Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-295/2020 25.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərər çəkmiş hüquqi şəxs “xxxx” Aqro Şirkətinin nümayəndəsi X9, Təqsirləndirilən şəxs – X4, Müdafiəçi – “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Ermənistan Sisiyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, fərdi sahibkarlıqla məşğul olan,(VÖEN: **********), ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 mənzil 25 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-376 saylı qətnaməsi ilə “xxxx” Aqro Şirkətinin (Brilliance avtosalonunun) cavabdeh kimi ona qarşı “avtomobilin avtosalona geri qaytarılması, alqı-satqı müqaviləsi üzrə ödəniş cədvəlinə uyğun olaraq ödəmədiyi əsas məbləğin, cərimə məbləğinin və avtomobilə vurulmuş ziyan məbləğinin ödənilməsi tələbinə dair” iddianın qismən təmin edərək cavabdeh kimi ondan aylar üzrə ödənilməmiş 5380 (beş min üç yüz səksən) manat əsas borcun, 359 (üç yüz əlli doqquz) manat cərimə borcunun, 3666 (üç min altı yüz altmış altı) manat avtomaşına vurulmuş ziyannın və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 kamera görüntüsünə əsasən surət həddini aşdığına görə ödənilməmiş 50 (əlli) manat məbləğində cərimənin, ümumilikdə cəmi 9455 (doqquz min dörd yüz əlli beş) manat məbləğində pulun tutularaq “xxxx” Aqro Şirkətinə (Brilliace avtosalonuna) ödənilməsinə dair məhkəmə aktının olmasına və icraya yönəldilməsinə baxmayaraq icra işi ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə xx xxxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə ilə tənbeh edilməsindən nəticə çıxarmamış, icra sənədindəki tələbi icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilərək vaxt verilsə də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə, zərər çəkmiş şəxs “xxxx” Aqro Şirkətinə maddi ziyan vurmuş, nəticədə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X6 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2014-cü ilin iyul ayında 3 saylı alqı-satqı və kredit müqaviləsi əsasında «xxxx» Aqro Şirkətindən (Brilliace avtosalonundan) 18.000 manat dəyərində, **-AB-*** dövlət nömrə nişanlı, «H320 Brilianoe» markalı, 3 il müddətində, hər ay 500 manat ödəməklə ağ rəngdə avtomobil almış, bir müddət ödəniş etsədə sonradan maddi imkanı olmadığından krediti ödəyə bilməməsi səbəbindən avtomobili şirkətə qaytarmışdır. 2016-cı ildə «xxxx» Aqro Şirkəti (Brilliace avtosalonu) Bakı şəhəri Binəqədi rayon məhkəməsində ödənişin alqı-satqı müqaviləsi üzrə cədvələ uyğun aparılmadığından əsas borcun, cərimənin və avtomobilə vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia qaldırmış, məhkəmənin xx xxxx 2016-cı il tarixli, 2(001)-376/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək 5380 manat aylar üzrə ödənilməmiş əsas borcun, 359 manat cərimə borcunun, 3666 manat avtomobilə vurulmuş ziyanın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin kamera görüntüsünə əsasən sürət həddini aşdığına görə 50 manatın, ümumilikdə 9455 manat məbləğində pul vəsaitinin ondan tutularaq şirkətin xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmurları ona bildirişlər təqdim etməklə qətnamənin icrasını tələb etsələrdə maddi imkanı olmadığından məhkəmə aktını icra edə bilməmişdir. Həmin məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmiş, bundan sonra da icra məmuru qətnamənin icrası ilə bağlı ona bildiriş təqdim etməklə yeni müddət təyin etsə də maddi imkanı olmadığından məhkəmə aktını icra edə bilməmişdir. Məhkəmə aktının icrasından qərəzli olaraq yayınmadığını nəzərə alıb barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, X2 5380 manat aylar üzrə ödənilməmiş əsas borcun, 359 manat cərimənin, 3666 manat avtomobilə vurulmuş ziyanın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin kamera görüntüsünə əsasən sürət həddini aşdığına görə 50 manat cərimənin, ümumilikdə 9455 manat məbləğində pul vəsaitinin tutularaq «xxxx» Aqro Şirkətinin (Brilliace avtosalonun) xeyrinə ödənilməsinə dair Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2016-cı il tarixli, 2(001 )-376/2016 saylı qətnaməsi icra edilməsi ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, icra sənədinin icrası icra məmuru Şahid3 həvalə edildikdən sonra o, sənədi icraata qəbul edərək xx xxx 2017-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul etmiş, tələbin 10 gün müddətində könüllü təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim etmiş, məhkəmə qətnaməsi könüllü icra müddətində icra olunmadığından aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablardan onun adına olan əmlakları aşkar etmək mümkün olmamışdır. İcra məmuru Şahid3 iş yerini dəyişdiyindən icra sənədinin icrası ona həvalə edilmişdir. Müxtəlif tarixlərdə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq ondan izahatlar alınmış, qanunun tələbləri və məsuliyyəti izah olunmuş, borclu izahatlarında fərdi əməklə məşğul olduğunu, maddi imkanı yüksək olmadığından qətnamənin icrasını təmin etmədiyini bildirsə də, üzərindən uzun müddət keçməsinə baxmayaraq qətnaməni qərəzli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli, 3(001)-2736/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yenidən müddət təyin edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə qətnamənin icrasından qərəzli yayınmışdır. X1 cinayət məsuliyyətinə cəlb edilməsinə baxılması məqsədəmüvafiq hesab olunduğundan onun barəsində qanuni tədbir görülməsi üçün materiallar Ədliyyə Nazirliyi istintaq idarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli Təqdimatından görünür ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2016-cı il tarixli, 2(001)-376/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 3(001)-2736/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmasına və icra üçün yeni müddət təyin olunmasına baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü qərəzli olaraq icra etməmiş X4 cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir (cild 1, i.v 8-9) Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(001 )-376/2016 saylı qətnaməsindən görünür ki, X3 5380 (beş min üç yüz səksən) manat əsas borc, 359 (üç yüz əlli doqquz) manat cərimə, 3666 (üç min altı yüz altmış altı) manat avtomaşına vurulmuş ziyanın əvəzi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 kamera görüntüsünə əsasən surət həddini aşdığına görə ödənilməmiş 50 (əlli) manat məbləğində cərimənin, ümumilikdə cəmi 9455 (doqquz min dörd yüz əlli beş) manat məbləğində pul tutularaq “xxxx” Aqro Şirkətinə (Brilliace avtosalonuna) ödənilməlidir (cild 1, i.v 14-16). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 3(001)-2736/2019 saylı qərarının surətindən görünür ki, borclu X6 Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(001)-376/2016 saylı qətnaməsində göstərilən tələbi icra etmədiyindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir (cild 1, i.v 32- 33). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X6 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 103-104). Cinayət işinin materiallarında olan qətimkan tədbiri seçmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X6 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 110-111). Məhkəmə təqsirləndirilən şəxs X5 istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində X4 təqsirliliyi qismən özünün ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin nümayəndəsinin çıxışı və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Bununla yanaşı qeyd edilməlidir ki, təqsirləndirilən şəxs X4 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli Tələbnamədən görünür ki, X6 əvvəllər məhkum edilməmişdir (cild 1, i.v 123). Cinayət işinin materiallarında olan AZ-T № 086770 saylı və AZ-T № 086788 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 himayəsində iki azyaşlı uşaqları var (cild 1, i.v 123). Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla X4 himayəsində iki azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə X4 CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi faktı qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, təqsirləndirilən şəxs X4 ümumilikdə 9455 (doqquz min dörd yüz əlli beş) manat məbləğində zərər çəkmiş hüquqi şəxs “xxxx” Aqro Şirkətinə (Brilliace avtosalonuna) ödənilməmiş borcu var. Dörd ildən artıq müddətdə həmin icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Məhkəmə aktını icra etməməyə görə bir dəfə inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra da borcundan heç bir ödəniş etməmiş, zərər çəkmiş şəxslə razılıq əldə etməmişdir. Başqa sözlə, inzibati məsuliyyətə cəlb edilmə nəticəsiz qalmış, bu inzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin cinayət məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə tətbiq edilmiş inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X4 məhkəmə aktını icra etməməyə görə inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra borcundan heç bir ödəniş etməməsini, zərər çəkmiş şəxslə barışıq əldə edilməməsini nəzərə alıb hesab edir ki, onun buna görə inzibati məsuliyyətə cəlb edilməsi nəticəsiz qalmışdır. İnzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərmədiyindən cinayət məsuliyyətinə cəlb edilmiş təqsirləndirilən şəxs X4 həmin əmələ görə cəza çəkmədən islah olunması mümkünsüzdür. Məhkəmə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və tələbkarın qanuni mənafelərinin dörd ildən artıq müddətdə pozulmaqda davam etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X5 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X5 təyin ediləcək cəzanın növü ilə bağlı qeyd edir ki, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası daha ağır cinayət-hüquqi nəticələr yaratdığından mövcud halda cəzanın məqsədinə uyğun gəlmir. Belə ki, təqsirləndirilən şəxs X6 qadın olmaqla himayəsində iki azyaşlı uşağı var, az ağır cinayətdə təqsirləndirilir. İlk dəfərdir ki, cinayət məsuliyyətinə cəlb edilir. Bu baxımdan məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq və eyni zamanda sanksiyada nəzərdə tutulmuş islah işləri cəzasının onun islah olunması üçün təsirli olacağı qənatinə gələrək belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sankiyası həddində islah işləri cəzasının təyin edilməsi daha məqsədəmüvafiqdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs X5 tətbiq edilməsi nəzərdə tutulan islah işləri cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, X6 təyin edilmiş islah işləri cəzasını yaşayış yeri üzrə icra və probasiya şöbəsinin müəyyən etdiyi yerdə çəkməli, cəzasının əvvəli qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X6 Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını yaşayış yeri üzrə müvafiq İcra və probasiya şöbəsinin müəyyən etdiyi yerdə çəksin. Cəza çəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-295/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-295/2020
25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver