Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-298/2024 16.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Quba rayonu, Qonaqkənd qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 küçəsi, döngə 14, nömrəsiz fərdi ev ünvanında yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan yerdə 10 manat müqabilində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 0,396 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış və Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 23:00-da Bakı şəhəri, ünvan 1 küçəsi, döngə 11 ünvanında piyada hərəkətdə olan zaman saxlanılaraq, Bakı şəhəri, ünvan 1 küçəsi 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına aparılmış, orada xx.xx.2024-cü il tarixdə saat 00:05-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə, təmiz çəkisi 0,396 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, müəyyən müddət narkotik vasitələrdən istifadə etmişdir, lakin üzərindən narkotik vasitə olmamışdır, sadəcə qanından aşkar olunmuşdur. 2 nəfər polis əməkdaşı onu kirayə qaldığı evdən qapını sındırıb evə daxil olaraq götürmüşlər. Həmin polislər üzdən görsə tanıya bilər. Onlar isə evdə 3 nəfər olmuşlar, hər üçünü də polislər evdən aparmış, onlarla olan şəxslərdən biri Gürcüstan Respublikasının vətəndaşı olduğundan onu buraxmışlar. Digər şəxslə onu isə bölməyə gətirmişlər. Həmin zaman onun üzərində qanunla qadağan olunmuş heç bir şey olmamışdır. Şahid2 isə ümumiyyətlə orada olmamış, gələnlər başqa adamlar olmuşdur. Qeyd etdikləri barədə müdafiəçisinə heç bir şey bildirməmişdir. 06 sentyabr 2024-cü il tarixdə keçirilmiş məkhəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, onu saxlayanlardan biri Şahid1 olmuşdur. Lakin şahidin bildirdiyinin əksinə, onu küçədən yox evdən aparmışlar. Əvvəlki məhkəmə iclasında bildirdiyi kimi 3 nəfər evdə olmuşlar və polis əməkdaşları onları evdən götürüb bölməyə aparmışlar, həmin zaman onun üzərində hər hansı bir narkotik vasitə də olmamışdır. Təqsirləndirilən şəxs son sözündə özünün xəstə olmasını, həmçinin övladının olmasını, anasının da xəstəlikdən əziyyət çəkməsini bildirərək məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-in sahə inspektoru Şahid2 ifadəsində bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və pşixotrop maddələr əldə edərək üzərində gəzdirməsi barədə 24 yanvar 2024-cü il tarixdə etibarlı mənbədən məlumat daxil olmuşdur. Üzərində narkotik vasitə heroin daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilməsi, yaxalanması və psixotrop maddələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun digər üzvü Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs gizli müşahidə edib izlədikdən sonra xx.xx.2024-cü il tarixdə, saat 23:00-da Bakı şəhəri, ünvan 1 küçəsi, döngə 11 ünvanında saxlayıb, üzərində axtarış aparılması məqsədi ilə Binəqədi RPİ-nin 40-cı PB-nə gətirmişlər. Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis mayoru Məhərrəm Muxtarov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin narkotik vasitə olduğunu və həmin bükümü xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmadığı barədə bildirikləri isə həqiqəti əks etdirmir. Bölmədə şəxsin üzərinə baxış keçirilərkən şəxsi axtarışda o da iştirak etmiş, təqsirləndirilən şəxsə hər hansı bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxsin evdən aparılması barədə qeyd etdikləri də doğru deyildir, onlar təqsirləndirilən şəxsi qeyd etdiyi küçədən aparmışlar. Təqsirləndirilən şəxs əvvəlcədən də tanıyırdı, sonuncunun narkotik vasitə istiafədiçi olmaqla yanaşı oğurluq əməllərinin törədilməsində də iştirakı vardır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-in cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. 24 yanvar 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-in sahə inspektoru Şahid2 ilə birə saat 23:00-da Bakı şəhəri, ünvan 1 küçəsi, döngə 11 ünvanında Təqsirləndirilən şəxs saxlayıb, üzərində axtarış aparılması məqsədi ilə Binəqədi RPİ-nin 40-cı PB-nə gətirmişlər. Bölmədə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və ya baxış keçirilərkən hər hansı bir etiraz etməmiş, sonuncuya qarşı da heç bir təzyiq və hədə-qorxu olmamışdır. Təqsirləndirilən şəxsin yaşadığı evdən aparılması barədə bildirikləri həqiqətə uyğun deyildir. Onlar Təqsirləndirilən şəxs küçədə saxlayaraq bölməyə dəvət etmişlər. O, ümumiyyətlə Tahirin evini tanımır, hətta Tahir buraxıldıqdan sonra bir neçə dəfə bölməyə gəlib-getmiş, onlara təşəkkür belə etmişdir ki, tutulduqdan sonra artıq vəziyyəti düzəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülmüşdür. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:50-də şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 23:00-dan tutulmuş hesab edilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 00:05 dəqiqədən saat 00:25 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin istintaq hərəkəti "Panasonic" markalı video kamera ilə video çəkilişlə qeydə alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarlarının ciblərində və ya bədənində biləcək digər əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, başqa əşya, maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisində olan vasitənin “heroin” deyilən narkotik vasitə olduğunu, həmin bükümü üçün xx.xx.2024-cü il tarixdə günorta saatlarında Nəsimi rayonu, “Papanin” adlanan ərazidən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Həmin maddə tərəzi ilə ölçülən zaman çəkisinin 0,58 qram olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-6-16/2-6/522 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksləri, “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş ...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,396 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli, 3-6-16/2- 6/522 nömrəli məhkəmə ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 0,396 qram kütlə qəbul edilmiş, 0,050 qram tədqiqat üçün istifadə edilmiş, 0,346 qram maddə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməyərək təqsirləndirilən şəxsin Binəqədi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis bölməsinin təhqiqatçısı, polis mayoru Məhərrəm Muxtarov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan bir ədəd DVD-R diskə baxış keçirilmişdir. Həmin baxış zamanı Təqsirləndirilən şəxs qeyri-qanuni əşyaları təqdim etməsi təklif edildikdə, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üstünə qoyduğu, həmin maddəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan yerdə 10 manat müqabilində tanımadığı şəxsdən şəxsdən öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini göstərdiyi müəyyən edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videokadrlarda görünən şəxsin məhz özü olduğunu da təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təqdiqata sərf edildikdən sonra çəkisi 0,346 qram heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 X6 X7 üzrə xx.xx.2024-cü il tarixli, 545 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli höküm ilə həmin dövrdə qüvvədə olmuş Cinayət Məcəlləsinin 220-2 maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06.02.201-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci i tarixli Amnistiya qərarının 1.5-ci maddəsinə əsasən azad edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli höküm ilə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Moskva şəhər Basman Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökümü ilə 3 il 6 ay müddətinə, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli hökmü ilə isə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024cü il tarixli, 3-6-16/2-6/522 saylı rəyi, ambulator məcburi-narkolji ekspertizasının xx.xx.2024-cü il tarixli, 545 nömrəli rəyi sübut növü kimi qiymətləndirilərək istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin çəkisi 0,396 qram olaraq qəbul edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının video çəkilişini özündə əks etdirən bir ədəd disk maddi sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. 0,396 qram təşkil edən, təqdiqata təqdim edildikdən sonra çəkisi 0,346 qram qalan heroinin saxlanması üçün Binəqədi RPİnin maddi sübutların saxlanması yerinə verilməsi nəzərə alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-298/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-151/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 18 may 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-298/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilmiş, onun barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-151/2024 saylı qərarı ilə ********* nömrəli cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-298/2024 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ləğv edilmişdir. “e.gov.az” internet portalından əldə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlilliyi müəyyən edilmişdir. Məhkəmə iclasında maddi sübut kimi tanınmış diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola uyğun olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və saxlanılarkən üzərində narkotik vasitənin olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər məhkəmə iclasında yuxarıda qeyd edilən məzmunda ifadələr verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təkzib etmişlər. Bundan başqa, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişə baxış zamanı şahidlərin ifadələrində göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və müdafiəçisi imza etmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamasını bildirsə də, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişə baxış zamanı həmin xüsusatlar təkzib olunmuşdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında, baxış keçirilməsi haqqında protokollar, ekspert rəyləri, maddi sübutlar və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,396 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs barəsində cinayət işiniə əlavə edilmiş tələbnamədən göründüyü kimi o əvvəllər dəfələrlə az ağır cinayətlər kateqoriyasına aid ona cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunsa da, hazırki cinayət işi üzrə cinayət qanunu ilə qadağan olunmuş əməli xx.xx.2024-cü il tarixdə, yəni onun az ağır cinayətlərə görə məhkum olunduğu cəzadan azad olunduqdan 2 il keçdikdən sonra törətmişdir. Göründüyü kimi cəzasının sonu ilə azad olunduğu vaxtdan 2 ildən çox zaman keçdiyi üçün X2 əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli və təqsirləndirilən şəxs qismində qismində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2.), barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli (CPM 155.1.5), məcburi müalicə təyin edilmədən ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,346 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – 1 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 45 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı cəmi 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 7 (yeddi) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,346 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd “DVD-R” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-298/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-298/2024
16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver