Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-297/2025 07.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X14, X8 və X10 iştirakları ilə, X25, Veysəl Quliyev, X21 və X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri haqqında X9 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X22 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X25, Veysəl Quliyev, X21 və X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi şəxslərdən X7 əri, qayınatası Veysəl Quliyev, X4 qaynanası və X5 baldızıdır. Vüsal Quliyevlə ər-arvadlıq dövründə Bakı Slavyan Universitetinin 1 saylı yataqxanasında yaşamış, qeyd edilən dövrdə barəsində şikayət etdiyi qaynanası və qayınatası ilə mehriban qohumluq münasibətlərində olmuşlar. Keçmiş əri Vüsal Quliyevlə olan ər-arvad münasibətləri xasiyyətlərinin tutmaması və xasiyyətlərində bir-birinə güzəştə gedə bilməməsi səbəbindən ailə, o cümlədən də qohumluq münasibətləri pozulmuş və nəticədə 30 aprel 2024-cü il tarixdə rəsmi nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikah məhkəmə qaydasında pozulduğu 30 aprel 2024-cü il tarixdə keçmiş əri hazırda barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X32 Universitetinin 1 saylı yataqxanasında yaşadıqları otağa gələrək onun otaqda olan yaxın qohumu (nənəsi) olan Ədibə Həsənovaya qarşı xuliqanlıq etmiş, az sonra valideynləri də ora gələrək onu döymüşüdür. Hazırda Binəqədi rayon Polis idarəsində bu faktla bağlı araşdırma aparılır. Vüsal və valideynlərinin xuliqanlıq hərəkətlərinin qarşısını Binəqədi rayon Polis idarəsinin əməkdaşları almışdır. 30 aprel 2024-cü il tarixdən etibarən barəsində şikayət etdiyi şəxslər (keçmiş qohumları) faktiki olaraq ona qarşı münasibətlərini düşmənçilik səviyyəsinə qaldırmış barəsində şərəf və ləyaqətini alçaldan məlumatları yaxın qohumlara yaymış və yaymaqda hazırda da davam edirlər. Belə ki, keçmiş əri Vüsal Quliyev və atası Veysəl Quliyev onun dayısı X17 dəfələrlə görüşə çağırdıqdan sonra dayısı görüş yerinə öz dostu X6 ilə gəlmişdir. Görüş yerində onların hər ikisi sanki bir-birini tamamlayaraq barəsində şərəf və ləyaqətimi alçaldan şər və böhtan dolu ifadələr işlədərək onun pozğun və yüngül əxlaqlı qadın (bədənini satan qadın) olması, bu səbəbdən də 2023 ilin iyul ayında nikah gecəsində guya bakirəliyinin pozulmuş vəziyyətdə olması ilə əlaqədar bütün təhqiredici ifadələri həm dayısının həm də sonuncunun dostu olan Mahmud Atakişiyev adlı şəxs yanında yaymışdır. Binəqədi rayon Polis idarəsinin İstintaq şöbəsində araşdırma zamanı Vüsal Quliyev izahat verərkən müstəntiq Zaur Qüdrətova da nikah gecəsində onun bakirə olmaması ilə bağlı məlumatlar vermişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X23 və Leyla Quliyeva anası X18, Tər-Tər rayonunda yaşayan nənəsi X15 onun pozğun və yüngül əxlaqlı qadın olması, (bədənini satan qadın) bu səbəbdən də 2023 ilin iyul ayında nikah gecəsində guya bakirəliyinin pozulmuş vəziyyətdə aşkar olunması ilə əlaqədar məlumatlar yaymışlar. Barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi şəxslər xüsusi ilə də Nazilə Quliyev və qızı X27 Universitetin yataqxanasında təxminən 40-50 metr uzunluğunda olan dəhlizdən sanki tribuna kimi istifadə edərək yataqxananın çoxsaylı sakinlərinə yüksək səslə müraciət edərək "bu Ayşə bədəni satandır", “bu Ayşə nikah gecəsi qız çıxmayıb", "bu Ayşə yataqxanaya kişi gətirir", "bu Ayşə pozğundur", "bu Ayşə qızlarınızı yoldan çıxaracaq onu buradan çıxardın" kimi və başqa xatırlamadığı şərəf və ləyaqəti alçaldan ifadələri işlədərək yataqxana sakinləri arasında da qeyd etdiyi məlumatları yaymışdır. Barələrində xüsusi ittiham qaydasında şikayət etdiyi şəxslər bir-başa üzünə bəyan etmişlər ki, belə və daha eybəcər rüsvayedici məlumatlar yaymaqla məqsədləri, onu yataqxana sakinləri, yaxın ətrafı və doğmalarının arasında rüsvay etməklə özünü öldürmək dərəcəsinə çatdırmaqdır. Yataqxana 5 mərtəbədən ibarətdir, hər mərtəbəsində təxminən 40-50 metr uzunluğunda dəhliz olmaqla dəhlizin sağı - solunda yaşayış otaqları yerləşir. Dəhlizə daxil olub istənilən ifadə hündürdən işlədildikdə mərtəbədə yaşayan təxminən 30-40 sayda sakin həmin ifadələri eşidir. Adlarını göstərdiyi şəxslərin ona qarşı rüsvayedici kampaniyası Vüsal Quliyevlə rəsmi nikahının pozulduğu xx.xx.2024-cü il tarixdən başlamışdır. Yataqxanada məişət şəraitinin darısqal, sıx olması səbəbindən yataqxana sakinləri ilin yaz-yay fəsillərində yataqxananın həyətində yaradılmış kiçik istirahət bağında xüsusilə də axşam saatlarında hava almaq üçün toplaşmışlar. Barələrində şikayət- etdiyi şəxslər məhz sakinlərin axşam saatlarında istirahət üçün həyətdə olan istirahət yerində yığışan vaxtlarda onlara xitabən sanki məruzə edirmiş kimi, qeyd etdiyi məlumatları yaymışlar. Xüsusi ittiham qaydasında şikayət etdiyi şəxslər rüsvayedici məlumatları yataqxanada yaşayan təxminən 150-200 sakin arasında da yaymış və hazırda da yaymaqda davam edirlər. Onun barəsində yayılmış məlumatlar kökündən yalandır, belə ki, həmin yataqxanaya 10 yaşı olanda valideynləri ilə birlikdə köçmüşdür. Onlar isə təxminən 3-4 ay sonra həmin yataqxanaya sakin kimi köçmüşdür. Bütün uşaqlığı onların gözü qarşısında olmuş, bilib, öyrənib, sonra elçi gəlmişlər. O, Vüsal Quliyevdə ərdə olsa da, hazırda da bakirədir, lakin keçmiş əri Vüsal Quliyevin kişilik iqtidarsızlığı ilə məlumatı heç kimə heç anasına da söyləməmişdir. Hesab edir ki, Vüsal, Veysəl və Nazilə, Leyla Quliyevlərin qəsdən bir qrup şəxs olaraq barəmdə rüsvayedici, şərəfini, ləyaqətini alçaldan məlumatları yaymaqda məqsədi yaşadığı yataqxana sakinlərinin arasında, yaxın və əhatəsində ona doğma olan insanların arasında onu rüsvay eləmək, özünü öldürmək dərəcəsinə çatdırmaqdan ibarətdir. Yataqxanada yaşayışları icma halındadır, məişət və yardımçı sahələr birgə ümumi istifadədədir, hər gün onlarla yataqxana sakini ilə təmasda olur, üz-üzə gəlir. Barəsində rüsvayedici məlumatlar yayılandan sonra yataqxanada tanıdığı və normal ünsiyyətdə olduğuinsanlar artıq ondan üz döndərmiş, yataqxanada yaşayan sakinlər arasında ona qarşı münasibət dəyişmişdir. Ona doğma olan yaxın qohumlarının da münasibəti ona qarşı mənfi mənada dəyişmişdir. Bundan əlavə barəsində rüsvayedici məlumatların yayılması nəticəsində sağlamlığında psixi qüsurlar əmələ gəlmişdir. Milli mentalitetə görə nikah gecəsi qızın bakirə çıxmaması, həmin qızın başqası ilə toya qədər cinsi əlaqədə olması, pozğun və əxlaqsız olması kimi dəyərləndirilir. X14 istintaq araşdırmasında müstəntiqə Zaur Qüdrətova verdiyi izahatında nikah gecəsində onun bakirəliyinin pozulmuş olmasını aşkar etməsi barədə məlumatı yalandır. Onun bakirəliyinin toy gecəsinə qədər pozulmuş olması Vüsal tərəfindən aşkar edilmiş olsaydı, həmin gecə ondan ayrılar və valideynlərinə mütləq məlumat verərdi. Belə hal olmamış və Vüsal Quliyev belə məlumatı nə öz valideynlərinə nədə ki, onun valideynlərinə verməmişdir. Lakin buna baxmayaraq Vüsal onun bakirəliyinin pozulması barədə böhtan xarakterli rüsvayedici məlumatı müstəntiqə verdiyi ifadəsində göstərmiş, bu məlumat həm də müstəntiqin onun barəsində cinayət təqibin xitam verilməsi haqda qərarında yer almışdır. Cinayət prosessual qaydalarına əsasən müstəntiqin fəaliyyətinə nəzarət edən prokurorluq əməkdaşları da barəsində yayılmış yalan və böhtan xarakterli məlumatla tanış olmuşlar. Vüsalın yaydığı bu məlumat idarə kimi Binəqədi rayon Polis idarəsinin istintaq şöbəsindən çıxmış izahatda, sənəddə əks olunmuşdur. Hesab edir ki, bu hissədə Vüsal Quliyevin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri mövcuddur və cinayət məsuliyyətinə cəlb edilməlidir. Vüsal Quliyevin əməlində digər cinayət əlaməti onda ifadə olunur ki, bakirəliyi ilə bağlı qeyd edilən yalan məlumatı atası Veysəl Quliyevə anası Nazilə və bacısı Leyla Quliyevalar arasında da yaymış özü isə təkrarən atası Veysəl Quliyevlə bu məlumatı dayısı X19 və dostu X2 çatdırmaqla onlar arasında yaymışdır. Cinayətin niyyəti və məqsədi onu yaxın doğmaları arasında rəzil etməklə sonuncuların yanında rüsvay etməkdən ibarət olmuşdur. İsti yaz və yay aylarında yataqxana sakinləri əsasən də qadınlar bir qayda olaraq axşam saatlarında yataqxananın həyətində olan kiçik bağ sahəsinə toplaşıb ünsiyyətdə olmuşlar. Bu sakinlərin sayı təxminən 10-15 nəfər və əsasən də yaşlı qadınlar olmuşdur. Bu sakinləri həmin bağistirahət yerinə toplanmasını heç kim təşkil etməsə də onların eyni saatda istirahətlərini təmin etməsi toplantı xarakteri daşıyır. Barəsində şikayət etdiyi keçmiş ərinin anası Nazilə və bacısı Leyla Quliyevalar tərəfindən istirahətlərini təmin etmək üçün toplaşan sakinlər qarşısında "bu Ayşə bədəni satandır", “bu Ayşə nikah gecəsi qız çıxmayıb", "bu Ayşə yataqxanaya kişi gətirir", "bu Ayşə pozğundur", "bu Ayşə qızlarınızı yoldan çıxaracaq onu buradan çıxardın" kimi böhtan xarakterli rüsvayedici məlumatları yaymaqda məqsədi yataqxana sakinləri arasında onu rüsvay etməkdən ibarət olmuşdur. Onların yaydığı həmin məlumatlar yalandır, birinci ona görə ki, nikah gecəsi onlar yanında olmamışdır. Rüsvayedici ifadələri onların hər ikisi Vüsal Quliyevin sözlərinə istinad edərək yaymışlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Xüsusi ittiham qaydasında şikayət etdiyi şəxslər tərəfindən barəsində yayılmış ifadələr həm də təhqiredici, şəxsiyyəti alçaldan ifadələrdir. Həmin ifadələri Vüsal və Veysəl Quliyevlər yaxın qohumları olan dayım Vüsal Əzimzadə, sonuncunun dostu X2 çatdırmaqla, keçmiş qaynanası Nazilə, qızı Leyla Quliyevalar yataqxana sakinlərinin xüsusilə də qadınlarının ilin isti yəni yaz-yay aylarında günün axşam istirahət saatlarında yataqxananın həyətində bağçada toplum halında olan zaman onların arasında yaymışlar. Hesab edirəm ki, barələrində şikayət etdiyi şəxslərin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1.maddəsində nəzərdə tutulmuş tərkiblə yanaşı həm də həmin məcəllənin 148-ci maddəsində nəzərdə tutulmuş əməlləri mövcuddur. Buna görə də onlar istinad etdiyi hər iki maddə üzrə cinayət məsuliyyətinə cəlb edilib barələrində cinayət cəza tədbirləri görülməlidir. Odur ki, X25, Veysəl Quliyev, X23 və X12 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrin tələblərinə uyğun olaraq xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, həmin maddələrdə nəzərdə tutulan cəza təyin edilməsini xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X22 bildirmişdir ki, 10 ay birgə evlilik müddətini sürdürdüyümüz Vüsal Quliyev onun haqqında şər-böhtan yayaraq onun toy gecəsi daxil olmaqla qız uşağı olmadığını iddia etmiş və ailəsi də təsdiqləmişdir. O, sübut olaraq videolar, şəkillər, səslər olduğunu bildirmiş, adlarını çəkdiyi şəxslər haqqında lazımi tədbirlər görülməsini xahiş etmişdir. Həmin şəxslərin atdıqları şərlə bağlı onun ekspert rəyi var. Lazım gələrsə yenidən müayinədən keçə bilər. Odur ki, xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsini X25, Veysəl Quliyev, X21 və X11 cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X25 bildirmişdir ki, Ayişə Quluzadə ilə evlilik müddətində bu məsələ ilə əlaqədar valideyni Ağayeva Xəyaləyə məlumat vermişdir. Lakin 7 ay keçsə də, xahiş etməyinə baxmayaraq ki, Ayişə ginekoloji müayinədən keçməyə razı olmamışdır. O, 7-8 ay səbr etmiş, özünün də müayinədə iştirak etməyini tələb etmişdir. Ayişənin doğma dayısı soyuq münasibəti görüb, onunla söhbət etmiş, problemi ilə maraqlanmış, o, da məcbur qalıb demişdir. Ekspert rəyi olmadan o, Ayişəyə ağır söz deməmişdir. Hər şeyi olduğu kimi dayısına demişdir. Səhəri gün dayısı gedib Ayişəni döymüşdür. Nəticədə nikahları pozulmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, nikah pozulduqdan sonra bu məlumatları qonşular arasında o, yaymamışdır. Buna görə də hazırki xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Quliyevin səsləndirdiyi fikirlərlə razı olduğunu, Ayişə Quluzadə tərəfindən verilmiş xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X24 bildirmişdir ki, o, oğlu Vüsal Quliyevin ailəsinin dağılmasını istəməmişdir. Onlara bunu açıb bizə desəydilər, xəbərləri olsaydı bu iş bura qədər çıxmazdı. Onlar bunu 1 ildən sonra bilmişilər. O, Ayişəni “əl üstündə” saxlamış, qızlarından çox istəmiş, ədəb-ərkanla nə lazımdırsa etmişdir. O, Ayişəyə yanlarında qalıb, müalicə olunmağı təklif etmişdir. Sonradan məktub gəlmiş və Ayişənin onlardan şikayət etdiyini bilmişdir. Odur ki, Ayişə Quluzadə tərəfindən verilmiş xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X22 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X22 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməli olduğu halda X22 şikayətində doğulduğu il, məşğuliyyət növü, vəzifəsini göstərməmişdir. Bundan əlavə CPM-in 293.3.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməli olduğu X22 şikayətində cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada və nə vaxt törədilməsini göstərməmişdir. Bundan əlavə CPM-in 293.3.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməli olduğu halda X22 tərəfindən verilmiş şikayətdə barəsində şikayət verilmiş şəxslərdən Veysəl Quliyevin atasının adı qeyd edilməmiş, X1 “Quliyeva” kimi qeyd edilmişdir Bundan əlavə CPM-in 293.3.6-cı maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətdə şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməli olduğu halda X22 xüsusi ittiham qaydasında şikayətində şikayətin verdiyi tarixi və yeri göstərməmişdir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X22 tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X25, Veysəl Quliyev, X21 və X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X9 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: X25, Veysəl Quliyev, X21 və X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri haqqında X9 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-297/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-297/2025
07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver