Məhkəmə qərarları › İş №1(001)-31/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-31/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-31/2025 18.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 Zərər çəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs, Zərər çəkmiş şəxsin Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili (mülki iddiaçının) müdafiəçisi: Müdafiəçi2 iştirakları Təqsirləndirilən şəxs (mülki cavabdeh): Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili (mülki cavabdehin) müdafiəçisi: Müdafiəçi1 xx xxx 1988-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, 2-ci korpus adlanan ərazidə fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə saat 08:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “BC” kateqoriyalı AE 404846 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X4” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində yerləşən 179 nömrəli tam orta məktəbin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin təəblərini pozaraq sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, manevr etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili manevr etdirməməli tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməməklə yol hərəkəti qaydalarını pozmuş, yolun sağ hissəsindən sol hissəsinə manevr edərkən arxadan eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Jianshe 49” markalı mopedlə toqquşaraq ehtiyatsızlıqdan mopedin sürücüsü Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin açıq yerdəyişmiş sınığı, sol dirsək oynağı nahiyyəsinin, sol diz oynağı nahiyyəsinin, sağ baldır nahiyyəsinin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına və mopeddə sərnişin qismində əyləşmiş Şahid1 sağ bud-çanaq oynağı nahiyyəsinin qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan bədən xəsarətləri yerilməsinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 15 mart 2023-cü il tarixdə saat 09:30 radələrində özünə məxsus “X4” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilini yolun sağ hissəsində əks istiqamətdə saxlamışdır. O, işlədiyi dükana mal almaq üçün siyahını götürməyə getmiş, su və siyahını götürüb mağazadan çıxarkən avtomobilinin qabaq buferinin yerindən çıxıb sallanmış vəziyyətdə olmasını, yolun o biri hissəsində isə bir cavan oğlan ilə bir cavan qızın yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Oğlanın sağ ayağı motosikletin dəmirinin arasında qalmışdır. O, həmin şəxslərə yaxınlaşmış, onlara tibbi yardım göstərmək məqsədi ilə özünə məxsus avtomobilə qoyub polinklinikaya aparıb düşürdüb iş yerinə qayıtmışdır. Təxminən 1 saatdan sonra o, həmin poliklinikaya zərərçəkmiş şəxslərin vəziyyətini öyrənmək üçün getmiş, orada bildirmişlər ki, cavan oğlanla qızı “Semaşko” adlanan xəstəxanaya aparmışlar. Onun xalası Şahid2 xəstəxanaya getmiş, təxminən 1 saatdan sonra qayıdıb iş yerinə gəlmişdir. Xalası ona bildirmişdir ki, oğlanın ayağı qırılıb və onu özəl klinikaya köçürüblər. Xalası Sevil söhbət zamanı ona bildirmişdir ki, o, oğlanın müalicəsi üçün özəl xəstəxanaya əvvəl 2000 manat ödəmiş, sonra oğlana dərman almaq üçün kartına əlavə olaraq 250 manat pul köçürmüşdür. Bir həftə keçdikdən sonra oğlanın 140 manat aliment pulunu da ödəmişdir. Xalası Sevil həmin pulları ona xəbər vermədən ödəmişdir. Zərərçəkmiş tərəf xalasını qorxudublar ki, hadisə sənin bacın oğlunun maşını əks istiqamətdə saxlaması səbəbindən baş vermişdir və günahkar odur. Bir həftə keçdikdən sonra zərər çəkmiş şəxsin anası, xalası Sevilə zəng edərək ikinci ayın alimentini də ödəməyi tələb etmiş, lakin xalası imtina etmişdir. Bundan sonra zərər çəkmiş şəxs ondan şikayətçi olmuşdur. Hadisə olan gün təhqiqatçılar hadisə yerinə gələrək, onun maşınının şəklini çəkib, ondan izahat alıblar. Həmçinin, təhqiqatçı hadisə yerini müayinə etmiş, şəkillər çəkmiş, ölçü götürmüşdür. Ondan və mopeddə olan qızdan izahat alınmış və müayinə protokolu tərtib olunmuşdur. Müayinə protokolunun tərtibi zamanı orada o, mopeddə olan qız və hal şahidləri olmuşdur. O, təhqiqatçıya işlədikləri dükanda kamera olduğunu bildirmiş, lakin onlar videogörüntüyə ehtiyac olmadığını, zərərçəkmiş şəxslərin izahatlarında idarəetməni ititərək onun maşınına çırpılmalarını bildirdiklərini demişdir. Yolun əks istiqamətində saxladığıdan, onun avtomobilinin sol, yəni sürücü tərəfi deyil, sağ tərəfi zədə almışdır. Sonda Təqsirləndirilən şəxs məhkəmədən ittiham olunduğu maddə üzrə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 07:10 radələrində işə getmək üçün özünə məxsus “Jianshe” markalı mopedlə nişanlısı Şahid1 yaşadığı evdən götürmüşdür. O, mopedi Binəqədi-Xırdalan şossesində, üzü Binəqədi rayonu Mərkəz adlanan istiqamətində saatda 60 km/sürətlə idarə edərkən və 100 saylı avtobusun axırıncı dayanacağının yaxınlığından keçərkən, uzaqdan yolun sağ hissəsində - yolun quruntdan olan ehtiyyat üçün nəzərdə tutulmuş hissəsində qarşı hissəsi 179 nömrəli Binəqədi rayon orta məktəb istiqamətində, arxa hissəsi isə onun gəldiyi yolun sağ hissəsinə tərəf dayanmış qara rəngli “Reno” markalı avtomobili görmüşdür. Onun idarə etdiyi mopedin yolun kənarında dayanmış avtomobilə yaxınlaşmasına bir neçə metr qaldıqda, yolun ehtiyyat hissəsinin kənarında dayanmış həmin qara rəngli avtomobilin sürücüsü qəflətən yolun hərəkət zolağının üzərində dönmə işığını yandırmadan sola tərəf dönmə əməliyyatını keçirmək üçün manevr etməyə başlamışdır. O, avtomobilin qarşısına çıxıb onun idarə etdiyi mopedi vuracağını görüb, toqquşmadan yayınmaq məqsədilə mopedi sola döndərmişdir ki, toqquşma baş verməsin. Lakin, hərəkətdə olan avtomobil üzərinə tərəf gəlib qarşı hissəsi ilə onun idarə etdiyi mopedin sağ orta hissəsindən vurub mopedlə birlikdə onu və nişanlısı Şahid1 yolun sol hissəsinə atmışdır. O, yerdə olarkən sağ ayağının şişdiyini və sağ ayağında bərk ağrıların olduğunu hiss etmişdir. Mopeddən yerə yıxılan nişanlısı Şahid1 ayağa qalxaraq ona yaxınlaşıb mopedin arasında sıxılmış vəziyyətdə qalan ayağını çıxarmasına kömək etmişdir. Bundan sonra hadisə yerinə adamlar toplaşmış, ona kömək etməyə çalışmışlar. Ruhidin avtomobili yolun ortasında dayanmışdır. Hadisə yerinə toplaşmış şəxslər onu Ruhidin idarə etdiyi avtomobilin arxa tərəfinə yerləşdirmiş, nişanlısı da onun yanına əyləşmişdir. Sonra o, Ruhidin avtomobili ilə 179 nömrəli orta məktəbin yaxınlığında yerləşən poliklinikaya aparılmış, oradan isə 1 saylı X5 aparılmışdır. Ruhidgil onun valideynlərinə 1.700 manat məbləğində pul verib deyiblər ki, şikayətçi olmayaq, bütün xərcləri ödəyəcəklər. Ümumi olaraq xəstəxanaya 1.700 manat, aliment üçün isə 140 manat ödəyiblər. Bir də xəstəxanadan çıxdığı gün reseptini alıblar. Təqsirləndirilən şəxs şikayətçidir və ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə Şahid1 yol-nəqliyyat hadisəsini baş vermə mexanizmi ilə bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzumlu ifadə vermişdir. Bundan əlavə Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs 1 saylı X5 aparıldıqdan sonra həmin Mərkəzə polis əməkdaşları gəlmiş və o, polis əməkdaşları ilə birgə hadisə yerinə getmişdir. Hadisə yerində qəzada iştirak edən avtomobilin və mopedin şəkilləri çəkilmiş, polis əməkdaşları tərəfindən hadisə yerində protokol tərtib edilmişdir. Məhkəmədə əlavə Şahid2 Yusub qızı ifadəsində göstərdi ki, hadisə baş verən gün hər zaman olduğu kimi səhər saatlarında Təqsirləndirilən şəxs ilə birlikdə işlətdiyi düküna gəlmişlər. Ruhid maşını dükanın qarşısında saxlamış və onlar dükana daxil olmuşlar. O, dükana lazım olan malların alınması üçün Ruhidə pul vermiş və Ruhid dükandan çıxıb getmişdir. Lakin, alınacaq maların siyahısı dükanda qaldığından, Ruhid bu dəfə maşını dükanın əks istiqamətində saxlayaraq, təkrarən dükana gəlmişdir. Həmin anda çöldən səs gəlmişdir. Həmin səsə çölə çıxdıqda görmüşlər ki, Ruhidin maşınına moped çırpılmış, iki nəfər işlətdikləri dükanın bir qədər irəlisinə düşmüşlər. Dükanda hadisə yerini çəkən video kamera da vardır. Baş vermiş qəzada günahkar mopedin sürücüsüdür. Hadisə baş verən gün “Semaşko” adlanan xəstəxanaya getmiş və orada zərər çəkmiş şəxs həmin xəstənaya gətirildiyindən 20 manat təcili tibbi yardım maşını üçün, min neçə yüz manat xəstəxanaya, 140 manat da Zərərçəkmiş şəxs ödəməli alimentə görə karta pul köçürmüşdür. Məhkəmədə əlavə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X3 ifadəsində göstərdi ki, hazırki cinayət işinin ibtidai istintaqı onun tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs ilk gündən özünü təqsirli bilməsə də, aparılmış müvafiq istintaq hərəkətləri, avtotexniki ekspertiza rəyi, tərəflər arasında aparılmış üzləşmə, sübutların məcmusu ilə onun özünü təqsirli bilməməsi özünü müdafiə kimi qiymətləndirilmiş və ona ittiham elan olunmuşdur. Verilən sullara cavab olaraq şahid X3 bildirmişdir ki, hadisə yerinə baxış protokolunun olmaması əsası ilə materialın ilk dəfə onun tərəfindən geri qaytarılmasına münasibətdə qeyd edir ki, protokolun olmaması həmin protokolun ümumiyyətlə tərtib olunmadığı mənasına gəlmir. Bəzən materialların istintaqa təqdim olunması zamanı bəzi sənədləri əlavə etmək yaddan çıxa bilər ki, belə olan halda tərəflərindən raport yazılaraq material geri qaytarılır. Hadisə yerinin sxemində hansı yanlışlığın olmasına hazırda xatırlamır. Lakin, material ilkin olaraq qaytarıldıqdan sonra bütün çatışmazlıqlar aradan qaldırıldığı üçün icraata qəbul edilmişdir. Məhkəmədə əlavə şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Şahid3 ifadəsində göstərdi ki, hazırki cinayət işinin təhqiqatı onun tərəfindən aparılmışdır. Hadisə baş verən gün gündüz vaxtı təqsirləndirilən şəxsin, hadisə vaxtı zərər çəkmiş şəxsin yanında olan nişanlısının və yaxınlıqda tikinti aparan hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Təqsirləndirilən şəxsin avtomobili həmin vaxt hadisə yerində idi. Hal şahidlərinin adlarını onların özlərinin dediklərinə uyğun olaraq qeyd etmişdir. Hadisə yerini təqsirləndirilən şəxs özü göstərmişdir. Hadisə yerinin müayinə protokolunun ilkin olaraq istintaqa təqdim edilməməsi ilə bağlı qeyd edir ki, o, hadisə yerinin müayinə protokolunu hadisə baş verən gün tərtib etmişdir, lakin ola bilsin ki, sənədlərin çoxluğundan həmin protokol iş ilk dəfə istintaqa göndərilərkən sənədlərə əlavə edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 15 mart 2023-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi- Xırdalan yolunda baş vermişdir. Məlum olmuşdur ki, yolun ümumi eni 8 metrdir, 1-i gediş, 1-i gəliş olmaqla 2 hərəkət zolağı vardır. Hərəkət zolağının eni 4 metrdir. Hadisə yerində tormoz izləri və diqqət cəlb edən qırıntı və ya əşya aşkar olunmamışdır (i.v. 4-7); • 18.12.2013-cü il tarixli AE seriyalı, 404846 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir (i.v. 18); • 14.01.2019-cu il tarixli, AD 423848 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X4” minik markalı, 99RT705 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Təqsirləndirilən şəxsdur (i.v. 19); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X6 Binəqədi Rayon Şöbəsinin 4 may 2023-cü il tarixli “Ekspert Rəyi”ndən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sağ baldır sümüklərinin açıq yerdəyişmiş sınığı, sol dirsək oynağı nahiyyəsinin, sol diz oynağı nahiyyəsinin, sağ baldır nahiyyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X8” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 09:39-dan bir qədər əvvəl əmələ gəlmişdirlər və ümumilikdə sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə idarə etdiyi mopedlə minik avtomaşınının toqquşması nəticəsində əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri nəticəsində əmələ gələ bilmələri inandırıcı deyil (i.v. 31-33); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2023-cü il tarixli 8/1954 nömrəli rəyinə əsasən Renault Scenic markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır. (i.v. 45-47); • “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli Protokola əsasən “X4” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsinin və buferinin deformasiyaya uğraması müəyyən olunmuşdur (i.v. 55-56); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 82); • “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 128); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən iş üzrə “X4” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Jianshe №49” markalı moped iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü sahiblərinə təhvil verilməsi nəzərə alınmışdır (i.v. 133-139); • Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş iddia ərizəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə 9120 (doqquz min yüz iyirmi) manat pulun tutulması xahiş edilir (İ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 3-cü hissəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Həmin qərarın 11-ci hissəsinə uyğun olaraq CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Sözügedən qərarın 12-ci hissəsinə əsasən bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19-cu hissəsinə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəməyol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə saat 08:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “BC” kateqoriyalı AE 404846 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X4” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində yerləşən 179 nömrəli tam orta məktəbin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin (sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, manevr etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili manevr etdirməməli) tələblərinə riayət etməklə baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməməklə yol hərəkəti qaydalarını pozmuş, yolun sağ hissəsindən sol hissəsinə manevr edərkən arxadan eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Jianshe 49” markalı mopedlə toqquşaraq ehtiyatsızlıqdan sonuncunun sağ baldır sümüklərinin açıq yerdəyişmiş sınığı, sol dirsək oynağı nahiyyəsinin, sol diz oynağı nahiyyəsinin, sağ baldır nahiyyəsinin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi öz təsdiqini tapır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində hadisə baş verən zaman avtomobilinin dayanmış vəziyyətdə olması və özünün isə işlətdikləri dükanda olması ilə bağlı dediklərinə tənqidi yanaşaraq, hesab edir ki, Təqsirləndirilən şəxs bu yolla cinayət məsuliyyətindən və cəzadan yayınmağa çalışır. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar ilkin yoxlama materialları, zərər çəkmiş şəxsin və məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış keçirilməsi protokolu ilə təkzib olunur. Digər tərəfdən Təqsirləndirilən şəxs və məhkəmədə əlavə şahid qismində ifadə vermiş onun xalası Şahid2 Yusub qızı ifadələrində işlətdikləri dükanda hadisə yerini videoyazıya alan müşahidə kamerasının olmasını bildirsələr də, həmin müşahidə kameraları tərəfindən qeydə alınan hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə bu hissədə də təqsirləndirilən şəxsin ifadəsini qeyri-səmimi qəbul edərək bildirir ki, əgər həqiqətən də təqsirləndirilən şəxsdə baş vermiş hadisənin videogörüntüsü varsa və həmin videogörüntü onun təqsirsiz olmasını qeydə alıbsa, həmin görüntünün məhkəməyə təqdim edilməsi təqsirləndirilən şəxsin marağında olmalı idi. Lakin, məhkəmənin təklifinə baxmayaraq, təqsirləndirilən şəxs məhkəməyə hər hansı görüntü təqdim etməmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi məhkəmə tərəfindən özünümüdafiə xarakterli kimi qiymətləndirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanın ağırlaşdıran halların olmamasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini müəyyən müddətə idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə müvafiq olaraq onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.3-cü maddəsinə uyğun olaraq mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi mülki iddiada ona dəyən maddi ziyanın 1.300 manatını müalicə xərci, 1.400 manatını idarə etdiyi mopedin yararsız vəziyyətə düşməsi, 1.260 manatını müalicə aldığı dövrdə borc alaraq ödədiyi aliment məbləği, 2740 manatı isə əldən çıxmış fayda kimi qiymətləndirsə də, həmin məbləğdə maddi ziyan çəkməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, maddi zərər real zərər olmaqla, müvafiq təsdiqedici sənədlərlə sübut olunmalıdır. Eyni zamanda zərər çəkmiş şəxs iddia ərizəsində mənəvi zərərə dair qanunvericilik normalarını sadalamaqla kifayətlənmiş, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini qeyd etməmişdir. Bütün bu hallar isə əlavə araşdırma tələb edir ki, bunun da məhkəmə baxışının həddən arıtq uzanmasına səbəb olacağı istisna deyildir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 nömrəli Qərarının 72-ci bəndinin ikinci abzasına əsasən yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs iş üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına köçürülməli, maddi sübut kimi tanınmış “X4” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Jianshe №49” markalı mopedin sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 6 (ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli onun həmin müəssisədə qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin (X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “X4” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Jianshe №49” markalı mopedin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar