Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-298/2025 09.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1960-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, MN-in Cəmşid Naxçıvanski adına Hərbi liseydə sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 iyun 2024-cü il tarixdə saat 14 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “B1,B,C1,C” kateqoriyalı BB 036446 nömrəli sürücülük vəsiqəsi ilə həmin tarixli 453 nömrəli yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan sürücü işlədiyi Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Liseyinə məxsus QAZel-330273 markalı (yük) T-105-QQ dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu Baksol yolu ilə üzü Binəqədi rayonu Binəqədi şossesi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməməklə Bakı şəhəri, Binəqədi rayonu Baksol yolunda nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən piyadaların hərəkəti üçün nəzərdə tutulan səkiyə doğru çıxarmaqla həmin vaxt səkidə piyada hərəkət edən Zərərçəkmiş şəxs avtomobillə vuraraq ehtiyatsızlıqdan sonuncuya müştərək travma, sol bud, sol bazu, sol qamış, sağ aşıq, sağ qasıq sümüklərinin hər iki şaxəsinin, oma sümüyünün sınıqları, sağ gicgah-ənsə nahiyəsində subdural məsafədə ən qalın yerində 4 mm-ə çatan hematoma, hər iki beyin yarımkürəsində ödem, hər iki silvian fıssura və beyin şırımlarının ödəmə bağlı minimal silinməsi, İİİ və yan mədəciklərin ödəmə bağlı kompressiyası, alın nahiyəsində sağda, sağ periorbital və buccal nahiyədə dərialtı yumşaq toxumalarda ödəm, buccal nahiyələri altında 35x12 mm ölçüdə cibləşmiş yığıntı kimi xəsarətlərlə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 6 ildir Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseydə sürücü işləyərək həmin liseyə məxsus Qazel markalı T-105-QQ dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və yük daşıyır. 10 iyun 2024-cü il tarixdə, saat 14.30 radələrində o, həmin avtomobillə iş yoldaşı, mülki əməkdaş Şahid1la Binəqədi rayonu, Baksol yolu ilə saatda 40-50 km/saat sürəti ilə Biləcəri qəsəbəsi istiqamətinə hərəkətdə olmuşlar. Avtomobili o, idarə edirdi, Zəkrulla isə sağ tərəfdə sərnişin oturacağında oturmuşdu. Zəkrullanı hamı Zakir kimi çağırır. Həmin zaman avtomobilin yük yeri boş idi və Biləcəri qəsəbəsinə getməkdə məqsəd oradakı ərzaq bazasından yeyinti məhsulları götürmək olmuşdur. Hərəkətdə olduğu yol bir gediş və bir gəlişdən ibarət olmaqla hər zolağın eni təxminən 3-4 metr olardı. Avtomobil iki kabina və yük yerindən ibarət olmaqla sağ və sol qapıları var idi (arxa kabinada qapı yoxdur). Yolda öz zolağında hərəkətdə olanda anidən avtomobilin sağ qabaq təkərinin səkiyə dəyməsini hiss etmişdi. Sanki elə bil həmin zaman o, özündə olmamış, avtomobilin səkiyə nəyə görə dəydiyini başa düşməmiş, həmin anda yuxulu ola bildiyini ehtimal etmişdir. Avtomobil səkiyə dəydikdən sonra 1-2 metr qabağa doğru getmiş və sağ qabaq qapısı sağ səkiyə bitişik olan yol kənarındakı elektrik dirəyinə sürtünmüşdür. O, avtomobili 4-5 metr qabağa doğru idarə edib əyləcdən istifadə edərək öz zolağında avtomobili saxlayıb yerə düşmüş və avtomobilin səkiyə toxunduğu yerdə tanımadığı, adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs səkinin üzərində huşsuz halda yerdə uzanmasını görmüşdür. O, iş yoldaşı Zəkrulla ilə birlikdə tələsik Minurəyə yaxınlaşıb kömək edərək su vermişlər. Minurə həmin vaxtı zarıyaraq onu yerdən qaldırmağını istəmişdir. Yoldan keçən şəxslərdən kimsə “103” Xidmətinə, onun özü də DİN-in “102” Xidmətinə zəng edərək hadisə barədə məlumat verərək oraya gəlmələrini xahiş etmiş və hadisə yerində gözləməyə başlamışlar. Az sonra təcili yardım avtomobili hadisə yerinə gələrək Minurəni KTM-ə aparmışlar. Bir qədər sonra da hərbi polis əməkdaşları hadisə yerinə gələrək ona suallar verməyə başlamışlar. İdarə etdiyi avtomobil Müdafiə Nazirliyinə məxsus olduğu üçün hərbi polis araşdırma aparmağa başlamışdır. Bu baxımdan o, elə başa düşmüşdür ki, hərbi polis araşdırma aparırısa onlarla getməlidir. Hərbi polis onu hadisə yerindən apararaq sərxoşluq müayinəsindən keçirmişlər. O, Minurəni hansı şəraitdə vurmağını xatırlamamışdı, avtomobilin hansı hissəsinin Minurəyə dəyməsi ilə bağlı heç bir mülahizəsi olmamışdır. O, hadisə yerinə yaxınlaşmamışdan əvvəl Minurənin səkinin üzərində dayanmasını görməmişdir. Avtomobilə baxdıqda aşkar etmişdir ki, avtomobilin sadəcə qabaq sağ qapısı elektrik dirəyinə dəydiyi üçün həmin hissə, eləcə də qabaq və arxa təkərlərin diskiləri də səkiyə dəydiyi üçün əzilmişdir. O, ehtimal etmişdir ki, avtomobil səkiyə çırpıldığı zaman ola bilsin ki, avtomobilin sağ arxa hissəsi Minurəyə toxunaraq xəsarət yetirmişdir. Gözlərinin görməsində heç bir problemi olmamış, uzaq və yaxın məsafəni tam yaxşı görmüş, avtomobildə heç bir nasazlıq olmamış, texniki cəhədən saz vəziyyətdə olmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, Baksol Yolunun yaxınlığında kirayədə tək yaşayır. 10 iyun 2024-cü il tarixdə, saat 14:10 radələrində Beynəlxalq Avtovağzala getmək üçün tək şəkildə Baksol Yolu adlanan sahədəki avtomobil yolunun kənarı ilə piyada hərəkət edib orada səkinin üzərində dayanaraq marşrut avtobusunun gəlməsini gözləmişdir. Həmin ərəfədə övladları Gədəbəy rayonunda nənəsinin yanında olduğundan istəyirdi ki, avtovağzaldan Gədəbəy rayonuna gedərək övladlarını Bakı şəhərinə gətirsin. Bunun üçün o, yol kənarına gələrək gözləməyi yadına düşür, ancaq sonradan nə baş verdiyini xatırlamır. Həmin gün gözünü açdıqda xəstəxanada olduğunu görmüş və həkimdən öyrənmişdir ki, onu avtomobil vurub. Hazırda da hadisənin necə olması, avtomobilin onu necə vurmasını xatırlamır. Həkimdən eşitmişdir ki, sürücü onu vurduqdan sonra köməklik edərək onu KTM-ə gətizdirib. Sonradan onu vuran sürücünün əvvəllər tanımadığı və heç bir ədavəti olmadığı Təqsirləndirilən şəxs olmasını, sonuncunun idarəetməni itirərək avtomobili səkinin üzərinə çıxmaqla onu səkinin üzərində vurmasını öyrənmişdir. Ona dəymiş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir, onun ciddi cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Lisey rəisinin hüquq işləri üzrə köməkçisi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs liseydə sürücü işləməklə Qazel markalı T-105-QQ dövlət qeydiyyat nişanlı avtomobili idarə edir, Şahid1 isə Liseydə ekspeditor kimi xidmət aparır. 10 iyun 2024-cü il tarixdə saat 14.30 radələrində Zəkrulla mobil telefonla liseyə məlumat vermişdir ki, o, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Qazel markalı T-105-QQ dövlət qeydiyyat nişanlı avtomobillə ərzaq bazasından yeyinti məhsulları götürmək üçün Biləcəri qəsəbəsinə gedərkən Binəqədi rayonu Baksol yolunda sonuncu idarəetməni itirmiş və avtomobil səkinin üzərinə çıxaraq piyadaçı bir qadını, daha sonra avtomobili yol kənarındakı elektrik dirəyinə vurmuşdur. Həmin zaman sürücü Mikayılla əlaqə saxlanılmış və sonuncu faktı təsdiq edərək naməlum səbəbdən idarə etdiyi avtomobillə səkinin üzərindəki bir qadını vurmasını və hadisə barədə DİN-in 102 Xidmətinə məlumat verdiyini təsdiq etmişdir. Avtomobil hərbi liseyə məxsus olduğundan bu barədə alınmış məlumat Müdafiə Nazirliyinin Hərbi Polisinə ötürülmüş və avtomobil hadisə yerinə cəlb edilən 1-ci Hərbi Polis Bölməsinin əməkdaşları tərəfindən meydançaya yerləşdirilmiş və sürücü şərxoşluq müayinəsindən keçirilmişdir. O, özü də Binəqədi RPİ-nin Növbətçi Hissəsinin ***-***-**-** saylı telefonuna zəng edərək yolnəqliyyat hadisəsinin kim tərəfindən araşdırılmasını öyrənərək hadisə və sürücünün olduğu yer barədə araşdırma orqanına məlumat vermişdir. Hadisəni şəxsən görməsə də araşdırdıqda sürücü Mikayılın anidən idarəetməni itirməsini, avtomobilin səkinin üzərinə çıxmasını və sonradan elektrik dirəyinə dəyməsini, Mikayılın və kabinada olan digər əməkdaşları olan Zəkrullanın avtomobildən yerə düşdükdə adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs xəsarət aldığını və uzanmış halda səkinin üzərində görmələrini, hadisə barədə “103” və DİN-in “102” Xidmətlərinə məlumat verilməsini, Minurənin təcili yardım avtomobili ilə KTM-ə aparılmasını öyrənmişdir. Hətta əldə etdiyi məlumata görə, Minurənin 2 azyaşlı övladının olmasını və yaşadıqları evdə tək qalma ehtimalı olduğu üçün bu barədə polisi məlumatlandırmağı özünə borc bilmiş və bu baxımdan Binəqədi RPİ-nin Növbətçi Hissəsinin vasitəsilə istintaq orqanına zəng edərək məlumatlandırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, MN-nin Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 1993-cü ilədək hərbçi kimi, 2013-cü il tarixdə isə təqaüdə çıxaraq həmin liseydə başqa vəzifələrdə işləmiş, 2020-ci ildən isə hazırda ekspeditor kimi xidmət aparır. Adı Zəkrulla olsa da, hamı onu Zakir kimi çağırır. 10 iyun 2024-cü il tarixdə saat 14.30 radələrində o, liseyin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi Qazel markalı T-105-QQ dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu Baksol yolu ilə saatda 40-50 km/saat sürətlə Biləcəri qəsəbəsi istiqamətinə hərəkətdə olmuşlar. Avtomobilin yük yeri boş olmuş və Biləcəri qəsəbəsinə getməkdə məqsəd oradakı ərzaq bazasından yeyinti məhsulları götürmək olmuşdur. Yolda öz zolaqlarında hərəkətdə olanda anidən avtomobilin sağ tərəfə istiqamətləndiyini görmüş və nəqliyyat vasitəsinin qabaq təkəri sağ tərəfdəki səkiyə dəymiş və o, qışqırdıqda Mikayıl avtomobilin aşmaması üçün tədbirlər görməyə başlamışdır. Mikayıl sonradan avtomobilin sükanını sol tərəfə idarə etsə də, nəqliyyat vasitəsinin qabaq sağ qapısı sağ tərəfdə olan səkiyə bitişik yol kənarındakı elektrik dirəyinə dəymiş və sonuncu bundan sonra avtomobili 4-5 metr qabağa doğru idarə edib əyləcdən istifadə edərək öz zolaqlarında nəqliyyat vasitəsini saxlamışdır. Yerə düşdükdən sonra o, gördü ki, avtomobilin ilk dəfə səkiyə toxunduğu yerdə əvvəllər tanımadığı, adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs huşsuz halda səkinin ortasında yerdə uzanıb. Onlar tələsik Minurəyə yaxınlaşaraq kömək edib su vermişlər. Minurə həmin vaxtı zarıyaraq onu yerdən qaldırmağı istəmişdir. Yoldan keçən şəxslərdən kimsə “103” Xidmətinə, Mikayıl da DİN-in “102” Xidmətinə zəng edərək hadisə yerinə gəlmələrini xahiş etmişdir. O da C.Naxçıvanski adına Hərbi Liseyə zəng edərək baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Orada gözlədikləri zaman təcili yardım avtomobili hadisə yerinə gələrək Minurəni KTM-ə aparmışlar. Bir qədər sonra da hərbi polisdən əməkdaşlar hadisə yerinə gələrək Mikayıla suallar verməyə başlamışlar. İdarə olunan avtomobil Müdafiə Nazirliyinə məxsus olduğu üçün hərbi polis araşdırma aparmağa başlamış və Mikayılı hadisə yerindən apararaq sərxoşluq müayinəsindən keçirmişlər. Sonradan o, Mikayıldan avtomobilin səkiyə necə dəyməsini soruşduqda, sonuncu sanki şokda olduğunu, beyninin həmin zaman yatdığını və hadisənin necə baş verdiyini bilmədiyini demişdir. Avtomobil səkiyə dəyməmişdən təxminən 15-20 saniyə əvvəl o, özü Mikayılla söhbət etdiyi üçün sonuncunun avtomobili idarə etdiyi zaman yolda yatmadığı qənaətinə gəlmiş, hərəkətdə olduqları yolda heç kim olmamış və Minurə də yolu keçməyə cəhd etməmişdir. Ancaq avtomobil ilk dəfə səkiyə dəyəndə o, avtomobilin sağ arxa yan tərəfindən tapıltı səsinin gəldiyini eşitmiş və sonradan ehtimal etmişdir ki, həmin tappıltı Minurənin avtomobilə çırpıldığı zaman çıxan səs olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu Baksol yolunda baş vermişdir. Baxış zamanı avtomobil yolunda şinlərin və tormozlama izləri aşkar edilməsə də, avtomobilin qabaq və arxa təkərlərinin disklərinin əyildiyi, avtomobilin kabinəsinin sağ qapısının və ona bitişik hissəsinin batıq halda olduğu müəyyən edilmişdir. Protokola əlavə edilmiş fotoşəkillərdən isə görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “QAZel-330273” yük markalı T-105-QQ dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yolunun sağ hissəsində olan səkinin üzərinə çıxdığı və avtomobilin bir qədər aralıda səkinin üzərində olan elektrik dirəyinə dəydiyi, eləcə də avtomobilini saxlayaraq yerə düşdükdə piyadaçı Zərərçəkmiş şəxs həmin səkinin üzərində halsız halda uzandığı yerləri əyani olaraq hadisə yerində göstərmişdir (cild 1, i.v.11-17). 10 iyun 2024-cü il tarixli 2/3/378 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, yoxlama zamanı sürücü Təqsirləndirilən şəxs alkoqol vəziyyəti aşkar edilməmişdir (cild 1, i.v.28). Məhkəmə-tibbi ekspertizasının 02 iyul 2024-cü il tarixli 1636 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi yardım üçün “X6” PHŞ-yə müraciət edərkən ona “müştərək travma, sol bud, sol bazu, sol qamış, sağ aşıq, sağ qasıq sümüklərinin hər iki şaxəsinin, oma sümüyünün sınıqları” diaqnozu qoyulmuş və baş beyinin KT müayinəsi zamanı “sağ gicgah-ənsə nahiyəsində subdural məsafədə ən qalın yerində 4 mm-ə çatan hematoma, hər iki beyin yarımkürəsində ödem, hər iki Silvian fıssura və beyin şırımlarının ödəmə bağlı minimal silinməsi, İİİ və yan mədəciklərin ödəmə bağlı kompressiyası, alın nahiyəsində sağda, sağ periorbital və buccal nahiyədə dərialtı yumşaq toxumalarda ödem, buccal nahiyələri altında 35x12 mm ölçüdə cibləşmiş yığıntı” aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X6” X4 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 10 iyun 2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin onu vurması nəticəsində əmələ gələ bilərdilər (cild 1, i.v 60-63). 03 iyul 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 02 ədəd diskə baxış keçirilir və müəyyən edilir ki, Binəqədi rayonu Baksol yolunda quraşdırılmış TŞ 8-172 saylı kameranın video görüntüsündə avtomobil yolunda tıxac yoxdur, yolun Binəqədi şossesi istiqamətindəki (görüntünün solundakı) səkidə 2 nəfər əks istqamətdə piyada hərəkətdədir (onlardan biri, Binəqədi şossesi istiqamətində piyada hərəkət edən vətəndaş Zərərçəkmiş şəxsdır). Kameranın saatı 14.29.28 olduqda görünür ki, Binəqədi şossesi istiqamətində hərəkətdə olan “QAZel-330273” yük markalı, T-105-QQ dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkət zolağından çıxaraq sağ təkərləri (Zərərçəkmiş şəxs piyada hərəkətdə olduğu) səkinin üzərinə çıxır və nəqliyyat vasitəsi həmin hissədə yol kənarına quraşdırılmış elektrik dirəyinə çırpılır və sürücü avtomobili öz hərəkət yoluna qaytaraq sağ tərəfdə kənarda saxlayır. Həmin zaman səkidə hərəkətdə olan piyadaçı Zərərçəkmiş şəxs kadrlarda görünmür. “QAZel-330273” yük markalı, T-105- QQ dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yerə düşərək hadisə yerinə gedir və oraya çoxlu sayda insanlar toplaşır (cild 1, i.v 51). Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 16 avqust 2024-cü il tarixli, 8/2131 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən QAZ 330273 markalı T-105-QQ dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, i.v 67-69). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Lisey tərəfindən tərtib edilmiş arayışdan (5 nömrəli forma) görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2018-ci il tarixdən həmin liseyin Maddi-texniki təminat taqımının avtomobil sürücüsü vəzifəsində mülki işçi kimi çalışır (cild 1, i.v 83). Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 07 və 08 oktyabr 2024-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdə (05 dekabr 2030-cu il tarixədək etibarlı olan) BB 036446 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Həmçinin Təqsirləndirilən şəxs adına və ya etibarnamə ilə istifadəsində qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur (cild 1, i.v 96, 99). Sübutların qiymətləndirilməsi haqqında 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, QAZel-330273 yük markalı T-105-QQ dövlət qeydiyyat nişanlı avtomobil və yol nəqliyyat hadisəsini əks etdirən TŞ 8-172 saylı Təhlükəsiz Şəhər Kamerasının videogörüntünün yazıldığı 02 ədəd CD disk iş əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (cild 1, i.v.103-110). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 121). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 135-136). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Liseyin 12 dekabr 2024-cü il tarixli və Binəqədi Rayon Polis İdarəsinin 23 dekabr 2024-cü il tarixli məktublarından görünür ki, “QAZel-330273” yük markalı T-105-QQ dövlət qeydiyyat nişanlı avtomobil Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Liseyə qaytarılmışdır (cild 1, i.v.140,146). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan 22 iyun 2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v. 44). Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, onun törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ağır dərəcəli bədən xəsarətləri almış və zərərçəkmiş şəxslə barışmamışdır. Təyin ediləcək cəza Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CM-in 45-ci maddəsində göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilmə növündə əlavə cəza tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, ekspertizası tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar olan Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “QAZel- 330273” yük markalı, T-105-QQ dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Liseyinə qaytarılması nəzərə alınmalı, iki ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192- 193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ekspertiza xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) keçirilsin. Maddi sübutlar – “QAZel-330273” yük markalı, T-105-QQ dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Liseyinə qaytarılması nəzərə alınsın. İki ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV
Məhkəmə qərarları › İş №1(001)-298/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-298/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver