Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-313/2022 11.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.2003-cü il tarixdə Ağcəbədi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağcəbədi şəhəri, Ə.Talıbov küçəsi 67 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədi ilə tanışları Şahid2 və Şahid3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib bir qrup halında 08 noyabr 2021ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivindən Biləcəri qəsəbəsinə keçən körpünün altında Şahid2 Zərərçəkmiş şəxs yaxınlaşıb əvvəlcədən aralarında olan razılığa əsasən sonuncu ilə söhbət etməklə başını qatdıqdan sonra o, Qadiq Mirzəyevlə birlikdə Zərərçəkmiş şəxs qolundan tutmuş və sonuncunun gödəkçəsinin cibindən üzərində 5(beş) manat dəyərində ***-***-**-** və 10(on) manat dəyərində ***-***-**-** SİM kartlar olan 120 (yüz iyirmi) manat dəyərində Çində istehsal edilmiş «Xiaomi» markalı «M1806E7TG» (Redmi Note 6 pro) model mobil telefon aparatını açıq talayaraq birlikdə hadisə yerindən qaçmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 135 (yüz otuz beş) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, valideyinlərilə bilrlikdə Binəqədi rayonu, Motodrom yaşayış massivində fərdi tikilidə yaşayır, valideyinlərinin himayəsindədir, ailələrində heç bir problem yoxdur. Ailədə üç uşaqdırlar, ən böyük odur, ikinci bacısı Aysun 2004-cü ildə, balaca qardaşı Cavid 2016-cı ildə doğulubdur. Valideyinləri tərəfindən onlara heç bir zor tətbiq olunmur və işləməyə məcbur edilmirlər. Valideyinləri tərəfindən ona və digər bacı və qardaşına təhsil almaq üçün şərait yaradılıbdır. Biləcəri qəsəbəsində yerləşən 297 saylı orta məktəbi doqquzuncu sinifini bitirib şəhadətnamə almış, lakin oxumaq istəmədiyindən sənətlə məşğul olmaq üçün məktəbdən çıxmışdır. Yaşadıqları ev 3 sot torpaq sahəsində inşa olunub. Birinci mərtəbə inşa olunubdur, ikinci mərtəbə imkan olmadığından yarımçıq qalmışdır. Atası fərdi əməklə usta işləyir, anası isə evdar qadındır. xx.xx.2021-ci ildə saat 21:00 radələrində Sulutəpə qəsəbəsində, Sulutəpə dairəsindən evə gedəndə Sulutəpə dairəsində qonşu məhəllədə yaşayan tanışı Qadirlə qarşılaşmışdır. Salamlaşıb kef- əhval tutmuşlar. Qadır ona tanışı Mireltacla görüşməyə getdiyini, yoldaşlı gedib gəlməyi təklif eləmişdir. O, da ona etiraz etməyib birlikdə Sulutəpə qəsəbəsinə gəlmişlər. Qadir Mireltacla görüşüb, pulunu istəmişdir. Mireltac isə Qadirə hələ pulunu almadığını, alanda xəbər edəcəyini bildirmişdir. Sonra Mireltac qadirə kafeyə gedib oturub pivə içmələrini təklif etmişdir. O da onlarla birlikdə Sulutəpə dairəsində yerləşən kafeyə gəlmişdir. Orada Mireltac və Qadir pivə içmişlər, o, isə masada oturub onları gözləmişdir. Təxminən 20-25 dəqiqə sonra kafedən çıxıb üçü də birlikdə evə getmək üçün Matadrom yaşayış sahəsindən Biləcəri qəsəbəsinə keçən körpünün yanına gəlmişlər. Orada «Murad» şadlıq evinin yaxınlığında adını sonradan bildiyi Tərlan adlı cavan oğlanın onlara tərəf gəldiyini görmüşdür. Tərlan onlara gəlib çatanda başlamış onlara söz atmağa, bunu görən Mireltacda başlamış onunla zarafat etməyə. Həmin zaman Tərlan təxminən onlardan altıyeddi metr aralıda dayanmışdır. Bu zaman Mireltac Tərlanın əlində telefon görüb onlara onun əlindən telefonu almağı təklif eləmişdir. O və Qadir ona etiraz edib, tutulacaqlarını bildirmişlər. Lakin, Mireltac narahat olmayın, sizlik deyil, mənlikdir demişdir. Bundan sonra Qadirlə o, ona razılıq vermişlər. Mireltac onlara Tərlanı körpünün altına tərəf aparacağını, onlarında onlara yaxınlaşıb telefonu ondan almaqlaprını bildirmişdir. O, və Qadir irəlidə getməyə başlamışlar, yolda maşının arxasında gizlənib onların gəlmələrini gözləmişlər. Mireltac da Tərlanla söhbət edə-edə onlara tərəf gəlirmişlər. Onlar körpünün altına çatanda, o və Qadir maşının arxasından çıxıb onlara yaxınlaşmışlar. Onlara yaxınlaşanda, Tərlan üç nəfər nədir, biz belə danışmamışıq deyib Mireltaca etiraz etməyə başlamışdır. Bunu görüb Mireltac, ona və Qadirə işarə edib Tərlanın cibindən telefonu götürməyi bildirmişdir. Qadirdə Tərlanın başını qatmaq üçün onunla danışmağa başlamışdır. Onun başını qatanda o, Tərlanın gödəkcəsinin sağ cibində olan telefonu götürmüşdür. Bunu Tərlan hiss edib, ondan telefonu istəmişdir. O, ona əhəmiyyət verməyib telefonu cibinə qoyub qaçmışdır. Qadir və Mireltac da başqa istiqamətə qaçmışlar. Oradan 400-500 metr uzaqlaşıb məhəllədə Qadir və Mireltacı gözləmişdir. Lakin onların gəlib çıxmadıqları onu narahat etmişdir. O, geri qayıdıb onların harada olduqlarını müəyyən etmək istəmişdir. Orada bir nəfər ona yaxınlaşıb, ona onların həyətinə girdiyini, arabalarını apardığını deyib, sinəsindən tutmuşdur. O da ona onun da yaxınlıqda yaşadığını bildirmişdir. Lakin həmin adam onu buraxmamışdır. Sonra polis bölməsinə zəng vurub ondan şübhələndiyini bildirmişdir. Bir az sonra polis əməkdaşları ora gəlmişlər. Onu saxlayıb 40-cı PB-nə gətirmişlər. Bölmədə 40-cı Polis Bölməsində o, Tərlana məxsus Xiaomi markalı telefonu polisə təqdim etmişdir. Bu zaman Tərlanın da bölməyə gəldiyinin şahidi olmuşdur. Tərlan da hadisə barədə polis bölməsində ərizə yazıb vermişdir. Səhəri günü polis əməkdaşları Qadiri və Mireltacı saxlayıb bölməyə gətirmişlər. Tərlana heç bir zor tətbiq etmədiklərini bildirmişdirlər. O qeyd etmişdir ki, əvvəl şəxsən Tərlana qarşı cinayət törətmək fikri olmamışdır. Mireltac hər şeyin oyun olduğunu deyəndən sonra Qadirlə o, razılaşmışlar. Qadir Mireltacla birlikdə Tərlanın qarşısında dayanıb söhbət edərək onun başını qatırmışlar. O, bundan istifadə edib telefonu götürmüşdür. Tərlanın qolundan o və Qadir tutmamışlar. Qeyd etdiyi hallara əsasən əməlindən peşman olduğunu, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 20:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan qohumu Elxangilə gedirmiş. Avtovağzalın yaxınlığında yeraltı piyada keçidi ilə gedərkən, bir nəfər qarşısını kəsib ondan siqaret istəmişdir. O, ona cavab olaraq siqaretinin olmadığını demişdir. Bundan sonra o, ondan harada yaşadığını soruşmuşdur. O, ona sənə nə var harada yaşayıram çəkil yolumdan demişdir. Onunla söhbət edərkən daha iki nəfər ona yaxınlaşıb qolundan tutmuşlar. Bundan sonra sağ qolundan tutan cavan oğlan əlini gödəkcənin cibinə salıb X3 6 Pro markalı üzərində ***-***-**-** və ***-***-**-** saylı nömrələri olan telefonunu götürüb qaçmışdır. Qolundan tutan və telefonumu götürən oğlanlar bir istiqamətdə, qarşısını kəsən isə bir istiqamətdə qaçmışlar. O, qarşısını kəsən oğlanın ardınca qaçıb onu tutmağa çalışmışdır. Məcbur qalıb 40-cı PB-nə gəlib hadisə barəsində danışmışdır. Bu zaman telefonunu götürən oğlanı polis bölməsində görmüşdür. Onun qoluna qandal vurmuşdular. Onu bölmənin əməkdaşları çağırıb nəyə gəldiyini soruşmuşlar. O, da polis əməkdaşlarına bölmədə olan oğlanın telefonunu götürüb qaçdığını demişdir. Bundan sonra ərizəsini və izahatını almışlar. O, çıxıb evə getmişdir. Səhər yenidən bölməyə gələndə digər iki nəfərində saxlanıldığını bölmədə görmüşdür. Qeyd etmək istəyir ki, həmin şəxslər onun üstümə bıçaq və ya digər alət çıxarmamışdılar. Ondan heç bir şey tələb etməmiş və ona xəsarət yetirməmişdilər. Telefonunu oğlan götürərkən o, özü bunun şahidi olmuş, qolunu tutduqları üçün ona müqavimət göstərə bilməmişdir. Digər oğlan isə yəni qarşısını kəsib ondan siqaret istəyən adını sonradan bildiyi Mireltac isə ondan siqaret istəyib, haralı olduğunu soruşurmuş. O, xx.xx.2022-ci i tarixli ərizə ilə Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində Şahid1 ifadəsində göstərmişdir ki, 08 noyabr 2021-ci il tarixdə saat 20:30 radələrində yaşadığı evdən həyətə çıxdığı zaman, həyətdə olan kreslonun üstündə tanımadığı bir nəfərin gizləndiyini görmüşdür. Həmin şəxsə yaxınlaşıb ondan burada nə etdiyini soruşmuşdur. Həmin cavan oğlan qaçmaq istəmiş, lakin o, onu tutmuşdur. O, yenə ondan burada nə etdiyini soruşmuş və həmin şəxs ona oğru olmadığını bildirmişdir. Bundan sonra o, qonşusu Adildən xahiş etmiş ki, hadisə barədə DİN-nin 102 xidmətinə zəng etsin. Adil DİN-nin 102 xidmətinə zəng etdikdən sonra polis əməkdaşları gəlmişlər və həmin şəxsi Binəqədi RPİ 40-cı PB-nə aparmışlar. Orada məlum olmuş ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bölmədə Nasir cibindən 02 ədəd telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Nasir bildirmiş ki, telefonlardan biri onun özünə məxsusdur, ikinci telefon isə adını sonradan bildiyi Tərlan adlı şəxsindir, həyətə kimnənsə gizlənmək üçün daxil olmuşdur. Qeyd etmək istəyir ki, onun evindən və həyətindən oğurluq olmamışdır, heç kimə qarşı şikayəti və iddiası yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci ildə saat 20:00 radələrində tanışı Qadirlə Sulutəpə dairəsində görüşmüşlər. Qadirlə birlikdə onun məhlə uşağı Nasir də gəlmişdir. Qadirə pul verməli idi. Sonra hər üçü evə gedirmişlər. “Murad” şadlıq sarayının qarşısında adını sonradan bildiyi Tərlan dayanıb siqaret çəkirmiş. Tərlan ondan saatı soruşmuş və onlar saatı ona söyləmişdirlər. Daha sonra Tərlana yaxınlaşıb ondan siqaret istəmişdir. Tərlanda ona siqareti olmadığını bildirmişdir. Birdən Nasir telefonu götürüb qaçmış və Qadirlə o da qorxub onun arxasıyca qaçmışdır. Bir az qaçdıqdan sonra dayandığını və Tərlana “narahat olma qaytaracağıq telefonu” demişdir. Sonradan polis əməkdaşları yaşadığı evə gəlib onu polis bölməsinə aparmışlar. Orada məlum olmuşlar ki, Tərlan bölməyə gedib onlardan şikayət edibdir. Telefonu Nasir götürdüyündən axşam onu kimsə saxlayıb bölməyə gətirmişdir. Məhkəmə istintaqızamanı digər Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində yerləşən Biləcəri qəsəbəsinə keçən körpünün altına getdik və orada bildirdi ki, xx.xx.2021-ci ildə saat 19:00 radələrində məhlə uşağı Nasirlə Sulutəpə qəsəbəsinə Sulutəpə dairəsində tanışı Mireltacın ona olan borcunu almaq üçün gəlmişlər. Mireltacla Sulutəpə qəsəbəsində yerləşən kafedə görüşmüşlər, lakin pulu olmadığı üçün borcunu verə bilməmişdir. Kafedə oturub birlikdə yeyib içmişlər. Saat 21:30 radələrində kafedən çıxıb Nasirlə evə getmək üçün Sulutəpə dairəsindən üzü Xocasən dairəsinə “Murad” şadlıq evi tərəfə piyada getmişlər. Mireltac da onlarla bir yerdə gəlirmiş. Orada ağacların arasından bir nəfər cavan oğlan yola çıxmışdır. Tərlan onlardsan saatı soruşmuş, daha sonra isə siqaret istəmişdir. Saatı dedikdən sonra Tərlan qabağda gedirdi bu vaxt Nasir onlardan xəbərsiz telefonu Tərlanın cibindən götürərək qaçmışdır. Həmin vaxt qorxduqları üçün Mireltacla birlikdə o da qaçmışdır. Mireltac yari yolda dayanaraq “narahat olma qaytaracağıq telefonu” demişdir. Əvvəlcədən aralarında razılıq olmadığını, sonra telefonu qayytarmaq üçün Nasiri tapa bilmədiklərini bildirmişdir. Daha sonra Mireltacla görüşmədiyini, səhəri gün yuxudan polis əməkdaşlarının oyadaraq 40-cı Polis bölməsinə apardıqlarını bildirmişdir. Orada məlum olmuş ki, Tərlan bölməyə gedib onlardan şikayət edibdir. Nasiri isə bir nəfər saxlayıb bölməyə gətirmişdir. Telefonuda bölmədə polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 220040253 №-li cinayət işi 09 mart 2022-ci il tarixdə ********* №-li cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ayrılmışdır. 210040870 nömrəli cinayət işi 09 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə başlanılmışdır. 09 noyabr 2021-ci il tarixdə tərəfidən Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. 12 noyabr 2021-ci il tarixdə cinayət işi AR CM-nin 180.1-ci maddəsindən CM-nin 180.2.1-ci maddəsinə tövsif edilmişdir. 12 noyabr 2021-ci il tarixdə Şahid2, Təqsirləndirilən şəxs və Şahid3 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddə ilə ittiham elan edilmişdir. 12 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə cinayət işi AR CM-nin 180.2.1-ci maddəsindən CM-nin 170.3 və 180.2.1-ci maddələrinə tövsif edilmişdir. 29 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli 9/8955 saylı məhkəmə - əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çində istehsal edilmiş «Xiaomi» markalı «M1806E7TG» (Redmi Note 6 pro) model mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və yuxarıda olan xüsusiyyətləri nəzərə alaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 120,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli 3052 saylı məhkəmə - psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Eqosentrizm, məsuliyyətsizlik, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Fərdi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs əqli inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Baş verənləri düzgün qavrayıb təsvir etmək imkanına malikdir. Hadisəni törədərkən öz hərəkətlərini ölçüb-biçmək, dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək imkanına malikdir. xx.xx.2021-ci il tarixli könüllü təqdim etmə haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs özündə olan Xiaomi Note 6 markalı mobil telefonu təqdim edərək həmin telefonu Motodrom yaşayış massivindən Biləcəri qəsəbəsinə gedən körpünün altında bir vətəndaşın cibindən götürüb qaçdığını bildirmişdir. Zərərçəkmiş şəxs həmin telefonu görən kimi ona məxsus olmasını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs məxsus «Xiaomi» markalı «M1806E7TG» (Redmi Note 6 pro) model mobil telefon aparatı və 02 ədəd SİM kartın Binəqədi RPİ-də maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialalrında olan BRİHB-nın Xocasən qəsəbə İƏD üzrə nümayəndəsi T.Abdullayev tərəfindən ünvan ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayonu Xocasən qəsəbəsi, Motodrom yaşayış massivində inşa edilmiş fərdi yaşayış evində valideynləri ilə birlikdə qeydiyyatsız yaşayır. İş materiallarında olan vərəmli pasiyentin xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 11 saylı Uşaq Vərəm xəstəxanasında vərəm xəstəliyi aşkar edilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin xəstəxanada stasionar müalicədə olmuş və ona “sol ağciyərin infiltrativ vərəmi dağılma mərhələsindədir” diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin izahatına, zərərçəkmiş şəxs və şahidin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Seyidov Mireltac və Şahid3 oğlunun verdiyi ifadələr bir-biri ilə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsi ilə ziddiyə təşkil etdiyindən məhkəmə onların ifadəsini yalan ifadə kimi qiymətləndirir və hesab edir ki, hər iki təqsirləndirilən şəxs özlərinin də iştirakçısı olduğu cinayətlə bağlı məsuliyyətdən yayınmaq üçün cinayətə aidiyyətləri olmadığı məzmunda ifadə vermişdirlər. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə görə soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğunolmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə CM-nin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın minimum həddinin təyin edilməsini ədalətli və qanunauyğun hesab edir . Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, vərəm xəstəsi olmasını, CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayət əməlini yetkinlik yaşına çatmadığı müddətdə törətməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə aralarında barışıq olması və təqsirləndirilən şəxs barəsində şikayətinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4-cü maddələrinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbinin olmamasını, ailəsinin həyat şəraitinə təsirini və onun cinayəti yetkinlik yaşına çatmadığı vaxtda törətməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Мəhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Çünki cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi, maddə 8.1). Məhkəmə, CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirimədən saxlanılmalıdır. İş üzrə maddi sübut - 01 ədəd mobil telefon və 02 ədəd SİM kartın Zərərçəkmiş şəxs geri qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs oğlunun davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan 01 ədəd mobil telefon və 02 ədəd SİM kartın Zərərçəkmiş şəxs geri qaytarılsın. İş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc olan 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-313/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-313/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver