Məhkəmə qərarları › İş №1(001)-302/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-302/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-302/2024 06.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 iştirakı ilə, 19 avqust 2004-cü ildə Tər-tər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada işləyən, məhkumluğu olmayan, Tər-tər rayonu Səhlabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi 17-ci döngə nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxx 2001-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada işləyən, məhkumluğu olmayan, Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr., S.S.Axundov 1 i/b ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi 7-ci döngə nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək tamah niyyəti ilə bir qrup şəxs halında aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni əvvəllər tanıdıqları və maddi imkanının yaxşı olması barədə məlumatlı olmaqla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus olan sonuncunun ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə özünün daxil olaraq əldə edəcəyi əmlakı götürüb yaşayış evini tərk etdikdən sonra Təqsirləndirilən şəxs2 yaxınlıqda onu idarə etdiyi “İsuzu markalı”, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə gözləməsi və birlikdə hadisə yerini tərk etmələrindən ibarət razılaşmalarına uyğun olaraq 31 dekabr 2023-cü il tarixdə, saat 18 radələrində hasardan keçməklə qeyd olunan yaşayış evinin mətbəx otağının pəncərəsini mühafizə edən dəmir barmaqlıqları həyətdə olan balta vasitəsi ilə sındırdıqdan sonra fiziki güc tətbiq etməklə taxta pəncərəni əli ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 1 ədəd 500 (beş yüz) manat dəyərində “Dell” markalı, “İnspiron 3593” modelli, “İntel core İ5 10th gen” texniki xüsusiyyətli, qara rəngli noutbuku, 1 ədəd 72 (yetmiş iki) manat dəyərində gümüşü rəngli, 925 əyarlı, 14.45 qram ölçüdə gümüş boyunbağını, 1 ədəd 20 (iyirmi) manat dəyərində gümüşü rəngli qiymətsiz metal ərintisindən ibarət 24.17 qram ölçüdə qolbağı, 1 ədəd 5 (beş) manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan, sarı rəngli qiymətsiz metal ərintisindən ibarət 4.79 qram ölçüdə yaxa sancağını və 1 ədəd 5 (beş) manat dəyərində üzərində “Qarabağ FK” yazıları olan kağız paketi, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 602 (altı yüz iki) manat dəyərində əmlakı gizli olaraq talamaqla yaşayış sahəsini tərk edərək əvvəlcədən razılıqlarına uyğun yaxınlıqda gözləyən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 idarə etdiyi “İsuzu markalı”, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib birlikdə oradan uzaqlaşdıqdan sonra əldə etdikləri əmlakı onunla aralarında bölməklə Zərərçəkmiş şəxs 602 (altı yüz iki) manat məbləğində maddi ziyan vuraraq Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ona edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, yeni il ərəfəsində pula ehtiyacı yaranmışdır. Qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 pula ehtiyacı olduğunu biləndən sonra ona təklif etmişdir ki, evlərin birindən oğurluq edib pul əldə edərək yarı bölsünlər. Kamil ona təklif etmişdir ki, qonşuluqda yaşayan Əzizə adlı məktəb müəlliməsinin maddi vəziyyəti yaxşıdır, həmin evdə onlara lazım olan kifayət qədər pul ola bilər. Aralarında olan razılığa əsasən o, evə girib oğurluq etməli, Kamil isə yaxın ərazidə dayanaraq onu gözləməli və sonradan oğurluq yolu ilə əldə olunmuş pulları, digər əşyaları gizlətməli, sonradan isə həmin əşyaları sataraq əldə olunmuş pulların yarısını ona verməli idi. xx.xx.2023-cü il tarixdə yaşadığı məhəllədə olan zaman Əzizə müəllimənin evinin işıqlarının söndürülmüş vəziyyətdə olduğunu görüb anlamışdır ki, evdə heç kəs yoxdur. Kamillə telefonla danışıb ona bildirmişdir ki, evdə heç kəs yoxdur, oğurluq etməyə münasib vaxtdır, evə girib oğurluq edəcək, Kamil isə onu yaxın ərazidə gözləsin. Kamil onunla razılaşaraq yaxında gözləyəcəyini bildirmişdir. Həmin günü saat təxminən 18 radələrində Əzizə müəllimənin evinin həyətyani sahəsinin hasarından qalxaraq həyətyani sahəyə daxil olmuşdur. Həyətdə olduğu zaman qəfildən ev sahiblərinin həyətə daxil olmaması üçün həyətyani sahənin dəmir darvazasının çəftəsini arxadan bağlamışdır. Həyətyani sahədə evin giriş qapısının bağlı olduğunu yoxlayaraq mətbəx otağının pəncərəsinin dəmir barmaqlığının zəif olan hissələrini sındırmağa qərar vermişdir. Evin həyətyani sahəsində yerləşən qapısı açıq olan otaqdan balta tapmışdır. Həmin baltanı götürərək boyun çatması üçün evin mətbəx otağının pəncərəsinin qarşısına taxta oturacağı qoyub həmin oturacağın üzərinə qalxmış və oradan pəncərənin dəmir barmaqlığının künc hissəsini dayaq yerlərindən vurub qırmışdır. Bundan sonra dəmir barmaqlığı özünə sarı dartaraq pəncərədən keçmək üçün kifayət qədər yer olanadək ayırmışdır. Dəmir barmaqlığın arxasında yerləşən taxta pəncərəni əli ilə itələyərək açmış, oradan evə daxil olmuşdur. Evin 4 otağının hamısına bir-bir daxil olub pul və qızıl-zinət əşyaları axtarmağa başlamışdır. İlkin olaraq mətbəx otağı ilə üzbəüz yerləşən yataq otağına daxil olmuş, həmin otaqda yerdə dəftər-kitablar var imiş. Otaqda yazı masasının üzərindən gümüş boyunbağı taparaq onu oğurlamaq məqsədilə cibinə qoymuşdur. Həmin otaqdan çıxıb növbəti yataq otağına keçmişdir. Həmin otaqda qonşusu Azərin şəklini görmüşdür. Azərin şəkli olan otaqda güzgülü siyirməli dolabda siyirmələrin birində 2 ədəd bijuteriya tapmışdır. Həmin bujiteriyalarıda götürüb cibinə qoymuşdur. Budan sonra digər iki otaqlardada axtarış etmiş lakin heçnə tapmamışdır. Yataq otaqlarından çıxdıqda dəhlizdə siyirməli dolabın siyirməsini açdıqda bir ədəd Dell markalı noutbuk aşkar etmişdir. Həmin noutbuku da oğurlamağa qərar verib götürmüşdür. Noutbukuda götürdükdən sonra əlində rahat apara bilməyəcəyinə görə evdə çanta axtarmışdır. Dəftər kitab olan otağa yenidən girib axtarış etdikdə çarpayının altında göy rəngli kağız paket tapmışdır. Noubuku və digər oğurladığı əşyalarıda həmin paketin içərisinə qoyaraq evə daxil olduğu yerdən çıxaraq Kamillə telefon əlaqəsi saxlayıb Kamilə evdən oğurladığı əşyalar barədə məlumat verib yaxın ərazidə onu gözləyən Kamillə görüşmüşdür. Görüş zamanı daha öncə oğurladığı, göy rəngli paketin içərisində olan bir ədəd noutbuk, iki ədəd bijuteriya və bir ədəd gümüş boyunbağını Kamilə vermiş, Kamil isə onları idarə etdiyi İsuzu evakuator markalı **-HN-*** dövlət qeydiyyat nömrəli avtomobilin salonunda gizlətmişdir. Sonra Kamil ondan xahiş etmişdir ki, noutbuku özünə saxlasın, qalan əşyaları isə sataraq qazanılmış pulu ona versin. O, Kamillə razılaşmışdır. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə saat 19 radələrində oğurladığı əşyaları sataraq qazanc əldə etmək məqsədi ilə Kamilin idarə etdiyi İsuzu markalı **-HN-*** dövlət qediyyat nömrəli avtomobillə 20 yanvar adlanan əraziyə getmişlər. Kamil avtomobili saxlayıb ona demişdir ki, avtomobildə əyləşib onu gözləsin, özü isə evdən oğurladıqları gümüş boyunbağını və bijuteriya əşyalarını götürüb orada yerləşən mağazalara doğru getmişdir. Bir müddət sonra Kamil geri qayıdaraq yalnız gümüş boyunbağını 13 manata sata bildiyini deyib, əldə olunan pulun hamısını ona vermişdir. Pulu götürdükdən sonra onlar birlikdə Sulutəpə qəsəbəsinə geri qayıtmışlar. Həmin günü 13 manata özünə siqaret və digər ərzaq malları almış, noutbukla digər əşyalar isə Kamilin avtomobilində qalmışdır. 02 yanvar 2024-cü il tarixli polis əməkdaşları yaşadığı evə gələrək oğurluqla bağlı ona məlumat vermişlər. Artıq polis əməkdaşlarının törətdiyi cinayətdən məlumatlı olduqlarını anlayıb cinayəti səmimi şəkildə etiraf etmişdir. İşə məhkəmədə baxıldığı dövrdə zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəmişlər, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Vurduğu ziyanı ödədiyini nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, İsuzu markalı **-HN-*** nömrəli evakuatoru idarə etməklə 600 manat əmək haqqı alır. Uzun müddətdir ki, qonşuluqda yaşayan Qismətlə dostluq edir. xx.xx.2023-cü ildə Qismətlə söhbət etdikdə sonuncu ona pula ehtiyacı olduğunu bildirmişdir. O, Qismətə maddi cəhətdən köməklik edə bilməyəcəyinə görə ona təklif etmişdir ki, evlərin birindən oğurluq edərək əldə olunmuş əmlakı bölsünlər. Qismət də onunla razılaşmışdır. Əvvəllər Sulutəpə qəsəbəsində yerləşən 6 nömrəli orta məktəbdə təhsil almış və həmin məktəbdən Əzizə adlı coğrafiya müəlliməsini tanıyır, onun ailəsinin maddi durumunun yaxşı olduğunu ehtimal etmişdir. xx.xx.2023-cü ildə səhər saatlarında Qismətlə söhbət edib Əzizə müəlliməgilin evindən oğurluq etməyi qərarlaşdırmışlar. Danışıqlarına əsasən Qismət evə tək daxil olub oğurluq etməli, o isə yaxın ərazidə dayanıb gözləyərək oğurluq yolu ilə əldə olunmuş əmlakı idarə etdiyi avtomobildə gizlədib sonradan satmalı və əldə olunmuş pulu yarı bölməli idi. xx.xx.2023-cü ildə axşam saat təxminən 19 radələrində Qismət onunla telefon əlaqəsi saxlayıb, Əzizə müəllimənin evinə girməyə münasib vaxt olduğunu bildirib ona demişdir ki, oğurluq edəcək və ondan istəmişdir ki, yaxın ərazidə dayanıb onu gözləsin. O, da Qismətlə razılaşmışdır. Bir müddət sonra Qismət onunla yenidən əlaqə saxlayıb Əzizə müəllimənin evindən oğurluq edib hadisə yerindən uzaqlaşdığını bildirmişdir. Bundan sonra onlar Qismətlə görüşmüşlər. Görüş zaman Qismət əlində olan göy rəngli tutacaqlı paketi açaraq içərisində olan bir ədəd qara rəngli Dell markalı noutbuk, bir ədəd gümüş boyunbağı və iki ədəd bijuteriya əşyaları göstərmişdir. Qismətin evdən dəyərli mal oğurlamadığını nəzərə alaraq razılığa gəlmişlər ki, noutbuk ona qalsın, qalan əşyaları isə sataraq pulunu Qismətə versin. Razılaşdıqları kimi oğurluq malları idarə etdiyi İsuzu markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, növbəti gün, yəni xx.xx.2024-cü ildə saat təxminən 19 radələrində Qismətlə birlikdə idarə etdiyi İsuzu markalı **-HN-*** nömrəli avtomobillə 20 yanvar adlanan əraziyə getmişlər. Orada Qismətdən avtomobildə əyləşib onu gözləməsini istəmiş, özü isə oğurlanmış bijuteriya və gümüş boyunbağını götürüb əvvəllər tanımadığı qızıl alışı dükanına yaxınlaşıb həmin əşyaları satmaq istədiyini bildirmişdir. Bijuteriyaya baxış keçirmiş mağaza satıcısı onların sadə materialdan hazırlandığını bildirib ala bilməyəcəyini söyləmiş, lakin gümüş boyunbağına görə 13 manat pul təklif etmişdir. O, 13 manatla razılaşmışdır. Satıcı ondan sənəd tələb etdikdə sürücülük vəsiqəsini vermiş və satıcı sürətini çıxardaraq sənədini geri qaytarıb 13 manat pul ödəmişdir. Mağazadan çıxdıqdan sonra bijuteriyanı geri qaytarıb avtomobilə qoymuş, əldə edilən 13 manat pulu isə Qismətin ehtiyacı olduğuna görə onun özünə vermiş və onlar yaşayış ünvanlarına geri qayıtmışlar. Növbəti günü saxlanılan zaman könüllü olaraq oğurluq yolu ilə əldə etdiyi göy rəngli kağız paketdəki noutbuku və iki ədəd bijuteriya əşyasını polis bölməsində təhvil verib oğurluq barədə etirafedici izahat vermişdir. İşə məhkəmədə baxıldığı dövrdə zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəmişlər, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Vurduğu ziyanı ödədiyini nəzərə alıb, ona yüngül növdə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda yaşadığı fərdi tikili ev bir mərtəbəlidir, 4 otaqdan və həyətyanı sahədən ibarətdir. Evdə o, atası X6, anası X3, qardaşı X5, arvadı X4 və azyaşlı övladı Cəfərli Atilla ilə birlikdə yaşayırlar. xx.xx.2023- cü ildə saat 07 radələrində Yeni il bayramını qeyd etmək məqsədi ilə bütün ailə üzvləri ilə birlikdə Ağdam rayonuna getmişlər. Rayona getməmişdən öncə evin açarlarını qonşusu Şahid2 verib tapşırmışdır ki, kombiyə nəzarət etsin. xx.xx.2023-cü ildə günorta saatlarında Hidayət onunla əlaqə saxlayıb kombinin suyuna nəzarət etdiyini bildirmişdir. Həmin günü axşam saat 20 radələrində Hidayət onunla yenidən əlaqə saxlayıb bildirmişdir ki, evin həyətyanı sahəsinin dəmir darvazasını aça bilmir, darvaza arxadan bağlanıbdır. Daha sonra Hidayət hasardan aşaraq həyətə daxil olub ona bildirmişdir ki, evin mətbəx otağının dəmir barmaqlığı sındırılaraq taxta pəncərədən evə daxil olmuşlar. Bu məlumatı aldıqdan sonra ailə üzvlərinə evdən oğurluq edildiyini bildirmiş və saat 21 radələrində DİN-in 102 xidməti zəng mərkəzinə evdən oğurluq baş verməsi barədə məlumat vermişdir. xx.xx.2024-cü ildə gecə saat 02 radələrində ailə üzvlərilə birlikdə yaşadığı evə qayıtmışdır. Artıq evə çatdıqda özüdə evə baxış keçirib bir daha əmin olmuşdur ki, evdən oğurluq edilmişdir. Hadisə yerinə gəlmiş 40-cı polis bölməsinin əməkdaşlarına yazılı şəkildə ərizə ilə müraciət edərək bir sıra əşyalarının oğurlandığını bildirmişdir. Belə ki, evə baxış zamanı müəyyən etmişdir ki, evdən dəhlizdə olan siyirməli dolabın içərisində olan Dell markalı noutbuku, yataq otağında siyirməli dolabdın siyirməsinin içində yerləşən iki ədəd bijuteriya, yazı otağında yerləşən masanın üzərində qoyduğu bir ədəd boyunbağı və həmin otağda çarpayının altında olan göy rəngli paketi oğurlamışlar. Hadisədən bir gün sonra məlum olmuşdum ki, evindən oğurluq edənlər Qismət və Kamil adlı qonşularıdır. Yaşadığı evdən oğurlanmış 01 ədəd noutbukun qiyməti 500 manat, 01 ədəd gümüş boyunbağının qiyməti 72 manat, 01 ədəd kağız paketin qiyməti 5 manat, 01 ədəd bijuteriya əşyası olan qolbağının qiyməti 20 manat, 01 ədəd yumru formalı sancaqlı bijuteriyanın qiyməti 5 manat olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 602 (altı yüz iki) manat maddi ziyan dəymişdir. Oğurluq etmiş şəxslər tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 20 yanvar metrosunun yaxınlığında yerləşən “Velotrek” ticarət mərkəzində mağazaların birini icarə əsasında işlədir. Mağazanın adı “Nar Mobile”-dir. Mağazada ondan əlavə başqa icarəçidə var, həmin icarəçi telefon alqı-satqısı ilə, o isə qızıl və gümüş əşyalarının yalnız alışı ilə məşğul olur. xx.xx.2024-cü ildə saat 19 radələrində mağazaya əvvəllər tanımadığı şəxs yaxınlaşaraq bir ədəd gümüş boyunbağı təqdim edərək onu satmaq istədiyini bildirmişdir. Gümüş boyunbağını götürüb tərəzidə çəkib 14 qram 400 milliqram çəkidə və 925 əyarlı olduğunu müəyyən etmişdir. Gümüş boyunbağını 13 manata dəyərləndirmiş və həmin şəxs qiymətlə razılaşaraq boyunbağını satmağa qərar vermişdir. Həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd tələb etdikdə sonuncu ona sürücülük vəsiqəsini təqdim etmişdir. Bu zaman ona bəlli olmuşdur ki, həmin şəxs xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Mutafil oğludur. Sürücülük vəsiqəsinin surətini çıxarıb sənədi onun özünə qaytarmış və 13 manat pul ödəyərək gümüş boyunbağını almışdır. Bir neçə gün sonra polis əməkdaşları ona yaxınlaşaraq əldə etdiyi gümüş boyunbağının oğurluq yolu ilə əldə edildiyini bildirmişlər. O, könüllü olaraq həmin gümüş boyunbağını təqdim etmişdir. Gümüş boyunbağının oğurluq olmasından xəbəri olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi cinayət işi başlanmışdır (cild 1, i.v.1). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 55). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 72). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.102-103). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir (cild 1, i.v.120-121). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.124-125). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir (cild 1, i.v.142-144). Kompleks məhkəmə-əmtəəşünaslıq və zərgərlik məmulatlarının kriminalistik ekspertizasının 26 yanvar 2024-cü il tarixli 3/16-16/2-6/303-3/84-9/389 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qolbağın səthində kənar bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakretir zədə vardır. Həmin zədədə xüsusi əlamətlər əks olunmadığından təqdim edilən qolbağın səthində ki, zədənin konkret hansı predmetin təsirindən yaranmasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş bir ədəd boyunbağının və bir ədəd yaxa sancağının səthində zədə yoxdur. Ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 76,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda -üzərində rəngsiz şəffaf qaşlar olan, qiymətsiz metal ərintisi (Alüminum, Mis, Sink və s.), 4,79 qram kütlədə, qiymətsiz qaşlardan ibarət sarı rəngli, 2,0 manat dəyərində 1 ədəd yaxa sancağı - qiymətsiz metal ərintisi (Mis, Nikkei, Sink və s.), 24,17 qram kütlədə, 2,0 manat dəyərində gümüşü rəngli 1 ədəd qolbaq -gümüşü rəngli, kilidi və qulağcığı üzərində “925” damğası olan, gümüş 925 əyyarlı, 14,45 qram kütlədə, 72 manat dəyərində 1 ədəd boyunbağı (cild 1, i.v.166-170). Əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 mart 2024-cü il tarixli 9/1441 saylı rəyindən görünür ki, 01 ədəd Çin istehsalı olan “Dell” markalı, “İnspiron 3593 model, “intel core İ5 10th gen” texniki xüsusiyyətli, qara rəngli noutbukun istifadədə olmasını nəzərə alınmaqla 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 350,00 manat, 01 ədəd üzərində “Qarabağ FK” yazıları olan, kağız paket 1,0 manat müəyyən edilir (cild 1, i.v.181-184). Maddi sübut kimi tanıma haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, rəngsiz şəffaf qaşlar olan, qiymətsiz metal ərintisi (Alüminum, Mis, Sink və s.), 4,79 qram kütlədə, qiymətsiz qaşlardan ibarət sarı rəngli, yaxa sancağı, qiymətsiz metal ərintisi (Mis, Nikkei, Sink və s.), 24,17 qram kütlədə, gümüşü rəngli qolbaq, gümüşü rəngli, kilidi və qulağcığı üzərində “925” damğası olan, gümüş 925 əyyarlı, 14,45 qram kütlədə boyunbağı, Çin istehsalı olan “Dell” markalı, “İnspiron 3593 model, “İntel core İ5 10th gen” texniki xüsusiyyətli, qara rəngli noutbuk və üzərində “Qarabağ FK” yazıları olan, kağız paket maddi sübut qismində tanınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmışdır (cild 1, i.v.194-195). Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliyi öz ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və onlara düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 1, i.v.164-165). Məhkəmə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində onların üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadıqları şəhərin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlanıldığı cəmi 2 (iki) gün onlara təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübutlar – rəngsiz şəffaf qaşlar olan, qiymətsiz metal ərintisi (Alüminum, Mis, Sink və s.), 4,79 qram kütlədə, qiymətsiz qaşlardan ibarət sarı rəngli, yaxa sancağı, qiymətsiz metal ərintisi (Mis, Nikkei, Sink və s.), 24,17 qram kütlədə, gümüşü rəngli qolbaq, gümüşü rəngli, kilidi və qulağcığı üzərində “925” damğası olan, gümüş 925 əyyarlı, 14,45 qram kütlədə boyunbağı, Çin istehsalı olan “Dell” markalı, “İnspiron 3593 model, “İntel core İ5 10th gen” texniki xüsusiyyətli, qara rəngli noutbuk və üzərində “Qarabağ FK” yazıları olan, kağız paketin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ekspertizası tədqiqatının dəyəri olan 242 (iki yüz qırx iki) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçilər Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 təqsirləndirilən şəxslərə ayrı-ayrılıqda cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlanıldığı cəmi 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə (Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi 7-ci döngə nömrəsiz ev) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 2200-dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlanıldığı cəmi 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə (Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi 17-ci döngə nömrəsiz ev) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 2200-dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübutlar – rəngsiz şəffaf qaşlar olan, qiymətsiz metal ərintisi (Alüminum, Mis, Sink və s.), 4,79 qram kütlədə, qiymətsiz qaşlardan ibarət sarı rəngli, yaxa sancağı, qiymətsiz metal ərintisi (Mis, Nikkei, Sink və s.), 24,17 qram kütlədə, gümüşü rəngli qolbaq, gümüşü rəngli, kilidi və qulağcığı üzərində “925” damğası olan, gümüş 925 əyyarlı, 14,45 qram kütlədə boyunbağı, Çin istehsalı olan “Dell” markalı, “İnspiron 3593 model, “İntel core İ5 10th gen” texniki xüsusiyyətli, qara rəngli noutbuk və üzərində “Qarabağ FK” yazıları olan, kağız paketin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 242 (iki yüz qırx iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdikləri cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ayrı-ayrılıqda xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar