Məhkəmə qərarları › İş №1(001)-308/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-308/2020

07.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-308/2020 07.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu Suraclı kəndində qeydiyyatda olan, ünvan 1, 80 saylı yataqxanada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda ƏN-in PX-in Bakı İT-da saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə axşam saatlarında naməlum mənbədən darağı üzərində 3 ədəd zavod üsulu ilə hazırlanmış 9x18 mm kalibrili döyüş sursatı olan 01 ədəd üzərində “ME” hərfləri yazılmış zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Makarov konstruksiyalı 9,0 mm kalibirli texniki cəhətdən saz olmaqla atəşə yararlı olan yivli odlu silahı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq gəzdirmiş və daşımış, xx xxxx 2020-ci il tarixdə təxminən saat 23:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu,Mirzə Məmmədxan küçəsi ilə hərəkətdə olan zaman Binəqədi RPİ-in CAŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq həmin polis idarəsinə gətirilmiş və üzərinə baxış keçirilərkən əynindəki şalvarının kəmər hissəsinin arxa tərəfindən, bir ədəd üzərində “0070” rəqəmləri həkk edilmiş zavod üsulu ilə istehsal olunmuş Makarov konstruksiyalı 9,0 mm kalibirli tapançanın bir hissəsi-darağı üzərində 3 ədəd zavod üsulu ilə hazırlanmış 9x18 mm kalibrili döyüş sursatı olan 01 ədəd üzərində “ME” hərfləri yazılmış zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Makarov konstruksiyalı 9,0 mm kalibirli texniki cəhətdən saz olmaqla atəşə yararlı olan yivli odlu silah aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə axşam saatlarında alkoqol sərxoşluğu vəziyyətində yaşadığı ünvan 1 saylı ünvanda yerləşən 80 saylı yataqxananın yaxınlığında tək piyada olaraq yerini dəqiq olaraq xatırlamadığı ərazidə yerləşən zibil qutusuna zibil bağlaması atarkən qutunun yanından ağzı açılmış halda 1 ədəd sellofan bağlama tapmış, həmin bağlamanın ağzı açıq olduğundan içərisində 1 ədəd tapança olmasını görmüşdür. Həmin vaxt onda maraq kəsb etdiyindən həmin tapançanı bağlamanın içərisindən götürmüşdür. Hərbi xidmətdə olduğundan həmin tapançanın Makarov tapançası olmasını yəqin etmişdir. Tapançanın sandıqçasını açdıqda sandıqçanın içərisində 3 ədəd patron olmasını görmüşdür. Sırf marağa görə tapançanı özüylə götürüb yaşadığı ünvana aparmışdır. Həmin vaxtdan sonrakı 3-4 gün ərzində tapançanı üzərində gəzdirmişdir. Belə ki, yaşadığı ünvanda ailə üzvlərinin evdə silah olmasından məlumatı olmaması və silahın olduğunu müəyyən edəcəkləri halda hər hansı bir bədbəxt hadisənin ola biləcəyi ehtimalını nəzərə alıb silahı özüylə götürürmüş. xx xxxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində tapdığı Makarov tipli tapança üzərində olaraq yol kənarı ilə piyada yaşadığı mənzilə getmək üçün Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Pitomnik» adlanan ərazidən «Vorovksi» qəsəbəsi istiqamətində hərəkət edərkən mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və ona üzərində qanunla gəzdirilməsi qadağan edilən odlu silahın olmasında şübhəli bilindiyini qeyd edərək Binəqədi RPİ-yə getməyi təklif etmişlər. Bu zaman onlara heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nı gəlmişdir. Binəqədi RPİ-nin inzibati binasının xidməti otaqlarından birində olan zaman ona dövlət hesabına vəkil təyin edilmiş və vəkilin iştirakı ilə bütün hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video çəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilməyə başlanmışdır. Baxış keçirilməsinə başlanmazdan öncə ondan vəkilin iştirakı olmadan üzərinə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş, cavab olaraq heç bir etirazının olmadığını bildirmişdir. Baxış zamanı ona üzərində olan əşyaları çıxararaq təqdim etmək təklif olunduqda əynində olan göy rəngli cins şalvarın belində olan kəmərin arxa hissəsindən 1 ədəd “Makarov” tapançasını üzərində olan sandıqçasının içərisində olan 03 ədəd patronla birlikdə çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşları ondan həmin silahı haradan və necə əldə etdiyini soruşarkən polis əməkdaşlarına 3-4 gün əvvəl yaşadığı ünvanın yaxınlığından alkoqollu vəziyətdə olduğu üçün yerini dəqiq xatırlamadığı zibil qutusuna zibil atan zaman zibil qutusunun yanında ağzı açılmış halda 01 ədəd rəngli sellofan bağlamanın içərisindən tapdığını bildirmişdir. Bundan sonra həmin silah maddi sübut əhəmiyyəti kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış, möhürlənmiş və bu barədə protokolu tərtib edilmiş,protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silah gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də özündən, Binəqədi RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, İmran və Məhəmmədəli ilə birlikdə məlumat əsasında xx xxxx 2020-ci il tarixdə saat 23:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mirzə Məhəmmədxan küçəsinə gələrək əməliyyat mövqeyi seçmişlər. Həmin vaxt orada Rafiqin əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və Rafiqə üzərində odlu silah olması barədə məlumat aldıqlarını bildirib onu üzərinə baxış keçirilməsi üçün Binəqədi rayon polis idarəsinə dəvət etmişlər. Rafiq də heç bir etiraz etmədən onlarla birlikdə polis idarəsinə gəlmişdir.İdarədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin ünvan 1, 80 saylı yataqxanada qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur.Bundan sonra Rafiq idarədə xidməti iş otaqlarının birinə dəvət edilmiş və həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçrilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs oğuna üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə Rafiq əynindəki göy rəngli cins şalvarın belində olan kəmərin arxa hissəsindən 01 ədəd “Makarov” konstruksiyalı tapançanı çıxarıb masanın üzərinə qoymuşdur. Rafiqdən həmin tapançanı haradan aldığını soruşduqda Rafiq həmin tapançanı 2020-ci ilin mart ayının ortalarında yaşadığı ünvan 1 saylı ünvanda yerləşən zibil qutularının birinin yanından tapdığını bildirmişdir. Sonra Rafiqin üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Daha sonra Rafiqin təqdim etdiyi 01 ədəd “Makarov” tipli tapançanın sandıqçasını çıxarıb içərisinə baxan zaman sandıqcada 03 ədəd patronların olması aşkar olunmuşdur. Bundan sonra baxış iştirakçılarının iştiraklarıiləRafiqin üzərindən aşkar olunmuş01 ədəd Makarov tipli tapança, 01 ədəd daraq və 03 ədəd patronlar qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmışdır. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin CAŞ-in əməliyyat müvəkkili,polis leytenantı Şahid2 və CAŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işinin materiallarında olan cinayət işi başlanması barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir. (cild 1, i.v 1) Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v 21) Cinayət işinin materiallarında olan şəxsin üzərinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə təxminən saat 23:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu,Mirzə Məmmədxan küçəsi ilə hərəkətdə olan zaman Binəqədi RPİ-in CAŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq həmin polis idarəsinə gətirilmiş və üzərinə baxış keçirilərkən əynindəki şalvarının kəmər hissəsinin arxa tərəfindən, bir ədəd üzərində “0070” rəqəmləri həkk edilmiş zavod üsulu ilə istehsal olunmuş Makarov konstruksiyalı 9,0 mm kalibirli tapançanın bir hissəsi-darağı üzərində 3 ədəd zavod üsulu ilə hazırlanmış 9x18 mm kalibrili döyüş sursatı olan 01 ədəd üzərində “ME” hərfləri yazılmış zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Makarov konstruksiyalı 9,0 mm kalibirli texniki cəhətdən saz olmaqla atəşə yararlı olan yivli odlu silah aşkar edilərək götürülmüşdür.(cild 1, i.v 28-30) Cinayət işinin materiallarında olan məhkəmə-balistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 20/161R saylı ekspert rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqata təqdim olunmuş 01 ədəd üzərində “ME” hərifləri olan silah,zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Makarov konstruksiyalı 9,0 mm kalibirli tapançadır, yivli odlu silahdır,texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqata təqdim olunmuş 03 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibirli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqata təqdim olunmuş-1 ədəd üzərində “0070” rəqəmləri həkk edilmiş daraq zavod üsuli ilə istehsal olunmuş Makarov (PM) konstruksiyalı 9,0 mm kalibirli tapançanın bir hissəsidir-darağıdır və təyinatı üzrə istifadə üçün yararlıdır. (cild 1, i.v 35-40) Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar idarəsindən alınmış xx xxxx 2020-ci il tarixli, 20/161R saylı məktubdan görünür ki, 01 ədəd 9 mm kalibirli ME..N-li Makarov konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış və müqayisəli tədqiqatlar üçün eynilik aşkar edilməmişdir. (cild 1, i.v 98) Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir. (cild 1, i.v 54-55) Cinayət işinin materiallarında olan həbs qətimkan tədbiri seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v 75- 78) Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd odlu silah “Makarov” tipli tapança, 01 ədəd daraq və 03 ədəd döyüş sursatı və bir ədəd dvd disk maddi sübut kimi tanınmış və 01 ədəd “Makarov” tipli tapança, 01 ədəd daraq və eksperemental atəşdən sonra qalmış 01 ədəd 9x18 mm kalibirli döyüş sursatı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (cild 1, i.v 84-85) Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1046 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs X1 pozuntusu aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələrixasiyyətcə əsəbi, hövsələsiz, affektiv reaksiyalara meyilli olması,əsəbi gərginlik zamanı özünə xəsarətlər yetirməsi, SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müayinə olunduqdan sonra hərbi xidmətə yararsız hesab edilməsi, həmçinin hazırkı müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi,emosional dayanaqsızlığı və s. təsdiq edir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik,psixi fəaliyyətin müvəqqəti pozulması,kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs X1 Pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən X1 pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. X2 məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, i.v 120-121) Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. (cild 1, i.v 100) Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs atəş üçün yararlı odlu silah aşkar edilməsi nəzərə alınaraq ona təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işində olan tutma haqqında protokola əsasən o, xx xxxx 2020-ci il tarixdə tutulsa da, işin müəyyən edilmiş hallarına əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23:45-də Binəqədi RPİ-in CAŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı andan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan 01 ədəd odlu silah “Makarov” tipli tapança, 01 ədəd daraq və eksperemental atəşdən sonra qalmış 01 ədəd 9x18 mm kalibirli patron dövlət nəfinə müsadirə edilməli, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin bir ədəd diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan bir ədəd odlu silah “Makarov” tipli tapança, bir ədəd daraq və bir ədəd 9x18 mm kalibrli patron dövlət nəfinə müsadirə edilsin. Şəxsi axtarış zamanı aparılmış videoçəkilişin bir ədəd diski cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar