Məhkəmə qərarları › İş №1(001)-313/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-313/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-313/2021 20.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 43, ev 483 ünvanda yaşayan, baxılan iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Binəqədi Rayon Məhkəməsinin 4(001)-652/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviriəsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 04.03.2021-ci il tarixdə saat 12.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən “Lallar fabiriki” adlı yerin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Səbuhi” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,239 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 19:30 radələrində Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 3 ünvanda yerləşən 182 saylı tam orta məktəbin arxasında saxlanılıb oradan ünvan 4 ünvanda yerləşən 43-cü Polis Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0,239 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 04 mart 2021-ci il saat 19:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 182 saylı orta məktəbin yaxınlığında olan zaman iki nəfər tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir.Polis əməkdaşları ona bildirmişlər ki, narkotik vasitə və psixotrop maddələrin saxlanmasında şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər.Buna görə də onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişdirlər, orada ona müdafiəçi təyin olunmuşdur.Lakin müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi baxış və axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təklif olunmuş, daha sonra video çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli selleofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümü açmaq təklif olunmuşdur.O, həmin bükümü açaraq içərisində olan qəhvəyi rəngli tozşəkilli maddəni göstərərək onun narkotik vasitə olan heroin olduğunu bildirmişdir.O, həmin narkotik vasitə olan heroini 04.03.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən “Lallar fabiriki” adlı yerin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Səbuhi” adlı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir.Həmin büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 04 mart 2021-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Nətavan küçəsi, döngə 1, ev 3-də qeydiyyatda olan və Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 43, ev 483-də yaşayan «Mahir» adlı şəxsin narkotik üzərində narkotik vasitələr gəzdirməsi, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, «Mahir» adlı şəxsin cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, həmin şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq, 04 mart 2021-ci il tarixli qərar qəbul edilməklə 43-cü polis bölməsinin rəisi polis polkovnik-leytenantı Nəriman Bayramov tərəfindən 04 mart 2021-ci il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə, Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə kiçik inspektoru polis serjantı Şahid2 da həmin qrupa daxil edilmiş, qeyd olunan tədbiri isə özü və Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə kiçik inspektoru polis serjantı Şahid2 ilə birlikdə keçirməyə qərar verilmişdir. Birlikdə 04 mart 2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 182 saylı tam orta məktəbin arxasında olarkən «Mahir» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsində şübhəli olduğunu deyərək sonuncunu saxlayıb 43-cü Polis bölməsinə aparmışlar. Bu barədə polis bölməsinin rəisinin adına raport tərtib edərək, bölmə rəisinin göstərişi əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİnin 43-cü Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru Emil Abbaszadəyə təhvil vermişlər. Sonra baş təhqiqatçı tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə ekspert-kriminalist X4 dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükülünü açmaq təklif olunmuş, sonuncu həmin bükülünün narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Belə ki, baxış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini 04.03.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən “Lallar fabiriki” adlı yerin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Səbuhi” adlı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd büküm boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncuya qarşı zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə kiçik inspektoru polis serjantı Şahid2 da Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 05.03.2021-ci il tarixli 6/902 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N-234” möhür əksi, “Təqsirləndirilən şəxs..” və.s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,239 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»-in İ siyahısına daxildir. İş materiallarında olan ambulator Azərbaycan Respublikası Səhiyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının 15.04.2021-ci il tarixli, 1131 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalı, cəza təyin edilərkən cinayətin xarakteri, ağırlıq dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narotik vasitənin miqdarı nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki. cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır.Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların 1 siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitə - heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olmuşdur. Onun narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəzaya uyğun cəza təyin edilməsi, artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması ilə nəticələnə və cəzanın fərdiləşdirilməsi prinsipinə zidd ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsi, üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı nəzərə alınmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək həbsdə olduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona yekun olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Emil Abbaszadə tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdə tutulmuşdur. Bundan sonra, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Ramil Qabulov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 06 mart 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, AR CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs az ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 20 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunduğundan onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və onun barəsində başqa cinayət işi üzrə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır.Belə ki, Binəqədi Rayon Məhkəməsinin 4(001)-652/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbs etmənin əvvəlinin 29 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 109,9 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan - 0,189 qram heroin qalığı məhv edilməlidir. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdən – 06 mart 2021-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 20 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və onun barəsində başqa cinayət işi üzrə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin 0, 189 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD farmatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109.50 (yüz doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar