Məhkəmə qərarları › İş №1(001)-307/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-307/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-307/2023 13.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, işləməyən, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Salyan rayon Məkhəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 16 gün hissəsində şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu olan, Azərbaycan Respublikası vətəndaşı, Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi, ev 151, mənzil 12-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, korpus 1, fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi bazarı deyilən yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 15 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,674 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 06 dekabr 2022-ci il tarixdə, saat 12:00-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 25-ci korpusun qarşısında Binəqədi RPİ-nin 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanında yerləşən polis bölməsinin inzibati binasına gətirilmiş və həmin gün saat 13:45-də üzərində aparılan axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükümüş təmiz çəkisi 1,674 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 06 dekabr 2022-ci il tarixdə, gecə saat 23:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 25-ci korpusun qarşısında məhlədə yaxın dostu “Tətənə” ləqəbli şəxs və digər dostu Natiqlə birlikdə dayandıqları zaman polis əməkdaşları post patrul avtomobilində onlara yaxınlaşmışlar. Polis əməkdaşları avtomobildən düşərək onlara yaxınlaşaraq onları polis avtomobilinə əyləşdirmişlər. O, az bir müddət idi ki, həbsdən çıxmışdı, polis əməkdaşları yenidən onu saxladılar. Həmin vaxt onlarla bir yerdə olan dostu Natiqi isə onların xahişi ilə tutmayıb buraxdılar. Həmin anda onun üstünü yoxlamışlar və üzərindən 15 manat pul, 2 ədəd siqaret və alışqan çıxmışdır. Onun üzərində heç bir narkotik vasitə olmamışdır. Onu və dostu “Tətənə” ləqəbli, adı isə Taleh olan şəxsi saxlayıb Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə aparmışlar, səhərə kimi onları orda saxlamışlar. Səhər isə onları çıxarıb bir əməliyyatçının otağına aparmışlar. Otaqda çoxlu sayda polis işçiləri olmuşdur. Onların hər biri ona inzibati xətanı törətməsini boynuna alması üçün təkliflər etmişlər. O isə törətmədiyi əməlləri boynuna götürməmişdir. Buna görə də onu rəisin otağına qaldırmışlar. Rəisin otağında onu yerə yıxmışlar, rəis otağında ona inzibati xəta haqqında olan işləri boynunu götürməməyinin səbəbini soruşmuş o isə təzə ailə qurmasını və həbsdən də yeni çıxdığını bildirmişdir. Bundan sonra rəis onu döyməyə başlamış və onun dişini sındırmış, dodağı partlamışdır. Onu rəis tək özü döymüş, sonra onu yerdən qaldırıb və aşağı düşürmüşlər. Onun əlləri bağlı olmuşdur. Rəis müavini onun hazırkı iş üzrə elan edilmiş cinayəti boynuna götürməsi üçün dörd dəfə onun yanına gəlmişdir. O, döyülməkdən bezdiyindən qeyd edilən cinayəti boynuna almışdır. Hazırkı iş üzrə elan edilmiş cinayət əməlində onun heç bir təqsiri yoxdur. Həmin sənədlərə məcbur olaraq qol çəkmişdir. İbtidai istintaqda vəkil ona döyüləndən sonra təqdim olunmuşdur. Vəkil orda narkotik vasitələrin onun olmasını soruşanda o qorxaraq həmin vasitələrin onun olduğunu bildirmişdir. Onu Binəqədi rayon prokurorun yanına aparmışar və prokuror ondan bu barədə heç nə soruşmamış, sonuncu umumiyyətlə onunla danışmamışdır. Ona bölmədə çoxlu xəsarətlər yetirilmişdir. Bu barədə o, şikayət etmiş, Binəqədi rayon Prokurorluğundan nümayəndə Bakı İstintaq Təcridxanasına gələrək onun döyülmə faktı ilə bağlı izahatlarını almışdır. Onu Şahid2 və Şahid1 saxlamamışdır, başqa adını və soyadını bilmədiyi 4 nəfər şəxs olmuşdur. Odur ki, deyilənlərin nəzərə alınaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 dekabr 2022-ci il tarixdə qərəzsiz mənbədən 26 iyul 1991-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, əvvəllər məhkum olunmuş, Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi, ev 151, mənzil 12-də qeydiyyatda olan Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, nömrəsiz evdə kirayə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, məlumatı yoxlamaq, Təqsirləndirilən şəxs ifşa etmək, ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə Binəqədi RPİ-nin 43-cü PB-nin rəhbərliyinə raportla müraciət etmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar yazmışdır. Ondan və Binəqədi RPİ-nin 43-cü PB-nin YYÇ inspektoru, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 06 dekabr 2022-ci il tarixdə, saat 12:00-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 25-ci korpusun qarşısında Təqsirləndirilən şəxs müəyyən edilmiş, özlərini ona təqdim edərək üzərində və ya paltarında narkotik vasitə və digər qanunla dövriyyəsi qadağan edilmiş əşya olmasından şübhəli olduqları üçün onu Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə dəvət etmişlər. Bununla bağlı rəhbərliyə raportla müraciət etmiş, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Süleyman Qəşəmli qanunvericiyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun və Şahid2 iştirakı ilə videoçəklişdən istifadə edilməklə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının cibində, əşyalarında və bədənində ola biləcək qanunsuz əşyaların təqdim olunması təklif olunmuş, o da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükümüş narkotik vasitə heroinə bənzər maddəni təqdim etmiş, şifahi şorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə heroin oğlduğunu, həmin maddəni 06 dekabr 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi bazarı deyilən yerdə tanımadığı şəxsdən 15 manat pul müqabilində alıb, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, içərisində narkotik vasitə heroinə bənzər şəffaf sellofana bükülmüş maddə olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Süleyman Qəşəmli tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 234 saylı möhürü ilə möhürlənərək götürülmüş, həmçinin təhqiqatçısı tərəfindən tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. O suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaxınlaşarkən sonuncu tək olmuş, yanında heç kim olmamışdır. Özlərini təqdim edərkən Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi ilə tək görüşməsi üçün də şərait yaradılmışdır. Onun üzərində heç bir xəsarət olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zorakıİıq, hədə qorxu olmamışdır. Ona hər hansı bir inzibati və cinayət əməlini boynuna götürməsi üçün təzyiqlər edilməmişdir. Təqsirləndirilən şəxs o və N.Məhhərəmov saxlamışdır. Təqsirləndirilən şəxs ona yaxınlaşarkən, bölmədə olarkən özünü aqressiv aparmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********** saylı cinayət işi başlanılmış və ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdır. (i.v. 1, 53) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 17-18) xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən işərisində 01 ədəd qəhvəyi rəngli şəffaf bükümü masanın üzərinə qoymuş, həmin bükümün narkotik vasitə olduğunu və Nəsimi bazarı adlanan ərazidən 15 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. (i.v. 28- 29) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6920 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksləri olan, “3) Təqsirləndirilən şəxs “imza” ...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 bükümdə təmiz çəkisi 1,674 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in (Siyahı İ) siyahısına daxildir. (i.v. 37-39) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 57-59) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən işərisində 01 ədəd qəhvəyi rəngli şəffaf bükümü masanın üzərinə qoymuş, həmin bükümün narkotik vasitə olduğunu və Nəsimi bazarı adlanan ərazidən 15 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. (i.v. 71) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1373/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 78-81) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, eləcə də müvafiq hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 1000 manat cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3, 67, 68.2-ci maddələrinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 1000 manat cərimə cəzası təyin edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli “28 May-Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 1.8.-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Salyan rayon Məkhəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 16 gün hissəsində şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i.v. 93-94, 96-106, 107-108) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X9 Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 759 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 109-110) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi zamanı qeydə alımış videogörüntülərin köçürüldüyü 01 ədəd “CD” formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilmiş 1,674 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin Maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (i.v. 111-117) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-188/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananən Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı sol çiyinin və sol bazunun arxa səthində bənövşəyi rəngli qançır, sağ çiyinin, sağ bazunun arxa səthində və sağ kürək nahiyəsində tünd bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2660 nömrəli rəyində göstərilmişdir ki, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəninə xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasının TSH-da baxış keçirilən zaman ona “Sol çiyin səthinin arxa səthində və sol bazunun arxa səthində bənövşəyi rəngli qançır, sağ çiyinin arxa səthində və sağ kürək nahiyəsində, sağ bazunun arxa səthində tünd-bənövşəyi rəngli qançır” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilmələri istisna olunur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 599C-22 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, üzərində narkotik vasitənin olmaması, polis bölməsində döyülməsi və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Belə ki, xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan, xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən işərisində 01 ədəd qəhvəyi rəngli şəffaf bükümü masanın üzərinə qoymuş, həmin bükümün narkotik vasitə olduğunu və Nəsimi bazarı adlanan ərazidən 15 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən məhkəmə iclasında qeyd etdiyi xüsusatlarla bağlı heç bir qeyd verməmişdir. Bundan başqa məhkəmə qeyd etrməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs polis bölməsində olarkən döyülmə faktı iş materiallarına əlavə olunmuş və tədqiq edilmiş sənədlərlə təkzib olunur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2660 nömrəli rəyində göstərilmişdir ki, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəninə xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasının TSH-da baxış keçirilən zaman ona “Sol çiyin səthinin arxa səthində və sol bazunun arxa səthində bənövşəyi rəngli qançır, sağ çiyinin arxa səthində və sağ kürək nahiyəsində, sağ bazunun arxa səthində tünd-bənövşəyi rəngli qançır” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilmələri istisna olunur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 599C- 22 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı ağırlaşdıran halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 4(001)-188/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Maddi sübutların saxlama samerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,624 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 01 ədəd “CD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 30 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,624 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd “CD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar