Məhkəmə qərarları › İş №1(001)-299/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-299/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-299/2021 07.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Xızı rayonu, Əmbizlər kəndində qeydiyyatda olmaqla, Xızı rayonu Şuraabad kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 16 yanvar 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,485 qram psixotrop maddə-metamfetamin əldə edib üstündə saxlayaraq daşımış, 17 yanvar 2021-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal 1 D ünvanın qarşısında Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 3 ünvanda yerləşən 7-ci PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,485 qram psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün «şüşə» adlanan maddəni bir bükümdə 30 manat müqabilində əldə etmiş və üzərində saxlamışdır ki, istədiyi zaman istifadə etsin. Daha sonra həmin gün Xızı rayonuna getmiş, Xızı rayonuna getməkdə məqsədi orada yaşayan tanışı Vasif adlı şəxsdən bir baş mal-qara inək almaq istəməsi olmuşdur. Belə ki, Xızı rayonunda kənd məhsullarını alaraq Bakı şəhərində satmaqla qazanc əldə edir. Vasiflə mal-qara alış-verişindən sonra sonuncuya Bakı şəhəri, Maştağa qəsəbəsində ucuz qiymətə yonca bitkisi alaraq Xızı rayonunda baha qiymətə satıb gəlir əldə etmək mümkün olduğunu bildirib birlikdə Bakı şəhərinə getməyi təklif etmişdir. Vasif onun təklifi ilə razılaşmış və birlikdə 16 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Maştağa qəsəbəsinə çatıb orada bir neçə saat yonca almaq üçün maraqlanmış, lakin münasib qiymətə yonca tapa bilməmişlər. Bundan sora onlar Xızı rayonuna yola düşmüşlər. Bakı şəhərinin kəndləri ərazisindən keçən zaman Fatmayı kəndində yolun kənarında iki nəfər cavan qızların dayandığını görmüşlər və həmin qızlardan biri avtomobili saxlamaq üçün əli ilə işarə etmişdir. Bundan sonra o, avtomobili saxlamış və həmin qızlar yaxınlaşaraq taksi axtardıqlarını, «20 Yanvar» metrostansiyası istiqamətində getmək istədiklərini bildirmişlər. O, həmin qızlara onları yolüstü apara biləcəyini, lakin bunun müqabilində hər biri üçün 2 manat ödəniş edilməsini bildirmişdir. Həmin qızlar razılaşaraq avtomobildə arxa oturacaqda əyləşmiş və yola davam etmişlər. Bir neçə dəqiqə sonra «Şamaxinka» adlanan ərazinin yaxınlığında, yəni 9-cu mikrorayon ərazisində avtomobilində nasazlıq yaranmış və məlum olmuşdur ki, yanacaq bitmişdir. Daha sonra avtomobili yolun kənarında saxlayıb yaxınlıqda yerləşən yanacaq doldurma məntəqəsindən benzin alıb qayıdacağını söyləyib avtomobildən enmişdir. Elə həmin zaman 2 nəfər mülki geyimdə şəxslər ilk öncə ona, daha sonra avtomobilə yaxınlaşıb sərnişinlərə özlərini təqdim etdikdə polis əməkdaşları olduqları məlum olmuşdur. Polis əməkdaşları onları yaranmış şübhə ilə bağlı polis bölməsinə dəvət etmişlər və onlar etiraz etmədən polis bölməsinə getmişlər. Binəqədi RPİ-nin 7-ci polis bölməsində ona üzərində narkotik vasitə olmasında şübhə olduğu bildirilmiş, daha sonra hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilərək təqdim edilmiş, hüquq və vəzifələri izah edilərək barəsində şübhəli şəxs qismində tutma haqqında protokol tərtib edilmiş və şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Daha sonra onun üzərində axtarış aparılmış, axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən şüşə adlanan maddə aşkar edilmişdir. Üzərindən başqa heç bir qanunsuz əşya aşkar edilməmiş, aşkar edilmiş maddə polis əməkdaşı tərəfindən götürülərək qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Aparılmış axtarış zamanı videoçəkilişdən istifadə edilmiş, yekunda protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 16.01.2021-ci il tarixdə “Elşən” və “Vasif” adlı şəxslərin, həmçinin ətrafında olan şəxslərin narkotik vasitələrin istifadəsində, eyni zamanda qanunsuz olaraq üzərlərində narkotik vasitə gəzdirmələri barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra 17.01.2021-ci il tarixdə gecə saat 01 radələrində daxil olmuş məlumat əsasında ünvan 4 ünvanında yerləşən yeni tikili binanın arxa hissəsində əvvəlcədən alınmış məlumatda sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs idarə etdiyi “Opel” markalı avtomobilinin yaxınlığında tərəfindən saxlanılmışdır. Məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsi, eyni zamanda idarə etdiyi “Opel” markalı avtomobilində əyləşmiş, sonradan şəxsiyyətləri məlum olan X4, X5 və X3 üzərlərinə baxış keçirilməsi üçün Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişdirlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə kristal formada maddə aşkar olunmuş, başqa onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin maddənin “şüşə” olduğunu, Yasamalda “Alatava” adlanan yerdən tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Aşkar edilmiş büküm zərfə qoyularaq möhürlənmiş, keçirilmiş baxışla bağlı videoçəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 16.01.2021-ci il tarixli qərardan görünür ki, Elşən və Vasif adlı şəxslərin qanunsuz olaraq narkotik vasitələri əldə edib daşıması və saxlaması barədə Binəqədi RPİ-nin 7-ci PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 17.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 17 yanvar 2021-ci il tarixdə saat 01:30-da məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 17.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə olan maddə aşkar edilərək götürülmüşdür. 17.01.2021-ci il tarixli, 6/216 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Cəfərov...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,485 qram olan ağ rəngli kristallık hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,485 qram, tədqiqata sərf olundu – 0,050 qram, qalıq – 0,435 qram. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.01.2021-ci il tarixli, 5(001)-72/2021 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat tədbirləri həyata keçirilməsi barədə 16 yanvar 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. 18.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları çıxarıb təqdim etməsi təklif olunur, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə kristal formada maddə aşkar olunur və sonuncu həmin maddənin “şüşə” olduğunu, Yasamalda “Alatava” adlanan yerdən tanımadığı şəxsdən 30 manata aldığını bildirir, daha sonra isə aşkar edilmiş büküm zərfə qoyularaq möhürlənir. 18.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 18.01.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Emil Abdullayevin vəsatəti təmin edilməmişdir. 18.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, dərhal saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. 11.02.2021-ci il tarixli, 443 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə etmə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 19.03.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 24.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,485 qram çəkidə psixotrop madd olan metamfetamin maddi sübut kimi tanınmış və onun ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,435 qram qalığı saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən bir ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Xızı rayonu Şuraabad kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Xızı rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 17 yanvar 2021-ci il tarixdə saat 01:30-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 18 yanvar 2021-ci il tarixdə saat 17:00-dan 17:50-yədək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatın verilməsindən imtina edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, saxlanıldığı Binəqədi RPİnin MSY-dən azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində həbsdə olmuşdur. Çünki məhkəmə, Təqsirləndirilən şəxs hüquqların pozulmaması və onun vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə tutulduğu 17 yanvar 2021-ci il tarixdə saat 01:30-dan təqsirləndirilən şəxs qismində dindirildiyi 18 yanvar 2021ci il tarixə saat 17:50-yədək olan müddəti 2 (iki) gün olaraq nəzərə alınmasını məqbul hesab etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını nəzərə alınmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,435 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 22 (iyirmi iki) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 7 (yeddi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 7 (yeddi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 42 (qırx iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Xızı rayonu Şuraabad kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Xızı rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,435 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 7 (yeddi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 42 (qırx iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar