Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-303/2024 02.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olman, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən kifayət qədər mötəbər sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq komplekt hissəsi ilə birlikdə olan odlu silah və döyüş sursatını əldə etmə, saxlama, daşıma və üzərində gəzdirmə cinayətini törətmişdir. Belə ki, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq komplekt hissəsi ilə birlikdə odlu silah və döyüş sursatı əldə etdikdən sonra üzərində saxlamaqla özü ilə Bakı şəhəri, Nərimanov rayonu Keşlə dəmir yolu stansiyasına daşımış, Biləcəri st. XPŞ-nin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində 17 yanvar 2024-cü il tarixdə saat 01:40 da Keşlə dəmir yolu stansiyası ərazisində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanında yerləşən Biləcəri st. XPŞ-yə gətirilmiş və həmin gün saat 03:05-də üzərində şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın arxa sağ tərəfdən içərisinə keçirilmiş vəziyyətdə 1 (bir) ədəd Tula silah zavodunda istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı, saz vəziyyətdə, atəşə yararlı, seriya-nömrəsi silinmiş, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, yivli odlu silah 7,62 mm kalibrli tapança, tapançanın üzərindən bir ədəd zavod üsulu ilə hazırlanmış, 8 (səkkiz) ədəd 7,62x25 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı, Tokarev (TT) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan sandıqça, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən isə zavod üsulu ilə istehsal olunmuş, Tokarev (TT), «GESKA ZBROCOVKA» konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapança-pulemyotlarda və sair yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, pistonlan mərkəzdən alışan, 05 ədəd ataşə yararlı, 7,62 mm kalibrli döyüş sursatı aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, guya o, Salyan rayonundan Bakı şəhərinə silahla gəlmişdir. O, kirayədə yaşadığı Xırdalan şəhərində yerləşən evindən çıxmış və polis əməkdaşları tərəfindən tutularaq şöbəyə aparılmışdır. Ona polis əməkdaşları tərəfindən qardaşı ilə, atası ilə hədə qorxu gəlinmişdir. O, təzyiq altında ifadə vermişdir. O, narkotik istifadəçisi olmuş, 1-2 qram tiryək götürmək üçün gedən zaman saxlanılmışdır. Saxlanılan zaman onun üstündə heç bir şey, telefon belə olmamışdır. O, sentyabr-oktyabr ayında narkoloji dispanserdən çıxmış, bundan əvvəlki məhkumluğu da narkotiklə olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, 17 yanvar 2024-cü ildə tutulduğu yerə ilk dəfə tanışı ilə görüşmək üçün getmişdir. Oraya gedəndə yolda 6 nəfərə yaxın polis əməkdaşları onu tutmuşlar. Polis əməkdaşları onu tutandan sonra ona paket vermişlər, silah paketdə olmuşdur. Həmin silah ona məxsus olmamışdur. Onu tutan polis əməkdaşlarını tanımamışdır. O, məhkəmədə ifadə verən polis əməkdaşını da tanımır. Onu Keşlə bazarının arxasında tutmuşlar. Onu tutandan sonra idarəyə gətirmişlər və orada ona təzyiq göstərilmişdir. O, da məcbur qalaraq silahı götürmüşdür. Hadisə hazırda göstərdiyi kimi olmuşdur. İbtidai istintaq zamanı qorxduğu üçün silahın üzərindən çıxması ilə bağlı ifadə vermişdir. Odur ki, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri st. X3 Keşlə stansiyası Xətt polis məntəqəsinin rəisi, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu, Keşlə dəmir yolu stansiyası ərazisinə gəlib-getməsi, üzərində qanunsuz odlu silah saxlaması, daşıması və gəzdirməsi barədə məlumat almışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi barədə şöbə rəisinə raportla məruzə etmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verildikdən sonra Təqsirləndirilən şəxs saxlanılması məqsədi ilə Biləcəri stansiya XPŞ-nin və Keşlə stansiyası XPM-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 01.40 radələrində Təqsirləndirilən şəxs Keşlə dəmir yolu stansiyasının ərazisində saxlanılaraq Biləcəri stansiyası XPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiləşdirildikdən sonra hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş, şübhəli şəxs qismində tutulmuş və video çəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın yuxarı hissəsindən “TT” markalı tapançanı və əynindəki gödəkcənin iç cibindən həmin tapançaya aid 05 ədəd patronu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa üzərindən şəxsi əşyalar aşkar edilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs silahı 2014-cü il tarixdə Salyan rayonunda qəbiristanlıqdan tapdığını bildirmişdir. Silahı Bakıya hansı məqsədlə gətirməsi soruşulanda dənizə ataraq ondan qurtulmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hər hansı bir fiziki və psixoloji təsir . Məhkəmə baxışı zamanı dindirilmiş şahid Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri st. X3 Xırdalan stansiyası Xətt polis məntəqəsinin rəisi, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Biləcəri st. XPŞ-nin, Keşlə st. XPM-nin ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Biləcəri stansiyası XPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edildikdən sonra şübhəli şəxs qismində tutulmuş və üzərində keçirilən şəxsi axtarış zamanı “TT” markalı tapança, 05 ədəd patron aşkar edilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs nə görmüş, nə də tanımışdır. Təqsirləndirilən şəxs saxlanan zaman özünü sakit normal aparmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş silahı Salyan rayonunda qəbiristanlıqdan tapdığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 və Şahid3 ilə oxşar məzmunda ifadə verərək, sonuncuların göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Fərid” adlı şəxsin tez-tez üzərində odlu silahla Nərimanov rayonu Keşlə dəmir yolu stansiyasının ərazisinə gəlməsi barədə Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri st. X3 Keşlə XPM-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024cü il tarixdə saat 02:50-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024cü tarixdə tutularaq Biləcəri st. X4 dəvət edilmiş və şöbənin inzibati binasında üzərində aparılan şəxsi axtarış zamanı sonuncunun əynində olan boz rəngli cins şalvarın arxa sağ tərəfindən belinə keçirdiyi bir ədəd, nömrəsi silinmiş “TT” markalı tapança və həmin tapançaya aid bir ədəd boş sandıqça, əynindəki qara rəngli gödəkcənin iç cibindən 05 ədəd patron aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 24/127 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş №-si silinmiş silah, keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim olunmuş daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində 01 ədədi 1946-cı ildə, 01 ədədi 1950-ci ildə, 03 ədədi 1951-ci ildə zavod üsulu ilə istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlardır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-28/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Əliyev X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(057)- 174/2021 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/133 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı, seriya nömrəsi silinmiş, 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, saz vəziyyətdədir, atəşə yararlıdır. Silahın üzərində təyinatını dəyişən əlavə və diyişiklik edilməmişdir. Silahın üzərindəki zavod işarələrinin həkk olunduğu sahələr kustar üsulla dərindən silindiyindən, onların ilkin mətnini müəyyən etmək mümkün deyil. Təqdim edilmiş 1 (bir) ədəd sandıqça “Tokarev” (TT) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 8 (səkkiz) ədəd 7,62x25 mm kalibrli patron tutumuna malik olan, sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır. Təqdim edilmiş 2 (iki) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, , pistonlan mərkəzdən alışan, 7,62 mm kalibrli, “Tokarev” (TT), “ĞESKA ZBROCOVKA” konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konstruksiyalı tapançapulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş patronlardır - döyüş sursatıdırlar, atəşə yararlıdırlar. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı sonuncu əynindəki boz rəngli şalvarın arxa bel nahiyəsinə keçirdiyi nömrəsi silinmiş 01 ədəd nömrəsi silinmiş tapançanı, gödəkcəsinin iç cibindən 05 ədəd patronu çıxarıb təqdim etmiş, silahı və patronları Salyan rayonu ərazisində qəbiristanlıqdan tapdığını bildirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış görüntüləri özündə əks etdirən 1 ədəd disk sübut növü kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 1 (bir) ədəd Tula silah zavodunda istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı, saz vəziyyətdə, atəşə yararlı, seriyanömrəsi silinmiş, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, yivli odlu silah 7,62 mm kalibrli tapança, bir ədəd zavod üsulu ilə hazırlanmış, 8 (səkkiz) ədəd 7,62x25 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı, Tokarev (TT) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan sandıqça və zavod üsulu ilə istehsal olunmuş, Tokarev (TT), “ĞESKA ZBROCOVKA2 konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konstruksiyalı tapança- pulemyotlarda və sair yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, pistonları mərkəzdən alışan, 05 ədəd atəşə yararlı, 7,62 mm kalibrli döyüş sursatı iş maddə sübut kimi tanınmış və saxlanılması üçün Nəqliyyatda Baş Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, üzərindən aşkar edilmiş silahın və patronların ona məxsus olmaması və polis bölməsində törətmədiyi cinayəti etiraf edilməyə məcbur edilməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(057)-174/2021 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini 17 yanvar 2024-cü il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmamasını və cəzasını ağırlaşdıran halı, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə məhdudlaşdırılmaqla şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 28/2024 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 17 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132 və CM-99-1-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nəqliyyatda Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd Tula silah zavodunda istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı, saz vəziyyətdə, atəşə yararlı, seriya-nömrəsi silinmiş, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, yivli odlu silah 7,62 mm kalibrli tapança, bir ədəd zavod üsulu ilə hazırlanmış, 8 (səkkiz) ədəd 7,62x25 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı, Tokarev (TT) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan sandıqça və zavod üsulu ilə istehsal olunmuş, Tokarev (TT), “ĞESKA ZBROCOVKA2 konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konstruksiyalı tapança- pulemyotlarda və sair yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, pistonları mərkəzdən alışan, 05 ədəd atəşə yararlı, 7,62 mm kalibrli döyüş sursatı hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 17 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəqliyyatda Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd Tula silah zavodunda istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı, saz vəziyyətdə, atəşə yararlı, seriya-nömrəsi silinmiş, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, yivli odlu silah 7,62 mm kalibrli tapança, bir ədəd zavod üsulu ilə hazırlanmış, 8 (səkkiz) ədəd 7,62x25 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı, Tokarev (TT) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan sandıqça və zavod üsulu ilə istehsal olunmuş, Tokarev (TT), “ĞESKA ZBROCOVKA2 konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konstruksiyalı tapança- pulemyotlarda və sair yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, pistonları mərkəzdən alışan, 05 ədəd atəşə yararlı, 7,62 mm kalibrli döyüş sursatı hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-303/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-303/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver