Məhkəmə qərarları › İş №1(001)-294/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-294/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-294/2023 12.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – “Arbitrum” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Gürcüstan Respublikasının Bolinisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 09:30-da Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi 3А, mənzil 2-də arvadı Zərərçəkmiş şəxs evdən atası evinə getməməsini tələb edərkən rədd cavabı almasına görə aralarında yaranmış ailə məişət zəminində olan mübahisə zamanı Cülşən Hacıyevanın qəsdən boyun nahiyyəsini əli ilə tutub sıxması, bir necə dəfə yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurması nəticəsində ona boyunun arxa səthinin sol yarısının orta və sol yan səthinin aşağı 1/3-in qançırları, qarının ön divarının sol, döş qəfəsinin arxa səthinin sağ yarısının sıyrıqları, sol bazunun orta 1/3-in arxa səthinin qançırı, sol dirsək oynağının və sol saidin yuxarı 1/3-in arxa, saidin orta və orta aşağı l\3-in ön səthlərinin sıyrıqları, sol budun orta 1/3-in bayır səthinin, sağ əl pəncəsinin arxa səthinin distal proyeksiyasının və sağ əlin İ barmağının daraq-əsas falanqa oynağının arxa-bayır səthinin şişkinlik fonunda qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcələri təyin olunmayan xəsarətlər, sol sağrının yuxarı-bayır kvadratının lövhəvari hematoması kimi xəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2014-çü ildə ailə həyatı qurmuş və bu evlilikdən 1 oğlu və 1 qızı doğulmuşdur. Ailə qurandan sonra arvadı ilə birgə ünvan 2 ünvanda yaşamağa başlamışlar. Nikahdan 15 gün sonra arvadı ilə birgə Belarusiya Respublikası Minsk şəhərinə getmişlər, çünki onun işi orada imiş. Təxminən 2016-cı ildə Azərbaycana qayıtmışlar. 2016-cı ildən 2021-ci ilin fevral ayına kimi "xxxx" MTK-da işləmişdir. Sonra 2021-ci ildə iş yerini «ACCORD» Şirkətlər qrupuna dəyişmişdir. 2021-ci ilin may ayından 2022-ci ilin iyul ayına kimi Özbəkistan Respublikasına getmişdir. Həmin ilin iyul ayının sonlarında isə arvadı və övladlarını öz yanına gətirmişdir. Təxminən 1 ildən sonra Gülşənin valideyninin psixoloji problemli olduğu üçün anası təkid etmişdir ki, arvadını və uşaqları götürüb Bakı şəhərinə qayıtsın ki, anasına baxsın. O, Gülşəni uşaqlarla Bakı şəhərinə göndərmişdir. 2022-ci il ilin iyul avında o, da vətənə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 09:20-də yaşadığı mənzildə yoldaşı ilə mübahisə baş vermişdir. Sonra Gülşən uşağı götürüb ondan xəbərsiz evdən getmişdir. O, anası ilə birlikdə Gülşəni sakit formada evə gəlirmiş, anası uşağı götürüb qonşuya getmiş, o isə Gülşəni sakitləşdirməyə çalışmışdır. Bu vaxt Gülşən onunla kobud şəkildə danışdığı üçün onu əli ilə vurmuşdur. Gülşən yıxılmış və çarpayının baş hissəsinə dəymişdir. Hadisə təxminən 2-3 dəqiqə müddətində davam etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2014-cü ildə Təqsirləndirilən şəxs ilə rəsmi ailə həyatı qurmuşdur, onların həmin nikahdan iki uşaqları vardır.O, ailə qurandan sonra əri ilə birgə Belarusiyaya getmiş və təxminən 2-3 il orada yaşamışlar. Sonra yenə Azərbaycana geri dönmüşlər. 2021-ci il tarixdə isə onlar Özbəkistan Respublikasına gedərək orada yaşamağa başlamışlar. Sonra 2022-ci ilin iyun ayında anasının səhhətində yaranmış problemlərlə əlaqədar olaraq Bakıya gələsi olmuşlar. Gəlişdən 10 gün sonra atasını avtomaşın vurmuş və atası yataq xəstəsi olmuşdur. Evin tək övladı olduğu üçün məcbur olmuşdur ki, valideynlərinə qayğı göstərsin və onlara baxsın. Bundan sonra evdə əri ilə aralarında söz-söhbətlər düşmüş və problemlər başlamışdır. O, Samirə hər dəfəsində izah etmişdir ki, valideynləri yaşlı adamlardır, ondan başqa övladları yoxdur, məcburdur ki, valideynlərinə qulluq etsin. Lakin Samir onun dediklərinə məhəl qoymaraq hər dəfə sözsöhbət etmiş, onun evə qayıtmağını israrla tələb elmişdir. Lakin, o evə qayıda bilməmişdir. Samir onun Yasamalda yaşadığı evə gəlmiş, qapının tutacaq yerini sındırmış və bu kimi bir çox yersiz hərəkətlər etmişdir. Bu söz-söhbətdən təxminən 2 həftə sonra Samir qohumları ilə onların qaldıqları evə barışığa gəlmişdir. Samir orada olan zaman söz vermişdi ki, hər şey yolunda olacaq, həm öz evində, həm də tez-tez atasıgilə qala biləcəkdir. O, bununla razılaşmış və sentyabr ayının 25-də 7-ci mikrorayonda olan evə qayıtmışdır. Evə gələn gündən təxminən 3 gün sonra qaynanası ilə aralarında sözsöhbətlər başlamışdır. Bundan sonra qaynanası oğlunu qızışdırıb onun üstünə salmış, Samir də evdə onunla mübahisə etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadıqları ünvan 3 ünvanda qaynanası söz-söhbət yaratmış, sonra o çıxıb uşaqları dərsə aparmışdır. Evə gələn zaman əri Samir ona kobud şəklidə bildirmişdir ki, «gəl bura görüm». Bundan sonra o anlamışdır ki, qaynanası yoldaşını qızışdırıb. O, Samirin yanına gəlmiş və bildirmişdir ki, «sən əsəbisən, sakitləş, sonra müzakirə edərik». Lakin Samir ona məhəl qoymamış, anasının yanında onu danlamış və bildirmişdir ki, «mənim anam əsasdır, sən sakit dur. Yox, əgər istəmirsənsə çıx get atangilin yanına, amma uşaqlar burda qalacaq». Sonra o, bildirmişdir ki, «sakitləş, qışqıra-qışqıra danışırsan, sakitləş, danışarıq». Bundan sonra Samir otağa keçib onun dayısı oğluna zəng vuraraq bildirmişdir ki, «gəl bizə, evdə söz-söhbət var». O isə öz otağına keçib Samirin bibisinə zəng vurmuşdur ki, o da gəlsin. Bundan sonra Samir otağa gəlmiş, onu itələmiş, telefonunu əlindən zorla almışdır. Sonra bildirmişdir ki. «sən evdən çıxıb gedə bilərsən, amma uşaqlar burda qalacaq». O, çantasını və qızını götürüb evdən çıxmışdır ki, getsin. Həyətə düşmüş, taksiyə minmiş, əri Samir arxasınca gəlmiş, onu məcburi şəkildə evə aparmışdır. Qaynanası isə uşağı əlindən alıb qonşuya getmişdir. Evə girən kimi Samir mənzilin qapısını arxadan açarla bağlamış, açarı isə cibinə qoymuşdur. Saat təxminən 10:15-də əri Samir mənzilin dəhlizində onun saçını yolmuş, onu yerə yıxmış, sürüyərək qonaq otağına aparmış, orada qəsdən yumruq və təpik zərbələri ilə qarnına, başına, qoluna və müxtəlif bədən nahiyyələrinə vuraraq bədən xəsarəti yetirmişdir. Samir yaşadığı evin dəhlizində və qonaq otağında onu döymüşdür. Bu hadisədən əvvəl onun əri Samirlə sözlü mübahisələri olsa da, lakin Samir heç bir vaxt onu döyməmiş və ona xəsarət yetirməmişdir. Bununla belə onu bağışlamır və əməlinə görə cavab verməsini istəyir. Odur ki, məhkəmədən Samirə azadlığın məhdudlaşdırılması və həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə 31 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1,i.v.1-3). Hadisə yerinə baxış keçirilməsi barədə 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında münaqişə xx.xx.2022-ci ildə ünvan 4 ünvanda baş vermişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1,i.v.9-12). Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ei il tarixli T596/2022-№-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs - boyunun arxa səthinin sol yarısının orta və sol yan səthinin aşağı 1/3-in qançırları, qarının ön divarının sol, döş qəfəsinin arxa səthinin sağ yarısının sıyrıqları, sol bazunun orta 1/3-in arxa səthinin qançırı, sol dirsək oynağının və sol saidin yuxarı 1/3-in arxa, saidin orta və orta-aşağı 1/3-in ön səthlərinin sıyrıqları, sol sağrının yuxarı-bayır kvadratının lövhəvari hematoması, sol budun orta 1/3-in bayır səthinin, sağ əl pəncəsinin arxa səthinin distal proyeksiyasının və sağ əlin İ barmağının daraq-əsas falanqa oynağının arxa-bayır səthinin şişkinlik fonunda qançırları aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən boyun nahiyəsinin əl ilə tutaraq sıxması, yumruq və təpiklə yetirilən zərbələr nəticəsində yarana bilərdilər, dərəcəsinə görə sol sağrının hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərən vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir (cild 1,i.v.29-30). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, i.v.146-147). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə 08 fevral 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.159-161). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v.129). Elektron Məhkəmə Sistemində Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun xx.xx.2019-cu il təvəllüdlü Nilufər adlı qızı vardır. 106 saylı MKİS-dən verilmişxx.xx.2022-ci il tarixli və "xxxx" MTK-dan verilmiş xx.xx.2022-ci il tarixli Xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı və işlədiyi yerlərdə müsbət xarakterizə olunur (cild 1, i.v.52-53). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi qismən öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanmaqla yaşadığı və işlədiyi yerlərdə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq və eyni zamanda sanksiyada nəzərdə tutulmuş digər cəza növlərinin daha ağır cinayət-hüquqi nəticələr yaradacağını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankiyası həddində cərimə cəzasının təyin edilməsi daha məqsədə müvafiqdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini təmin edir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası yaşadığı yer üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar