın 2-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti bitmiş hesab edilir.

25. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.

26. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur.

27. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet).

28. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

29. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

30. Məhkəmə, onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.

31. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 181.3.2-ci maddəsi ilə olan məhkumluğu hazırda baxılan iş üzrə cinayət əməli törədilən zaman ödənilməmiş və ya götürülməmişdir. Lakin bu hal Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini yaratmır. Çünki CM-in 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.

32. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

33. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.

34. Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyindən, məhkəmə, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyi qənaətindədir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

35. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin dəfərlərlə cinayət törətməsi onun cinayət törətmə təcrübəsi əldə etməsinə imkan verməklə, cinayəti peşə etməsinə səbəb olur və onun sonrakı cinayət fəaliyyətini daha da təhlükəli edir.

36. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin şərh edilməsinə dair” 2013-cü il 4 mart tarixli Qərarında isə göstərmişdir ki, şəxs tərəfindən dəfələrlə cinayət törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meyilliliyinə dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir.

37. CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

38. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.

39. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

40. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur.

41. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 10.3-cü maddəsinin birinci cümləsində göstərilmişdir ki, həbsin cəza sistemində məhbuslar üçün əsas məqsədi islah etmək və sosial baxımdan yenidən tərbiyə etməkdir.

42. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 11 sentyabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməklə saxlanıldığı Bakı şəhəri Binəqədi RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 09 sentyabr 2024-cü il tarixdən 11 sentyabr 2024-cü il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur.

43. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.

44. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.

45. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.

46. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2024-cü il tarixdən 11 sentyabr 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır.

47. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir.

48. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

49. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

50. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər.

51. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 04 aprel 2025-ci il tarixdən hesablanmalıdır.

52. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir.

53. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

54. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

55. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.

56. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur.

57. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi).

58. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

59. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

60. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 sentyabr 2024-cü il tarixdən 11 sentyabr 2024-cü il tarixədək şübhəli və təqsilrəndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 8 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 04 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar