Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-312/2025 03.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Abasova Gülbadam Kazım qızının və X7 və onun nümayəndəsi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.2-ci maddəsi ilə və Abasova Gülbadam Kazım qızının CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X5 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 147.2-ci maddəsi və Abasova Gülbadam Kazım qızının eyni Məcəllənin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-657/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə qeyd edilən şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Bu qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli 1(001)-657/2024 saylı qərarının ləğv edilərək, tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2025-ci il tarixli 1(103)-427/2025 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli 1(001)-657/2024 saylı hazırlıq iclasının qərarının ləğv edilməsi və şikayətin icraata qəbul edilməsi məsələsinə baxılması üçün xüsusi ittiham qaydasında verilmiş şikayətin ona əlavə edilmiş sənədlərlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər Abasova Gülbadam Kazım qızı və X13 birgə kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 1(102)-1290/2025 saylı qərarı ilə Abasova Gülbadam Kazım qızı və X13 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2025-ci il tarixli 1(103)-427/2025 saylı qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmişdır. X5 tərəfindən məhkəməyə verilmiş xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X13 və Abasova Gülbadam Kazım qızı sosial şəbəkələrdə müsahibə verərkən onun haqqında həqiqətə uyğun olmayan məlumatlar səsləndirmişdirlər. Belə ki, xx.xx.2024-cü il tarixdə Şirin Abasov və Gülbadam Abasova Azərbaycan Respublikası Vəkillər Kollegiyasının inzibati binasının qarşısında guya onların evini satdırdığını, onlardan 30.000 (otuz min) manat rüşvət aldığını, Zərdabi adlı jurnalist vasitəsi ilə dələduzluq edərək əlavə olaraq 53.500 manat məbləğində pullarını ələ keçirdiyini, onlara hədə-qorxu gəldiyini, ümumilikdə 83.500 manat məbləğində pullarını alıb qaytarmadığını bildirmişdirlər. 07 dəqiqə 11 saniyəlik videogörüntüdə ondan 83.500 manat məbləğində pul və ev tələb etmişdirlər. X9 hüquqlarının müdafiəsi Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində, Binəqədi Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, ARzərbaycan Respublikasının Ali Məhkəməsində tərəfindən həyata keçirilmişdir. O, Şirin Abasovdan, Gülbadam Abasovadan, Lətif Abasovdan müqavilədən kənar pul almamışdır. Heç vaxt onlardan işin müsbət nəticələnməsi üçün pul almamış və istəməmişdir. Onlar yalnız ona 2000 manat xidmət haqqı ödəmişdirlər. Təxminən 1 ay 15 gün bundan qabaq telefon danışığı zamanı qeydə aldığı və şikayətə əlavə etdiyi 2 dəqiqə 23 saniyəlik səs yazısından görünür ki, o, Şirin Abasova zəng edib ona pul verib-vermədiyini soruşmuş, sonuncu isə cavabında ona pul vermədiyini dəfələrlə demişdir. Əlavə olaraq bildirmişdir ki, “İndi Zərdabi deyir ki, pulu vermişəm Adəmə”. X17 pul vermədiyini, Zərdabinin indi belə dediyi üçün ondan şikayət etdiyini etiraf etmişdir. Bundan başqa Şirin Abasov tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırova yazılmış ərizədən də görünür ki, müqavilədən kənar pul almadığı, Lətif Abasova keyfiyyətli hüquqi yardım göstərdiyi, Zərdabi adlı jurnalistlə aralarında yaranmış mübahisəyə onun heç bir aidiyyatının olmadığı qeyd edilmişdir. Həmin ərizə əsasında 2023-cü il tarixdə AR Vəkillər Kollegiyasında araşdırılma aparılmış və şikayət rədd edilmişdir. Belə ki, X12 yazdığı şikayətlərdə vəkil kimi onun də adını çəkdiyi üçün şikayət araşdırılması məqsədi ilə AR Vəkillər Kollegiyasına göndərilmişdir. O, Şirin Abasovun ondan şikayət etdiyini zənn edərək məsələni aydınlaşdırmaq üçün onları ofisinə çağırmışdır. Tərəfindən şikayətə əlavə olunan 23 dəqiqə 36 saniyəlik səs yazısından görünür ki, o, Şirin Abasov və Gülbadam Abasova arasında qeyd olunan məsələ ilə bağlı danışıq gedir. Həmin səs yazısının məzmunundan aydın olur ki, Şirin Abasov və Gülbadam Abasova yalnız Zərdabidən şikayətçidirlər, onun onlardan pul almadığı heç bir şübhəyə yer qalmadan təsdiqlənmişdir. Hətta o, onlara onun adını çəkdikləri, guya onların pullarını ələ keçirdiyi görüntüsü yaratdıqları üçün irad bildirmişdir. Səs yazısının 23-cü dəqiqəsindən etibarən görünür ki, onlara iradına Gülbadam Abasova cavab olaraq bildirmişdir ki, “tövbə tövbə sənin adın olmayıb heç vaxt.” Şirin Abasov isə cavabında bildirmişdir ki, “Adəm sən öl elə şey olmayıb”. Səs yazısının məzmunundan tam aydın olur ki, o, onlardan qətiyyən müqavilədən kənar pul almamışdır. Onlar yaranan mənzərə üçün onun könlünü belə almağa çalışmışlar. xx.xx.2024-cü il tarixdə sosial şəbəkədə yayılan videogörüntüdə isə Şirin Abasov və Gülbadam Abasova guya ona 30.000 manat məbləğində pul verdiklərini, guya işi həll etmək üçün onlardan pul aldığını bildirmişlər. Bu zaman sual yaranır ki, əgər o, onlardan 30.000 manat məbləğində pul almışdırsa, niyə aramızda gedən söhbət əsnasında bir dəfə belə olsun məndən 30000 manat istəmirlər. Hətta 23 dəqiqəlik səs yazısının 20-ci dəqiqəsinin 40-cı saniyəsindən 20-ci dəqiqəsinin 55ci saniyəsinədək olan hissədən görünür ki, Gülbadam Abasova demişdir ki, “sənə qurban olum kaş bizi əvvəlcədən çağırıb deyərdin budu budu”. Yəni Gülbadam onun əvvəlcədən çağırıb onlardan pul istəmədiyindən, işi qeyri-qanuni yollarla həll etmək istəmədiyindən heyifsilənmişdir. Həmçinin səs yazısının 16-cı dəqiqəsinin 30-cu saniyəsindən 17-ci dəqiqəsinin 30-cu saniyəsinədək olan hissədə görünür ki, Gülbadam Abasova demişdir: “Biz Zərdabidən başqa heç kimə pul verməmişik.” Bundan başqa tərəfindən təqdim olunan 2 dəqiqə 17 saniyəlik səs yazısından görünür ki, Şirin Abasovla aralarında danışıq baş tutmuşdur. Şirin Abasov onun daim ona maddi yardım göstərdiyini etiraf etmişdir. Hətta özü ona sual vermişdir ki, “Adəm, mən sənə pul vermişəm?”. Ona bildirmişdir ki, “mən olanı danışıram, mən sənə pul verməmişəm.” Bütün bunlara baxmayaraq bu gün sosial şəbəkələrdə məlumat yayır ki, guya şəxsən ona 30.000 manat vermiş, guya Prezidentin bağışladığı evi satdırmışdır. Təxminən 2 ilə yaxındır ki, Zərdabidən şikayət edən Şirin Abasov və Gülbadam Abasova indi ondan şikayət edir. Zərdabiyə onların pul verib-verib məməsindən onun xəbəri olmamışdır. O, bu hala şahid olmamışdır. Hətta məsələni aydınlaşdırmaq üçün onlarla ofisdə görüşmüşdür. Şirin Abasov onun yanında Zərdabidən müxtəlif məbləğlərdə pul istəmişdir. Zərdabi isə israrla pul almadığını demişdir. Zərdabi də həmişə öz növbəsində ona bildirmişdir ki, onlardan heç vaxt pul almamışdır, üzərinə şər atırlar. Şirin Abasov da ona Zərdabinin onlardan pul aldığın təsdiqləyən heç nə təqdim etməmişdir.O, onlardan müqavilədən kənar pul almamışdır. X11i olduğunu biləndən sonra hər maddi yardıma ehtiyacı olanda hissə-hissə təxminən 3000 manat məbləğində köməklik etmişdir. O, da şəhid oğlu olduğu üçün Şirin Abasovun vəziyyətini başa düşmüş, qazi və şəhid ailələrinə həmişə həssas yanaşmışdır. O, Azərbaycan Respublikasının Prezidentinin qaziyə bağışladığı evi satdıracaq qədər ağılsız, savadsız və vicdansız deyil. 22 illik təcrübəsi olan peşəkar bir hüquqşünas kimi bu məsələnin sonunda həmin şəxslərin ondan şikayətçi olacaqlarını və məsuliyyəti yaranacağını dərk etmişdir. Şəhid ailəsi olduğu üçün bağışlanan evdən imtina etmişdir. Onlara bağışlanılan evdən imtina edən o, heç vaxt bir qazinin evinə, puluna göz dikməmişdir. Həmin videoda Gülbadam Abasova və Şirin Abasov onu cinayət törətməkdə ittiham etmişdir. Onların kütləvi informasiya vasitələrində, sosial platformalarda heç bir sübuta və əsasa söykənməyən, şər-böhtan dolu ifadələri onun bir hüquq müdafiəçisi olaraq şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ciddi şəkildə xələl gətirməkdədir. Hansı ki, bir vəkilin müvəkkili ilə arasındakı ilkin münasibət yaranmış inam üzərində qurulur. Eyni zamanda vəkilin peşəkar və uğurlu fəaliyyəti onun nüfuzunu formalaşdırır. Əlbəttə ki, bir qazinin pulunu mənimsəməkdə ittiham olunan vəkillə heç kim müqavilə bağlamaq istəməz. Hazır ki gündə həmin videoya yüz minlərlə izləyici tərəfindən baxış olmuşdur və bu baxış sayı gün keçdikcə artmaqda davam edir. Yəni “tik-tok” və “youtube” sosial şəbəkəsində bir qazinin evini satdırdığına dair yaydıqları məlumatla onlar onun işgüzar nüfuzuna xələl yetirmişlər. Onların AR VK-nın inzibati binasının önündə verdiyi müsahibə “tik-tok” sosial şəbəkəsində “criminal.az” hesabından paylaşılmış və həmin videoya 407.000 (dörd yüz yeddi min) baxış olmuşdur. Həmçinin həmin video “yotube” sosial şəbəkəsində “kanal 15” hesabından paylaşılmışdır. Onlar tərəfindən haqqında səsləndirilən həqiqətə uyğun olmayan fikirlərə bu qədər sayda baxış olması insanlarda barəsində yanlış təsəvvürlər yaradır. Nəzərə alsaq ki, bir hüquq müdafiəçisi olaraq işgüzar nüfuzuna xələl gəlməsi hazırki müvəkkillərində də barəsində mənfi təəssürat yaranmasına səbəb ola bilərdi. O, özü şəhid ailəsinin üzvüdür, Azərbaycan Respublikasının yeganə şəhid hakimi X1 övladıdır. Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri nəzərə alınaraq Zərdab şəhərinin mərkəzi küçələrindən birinə şəhid hakim Məhərrəm Məmmədovun adı verilmişdir. Məhərrəm Məmmədovun 24 avqust 1993-cü il tarixdə Füzuli rayonunun İ Mahmudlu kəndi yaxınlığında, “Kültəpə” deyilən yerdə qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı başlanmış cinayət işi nəticəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Arkadi Qukasyan, Bako Saakyan, “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan, Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan, Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış X4 ittiham elan edilmişdir. O, həmin cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi olaraq tanınmışdır. Hazırda cinayət işi şəxsən Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevin xüsusi nəzarətindədir. Cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində yekunlaşmaq üzrədir. Yəni bu gün bir qazinin evini satdırmaqda ittiham olunmağı tək onun yox bütün ailəsinin nüfuzuna xələl yetirir. O, şəhid ailəsinin üzvü olaraq qazinin evini satdırıb pulunu ələ keçirməkdə ittiham olunur. Gülbadam Abasova və Şirin Abasov da daxil olmaqla heç kimin onun şərəf və ləyaqəti, eləcə də işgüzar nüfuzu haqqında bu cür, xüsusilə də bir qazinin evini satdırdığına dair ifadələr işlətməyə haqqı yoxdur. X6 guya onu “öldürtdürəcəyəni, dilini kəsdirəcəyini” deyərək ona hədə-qorxu gəldiyini bildirmişdir. Yəni onu hədə-qorxu ilə külli miqdarda əmlakı tələb etməkdə ittihamda edir. X20 oşlu və Abasova Gülbadam Kazım qızı yalan olduğunu bilə-bilə həmin məlumatları sosial şəbəkə vasitəsi ilə yayaraq məni xüsusilə aşır cinayət törətməkdə ittiham edib ona böhtan atmışlar. Kütləvi informasiya vasitələri ilə yayılmış məlumatlardakı cümlə və ifadələrdən də göründüyü kimi onlar məni külli miqdarda rüşvət almaqda (CM-in 311.3.3-cü maddəsi), vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə-nüfuz alverində (CM-in 312-1.1-ci maddəsi), hədə-qorxu ilə külli miqdarda əmlak tələb etməkdə (CM-in 182.3.2-ci maddəsi), qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda pulunun dələduzluq edərək ələ keçirməkdə (CM-in 178.3.2-ci maddəsi) ittiham etmişlər. Gülbadam Abasova və Şirin Abasovun onun haqqında səsləndirdikləri böhtan xarakterli məlumatlar, Gülbadam Abasovanın onun haqqında səsləndiriyi nalayiq ifadələr həm kütləvi informasiya vasitələrində yayılmış, həm də 2 nəfərdən artıq şəxsin toplandığı yerdə yayılmışdır. Belə ki, videoya diqqətlə nəzər yetirdikdə görünür ki, inzibati binanın qarşısında Şirin Abasov, Gülbadam Abasova, onlardan müsahibə alan jurnalist və əlahiddə çevik polis alayının əməkdaşları vardır. X22 danışıq əsnasında bildirir ki, “İndi də xanım, əgər bu gün yenə də məni Anar müəllim qəbul eləməsə, yəni polislər bizim fəxrimizdi, söz yox qulağı da eşidir, mən bu gün burda özümə qəsd eləyəcəm.” Yəni orada ən azı 4-5 nəfər olduğu öz təsdiqini tapır. Şirin Abasov da orada polis əməkdaşlarının olduğunu və danışılanları eşitdiklərini təsdiqləyir. Video “tiktok” və “youtube” sosial şəbəkəsində yayıldığı üçün şikayət Gülbadam Abasova və Şirin Abasovun qeydiyyatda olduğu ərazi üzrə Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Odur ki, X8 CM-in 147.2-ci maddəsi və Abasova Gülbadam Kazım qızının CM-in 147.2 və 148ci maddələri cinayət məsuliyyətə cəlb edilməsi və həmin maddələrin sanksiyalarında nəzərdə tutulan ən ağır cəzaya məhkum edilmələri xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X5 bildirmişdir ki, o, xüsusi ittiham qaydasında şikayətini kifayət qədər əsaslandırmışdır. Həm də səs yazılarını əlavə etmiş, həmin səs yazıları Şirin və Gülbadam ilə aralarında olan dialoqlar ilə bağlıdır. Xüsusi ittiham qaydasında təqdim etdiyi şikayət qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və bütün sübutlar təqdim olunmuşdur. Tarix qeyd olunmuş və özü tərəfindən də imzalanmışdır. Onun ilkin olaraq təqdim etdiyi sübutlar mötəbərdir. Əsaslandırdığı sübutlar da məhkəməyə təqdim edilmişdir. Xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 məhkəmə iclasının gedişində xüsusi ittiham qaydasında verdiyi şikayətdə yenidən düzəlişlər edilməsi üçün şikayətini geri götürmək istədiyini bildirmiş və bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin hazırlıq iclasında Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayətdə yayılmanın vaxtı göstərilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətin ilk səhifəsində və 2-ci abzasda qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə Vəkillər Kollegiyasına gedib, orada həmin fikirləri səsləndirmişlər. Nəzərə alınsaydı ki, Adəm Məmmədov Vəkillər Kollegiyasında olan yayılmaya istinad edir, o zaman şikayət Kollegiyanın olduğu inzibati binasının yerləşdiyi yer üzrə verilməli idi. Eyni zamanda xüsusi ittiham qaydasında şikayətin 5-ci və ya 6-cı səhifəsində qeyd olunmuşdur ki, Tiktok sosial şəbəsəkində “Criminal.az” saytından paylaşım edilib və 407.000 baxış olmuşdur. Həmin Tiktok sosial şəbəkəsində xəbərin paylaşım edilməsi tarixi isə göstərilməmişdir. Xüsusi ittiham qaydasında şikayətlərdə isə məlumatın yayılma vaxtı dəqiq göstərilməlidir. Məhkəmə iclasının gedişində Nümayəndə xüsusi ittihamçı tərəfindən şikayətin geri götürülməsinə etiraz etdiyini, xüsusi ittiham qaydasında şikayətin düzgün tərtib olunmadığını, şikayətin məhkəmə tərəfindən icraata götürülməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X14 nümayəndəsinin dedikləri ilə razı olduğunu bildirməklə xüsusi ittiham qaydasında şikayətin məhkəmə tərəfindən icraata götürülməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Abasova X3 Adəm Məhərrəm oğlu tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı X5 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, tərtib etdiyi xüsusi ittiham qaydasında olan şikayətində barəsində yayılmış məlumatın vaxtı göstərilməmişdir. Bu səbəbdən də tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə düzəliş edilməsi üçün ərizəsini geri götürür. Məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinin geri qaytarılması xahiş edilməsi, həmçinin həmin şikayətinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, X5 özü də ərizə verərək xüsusi ittiham qaydasında şikayətində məlumatın yayılma tarixi göstərilmədiyi üçün düzəlişlər etmək məqsədi ilə şikayətini geri götürmək istədiyini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, şikayətdə videonun “Tiktok” və “Youtube” sosial şəbəkəsində yayıldığı göstərilmiş, lakin hansı tarixdə yayılması qeyd edilməmişdir. Halbuki, CPM-nin 293.3.2-ci maddəsində şikayətdə törədilmiş cinayət barədə məlumatlar, o cümlədən cinayətin nə vaxt törədilməsinin göstərilməli olduğu konkret olaraq göstərilmişdir Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittihamçı öz şikayətində X8 ona ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atdığını, Abasova Gülbadam Kazım qızının isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaqla yanaşı, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında onu təhqir etdiyini göstərmişdir. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında təhqir yaxud böhtan cinayətlərinin törədilməsi hallarında cinayət əməlinin törədildiyi vaxt həmin təhqir yaxud böhtanı ehtiva edən paylaşımın (video, şəkil, status, məqalə və s.) kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayıldığı vaxtdır. Hazırki xüsusi ittiham qaydasında şikayətdə isə Adəm Məmmədov şikayətində göstərdiyi 07 dəqiqə 11 saniyədən ibarət videonun hansı tarixdə “Tiktok” və “Youtube” sosial şəbəkələrində yayıldığını göstərməmişdir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X8 barəsində CM-in 147.2-ci maddəsi və Abasova Gülbadam Kazım qızının barəsində CM-in 147.2 və 148-ci maddələri ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X8 və Abasova Gülbadam Kazım qızının cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə və Abasova Gülbadam Kazım qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilmələri haqqında X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-312/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-312/2025
03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver