Məhkəmə qərarları › İş №1(001)-313/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-313/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-313/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Hökməli qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.1-ci və 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmiş (qaçırmış) və özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 01 noyabr 2024-cü il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Xarı Bülbül” restoranının qarşısından Zərərçəkmiş şəxs1 məxsus və faktiki mülkiyyətində olan “Mercedes Benz E270 CDİ” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarının restoranda olması barədə məlumatlı olduqdan sonra açarı əldə edərək mühərriki işə salıb avtomobili idarə etməklə oradan uzaqlaşaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmiş (qaçırmış) və həmin avtomobillə Bakı şəhəri, Sabunçu rayonu ərazisində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək Zərərçəkmiş şəxs1 2.270 (iki min iki yüz yetmiş) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 01 noyabr 2024-cü il tarixdə, saat 04:00 radələrində aşpaz vəzifəsində işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Xarı Bülbül” restoranından 1 ədəd 109 ölçülü 390 manat dəyərində “Taube” markalı televizoru, 1 ədəd 300 manat dəyərində “Sony” markalı, MHC-V42d modelli səs gücləndiricini, 6 qutu, hər birində 12 ədəd olmaqla cəmi dəyəri 1470 manat olan 72 ədəd “İce Bear” və “Aura Classic” adlı araqları, 1 qutu 60 manat dəyərində 10 kiloqram kərə yağını, 51 manat dəyərində 3 kiloqram hinduşka ətini, dəyəri 300 manat olan 15 kiloqram çəkidə bütöv quzu ətini, 2 ədəd hər biri 35 manat cəmi dəyəri 70 manat olan farel balıqlarını, 2 ədəd hər biri 200 manat cəmi dəyəri 400 manat olan Rusiya istehsalı samovarları, 1 ədəd 200 manat dəyərində qol saatını, 01 ədəd 130 manat dəyərində “Sony” markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 3371 (üç min üç yüz yetmiş bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci və 185.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittiham aktında göstərilən əməllər həqiqətən də onun tərəfindən törədilmişdir. Lakin, ittiham aktında oğurluq epizodu üzrə onun tərəfindən oğurlandığı qeyd olunan məhsulların sayı biraz şişirdilmişdir. Belə ki, o, restorandan 1 ədəd televizor, 1 ədəd səs gücləndirici, hazırda dəqiq xatırlamadığı sayda araq, 2 ədəd samovar və 2 ədəd balıq oğurlamışdır. İttihamda qeyd edilən digər məhsulları oğurlamamışdır. Zərərçəkmiş şəxs1 məxsus avtomobili isə müalicə aldığı reabilitasiya mərkəzinə getmək üçün qaçırtmışdır. Sonra Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq, ona ədalətli və yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işlətdiyi “Xarı Bülbül” restoranına aşpaz kimi işə götürmüşdür. Arif təxminən 2 ay müddətdə həmin restoranda işləmiş və yaşamağa yeri olmadığı üçün o, Arifə restoranda gecələməyə icazə vermişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında işə gələn zaman görmüşdür ki, Arif restoranda olan bəzi əşyaları oğurlayaraq, getmişdir. Oğurlanan əşyalardan yalnız səs gücləndirici ona qaytarılmış, digər əşyalar isə qaytarılmamışdır. Sonra Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyan ödənilməsə də, şikayət və tələbinin olmadığını və cəza təyin edərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, avtomobilinin oğurlanması barədə xəbər tutduqdan sonra DİN 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermiş və polis tərəfindən avtomobili axtarışa verilmişdir. Hadisə nəticəsində avtomobilə dəyən zərərlə bağlı qüsur aktını ibtidai istintaq zamanı təqdim etmişdir. Avtomobilinə dəymiş ziyan özü tərəfindən qarşılanmışdır. Hazırda ziyanı ödənilməsə də, təqsirləndirlən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Ariflə 1 ildən artıq bir müddət olar ki, reabilitasiya mərkəzində tanış olmuşlar və münasibətləri yaranmışdır. Hadisə baş verən gün o, yeyib-içdikdən sonra çay içmək üçün “Sovetski” adlanan əraziyə gedərkən, yolda Ariflə qarşılaşmışdır. Onlar hər ikisi içkili olmuşlar. Arif ona işlədiyi obyektə gedərək, yeyib-içməyi təklif etmiş, o, isə razılaşmışdır. Onlar birlikdə Arifin işlədiyi obyektə gedib, yeyib-içmişlər. Hər ikisi çox içdiklərindən, o, gecə həmin obyektdə qalmışdır. Səhərə yaxın Arif onu oyadaraq bildirmişdir ki, gecə maşın qaçırdıb, həmin maşını vurub və onu tutacaqlar. Sonra Arif içkidən əziyyət çəkdiyini və ona reabilitasiya mərkəzinə getməyə kömək etməsini xahiş etmişdir. Arif ona pulunun olmadığını, lakin obyektdə əşyaları olduğunu, taksi çağıraraq həmin əşyaları aparmağa kömək etməsini xahiş etmişdir. O, isə Ariflə razılaşmışdır. Arif obyektdən götürdüyü əşyaları satmış, o, isə reabilitasiya mərkəzi ilə danışaraq Ariflə birlikdə ora getmiş və Arifi reabilitasiya mərkəzinə yerləşdirmişlər. Ariflə hadisə günü təsadüfən qarşılaşmış, Arifin satdığı əşya və içkilərin oğurluq olmasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Neftçilərə gəlmiş, o, təqsirləndirilən şəxsdən şəxsi istifadəsi üçün “kolonka” almışdır. Bu hadisədən təxminən 2 ay sonra evdə olarkən ona zəng olunmuş və “kolonka”nı götürüb polisə gəlməsi tələb olunmuşdur. O, da həmin “kolonka”nı taksi ilə gətirərək, polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxsdən “kolonka”nı 70 (yetmiş) manata almış, kolonkanın oğurluq olmasından məlumatı olmamışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 31 oktyabr 2024-cü il tarixdən 01 noyabr 2024-cü il tarixə keçən gecə təxminən 05-06 radələrində yaşadığı, yəni, ünvan 3 ünvanının qarşısına çıxmışdır ki, siqaret çəksin. Bu zaman tanımadığı taksi avtomaşını dayanmış və içərisindən əvvəlcədən tanıdığı Nicat və yanında tanımadığı bir nəfər oğlan taksidən 01 ədəd televizor, 01 ədəd səs gücləndirici və içərisi dolu olan sellofanlar götürmüş və yaşadığı ünvana daxil olmuşlar. Bundan sonra o, Nicata demişdir ki, bunlar nədir?. Nicat da cavabında demişdir ki, narahat olma obyektdə işləyən Arifindir, səhər satacaqlar, ordan ona 100 manat pul verəcəklər. Daha sonra evə qalxmış, həmin gün səhər saatlarında Nicat və yanında olan sonradan adını Arif bildiyi şəxs taksi çağıraraq malları Neftçilər ərazisinə aparıb satacaqlarını deyərək çıxıb getmişlər. Həmin gündən Nicat və Arifi görməmişdir. Üzərindən bir müddət sonra Nicata whatsapp vasitəsi ilə əlaqə saxlayaraq, demişdir ki, bəs onun pulu haradadır. Nicat isə ona birlikdə reabilitasiyaya müalicə almağa getmələrini demiş, daha sonra isə əlaqə saxlamamışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid2 Səttar oğlunun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 01 noyabr 2024-cü il tarixdə saat təxminən 14 radələrində işlədiyi telefon satışı mağazasında olan zaman əvvəllər tanımadığı iki nəfər şəxs mağazaya daxil olmuşdur. Sonradan adının Arif bildiyi şəxs ona 01 ədəd qutuda 109 diaqonallı “Taube” markalı televizoru göstərib, həmin televizoru pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmişdir. O, televizora baxdıqda bir qədər işlənmiş olduğunu və qutusunun olduğunu görüb almaq istədiyini bildirmişdir. O, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi istəmiş və şəxsiyyət vəsiqəsini təqdim etdikdə həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdir. Həmin şəxsin şəxsiyyəti ona məlum olduqdan sonra televizoru almaq qərarına gəlmiş və şəxsiyyət vəsiqəsinin surətini çıxarıb, həmin şəxs, yəni Təqsirləndirilən şəxs öz xətti ilə şəxsiyyət vəsiqəsinin surətinin üzərində “özümə məxsus olan, 109 televizoru satdım, ***- ***-**-**, ***-***-**-**” sözləri yazdırıb 150 manat pul ödəyib televizoru almışdır. Daha sonra həmin şəxslər çıxıb getmişlər. Həmin günün axşamı həmin televizoru 180 manata tanımadığı şəxsə satmışdır. Sonradan polis əməkdaşları işlədiyi mağazaya gələrək televizorun oğurluq yolu ilə əldə edilməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 185.1-ci maddələri ilə cinayət işi başlanılmışdır (i.v. 1); • “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 özünə məxsus “Mercedes” markalı avtomaşının oğurlanmasına dair müraciəti əsasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Xarı Bülbül” adlı restoranın yanında yerləşən hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək işə əlavə olunmuşdur (i.v. 10-14); • “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 müraciətinə əsasən Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Xarı Bülbül” adlı restorana baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 27-32); • “video görüntüyə baxılması barədə” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 müraciəti əsasında baş vermiş hadisənin video görüntüləri Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Xarı Bülbül” restoranının video müşahidə kamerasından götürülmüşdür. Hər iki video görüntüyə baxış keçirən zaman məlum olmuşdur ki, birinci video görüntüdə ağ rəngli palto, boz rəngli köynək, boz rəngli cins şalvar və ağ rəngli ayaqqabı geyinmiş şəxs video müşahidə kamerasının qarşısından keçərək küçənin digər hissəsinə tərəf gedir, onun ardınca gələn ağ rəngli gödəkçə, boz rəngli cins şalvar və qara rəngli ayaqqabı geyinmiş şəxs də siqaret çəkərək həmin şəxsin ardınca gedir, daha sonra həmin şəxslər yenidən gəldikləri yerə qayıdırlar və onların ardınca da ağ rəngli “Chevrolet” Cobalt markalı dövlət nömrə nişanı görünməyən avtomobil gələrək həmin şəxslərin dayandıqları yerdə dayanırlar. İkinci video görüntüdə isə avtomobili idarə edən ağ rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı geyinmiş şəxs avtomobildən düşərək orada dayanır, həmin şəxslər isə avtomobilin arxa yük hissəsini açaraq oraya müəyyən əşyalar gətirərək qoyurlar və daha sonra avtomobilin yük hissəsini örtərək avtomobilə əyləşirlər və oradan uzaqlaşırlar (i.v. 34); • “baxış və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən “Galaxy” adlı mağazada baxış və götürmə təhqiqat hərəkəti aparılmışdır. Baxış zamanı oğurluq etməkdə şübhəli olan Təqsirləndirilən şəxs “Sony” markalı səs gücləndirici cihazı mağazada satıcı işləyən Şahid3 satdığını bildirmiş və sonuncu həmin cihazı təhqiqata təqdim etmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 44-49); • “baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən Siqnal idarəsinin 11 saylı duracağında “Mercedes” markalı, **-DB-*** d.q.n-lı avtomaşına baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 50-56); • “Zərər çəkmiş şəxs kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli Qərara əsasən Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır (i.v. 59-60); • “Zərər çəkmiş şəxs kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli Qərara əsasən Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır (i.v. 70-71); • “götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Şahid2 Sərdar oğlunun təqdim etdiyi üzərində “özümə məxsus olan, 109 televizoru satdım, ***-***-**-**, ***-***-**-**” sözləri yazıları olan A4 formatında olan vərəq götürülmüşdür (i.v. 84); • “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün, saat 18:15 dəqiqədə talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirib, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edib, Azərbaycan Respublikası CM-nin 185.1-ci və 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 116); • “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 185.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (i.v. 142); • Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(001)- 894/2024 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 185.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 noyabr 2024-cü il tarixdən saat 18:15dən hesablanmışdır (i.v. 168-172); • Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (i.v. 189-190); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10708 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən “ekspertiza təyini haqqında qərarda göstərilən malların təqdim edilmiş fotoşəkillərinə əsasən 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1041,00 manat müəyyən edilir. Qərarda və cədvəlin 3-4-7-8-9-10-cu bəndində göstərilən mallar haqqında kifayət qədər məlumat (marka, model, çəki, həcm, ayrı-ayrılıqda sayı və s.) olmadığından qiymətləndirmə apamaq mümkün olmadı” Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır (i.v. 214-216); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10704 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən “nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş “Express Servis VÖEN ********** X5” tərəfindən tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən 1999-cu il buraxılışlı mühərrik iş həcmi 2685 sm3 “Mercedes Benz” markalı, E270 CDİ model, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1770,00 manat müəyyən edilir” Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır (i.v. 218-220); • “əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki: - Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CMnin 177.2.1 və 185.1-ci maddələrindən həmin Məcəllənin 177.1 və 185.1-ci maddələrinə tövsif edilmiş; - iş üzrə 01 ədəd 109 diaqonallı “Taube” markalı televizorun qiyməti məhkəməəmtəəşünaslı ekspertizasına uyğun olaraq 390 manat, 01 ədəd “Sony” markalı səs gücləndiricinin qiyməti məhkəmə-əmtəəşünaslıq ekspertizasına uyğun olaraq 300 manat, 3 kiloqram hinduşka ətinin qiyməti məhkəmə-əmtəəşünaslıq ekspertizasına uyğun olaraq 51 manat, 15 kiloqram bütöv quzu ətinin qiyməti məhkəmə-əmtəəşünaslıq ekspertizasına uyğun olaraq 300 manat, digər 01 ədəd “Sony” markalı mobil telefonun qiyməti zərərçəkmiş şəxsin göstərməsinə əsasən 130 manat, 12 ədəd ümumi 72 ədəd 1 litrlik “X10 Classic” markalı araqların ümumi qiyməti zərərçəkmiş şəxsin göstərməsinə əsasən 1470 manat, Rusiya istehsalı olan 10 kiloqram kərə yağının qiyməti zərərçəkmiş şəxsin göstərməsinə əsasən 60 manat, 2 ədəd farel balığının ümumi qiyməti zərərçəkmiş şəxsin göstərməsinə əsasən 70 manat, 2 ədəd Rusiya istehsalı samovarların ümumi qiyməti zərərçəkmiş şəxsin göstərməsinə əsasən 400 manat, markası bilinməyən qol saatının qiyməti zərərçəkmiş şəxsin göstərməsinə əsasən 200 manat kimi qəbul olunmuş; - 01 ədəd “Sony” markalı səs gücləndirici maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Zərərçəkmiş şəxs2 qaytarılmış; - 1999-cu il buraxılışlı, “Mercedes-Benz E 270” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmş və zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci və 185.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür (1-ci hissə); mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci hissə); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci hissə). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə uyğun olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci və 185.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, vurulmuş ziyanı ödəməsə də, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və onların Təqsirləndirilən şəxs qarşı şikayət və təbəblərinin olmamasını onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. CPM-in 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci və 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə təyin ediləcək azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 20 noyabr 2024cü il tarixindən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, iş üzrə maddi sübut qismində tanınmış və məhkəməyədək icraat zamanı sahiblərinə qaytarılmış 01 ədəd “Sony” markalı səs gücləndirici Zərərçəkmiş şəxs2, 1999cu il buraxılışlı, “Mercedes-Benz E 270” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə zərərçəkmiş şəxs X2 istifadəsində saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X6 xx.xx.2025-ci il tarixədək sərf etdiyi hər iş saatı üçün 6 manat, həmin tarixdən sonra isə 11 manat haqq hesablanaraq, ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə nəzərə alaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 06 (altı) altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 06 (altı) altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 20 noyabr 2024cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış və məhkəməyədək icraat zamanı sahiblərinə qaytarılmış 01 ədəd “Sony” markalı səs gücləndirici Zərərçəkmiş şəxs2, 1999cu il buraxılışlı, “Mercedes-Benz E 270” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə zərərçəkmiş şəxs X2 istifadəsində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 260 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar