Məhkəmə qərarları › İş №1(001)-306/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-306/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-306/2024 24.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Zamiq Bağırov Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2rəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-hərəkəti qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 06 fevral 2019-cu ildə verilmiş AE 044843 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən 20 fevral 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixinədək nəqliyyat vasitələrin idarəetmə hüququnun məhdudlaşdırılmasına baxmayaraq, 29 aprel 2022-ci il tarixdə saat 17:50 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, «X6» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 65-70 km/saat sürətlə idarə etmiş və sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmalı olduğu halda bunlara riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək, Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı qəsəbəsi, Fatmayı-Pirşağı yolunda, sola dönmək əməliyyatını keçirtmək üçün dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi «Chevrolet Cruze» markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsinə idarə etdiyi “Opel Astra” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sol hissəsi ilə vurması nəticəsində «Chevrolet Cruze» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol alt göz qapağının və gözaltı nahiyənin dərialtı hematoması, burun sümüklərinin sınığı ilə müşaiyət olunan burun əsasının qançırı, sağ süd vəzisinin qançırı, sağ aşıq-baldır oynağı hemartrozu, sağ bayır topuğunun qapalı yerdəyişməyən sınığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər yetirərək ehtiyyatsızlıqdan zərərçəmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 29 aprel 2022-ci il tarixdə saat 17:50 radələrində Sumqayıt istiqamətindən gəldiyini, idarə etdiyi avtomobilin taksi şirkətinə məxsus olduğunu bildirmişdir. Həmin vaxtı sifariş üçün Binə qəsəbəsinə kuryer xidməti apardığını, avtomobildə isə tək olduğunu qeyd etmişdir. Sevinc xanım isə onun qarşısından gəlirmiş. Həmin vaxt yolun kəsişməsinə çatmamış “Ford” markalı avtomobil gələrək Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili ötüb keçmişdir. Bu zaman onun fikri həmin avtomobilə yayındığından, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin dönməyini görməmiş, avtomobili nə sağa, nə sola qaçıra bilmişdir. Bu cür hadisə olmasını istəmədiyini, qəzanın ehtiyatsızlıqdan baş verdikdən sonra yoldan keçən şəxslərin hadisə yerinə yaxınlaşdığını bildirmişdir. Daha sonra post-patrul avtomobili gəlmiş, həmin anda onun təhlükəsizlik kəməri sıxılmış vəziyyətdə olmuşdur. Birtəhər özünü toparlayıb avtomobildən çıxıb Sevincin avtomobilinə yaxınlaşmışdır. Sevincin də avtomobilində kəmər ilə sıxıldığını görmüş, zərbədən onun avtomobili də fırlanıb yolun əks istiqamətinə dayanmışdır. O yoldan keçən şəxslərin köməkliyi ilə Sevinci avtomobildən çıxartmışlar. Daha sonra polis əməkdaşları ona bədənində sınıqlar ola biləcəyi üçün hərəkət etməməyini demişlər. O, oturduqdan sonra ona zəng gəlmiş, zəngə cavab verərək qəza törətdiyini bildirmişdir. Bundan sonra yeznəsi zəng etmişdir. Daha sonra ayağa qalxmaq istəmiş, lakin belindən ağrı tutduğu üçün qalxa bilməmiş və yerə uzanmışdır. Təcili tibbi yardıma zəng edilmiş, lakin təcili tibbi yardım gec yaxınlaşmışdır. Sevincin də vəziyyətinin pis olduğunu görmüşdür. Daha sonra hadisə yerinə dostları, dayısı və yeznəsi yaxınlaşmışlar. 30-40 dəqiqə gözlədikdən sonra təcili tibbi yardımın gəlmədiyini gördükdən sonra onu avtomobilə qoyaraq Sumqayıt şəhərində Travmatologiya xəstəxanasına gətirmişlər. Onun yanına gələnlər, Sevincə də xəstəxanaya aparmağı təklif etmişlər. Daha sonra o, öz razılığı ilə xəstəxanadan çıxmışdır. Qabırğası çox ağrıdığı üçün müalicə almışdır. Daha sonra Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, o, Qarabağ müharibəsində iştirakına görə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Müharibə vaxtı hərbi tibbi yardım avtomobilini idarə etmiş, qazi olmamışdır. Hadisə vaxtı avtomobildə tək olmuş, kuryer xidmətini icra etmişdir. Yolda hərəkət surəti 60 km/saat olsa da, avtomobili daha sürətli idarə etmişdir. Zərərçəkmiş şəxsi xəstəxanaya kimin aparmasını bilmir, yaxın qohumları barışıq üçün zərərçəkmiş şəxslə əlaqə yaratmışlar, lakin razılığa gələ bilməmişlər. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilmədiyi üçün onunla barışmamışdır. Zərərçəkmiş şəxs ondan tam ödəniş tələb etmişdir. 2022-ci ildə də başqa yol nəqliyyat hadisəsi törətmiş, barışığa əsasən cinayət işinə xitam verildiyini bildirmişdir. Hadisədən öncə “Ford” markalı avtomobil çox pis şəkildə ötmə etdiyi üçün onun fikri yayınmışdır. O, Sumqayıtdan Pirşağı istiqamətində, Sevinc isə Pirşağıdan Sumqayıt istiqamətində hərəkətdə olarkən zərərçəkmiş şəxs sola meyl edib dönmək istəyəndə toqquşma baş vermişdir. Neçə metr məsafə qaldığını xatırlamadığını, hadisədən sonra özünün də ağır xəsarətlər aldığını, eləcə də zərərçəkmiş şəxsə köməklik etdiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdehin müdafiəçiləri yekun məhkəmə aktı qəbul edilərkən İslamın etirafedici izahatının, onun səmimi peşmançılıq çəkdiyinin, evli və himayəsində yeni anadan olmuş körpəsi olduğunun, yol-nəqliyyat hadisəsi baş verdiyi vaxt pul qazanmaq məqsədi ilə kuryer kimi fəaliyyət göstərdiyinin və bundan əvvəl hər hansı cinayət əməli törətmədiyinin nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə vermiş olduğu ifadəni təsdiq edir. Hadisə vaxtı göy rəngli bir “Ford” markalı avtomobil, hadisə yerinə çatmamış onu ötüb keçmiş, bu zaman İslamın həmin avtomobili görmə şansının olmadığını bildirmişdir. İlk öncə “Ford” markalı avtomobil onu ötüb keçmiş, daha sonra ağ rəngli yük avtomobili dönmüşdür. Pirşağı sakini olduğu üçün hər gün gedib gəldiyi yol olduğunu bildirmişdir. Yük avtomobili keçəndən sonra o, dayanıb gözləmiş, İslam onun dayanmasını görmüşdür. İslamın düz gələcəyi təqdirdə qəza olmayacağını, İslamın avtomobili sağa sola oynatdığından qəzanın baş verdiyini bildirmişdir. Hadisədən 3-4 dəqiqə sonra post-patrul avtomobili gəlmiş, polis əməkdaşları onu tanımışlar. 8-10 dəqiqə sonra İslam hadisə yerindən getmişdir. 3-4 nəfər yaşlı adamlar onu əhatəyə almış və ona bildrimişlər ki, İslamın yanındakı uşaqlar özlərində deyil. Onu da avtomobildən İslam çıxartmışdır. İslamın yanındakılar ona qaçmağını demişlər. O isə özünün ağır vəziyyətdə olduğuna görə onu orda qoyub getməyəcəyini bildirmişdir. Hadisə nəticəsində kəmər onun sinəsini kəsmişdir. Yol əvvəl boş olmuş, hadisədən sonra avtomobillər yığılmışdır. İslam idarə etdiyi avtomobili 1-2 sm sağa çəkəcəyi təqdirdə bu hadisənin olmayacağını bildirmişdir. Hadisə nəticəsində ayağından aldığı xəsarətə görə çox xərc çəkmiş, lakin heç birini istəmədiyini, sadəcə avtomobili oğlu ona aldığı üçün, həmçinin avtomobili tamamilə yararsız vəziyyətə düşdüyü üçün ziyanının ödənilməsini istədiyini qeyd etmişdir. Daha sonra verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verməzdən əvvəl yük avtomobili sola dönmüş, daha sonra İslamın gəldiyini görmüş, ara məsafələri təxminən 50 metr olmuşdur. İslam avtomobildə olarkən ağlı başında olmadığını, onun çox sürətli gəldiyini, buna görə də onu görmədiyini qeyd etmişdir. İslamın sürətlə gəlməsini görüb gözlərini yummuşdur. “Ford” marakalı avtomobilin döngədən çox əvvəl onu ötüb keçdiyini, İslamın onu görə bilməyəcəyini bildirmişdir. Daha sonra yük avtomobili dönmüş və o gözləmişdir. Hadisədən sonra ona köməklik göstərilmiş və o maşından çıxarılmışdır. İslamı kimin apardığını xatırlamır. Təcili yardım gəlmədiyi üçün onu xəstəxanaya Nuşravan adlı qohumu aparmışdır. İslamın sürəti çox olduğu üçün o da heç bir hərəkət edə bilməmişdir. Avtomobili pis vəziyyətə düşdüyü üçün 3800-4000 manata metal sexinə satmışdır. Həmin maşını 19000 manata AS motorsdan aldığını, təqsirləndirilən şəxsin sürücülük hüququ olmadan hadisə törətməsinə görə sığortadan pul almadığını qeyd etmişdir. Əməliyyatlarına isə 27000 manat xərc çəkdiyini bildirmişdir. Daha sonra zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs verdiyi mülki iddia ərizəsini müdafiə etdiyini, 11584 manat məbləğində pulun təqsirləndirilən şəxs və cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadə verərək göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. O, avtomobili İslama avtosalondan icarəyə vermişdir. İslam icarənin pulunu ödəmədiyi üçün ona zəng vuraraq avtomobili gətirməsini demişdir. İslamın adında heç bir sənəd olmamışdır. İslam isə ona cavabında uzaqda olduğunu və gələcəyini bildirmişdir. Lakin, İslam gəlməmiş və 2 gündən sonra zəng vuraraq qəza törətdiyini ona bildirmişdir. Avtomobili də gətirib qəzalı vəziyyətdə qaytarmış və heç bir köməklik də göstərməmişdir. Avtomobilin markası “Opel Astra”, dövlət qeydiyyat nişanı isə **-EU-*** olmuşdur. Avtomobilin qanuni sahibi X3r. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Şövqi Əsgərov tərəfindən icraata qəbul edilərək istintaqın aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinin 29 aprel 2022-ci il tarixli 2/9210 nömrəli protokoluna əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Azərbacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik hüquqi Şəxsin canlı şəxsin ekspertizası üzrə verdiyi 12 may 2022-ci il tarixli, 889 nömrəli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol alt göz qapağının və gözaltı nahiyənin dərialtı hematoması, burun sümüklərinin sınığı ilə müşayiət olunan burun əsasının qançırı, sağ süd vəzisinin qançırı, sağ aşıq-baldır oynağı hemartozu, sağ bayır topuğunun qapalı yerdəyişməyən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X7” PHŞ-nə müraciət etdiyi xx.xx.2022-ci il saat 22:00dan bir qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə ümumulikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 19 may 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaşlar Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs müvafiq olaraq sağlamlığa yüngül və az ağır zərər vurmaya aid bədən xəsarətləri almaları faktı əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün istintaq aidiyyətı üzrə Binəqədi RPİ-nin İŞ-yə göndərilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 13 iyul 2022-ci il tarixli, 8/1425 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 13 iyul 2022-ci il tarixli, 8/1425 nömrəli rəyindən görünür ki, “Chevrolet Cruze” markalı, 99OA581 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Opel Astra” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 65-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X6” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 08 dekabr 2022-ci il tarixli, 8/8869 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 08 dekabr 2022-ci il tarixli, 8/8869 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2017-ci il buraxılışlı “Chevrolet Cruze” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən:

1. dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10660.00 manat. Dəyişilməli hissələrin qiyməti 9100.00 manat, təmir-bərpa işlərinin qiyməti 1560.00 manat.

2. dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 8980,00 manat. Dəyişilməli hissələrin qiyməti 7420.00 manat, təmir-bərpa işlərinin qiyməti 1560.00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin 04 iyul 2023-cü il tarixli 3-13-16/2-85528/2023 nömrəli məktubundan müəyyən olunur ki, xx xxxxxx 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 06 fevral 2019-cu il tarixdə AE 044843 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilib, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ 20 fevral 2022-ci il tarixdə BDYPİ tərəfindən 20 avqust 2022-ci il tarixədək məhdudlaşdırılıb, 20 sentyabr 2022-ci il tarixdə isə sürücülük vəsiqəsi ona qaytarılmışdır. (i.v. 145); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 15 dekabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (i.v. 117-118); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmaqla, qərarın surəti ona təqdim edilmişdir (i.v. 72-73); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 101-102); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (i.v. 179-180); Qətimkan tədbirinin şərtlərinin pozulmasına görə təqsirləndirilən şəxsin tutulması və axtarışa verilməsi barədə 30 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 263- 1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Binəqədi RPİ-nin İŞ-nə təqdim edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsin könüllü gəlməsi haqqında 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin İŞ-nə könüllü gələrək özünü təqdim etmiş və istintaqa çağırılmasından xəbərsiz olduğunu bildirmişdir. Vətən müharibəsi iştirakçısı medalının surətindən görünür ki, Azərbaycan Respublikası Baş Nazirinin sərəncamı ilə Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə vətən müharibəsi iştirakçısı medalı verilmişdir. Elektron məhkəmə informasiya sistemindən olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2024-cü il təvəllüdlü Fateh Mikayılzadə adlı 1 azyaşlı uşağı vardır. Sübutların qiymətləndirilməsi haqqında 22 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263-1.1-ci maddəsinə tövsif edilməsi və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və digər zəruri istintaq sənədləri iş üzrə həmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs məxsus “Chevrolet Cruze” markalı **- OA-*** dövlət qeydiyyat nişanlı avtomobil və X4 məxsus “Opel Astra” minik markalı **-EU- *** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddiadan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş ziyana görə 11360 manat vəsaitin, ödənilmiş 124 manat dövlət rüsumunun və hüquqi xidmətə görə 100 manat olmaqla ümumilikdə 11584 manat pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-ci maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını (CM 59.1.4), cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini (CM-59.1.11), İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən ağırlaşdıran halların müəyyən edilmədiyini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM- 56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), maddi sübut kimi tanınmış “Chevrolet Cruze” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Opel Astra” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahibilərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə yol nəqliyyat və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının tədqiqatı xərci ümumilikdə 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Mülki iddiaya münasibət İş materiallarından görünür ki, iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona vurulmuş ziyana görə 11360 manat vəsaitin, ödənilmiş 124 manat dövlət rüsumunun və hüquqi xidmətə görə 100 manatın, ümumilikdə 11584 manat pul vəsaitinin tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə isə belə qənaətə gəlir ki, mülki iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli, hüquqa zidd əməlinə görə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs istifadəsində olmuş 2017-ci il buraxılışlı “Chevrolet Cruze” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş və bununla da mülki cavabdehin həmin zərərin əvəzinin ödənilməsi öhdəliyi yaranmışdır. Zərərin məbləğinə gəldikdə isə istintaq zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə sözügedən avtomobilin dəyişilməli hissələrinin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla (təmir-bərpa işləri daxil olmaqla) 10.660 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə (təmir-bərpa işləri daxil olmaqla) isə 8.980 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki cavabdehdən mülki iddiaçının xeyrinə mülki cavabdehdən dəymiş zərərin əvəzi kimi 8.980 manat məbləğində vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, sözügedən avtomobil 2017-ci il buraxılış olmaqla, hadisə baş verən dövrdə 5 ildən çox müddətdə istifadədə olmuşdur. Ona görə də, məhkəmə dəymiş zərərin məbləğinin avtomobilin dəyişilməli olan ehtiyat hissələrinin təzə hissələrin qiymətinə müvafiq deyil, məhz həmin ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə tutulmasını daha ədalətli və ağlabatan hesab edir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə mülki iddianın hüquqi xidmətə görə 100,00 (yüz) manat vəsaitin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddia ərizəsinə hüquqi xidmətin göstərilməsini təsdiq edən hər hansı rəsmi sənəd (ödəniş qəbzi, müqavilə və sair) təqdim edilməmiş, habelə zərəçəkmiş şəxs-mülki iddiaçı məhkəmə iclaslarında nümayəndəsi (vəkili) vasitəsi ilə deyil, şəxsən özü iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsininin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda, mülki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun mülki cavabdehdən tutulması ilə bağlı isə hesab edir ki, iddia qismən təmin edildiyindən, mülki iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 124 (yüz iyirmi dörd) manat dövlət rüsumunun təmin edilmiş iddia tələbinə uyğun olaraq 98 (doxsan səkkiz) manatı mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçının xeyrinə tutulmalı, 26 (iyirmi altı) manat isə mülki iddiaçı Zərərçəkmiş şəxs aid edilməlidir. Məhkəmə həmçinin bu nüansı da diqqətdə saxlamışdır ki, mülki cavabdeh Vətən müharibəsi iştirakçısı olsa da, müharibə veteranı statusunu almamışdır. Bu səbəbdən də mülki cavabdeh “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.20-ci maddəsində göstərilən şəxslərin kateqoriyasına aid olmamaqla dövlət rüsumunun ödənilməsindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Chevrolet Cruze” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi X4 qaytarılması nəzərə alınsın. İş üzrə zərəçəkmiş şəxs (mülki) iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 8980,00 manat (səkkiz min doqquz yüz səksən) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98 (doxsan səkkiz) manat olmaqla, ümumilikdə 9078 (doqquz min yetmiş səkkiz) manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 124,00 manat vəsaitin 26,00 (iyirmi altı) manatı zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs aid edilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq ümumilikdə 178 (bir yüz yetmiş səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar