Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-312/2024 03.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs1 qonaq gəldiyi Bakı şəhəri, Binəqədi rayonu, L.Abdullayev 5 ünvanında küçədə müvəqqəti saxladığı mülkiyyətində olan “VAZ-2106” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapılarının kilidinin açıq olmasını yoxlayıb bu barədə məlumatlı olduqdan sonra avtomobilin sürücü üçün nəzərdə tutulan hissəsinə aid qapını açaraq oturacağa əyləşib sükanın alt hissəsində olan elektrik naqillərini bir-birinə birləşdirməklə mühərriki işə salıb avtomobili idarə etməklə oradan uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmiş (qaçırmış) və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə həmin gün istintaqa məlum olmayan ərazidə həmin avtomobilin salonunda olan dəyəri 60 manat olan maqnitofonu, avtomobilin yük hissəsində dəyəri 55 manat olan nasos qurğusunu, dəyəri 40 manat olan ehtiyat təkəri və dəyəri 35 manat olan açar ləvazimat dəstini götürüb özgənin əmlakını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 190 (bir yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 04 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi 19 ünvanında yerləşən yaşayış binasının 1-ci girişinin qarşısında saxladığı mülkiyyətində olan dəyəri 800 manat olan “MOON” markalı mopedin sürətlər qutusunu neytral vəziyyətə gətirərək mopedi itələyib hərəkət etdirməklə özgənin əmlakını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 19 dekabr 2023-cü il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 308c ünvanında yerləşən “Tayqa” adlanan mağazanın qarşısında müvəqqəti saxladığı faktiki mülkiyyətində olan “VAZ-2106” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapılarının kilidinin açıq olmasını yoxlayıb bu barədə məlumatlı olduqdan sonra avtomobilin sürücü üçün nəzərdə tutulan hissəsinə aid qapını açaraq oturacağa əyləşib sükanın alt hissəsində olan elektrik naqillərini bir-birinə birləşdirməklə mühərriki işə salıb avtomobili idarə etməklə oradan uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir (qaçırmışdır). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, baxış, təqdim etmə və götürmə, ifadənin yerində yoxlanması protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, maddi sübutlar, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 185.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, L.Abdullayev küçəsi ilə piyada hərəkət edərkən, həmin küçədə yolun kənar hissəsində fərdi yaşayış evlərinin qarşısında saxlanmış ağ rəngli “VAZ 2106” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil diqqətini cəlb etmişdir. Avtomobilin yanından keçərkən qapısının açıq vəziyyətdə olduğunu görmüşdr. Avtomobil sürmək həvəsində olduğu üçün nəqliyyat vasitəsinin içərisində, eləcə də ətrafda kimsə olmamasından istifadə edərək, avtomobili qaçırmaq qərarına gəlmişdir. Vaxt itirmədən avtomobilin sürücü tərəfdən qapısını açıb salona daxil olmuşdur. Avtomobilin sükanının alt hissəsində olan elektrik naqillərin vasitəsilə mühərriki işə salmışdır. Bundan sonra avtomobillə bir neçə saat şəhərin mərkəzi tərəfində idarə etdikdən sonra yenidən həmin ünvana qayıdıb eyni vəziyyətdə saxlayıb avtomobildən enib uzaqlaşmışdır. Avtomobilə hər hansı zərər yetirmədən və tamlığını pozmadan həmin yerdə saxlamış və avtomobildən hər hansı qiymətli bir əşya oğurlamamışdır. Bundan başqa 04 dekabr 2023-cü il tarixdə saat 22 radələrində ünvan 4 ünvanının qarşısından keçərkən binanın 1-ci blokunun qarşısında saxlanmış vəziyyətdə olan göy rəngli “Moon-49” markalı mopedi görmüşdür. Həmin vaxtlar maddi imkanı olması səbəbindən mopedi oğurlayaraq satıb pul qazanmaq qərarına gəlmişdir. Bu məqsədlə ətrafa göz gəzdirmiş, kiminsə onu görmədiyin dəqiqləşdirdikdən sonra həmin mopedin sürətlər qutusunu neytral vəziyyətə gətirib əli ilə itələyərək oradan aparmışdır. Bir qədər uzaqlaşdıqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Azadlıq prospekti” metrostansiyasına çatmışdır. Orada yolda gördüyü tanımadığı dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı taksi fəaliyyəti göstərən avtomobillərdən birinə yaxınlaşmış və onu mopedlə birgə yaşadığı ünvana aparmasını xahiş etmişdir. Beləliklə həmin avtomobilin yük hissəsinə mopedi yerləşdirməklə yaşadığı ünvan 1 ünvanının həyətinə aparmışdır. Daha sonra mopedi satacağımı fikirləşib həmin həyətdə saxlamış, lakin sonradan törətdiyi əməldən peşman olmuş və mopedi satıb pula çevirmək fikrindən daşınmışdır. Daha sonra mopedi elə yaşadığı ünvanda həyətdə saxlamışdır ki, polisə təhvil verə bilsin. Tutulduqdan sonra da, həmin mopedi polis əməkdaşlarına saz vəziyyətdə təqdim etmişdir. Bundan başqa 19 dekabr 2023-cü il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 308C yerləşən “Tayqa” marketin qarşısında saxlanmış qırmızı rəngli “VAZ 2106” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq vəziyyətdə olmasını görmüşdür.Əvvəl də etdiyi kimi, həmin avtomobili bir qədər sürüb yerinə qoymaq istəmişdir. Bunun üçün sükan tərəfdə yerləşən qapıdan içəri keçib əyləşmiş, sükanın alt hissəsində yerləşən elektrik naqillərdən istifadə edib avtomobili işə salaraq oradan uzaqlaşmışdır. Avtomobili şəhərin mərkəzi istiqamətində bir neçə saat sürdükdən sonra təxminən iki saat sonra avtomobili “Azadlıq prospekti” metrostansiyasının yaxınlığında saxlayıb oradan uzaqlaşmışdır. Sonradan polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 23 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, L.Abdullayev küçəsində saxlanmış ağ rəngli “VAZ 2106” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini və 19 dekabr 2023-cü il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 308C yerləşən “Tayqa” marketin qarşısında saxlanmış qırmızı rəngli “VAZ 2106” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ələ keçirməkdə məqsədi müvəqqəti olaraq idarə edib, yenidən yerində saxlamaq olmuşdur. Buna görə də avtomobilləri bir müddət idarə etdikdən sonra həmin yerə qaytarıb eyni vəziyyətdə saxlamışdır. Bu əməlləri törədərkən avtomobilləri, eləcə də hissələrini talamaq və başqa niyyəti olmamışdır. 23 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, L.Abdullayev küçəsində qaçırdığım ağ rəngli “VAZ 2106” markalı **-EC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hər hansı ziyan yetirməmişdir. Avtomobili idarə etdikdən sonra qaytarıb yerində saxlamış və hər hansı detalına zərər vurmamışdır. Avtomobilin içərisində oğurlanacaq hər hansı dəyərli əşya olmamış və o, oğurlamaq niyyətində olmamışdır. 19 dekabr 2023-cü il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 308C yerləşən “Tayqa” marketin qarşısında saxlanmış qırmızı rəngli “VAZ 2106” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qaçırdıqdan sonra ona hər hansı formada ziyan yetirməmişdir. Həmin nəqliyyat vasitəsindən hər hansı hissə və ya əşya talamamış, ümumiyyətlə bu cür məqsədi olmamışdır. O, mopedi ələ keçirdikdən sonrakı gün satıb pula çevirməyi planlaşdırıb talasa da, sonradan peşman olaraq satmaq fikrindən daşınmış və polis tərəfindən nə vaxtsa saxlanıldıqdan sonra polisə təhvil verməyi fikirləşib yaşadığı evin həyətində saxlamışdır. “Moon-49” markalı, göy rəngli mopedi oğurladıqdan sonra yaşadığı evin həyətində saxladığını ailə üzvləri görsə də, cinayət yolu ilə əldə etdiyini bilməmişlər. O, həmin mopedi pul verməklə münasib qiymətə almağı barədə uydurduğu yalanla ailəsini aldatmışdır. Buna görə də nə ailə üzvləri, nə də başqa biri həmin mopedi oğurladığını, eləcə də nəqliyyat vasitələrini qaçırdığını heç vaxt bilməmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, fərdi olaraq usta kimi işləməklə dolanır. Evlidir və iki övladı vardır. “Vaz 2106” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli nəqliyyat vasitəsi 2021-ci ildən ona məxsusdur və avtomobili gündəlik olaraq idarə etmişdir. 23 noyabr 2023-cü il tarixdə saat 14 radələrində idarə etdiyi avtomobillə qohumu yaşayan ünvan 5 ünvanına getmiş və həmin avtomobili qeyd olunan ünvanın qarşısında küçədə normal qayda saxlamış, qapılarını kilidləyib qohumu yaşayan evə keçmişdir. Ancaq saat 16 radələrində avtomobilin yanına getmək üçün evin həyətindən çıxmışdır. Həmin vaxt avtomobilin saxladığı yerdə olmadığını görmüşdür. Ətrafa baxmış, lakin avtomobili tapmayıb narahat olmuşdur. Buna görə də vaxt itirmədən DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Ona avtomobilinin Zivərbəy Əhmədbəyov küçəsində yol-hərəkəti qaydasını pozması ilə əlaqədar cərimə olunması ilə bağlı bildiriş gəlmişdir. Həmin məlumat əsasında polis əməkdaşları hadisə yerinə gəlmiş və avtomobilinin yerinin müəyyən olunması məqsədi ilə müvafiq işlər aparılmışdır. Ancaq gecəni keçdikdən sonra, yəni 24 noyabr 2023-cü il tarixdə saat təqribən 03 radələrində həmin evin qarşısında, əvvəl saxladığı yerdə avtomobilin saxlandığını görmüşdür. Avtomobilə yaxınlaşıb içərisində sükanın aşağı hissəsində naqillər yerləşən hissənin sökülmüş olduğunu, maqnitofonun yerində olmadığını, avtomobilin yük hissəsinin sıxılaraq əzilmiş olduğunu, yük hissədə saxladığı nasos qurğusunun, ehtiyat təkərin və açar ləvazimat dəstinin yerində olmadığını görmüşdür. Ümumiyyətlə avtomobilin qabaq sağ və arxa sağ hissəsi də nisbətən zədələnmiş vəziyyətdə olmuşdur. Hadisə nəticəsində ona məxsus “Vaz 2106” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən 60 manat dəyərində maqnitofon, 55 manat dəyərində nasos qurğusu, 40 manat dəyərində ehtiyat təkər və 35 manat dəyərində açar ləvazimat dəsti oğurlanmışdır. Ona qeyd etdiyi əşyaların oğurlanması ilə 190 manat, avtomobilin qəzalı vəziyyətə salınması ilə 200 manat ziyan vurulmuş, həmçinin avtomobil qaçırıldığı müddətdə inzibati xəta törədilməsi ilə 20 manat məbləğdə cərimə olunmuşdur. Buna görə də ona avtomobili qaçırmış şəxs tərəfindən ümumilikdə 410 manat məbləğdə ziyan vurulmuşdur.Zərərçəkmiş şəxs1 məhkəməyə xx.xx.2024-cü il tarixdə teleqram ünvanlamış və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olsa da, ünvan 6 ünvanında yaşayır. 2021-ci ildə işlənmiş vəziyyətdə olmaqla “Moon-49” markalı mopedi təxminən 1000 manata almışdır. Həmin mopeddən istifadə edib idarə etmişdir. 04 dekabr 2023-cü il tarixdə axşam saat 19 radələrində idarə etdiyi mopedi yaşadığı ünvan 7 ünvanında yerləşən yaşayış binasının birinci girişinin qarşısında saxlayıb yaşadığı ünvana getmişdir. 05 dekabr 2023-cü il tarixdə səhər saat 05 radələrində yaşadığı ünvandan işə getmək üçün məhəlləyə düşəndə görmüşdür ki, özünə məxsus moped saxladığı yerdə deyildir. Bundan sonra dərk etmişdir ki, həmin moped naməlum şəxs tərəfindən oğurlanmışdır. Bu səbəbdən baş vermiş hadisə barədə DİN-in 102 xidməti zəng mərkəzinə müraciət etmiş və məlumatla bağlı polis əməkdaşları olduğu ünvana yaxınlaşmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 1000 manat məbləğində maddi ziyan dəymişdir. 2024-cü ilin yanvar ayının 16-sı onunla telefon vasitəsilə polisdən əlaqə saxlayıb məlumat vermişlər ki, ona məxsus moped tapılmış və həmin cinayət hadisəsini törədən şəxs saxlanılmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 1000 manat məbləğində maddi ziyan dəymişdir. Moped tam saz vəziyyətdə olmuş, hər hansı görünən zədəsi və ya əziyi olmamışdır. Lakin moped polis əməkdaşları tərəfindən aşkar edildikdən sonra məlum olmuşdur ki, moped, yararsız hala düşmüşdür. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixində ərizə ünvanlanmış və Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşmançılığını nəzərə alaraq öz aralarında barışıq əldə olunduğunu bildirmiş və barışığı nəzərə alaraq onu zərərçəkmiş qismində məhkəmə prosesindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-ə məxsus avtobusun sürücüsü kimi işləyir. Evlidir və bir övladı vardır. “Vaz 2106” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli nəqliyyat vasitəsi 2023-ci ilin iyun ayından idarə edir. Həmin avtomobili işlədiyi müddətdə "xxxx" MMC-nin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 308C ünvanının qarşısında, “Tayqa” mağazasının yaxınlığında saxlamışdır. Sonuncu dəfə 19 dekabr 2023cü il tarixdə saat 05 radələrində həmişə olduğu kimi işlədiyi yerə getmiş və idarə etdiyi “Vaz 2106” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili həmişəki yerdə “Tayqa” mağazasının yanında saxlamışdır. Həmin yer yolun kənarında olsa da, onun kimi başqa şəxslər də avtomobil saxlamışdır. Normal qaydada işlərini görüb bitirdikdən sonra saat 11 radələrində avtomobilin yanına qayıtmış və avtomobilin yerdə olmadığını aşkar etmişdir. Ətrafdan avtomobil haqda maraqlansa da, kiminsə məlumatı olmadığını bilmiş və bir qədər sonra avtomobilin naməlum şəxs tərəfindən qaçırılması barədə DİN-nin “102” xidmətizəng mərkəzi sisteminə məlumat vermişdir. Müvafiq sənədləşmə işləri aparılmış və polisə olan müraciəti nəticəsində bir müddət sonra avtomobilin kimsəsiz formada “Azadlıq prospekti” metrostansiyası yaxınlığında məhəllələrin arasında qapıları kilidsiz formada saxlandığı bildirilişdir. O, avtomobili Binəqədi RPİ-nin 4-cü PŞ əməkdaşlarından normal qaydada təhvil almışdır. Hadisə nəticəsində ona məxsus “Vaz 2106” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən nə isə oğurlanmamış və avtomobilə hər hansı zərər vurulmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 185.2.2-ci maddələri ilə başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin cinayət hadisəsini törətməkdə Azərbaycan Respublikası CM-nin 177.1 və 185.2.2-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixdə törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-48/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə 03 (üç) ay, yəni 16 aprel 2024-cü il tarixdək müddətə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1 və 185.2.2-ci maddələrindən həmin Məcəllənin 177.2.2 və 185.2.2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 185.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, 23 noyabr 2023-cü il tarixdə “VAZ-2106” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 9 ünvanından qaçırılmışdır. xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, xx.xx.2023cü il tarixdə “Moon-49” markalı mopedin oğurlanması hadisəsi ünvan 4 yaşayış binasının 1-ci girişinin qarşısında baş vermişdir. xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, 19 dekabr 2023-cü il tarixdə “VAZ-2106” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 308c ünvanında yerləşən “Tayqa” marketin qarşısında saxlanılmış və qeyd olunan ünvandan qaçırılmışdır. xx.xx.2024-cü il tarixli “Təqdim etmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus “Moon” markalı mopedi könüllü olaraq təhqiqata təqdim etmişdir. xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus ağ rəngli “VAZ-2106” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil müayinə olunan zaman avtomobilin salonda olan maqnitofonun yük yerində olan ehtiyat təkərin, nasos qurğusu və açar dəstinin yerində olmaması aşkar edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/323 nömrəli rəyində göstərilmişdir ki, analoji malların markasına, modelinə və orta texniki xüsusiyyətlərinə uyğun olaraq ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd göy rəngli 2019-cu ildə Koreyada istehsal olunmuş Mon markalı 49 kubluq mopedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq zədələnməmişdən əvvəl normal vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 800 manat müəyyən edilir. Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Moon-49” markalı moped 17 yanvar 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılması nəzərə alınmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus ağ rəngli “VAZ-2106” markalı **-EC- *** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs3 məxsus qırmızı rəngli “VAZ-2106” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil 17 yanvar 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılması nəzərə alınmışdır. xx.xx.2023-cü il tarixdə diskə baxış keçirilməsi protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə əynində boz rəngli şalvar, ağ rəngli gödəkcə, kürəyinə keçirilmiş vəziyyətdə qara rəngli bel çantası və ağzında siqaret olan bir nəfər kişi cinsindən olan şəxsin ünvan 9 ünvanında dayanmış vəziyyətdə olan ağ rəngli “Vaz-2106” markalı avtomobilə yaxınlaşaraq avtomobilin sürücü tərəfdən qapısını açaraq sükan arxasına əyləşməsi və həmin şəxsin gecə vaxtı yenidən avtomobili götürdüyü yerə gətirib saxlaması olunmuşdur. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ünvan 9 ünvanında keçən avtomobil yolunun kənarında saxlanmış vəziyyətdə olan ağ rəngli “Vaz-2106” markalı avtomobilin qapısını açaraq avtomobilə əyləşən və avtomobili qaçırıb idarə etdikdən sonra yenidən gətirib əvvəlki yerində saxlayan şəxsin özü olmasını bildirmişdir. 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisənin görüntüsü olan 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 22 fevral 2024-cü il tarixli tələbnamədən və iş materiallarına əlavə edilmiş hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 02 ay 19 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2023-cü il tariixdə cəzasını çəkib qurtarmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-74/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən sonuncunun istintaq zamanı tutulduğu 01 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 08 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1822/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-74/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) təkrar törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. AzərbaycanRespublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilətətbiqedilir; 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən ikisi ilə barışıq əldə etməsini və ondan heç bir şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə CM-nin 177.2-ci və 185.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadəsinə, zərər çəkmiş şəxslərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi sübuta yetirilir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci və 185.2.2-ci maddələrinə tövsif edilmişdir. X3 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, «CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır.” Həmin qərarın 20-ci bəndində isə göstərilmişdir ki, “cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır.” Məhkəmə hesab edir ki, qeyd olunan cəzanın çəkilmə müddətinin əvvəlinin müəyyən edilməsi təyin edilmiş cəzanın həddinə təsiri olmasa da, məhkum olunmuş şəxsin sonrakı hüquqi vəziyyətinə təsiri baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-74/2024 nömrəli hökmü ilə təyin olunmuş 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli tutulduğu andan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-74/2024 nömrəli hökmü ilə məhkum olunduğu cinayət işi üzrə tutulduğu 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. İş üzrə maddi sübut - bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış əşyaların zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 324 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə ediləsi əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-74/2024 nömrəli hökmü ilə təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-74/2024 nömrəli hökmü ilə məhkum olunduğu cinayət işi üzrə tutulduğu 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 16 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Moon-49” markalı mopedin sahibi Zərərçəkmiş şəxs2, “VAZ-2106” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs1, VAZ-2106” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və müsadirə ediləsi əmlak yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 54 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 324 (üç yüz iyirmi dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-312/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-312/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver