Məhkəmə qərarları › İş №1(001)-307/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-307/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-307/2024 25.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X8 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan X4 onu "Futbol+” qəzetinin baş redaktoru X1 informasiya vasitəsində - internet informasiya ehtiyatlarında təhqir etmişdir. Şikayəti ona qarşı yol verilmiş cinayət əməlinin araşdırılması və həmin əməllərə cinayət hüquqi qiymət verilməsi tələbi ilə bağlıdır. O, X7 jurnalistdir, müxtəlif media qurumlarında çalışmışdır. 30 ilə yaxındır ki, "Futbol+” qəzetinin baş redaktorudur. İdman, xüsusilə də futbol sahəsində müxtəlif televiziya, radio proqramlarında təcrübəli jurnalist-ekspert kimi çıxışlar etmişdir. Rəhbərlik etdiyi qəzet dəfələrlə müxtəlif qurumlar tərəfindən “Azərbaycanın ən yaxşı idman nəşri” sayılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə 2017-ci il iyulun 19-da evlə mükafatlandırılmışdır. X4 2022-2023-cü illərdə baş redaktoru olduğu “Futbol+” qəzeti ilə əməkdaşlıq etmiş, xidməti müqaviləsinin müddəti 2023-cü ilin dekabr ayının sonunda baş çatmışdır. Yanvar ayının ortalarında jurnalist həmkarları, yaxınları, qohumları vasitəsilə Abdulla İbrahimlinin sosial mediada, müxtəlif saytlarda onun barəsində aşağılayıcı məzmunda məqalələr, statuslar yaymasından xəbər tutmuşdur. Abdulla İbrahimli 2 aydan artıqdır ki, insanın şərəf və ləyaqətini aşağılayan, ona mənəvi iztirab verən, nalayiq məzmunda paylaşımlarını, yazılarınım davam etdirmiş, həmin paylaşım və yazılar sosial media platformalarında yayılmağa davam etmişdir. Abdulla İbrahimli tərəfindən sosial mediada, xüsusilə də “facebook” platformasında yayılan, ona yönəlmiş aşağılayıcı, təhqiredici məzmunlu məlumatlar yüzlərlə vətəndaş, həmkarı, rəhbərlik etdiyi kollektivin üzvləri tərəfindən izlənilmiş və izləyicilər onun şərəf və ləyaqətinə qarşı yönəlmiş belə nalayiq məlumatları qınamışlar.Belə məlumatlar əvvəlcə Abdulla lbrahimli tərəfindən demotiya.com saytında yayılmışdır. Abdulla İbrahimli müəllifi olduğu “Futbol+”un psevdovətənpərvərliyi” sərlövhəli məqalədə baş redaktoru olduğu qəzeti, onun kollektivinin fəaliyyətinin məzmununu aşağılamağa, gözdən salmağa çalışmışdır: "Hazırda ucuz populizm ilə reytinq toplamağa çalışan qurumdan biri də “Futbol+” qəzetidi... Futbolu siyasətə qarışdırmaq, onu milliyətçilik mətbəxinə salmaq psevdovətənpərvərlikdən və ucuz populizmdən başqa bir şey deyil ki, “Futbol+ ” bu ampluada diqqət çəkməklə məşğuldu. ... Mahir əfəndi və təqlidlə məşğul olan həmkar deyə bilməyəcəyim cavan “jurnalist”lər... ” Abdulla İbrahimli məqaləsində ona xitabən “Yardımlıdan olan baş redaktor” ifadəsini işlətməklə şəxsən onu aşağılamağa çalışmışdır. Bu ifadə özlüyündə təhqiredici məzmunlu deyil, ancaq məqalə müəllifi həmin ifadəni dəfələrlə, yeri gəldi-gəlmədi işlətməklə öz ələmində onu gözdən salmaq məqsədi gütmüşdür. Abdulla İbrahimli ““Futbol+”un psevdovətənpərvərliyi” məqaləsində onu içki düşkünü, əyyaş kimi təqdim etməklə gözdən salmağa, təhqir etməyə çalışmışdır: “Yardımlıdan olan baş redaktor vaxtaşırı Gəncə və Ağsu şərab evinin istehsalı olan araqları başına çəkməkdədi... Deməyim o ki, Mahir bəy arağın təsirindən yuxarıdakı ifadəni işlətsəydi, bunu başa diişiib yola vermək olardı. İş orasındadı ki, oyaq halda məntiqə sığmayan mülahizələr irəli sürür. Qəzet başqanının ruslar demiş "trezvi ” vaxtında Bojoviç haqqında yazı dərc etdirməsi “Leon” filmindəki Matildanın bolluca şampanla dolu qədəhləri başına çəkib dəm olmasından sonra yüksək səslə hırıldayıb diqqət çəkməsinə bənzəyir”. Bu ifadələrin arasında “içki düşkünü”, “əyyaş” kimi ifadələr birbaşa işlədilməsə də, mətnin ümumi məzmunundan aydın görünür ki, müəllifin əsas məqsədi həmkarlarım, oxucular arasında məni nüfuzdan, gözdən salmaq, aşağılamaq, təhqir etmək olmuşdur. Abdulla İbrahimli qeyd edilən məqalədən başqa “facebook” platformasında mövcud olan onlarla qrup və səhifədə onu və rəhbəri olduğu qəzetin kollektivini aşağılayan məqaləni paylaşmışdır. Abdulla İbrahimli bundan başqa, digər statuslar da yazmış və paylaşmış, paylaşmaqda davam etmişdir. Məsələn, fevral ayının 27-də “facebook”da azı 7 səhifədə ona xitabən “lüzer” ifadəsini işlədərək, barəsində və qəzetin kollektivinin üzvləri haqqında minlərlə insanın oxuduğu aşağıdakı ifadələri yazıb, on illərdir ki, fəaliyyət göstərən və idman ictimaiyyətinin hörmətini qazanan qəzetin kollektivinin üzvlərini “zurnalist” adlandırıb: “.....”savadı” püskürənlərin idman mətbuatında ideya qardaşı Mahir Rüstəmli kimi siyasət ilə idmanı bir- birinə qarışdıran, çay daşıyan donosçunu 6 ilin jurnalistinə və işçisinin üzünə durğuzan ... zurnalistin olması normal haldı...”. Belə paylaşımların sayı onlarladır, o, onların hamısını izləyə bilməmişdir. Güman ki, xəbərdar olmadığı, ancaq Abdulla İbrahimli tərəfindən onu təhqir etmək, gözdən salmaq niyyətilə yayılmış olan başqa məlumatlar da var. Abdulla İbrahimlinin onun haqqında yaydığı həqiqətə uyğun olmayan məlumatlar ayrı-ayrı ifadələri detallı araşdırılmadan, ümumilikdə, onun şərəf və ləyaqətini aşağılamaq, onu nüfuzdan salmaq məzmundadır. Abdulla İbrahimli kütləvi informasiya vasitələrində ona xitabən yalan olduğunu bilə-bilə qəsdən aşağılayıcı ifadələri işlədib yaymaqla, şərəf və ləyaqətini başqalarının gözündə ləkələyib, onun nüfuzunu aşağılamışdır. O, həyatının bütün hissəsini jurnalistikaya həsr etmiş, peşə fəaliyyəti ilə bağlı heç vaxt hər hansı qüsuru olmamışdır. Rəhbəri olduğu qəzet həmişə idmanı, xüsusilə futbolu təşviq etmiş, bu sahədə dövlətin yürütdüyü siyasətə dəstək vermişdir. Bütün idman ictimaiyyətinin yaxından tanıdığı ona və rəhbəri olduğu qəzetə qarşı aşağılayıcı ifadələrdən və müqayisələrdən istifadə etmək, ən yüngül halda təhqirdən başqa bir şey deyil. Abdulla İbrahimli onun barəsində yalan məlumatları qəsdən yaymaqla təhqirə yol vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, təhqirə yol vermək cinayət məsuliyyəti yaradır. Hesab edir ki, Abdulla İbrahimlinin əməllərinə hüquqi qiymət verilməli və Cinayət Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunmalıdır. Abdulla İbrahimli yetkinlik yaşına çatmış şəxsdir. Abdula İbrahimli ona və baş redaktoru olduğu qəzetə, qəzetin kollektivinin üzvlərinə xitab edilən məlumatları kütləvi şəkildə, dünyada hər kəsin izləyə biləcəyi sosial media platforması üzərindən yaymışdır. Təhqiramiz məlumatlar əvvəlcə demotiya.com saytında yayılmışdır. Abdulla İbrahimli bununla da kifayətlənməmiş, ona yönəlik təhqiramiz, aşağılayıcı məlumatları başqa profillərdə, səhifələrdə, qruplarda dəfələrlə yaymışdır. Həmin məlumatları bir neçə gün ərzində yüzlərlə insan görmüş, həmin məlumatlara rəy də bildirmilər. Əslində, ilk olaraq təhqirlərin yayılmasından o, özü xəbər tutmamış, idman ictimaiyyəti nümayəndələri qeyd edilən təhqirlərin yayıldığını ona bildirmişlər. Beləliklə, Abdualla İbrahimlinin onun haqqında ifadə etdiyi məlumatların kütləvi yayılması mübahisəsizdir. Abdulla İbrahimlinin onun haqqında ifadə etdiyi məlumatların məzmununun nalayiq olması da mübahisəsizdir. Abdulla İbrahimli ona xitabən “baş redaktor vaxtaşırı Gəncə və Ağsu şərab evinin istehsalı olan araqları başına çəkməkdədi”, ““trezvi" vaxtında” kimi ifadələrini yaymışdır. Bu ifadələrin aydın mənası odur ki, haqqında danışılan şəxs davamlı olaraq, Azərbaycanın məşhur araq istehsalçısı olan müəssisələrinin məhsullarından istifadə edir, sərxoşluq edir, spirtli içkilərin təsirində olur. Azərbaycan dilinin izahlı lüğətinə baxdıqda bu ifadələrin qarşılığı kimi “əyyaş, içki düşkünü” ifadəsi qarşımıza çıxır. Lüğətə görə, davamlı sərxoşluq edən, vaxtını eyş-işrətə, içki diişkünlüynə sərf edən şəxslər “əyyaş” adlandırılır. Abdulla İbrahimli bunlardan başqa ona və rəhbəri olduğu kollektivə xitabən “lüzer” (bacarıqsız, həyatı məhv olmuş, əzilmiş, uduzmuş və s.), “savadı püskürənlər” (savadsız, bacarıqsız və s.), “çay daşıyan donosçu” (kimisə şərləyən, kiməsə böhtan atan) kimi təhqiredici ifadələr işlətmişdir. Abdulla İbrahimli həmçinin, ona və rəhbərlik etdiyi kollektivin əməkdaşlarına xitabən “zurnalist” ifadəsini işlətmişdir. Hansı ki, bu, Azərbaycanda jurnalistika ilə bağlı istifadə olunan təhqiredici ifadə sayılır. Bu ifadədən, adətən, hədəqorxu gəlmək və rüşvət almaq ilə məşğul olan, qeyri-peşəkar hesab edilən reket jurnalistlərə münasibətdə istifadə edilir. Göründüyü kimi Abdulla İbrahimlinin ona və baş redaktoru olduğu kollektivin üzvlərinə xitabən işlətdiyi ifadələr, apardığı müqayisələr, oxşatmalar həm azərbaycan dilinin izahlı lüğətinə görə, həm də ümumi qavrayış baxımından ağır, aşağılayıcı, təhqiredici ifadələrdən hesab edilir. Beləliklə, Abdulla İbrahimlinin yaydığı məlumatlar mübahisəzdir ki, cinayət qanunvericiliyində nəzərdə tutulduğu kimi “nalayiq” məzmunda olmuşdur. Abdulla İbrahimli təhqiramiz məlumatları həm də qəsdən yaymış, onu başqalarının gözündə alçaltmaq niyyəti güdmüşdür. Bu, onun və kollektivin üzvlərinin belə ifadələrə layiq olmadığı, yaydığı məlumatların idman ictimaiyyətində təəssüflə qarşılandığını, baş redaktoru olduğu qəzetin Azərbaycanın idman mediasına onlarla mütəxəssisi qazandırmasını bilə-bilə onun paylaşımlarını təkrar-təkrar yaymasından və yaymağa davam etməsindən də aydın görünür. Beləliklə, Abdulla İbrahimli təhqiramiz məlumatları qəsdən yaymışdır. Qeyd edilənlərdən aydın olur ki, Abdulla İbrahimli ictimai qaydada ona və baş redaktoru olduğu qəzetin kollektivinin üzvlərinə xitabən, təhqiramiz məlumatları dəfələrlə müxtəlif platformalarda yaymaqla, onu təhqir etmək, şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltmaq, onu ictimaiyyətin gözündən salmaq niyyəti güdmüş, bununla da ona münasibətdə Cinayət Məcəlləsinin 148ci maddəsi ilə -məsuliyyət yaradan “təhqir” cinayət əməlinə yol vermiş və xüsusi ittiham qaydasında mühakimə edilməii, məsuliyyətə cəlb olunmalıdır. Qeyd edilənlərə əsasən, hesab edir ki, Abdulla İbrahimlinin ona qarşı təhqir xarakterli əməllərinin törədilmə yer sonuncunun yaşayış yeri olan Bakı şəhəri, ünvan 2 ünvanı olduğuna görə, hazırkı şikayətin məhkəmə aidiyyəti Yasamal Rayon Məhkəməsidir. Hesab edirəm ki, Abdulla İbrahimlinin onun haqqında məlumatlar yaymasında Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi mövcuddur, buna görə də həmin maddə üzrə cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılmalıdır. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayət ərizəsində göstərilənləri müdafiə edərək işin məhkəmə baxışına təyin edilməsini və X2 CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına təyin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs özü haqqında, yəni soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi barədə məlumatları şikayətində göstərməli olduğu halda, X8 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə özü haqqında məlumatları tam şəkildə qeyd etməməklə, doğulduğu ili göstərməmişdir. Bundan başqa, CPM-in 293.3.2-cü maddəsinə əsasən şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməli olduğu halda şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin nə vaxt törədildiyi qeyd edilməmişdir. Bundan əlavə CPM 293.6-cı maddəsinə əsasən şikayətdə şikayətin verildiyi tarix (il, ay və gün) və yer gösətrilməli olduğu halda X8 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə şikayətin verildiyi yeri göstərməmişdir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: CPM-in 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X5 barəsində CM-in 148-ci maddəsi ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X2 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar