Məhkəmə qərarları › İş №1(001)-312/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-312/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-312/2023 05.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Göyçay rayonu Kürdşaban kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada qaynaqçı işləyən, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Kürdşaban kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Digah qəsəbəsi Xətai küçəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə saat 00:40-da “B1,B, C1, C” kateqoriyalı BD204503 nömrəli sürücülük vəsiqəsi əsasında texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektindəki “Araz” supermarketin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, yəni sürücünün yolun əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.3 üfüqi nişanlanma xəttini kəsib keçməməsi, avtomobilin öz hərəkət zolağı ilə hərəkətini təmin etməli və icazə verilən yerdən sola doğru dönmə əməliyyatı aparmalı olduğu barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozaraq qarşı istiqamətdən nəqliyyat vasitələrinin hərəkət etməsinə diqqət yetirmədən üfüqi nişanlanma xəttini kəsməklə dönmə əməliyyatı yerinə yetirərək həmin prospektlə öz yolu ilə hərəkət edən sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Moon ZX-AF 49 CC” markalı skuterin yoluna çıxaraq onunla toqquşmuş və nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beyinin orta-ağır dərəcəli əzilməsi, sol təpə və gicgah sümüklərinin kəllə əsasında keçən sınıqları, sağ tərəfli kəskin subdural hematoma, ənsə sümüyünün sinusun sağ tərəfli xətti sınığı ilə müşayiət olunan alın və təpə nahiyyələrinin əzilmiş yaraları, sol bazu oynağı nahiyyəsinin qançır və sıyrığı, sol dirsək oynağı, sol said, sağ və sol diz oynaqları, sağ və sol baldır nahiyyələrinin əzilmiş yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, «Opel Astra» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 17 iyul 2022-ci il tarixdə saat 00:40-da həmin avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ilə saatda 35-40 km sürətlə hərəkətdə olarkən əks istiqamətdə olan yaşayış evlərinin qarşısına dönməyi nəzərdə tutmuşdur. Bu zaman avtomobilin qabaq oturacağında sonra ona adının Gülnar olduğunu dediyi xanım təsadüf sərnişin olaraq əyləşmişdir, başqa sərnişin və yük olmamışdır. Həmin yolda maksimum sürət həddi saatda 60 km-dir. Həmçnin həmin yerdə yol asvalt örtüklüdür, düzdür və hərəkət iki tərəflidir, hadisə zamanı yol örtüyü quru olmuşdur. Hadisə baş verdiyi yerdə yolun hərəkət zolaqlarının sayı 4, qarşı istiqamətlərin arasında qoşa xətlər vardır. O, həmin prospektdə “Araz” supermarketin qarşısında manevr etmək üçün sola dönərək qoşa xəttin üzərindən keçib əks istiqamətli nəqliyyatın yoluna çıxarkən fikir verməmişdir ki, əks istiqamətdən hansı nəqliyyat vasitəsi gəlir, odur ki, bu zaman əks istiqamətdən öz yolu ilə gələn, Zərərçəkmiş şəxs idarə etdiyi “Moon ZX-AF 49 CC” markalı skuter qabaq tərəfi ilə onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfinə çırpılmışdır. Zərbənin təsirindən Zərərçəkmiş şəxs onun avtomobilinin qabaq alın şüşəsinə dəyib oradan yol örtüyü üzərinə yıxılmış və huşunu itirmişdir. Zərərçəkmiş şəxs tibbi yardımın göstərilməsi üçün zəng vurub X5 briqadasını çağırmışlar. Həkim briqadası gələn kimi o, da həkimlərlə birlikdə Zərərçəkmiş şəxs xəstəxanaya aparmış, hadisə barədə polisə məlumat vermiş və gəlmiş polis əməkdaşlarına özünün və avtomobilinin sənədlərini təqdim edərək hadisə yerinə qayıdaraq baxışda və keçirilən araşdırmada iştirak etmişdir. Habelə onun sərxoşluğu yoxlanılmışdır. Hadisə onun ehtiyatsızlığından baş vermişdir. Zərər çəkmiş şəxslə razılaşıb ona dəymiş ziyanı tamamilə ödəmiş və onun barəsində şikayətçi olmadığı barədə notarial qaydada təsdiq olunmuş ərizə almışdır. Zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bunu nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 aprel 2022-ci ildə atası Teyyub onun üçün “AFN TRADE” şirkətindən “Moon ZX-AF 49 CC” markalı skuter almışdır. Həmin skuterin mühərrik həcmi 49 kub/sm olduğundan bu skuterə dövlət qeydiyyat nişanı verilmir, idarə edilməsi üçün sürücülük vəsiqəsi tələb olunmur. 17 iyul 2022-ci il tarixdə gecə saat 00:40-da həmin skuteri Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ilə idarə edərək evlərinə gedirmiş. Skuterdə digər sərnişin olmamışdır. Hərəkət sürəti təxminən saatda 30-40 km olmuşdur. Bu zaman əks istiqamətdən gələn sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Opel Astra» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili onunla üzbəüz hərəkətdə olmasına baxmayaraq qəflətən dönmə əməliyyatı yerinə yetirərək onun qarşısına çıxmış və bu zaman o, heç bir manevr edə bilmədən Cahidin avtomobili ilə toqquşmuş və yerə yıxılaraq xəsarət almışdır. Sonra onu xəstəxanaya aparmışlar, o, komaya düşmüşdür. Təqsirləndirilən şəxs müalicəsinə maddi yardım göstərmiş, ona dəymiş zərəri tamamilə ödəmişdir. Ondan şikayət və tələbi olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizə yazmışdır. Bunu nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1). Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:40-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, “Araz” supermarketin qarşısında etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Opel Astra» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol nəqliyyat hadisəsini törətmişdir (i.v.6-10). Sürücülük vəsiqəsinin surətindən görünür ki, sürücü Təqsirləndirilən şəxs etibarlı olan “B1,B, C1, C” kateqoriyalı BD204503 nömrəli sürücülük vəsiqəsi vardır (i.v.12). Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/23791 nömrəli xx.xx.2022-ci il tarixli aktdan görünür ki, hadisə zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.15). Məhkəmə-tibbi ekspertizasının 30 iyul 2022-ci il tarixli 1592 nömrəli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyinin orta-ağır dərəcəsi əzilməsi, sol təpə və gicgah sümüklərinin kəllə əsasında keçən sınıqları, sağ tərəfli kəskin subdural hematoma, ənsə sümüyünün sinusun sağ tərəfli xətti sınığı ilə müşaiyət olunan alın və təpə nahiyyələrinin əzilmiş yaraları, sol bazu oynağı nahiyyəsinin qançır və sıyrığı, sol dirsək oynağı, sol said, sağ və sol diz oynaqları, sağ və sol baldır nahiyyələrinin əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X4” PHŞ-nə müraciət etdiyi xx.xx.2022-ci il saat 01:36-dan bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol- nəqliyyat hadisəsi zamanı idarə etdiyi mopedin avtomobil ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər (i.v.34-37). Məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının 25 yanvar 2023-ci il tarixli 8/147 nömrəli rəyindən görünür ki, «Opel Astra» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69- cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə “Moon ZX-AF 49 CC” markalı skuterin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqtəyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur (i.v.80-83). Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, «Opel Astra» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Moon ZX-AF 49 CC” markalı skuter maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə verilmişdir (i.v.88). Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin tarixdə həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.106-107). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v.120-124). Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 263.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və düzgün olaraq onun əməli Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 tərəfindən tərtib edilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmiş, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrini dinləyib, Zərərçəkmiş şəxs barışıqla bağlı ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin ikinci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.8-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Eyni Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda (zərər çəkmiş şəxslə barışma halı) məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən sonra qüvvədən düşmüş sayılır. Buna görə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış «Opel Astra» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Moon ZX-AF 49 CC” markalı skuterin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi1 cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 20 (iyirmi) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43.1, 43.3, 193, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin ikinci bəndinə əsasən zərərçəkmiş şəxslə barışıb dəymiş ziyanı tamamilə ödədiyindən CM-in 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Maddi sübutlar - «Opel Astra» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs və “Moon ZX-AF 49 CC” markalı skuterin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 120 (yüz iyirmi) manat ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar