Məhkəmə qərarları › İş №1(001)-303/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-303/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-303/2025 01.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 15 oktyabr 2024-cü il tarixdə, saat 22 radəlırində Xaçmaz-Quba avtomobil yolunun Xaçmaz rayonu, Arzu kəndi ərazisindən keçən hissəsində yerləşən «Luks oil» yanacaqdoldurma məntəqəsinin qarşısından Zərərçəkmiş şəxs2 məxsus olan dəyəri 10.000 manat təşkil edən 2013-cü il buraxılışlı, «Vaz-21214» markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobili gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində olarkən həmin küçədə 9b saylı ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin həyətinə, oradan isə evin pəncərəsini güc tətbiq etməklə açaraq evə qanunsuz daxil olub, oradan sonuncuya məxsus 01 ədəd 500 manat dəyərində «Samsung A54» markalı, «SM- A546E/DS» modelli mobil telefonu, 01 ədəd 150 manat dəyərində «Samsung A31» markalı, «SM-A315F/DS» modelli mobil telefonu, 01 ədəd 500 manat dəyərində «X4 S6» markalı. «SM-P615» modelli planşeti və 01 ədəd 30 manat dəyərində «Haylou» markalı qol saatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1.180 (bir min yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Quba rayonundan Xaçmaz rayonuna gedərkən yanacaqdoldurma məntəqəsinin yanında maşından düşmüşdür. Həmin ərazidə olan restorana yaxılaşdıqda dostu Raminə məxsus olduğunu hesab etdiyi “Niva” markalı avtomobilə əyləşib Bakı şəhəri istiqamətində getmişdir. O, həmin vaxt avtomobilin dostuna məxsus olmadığını bilməmişdir. Dostuna məxsus avtomobilin nömrəsi 855 olmuşdur. O, avtomobillin yanacaq çəninə Siyəzən rayonunda 30 manatlıq benzin vurmuşdur. Onu Saray postunda saxlayıb, maşının axtarışa verildiyini bildirmişlər. O, avtomobildən düşüb nömrəsinə baxdıqda nömrənin 955 olduğunu görmüşdür. Polis əməkdaşları onu Saray bölməsinə, oradan da Xaçmaza aparmışlar. Həmin gün səhər o, buraxılmış, müstəntiq maşınla bağlı heç bir şikayət olmadığını, işə xitam veriləcəyini demişdir. O, bundan sonra kirayə ev axtarmaq üçün Xaçmaz rayonundan Bakı şəhərinə gəlmişdir. Həmin vaxt içkili olmuş, tanımadığı bir evin qapısını döymüş, qapını açan və cavab verən olmadığı üçün pəncərədən evə girmişdir. Stolun üstündə 2 ədəd telefon, 1 ədəd noutbuk və 1 ədəd qol saatı olduğunu görmüş, götürüb evdən çıxmış, yaşadığı evə qayıtmışdır. O, oğurladığı həmin əşyaları qaytarmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, zərər çəkmiş şəxsləri əvvəllər tanımamışdır. Əşyaları oğurlayandan sonra Yasamal rayonunda tutulmuş, soruşanda oğurluq etdiyi evin bildirmişdir. Evə daxil olarkən onu heç kim görməmişdir. O, dostu Ramili sonuncu dəfə hadisədən 15 gün əvvəl görmüşdür. Avtomobilin mühərriki sönülü, açarı üzərində olmuşdur. O, maşını götürəndə dostuna zəng etməmiş, maşını götürəcəyini deməmiş, Saray postunda saxlandıqdan sonra zəng etmişdir. Ona oğurluq etdiyi evi heç kim göstərməmişdir. O, evə girəndə pəncərəni itələyib açmış, pəncərənin torunu çıxarmış, baltadan istifadə etməmişdir. O, oğurluq etdiyi evə gündüz saat 12 radələrində girmiş, həmin vaxt əlində heç bir əşya olmamışdır. Onun niyyəti avtomobili talamaq yox, sürmək olmuşdur. O, avtomobildən heç nə götürməmişdir. Avtomobilin sahibi də maşına ziyan dəymədiyini, 30 manatlıq benzin töküldüyünü bildirmişdir. O, benzinin pulunu da avtomobilin sahibindən almışdır. O, məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə kəndin ərazisindən ona məxsus avtomobil oğurlanmışdır. O, hadisə barədə Xaçmaz rayon Polis şöbəsinə məlumat vermişdir. Kameralara baxdıqda oğurlanmış avtomobilin Bakı şəhəri istiqamətində aparıldığı müəyyən edilmişdir. Saray postundan keçərkən avtomobili saxlanılmış və oğurluq əməlini törətmiş şəxsdən alınmışdır. Gecə saat 02-03 radələrində o, Xaçmaz RPŞ-nin əməkdaşları ilə birlikdə gedib avtomobilini götürmüşdür. Oğurluq əməlini törətmiş şəxs də Xaçmaz RPŞ-yə gətirilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər təqsirləndirilən şəxsi tanımamışdır. Oğurlanmış avtomobil ona qaytarılmış, avtomobildə hər hansı zədə olmamışdır. Hadisə vaxtı avtomobilindən ona məxsus hər hansı əşya oğurlanmışmışdır. O, hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxs saxlanılarkən onun avtomobilini dostunun avtomobili ilə səhv saldığını demişdir. Onun avtomobili ilə təqsirləndirilən şəxsin dostunun avtomobili arasında hər hansı bənzərlik olmamışdır. Avtomobili oğurlanarkən açar avtomobilin üzərində, qapılar açıq vəziyyətdə olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, gecə saat 04 radələrində evdə yatarkən qapının dəstəyinin səsini eşitmiş, hava küləkli olduğundan durub baxmamış, küləyə görə qapıdan səs gəldiyini düşünmüşdür. Səhər oyandıqda pəncərənin açıq olduğunu, pəncərə torunun çıxarıldığını, stolun üzərinə qoyduqları telefonların orada olmadığını görmüşdür. Pəncərənin kənarında balta izləri olmuş, yəni pəncərə balta ilə açılmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun yaşadığı evdə kamera olmamış, qonşunun kameraları olmuşdur. O, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Əvvəllər onun yaşadığı evdə oğurluq olmamışdır. Evindən oğurlanmış telefonlar, planşet ona qaytarılmışdır. O, hadisə günü evə gəlmiş, saat 03-04 radələrində yatmış, saat 04 radələrində yarıyuxulu olmuş və qapının səsini eşitmişdir. Məhkəmə iclasına çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 2 ünvanında baş vermişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanından oğurladığı 01 ədəd “Samsung A54” markalı, 01 ədəd “Samsung A31” markalı mobil telefonları, 01 ədəd “Samsung S6” markalı planşeti və 01 ədəd, qara rəngli qol saatını polis əməkdaşlarına könüllü təqdim etmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 04 noyabr 2024-cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-863/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 04 noyabr 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonuncu nömrə altında davam etdirilmiş, cinayət işi üzrə əməl CM-in 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 185.1-cu maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Xaçmaz-Quba avtomobil yolunun Xaçmaz rayonu. Arzu kəndi ərazisindən keçən hissəsində yerləşən “Luks oil” yanacaqdoldurma məntəqəsinin qarşısında yerləşir. xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Xaçmaz RPŞ-nin inzibati binasının həyətinə gətirilmiş “Vaz-21214” markalı, **- RU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildə hər hansı zədə aşkar edilməmiş, baxışda iştirak edən Zərərçəkmiş şəxs2 hadisə nəticəsində avtomobilinə hər hansı zərər vurulmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 “Vaz-21214” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə təhvil almışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-in müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-215/2020 nömrəli hökmü ilə CM-in 180.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə və 09 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-215/2020 nömrəli hökmü dəyişdirilmiş və üzərində qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə və 04 ay 26 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhrum etmə cəzası saxlanılmış, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı 15 oktyabr 2024-cü il tarixdə törətdiyi oğurluq hadisəsinin mexanizmini əyani şəkildə göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9279 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 04 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin noyabr ayına ola orta bazar qiyməti nəzərə hesablama yolu ilə təxminən 1180 manat müəyyən edilir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 2013-cü il buraxılışlı, «Vaz-21214» markalı, Az **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 01 ədəd «Samsung A54» markalı mobil telefonun, 01 ədəd «Samsung A31» markalı mobil telefonun, 01 ədəd «X4 S6» markalı planşetin və 01 ədəd «Haylou» markalı qol saatı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(001)-76/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 24 fevral 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs2 məxsus avtomobili oğurluq niyyəti ilə deyil, səhvən götürməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-215/2020 nömrəli hökmü ilə CM-in 180.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə və 09 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-215/2020 nömrəli hökmü dəyişdirilmiş və üzərində qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə və 04 ay 26 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhrum etmə cəzası saxlanılmış, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı ağırlaşdıran halı, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-863/2024 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 04 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(001)-76/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 24 fevral 2025-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 04 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, 2013-cü il buraxılışlı, «Vaz-21214» markalı, Az **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 01 ədəd «Samsung A54» markalı mobil telefonun, 01 ədəd «Samsung A31» markalı mobil telefonun, 01 ədəd «X4 S6» markalı planşetin və 01 ədəd «Haylou» markalı qol saatının saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmaldır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 191.25 (bir yüz doxsan bir manat iyirmi beş qəpik) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 04 noyabr 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, 2013-cü il buraxılışlı, «Vaz-21214» markalı, Az **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 01 ədəd «Samsung A54» markalı mobil telefonun, 01 ədəd «Samsung A31» markalı mobil telefonun, 01 ədəd «X4 S6» markalı planşetin və 01 ədəd «Haylou» markalı qol saatının saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 191.25 (bir yüz doxsan bir manat iyirmi beş qəpik) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar