Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-310/2021 21.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, onun nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilən hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin CM-in 147-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətə cəlb olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbər şəxsləri barəsində şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuma xələl gətirən məlumatlar yaymaqla, ona qarşı qərəzli kompaniya aparmışdır. Belə ki, həmin şirkətdə 2021-ci ilin yanvar ayının 11-dən xəzinədar vəzifəsinə qəbul edilmişdir. Qəbul edildiyi zaman onunla müddətsiz əmək müqaviləsi imzalanmasına baxmayaraq, şirkət tərəfindən cəmi 1 ay sonra əsassız olaraq əmək müqaviləsinə xitam verilmişdir. Bu hal özü pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin qərarının pozulması ilə nəticələnməsinə baxmayaraq, işin əsas məğzi başqa olmuşdur. MMC-nin rəhbərinə etdiyi etirazlardan qərəzli mövqe duyan Nicat İbrahimov ona qarşı əvvəlcədən planlaşdırılmış tələni həyata keçirməyə başlamışdır. Nicat İbrahimov, əvvəlcə ona bildirmişdir ki, narahat olmağa əsas yoxdur, sadəcə olaraq pandemiya dövründə MMC-nin gəlirləri azaldığından əmək haqqını rəsmi şəkildə ödəmək onlara dövlət büdcəsinə ödənilən vəsaitin artmasına zəmin yaradır ki, bu da öz növbəsində MMC-nin gəlirlərinə təsir edir. X4 ondan xahiş etmişdir ki, bir müddət qeyri-rəsmi olaraq çalışsın və daha sonra hər şey qaydasına düşəcəkdir. Hətta Nicat bildirmişdir ki, MMC tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarının pozulduğunun fərqindədir və xahiş etmişdir ki, bu barədə heç kimə heç nə deməsin. Təxminən 2021-ci ilin 25-26 mart tarixlərində atası X5 məxsus 055 *** **** mobil nömrəsinə 055 *** **** mobil nömrəsindən zəng edərək özünü «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rəşad kimi təqdim şəxs atasına bildirmişdir ki, “oğlunuz Cavid MMC-nin kassasından 3500 manat pul götürmüşdür”. Atası bu barədə ondan soruşduqda o, belə bir şeyin əsla ola bilməyəcəyini demiş və bunu aydınlaşdırmaq üçün görüşmək isdədiyini bildirmişdir. Rəşad isə ona hələlik bu məsələnin şişirdilməsinə ehtiyac olmadığını, pul məsələsini ört-basdır etməsi üçün bir az pul gətirməsini bildirmişdir. O isə qəti şəkildə öz etirazını bildirmişdir. Bundan sonra atası ilə birlikdə məsələnin aydınlaşdırılması üçün MMC-nin Nərimanov rayonunda yerləşən ofisinə getmiş, həmin vaxt orada Nicat İbrahimov, Rəşad, Sərxan, Rəşadın atası kimi təqdim edilən şəxs, Fərid adlı şəxs və bir nəfər mülki geyimdə olan lakin Polis əməkdaşı kimi təqdim etdikləri şəxs olmuşdur. Onlar MMC-nin ofisində məsələnin aydınlaşdırılması ilə bağlı söhbət edərkən, Nicat İbrahimov ona hazırda kassadan 5-7 min arası pul çatmadığını demişdir. Onlar bununla bağlı akt tərtib etmişlər. Öz dilindən izahat yazaraq həmin məbləği qəbul etməsini, onlara pulu ödəməsini, yoxsa onu polisə şikayət edib tutduracaqlarını bildirmişlər. O və atası bu hala qəti şəkildə etiraz edərək həmin aktı tələb etmişlər və atası bildirmişdir ki, əgər belə bir şey vardırsa akt tərtib ediləndə hansı səbəbdən Cavid orada iştirak etməmiş və aktı imzalamamışdır. Akt belə əsaslandırılmışdır ki, guya o, şirkətində çalışdığı 4 ay ərzində kassadan 13540.17 qəpik pul mənimsəmişdir. Bunu isə guya özünün və yaxın qohumlarımın adın saxta hesab açmaqla həyata keçirmişdir. Bu isə həqiqətə uyğun olmayan yalan məlumatdır. Bundan başqa, Nicat ailəsinə və yaxın ətrafına yalan məlumat verməklə onu valideynlərinin və yaxın ətrafının yanında nüfuzdan salmış, barəsində həqiqətə uyğun olmayan əsassız şikayətlə onu cinayət törətməkdə ittiham etmişdir. Özü Ukrayna Respublikasında doğulmuş və 15 yaşınadək orada böyümüşdür. Bundan suiistifadə edən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi ona hədə-qorxu gəlmiş və aldadaraq yanlış izahat yazdırıb ondan əsasız olaraq pul tələb etmişdir. MMCnin təşəbbüsü ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən audit yoxlaması keçirilən zaman ora dəvət edilmiş və həqiqi halları öz izahatında qeyd etmişdir. Lakin buna baxmayaraq, bu gün də «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Nicat İbrahimov barəsində əsassız məlumatlar və saxta sübutlar yığmaqla ondan DİN-nin BMCMİ-nə şikayət ərizəsi ilə müraciət edəcəyi barədə hədələməkdə davam etmişdir. Barəsində həqiqətə uyğun olmayan məlumatlar verilməsi onun şərəf və ləyaqətini alçaltmış, hansı ki, ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayət ərizəsində göstərilənləri müdafiə edərək, məhkəmədən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin CM-in 147-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X7 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin CM-in 147-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, o, X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Bundan başqa subyekt fiziki şəxs olduğundan sözügedən şikayət cəmiyyətə qarşı verilməli deyildir. Ona görə də, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına təyin edilməməsini və şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamış, eləcə də «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin konkret olaraq hansı vəzifəli şəxs və ya şəxslərinin ona böhtan atmasını təsdiq edə biləcək hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs özü haqqında, yəni soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi barədə məlumatları şikayətində göstərməli olduğu halda, X8 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə özü haqqında məlumatları tam şəkildə qeyd etməməklə, yalnız soyadı, adı, atasının adını göstərmiş, yaşayış yeri barədə məlumatları isə düzgün göstərmişdir. Özü haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş digər zəruri məlumatlar isə sözügedən şikayətdə göstərilməmişdir. Bundan başqa, CPM-in 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi şikayətdə göstərilməli olduğu halda, X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə böhtan atılmasını, eləcə də həmin əməlin «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin hansı vəzifəli şəxs və ya şəxsləri tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilməmiş, həmçinin bu barədə iş materiallarına heç bir sübut əlavə olunmamışdır. Bundan başqa, CPM-in 293.3.4-cü maddəsində şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməli olsa da, X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə cinayətin törədilmə hallarına dair nə şahid ifadələri, nə hər hansı bir sənəd, nə də bunu təsdiq edəcək sübut göstərilməmişdir. Bununla yanaşı, X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin CM-in 147-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətə cəlb olunması xahiş olunsa da, şikayətdə şəxsin sözügedən maddənin hansı bəndinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi göstərilməmişdir. Bundan başqa CM-in 147-ci maddəsinin subyekti cinayət törədilən zaman 16 yaşına çatmış anlaqlı fiziki şəxs olmasına baxmayaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.02.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində CM-in 147-ci maddəsi ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-310/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-310/2021
21.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver