Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-314/2025 04.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Xüsusi ittihamçı X1 və onun etibarnamə əsasında nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs X6 və onun vəkili Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 148-ci maddəsilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, X6 Azərbaycan Respublikası CM-in 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X9 ********** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “Getcontact” internet informasiya ehtiyatında “jajananska”, “ью,чб” adları ilə və “ürək” işarəsi adı ilə 09 dekabr 2023-cü il tarixdə xüsusi ittihamçı X1 ********** mobil nömrəsinə “fahişədi” kimi şərhlər yazaraq kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında X1 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X9 xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında X1 qardaşı Vüsal İsmayılovla rəsmi nikaha daxil olmuşdur. Ailə münasibətləri alınmadığından 2023-cü ilin may ayında nikahları məhkəmə qaydasında pozulmuşdur. O vaxtdan etibarən həmin ailə ondan müxtəlif orqanlara əsassız şikayətlər etməyə başlamışdır.“Getcontact” mobil tətbiqində uzun müddət əvvəl qeydiyyatdan keçmişdir. Xüsusi ittihamda göstərilmiş profillər ona məxsus olmamışdır. Həmin profillər saxtadır. ********** saylı mobil nömrə onun istifadəsində olmuşdur, lakin uzun müddətdir ki, həmin nömrədən istifadə etmir. Getcontact üzərindən olan ekran görüntüləri saxtadır. O, X1 ********** mobil nömrəsinə heç bir şərh yazmamışdır. Getcontact mobil tətbiqini internet informasiya ehtiyatı hesab etmir. Polis bölməsində yazdığı etirafedici izahatla bağlı bildirir ki, polis ona bildirmişdir ki, ailəli adamdır, məhkəməyə getməsin, etiraf etsin, 50 manat cərimə ödəsin, Elimdar ondan əl çəksin. O, da buna görə razılaşmışdır. 2023-cü ilin oktyabr-noyabr ayından telefonunu dəyişib, həmin vaxtdan “Getcontact”dan istifadə etmir. Ona görə də 09 dekabr 2023-cü il tarixdəki yazılar onun tərəfindən yazılmamışdır. Qeyd olunanları nəzərə alıb, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X4 şikayətini onunla əsaslandırmışdır ki, X9 onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi internet informasiya ehtiyatı olan “Getcontact” mobil tətbiqində dəfələrlə yaymış, həmin məlumatlara yüzlərlə istifadəçi baxmışdır. Getcontact - “Spam Bloklama” və “zəng edən şəxsiyyəti müəyyənləşdirmə” tətbiqidir. Getcontact, narahat edən zəngləri filtrləməyə və yalnız istədiyiniz insanların ünsiyyət qurmasına imkan verir, həmçinin həmin proqram vasitəsi ilə zəng edən nömrənin teqlərinə, kimliyinə və şəxs barəsində yazılan şərhlərə baxmaq mümkündür. Bu proqramı həm sadə şəkildə yükləmək olur, həm də ki “premimum” versiyada. “Premimum” versiyadan istifadə ödənişlidir. Ödəniş həftəlik və ya aylıq olur. “Premimum” versiya getcontactın istifadə funksiyası daha böyükdür, bunla nömrənizin kim tərəfindən sorğulandığını və kimin nə şərh yazdığını müəyyən etmək olur. İstənilən şəxsin nömrəsinə şərh yazıb-silmək olar. Sadə Getcontactdan istifadə zamanı isə şərh yazanın kimliyini müəyyən etmək, həmçinin yazılan şərhi silmək olmur. Fəridə qardaşı X5 ilə 27 iyun 2022-ci ildə nikaha daxil olmuş, ancaq nikahları uzun müddət davam etməmiş və qardaşının iddiası əsasında Binəqədi Rayonu Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onların nikahına xitam verilmişdir. Fəridə özünə məxsus ********** mobil telefon nömrəsi ilə 09 dekabr 2023-cü ildə Getcontact tətbiqində əvvəlcə anonim adla qeydiyyatdan keçmiş, sonradan öz adıyla, daha sonra isə “jajananska” adıyla, ən son isə “ью,чб” adıyla həmin tətbiqdə fəaliyyətinə davam etmişdir. Müxtəlif vaxtlarda sözügedən tətbiqdə onun mobil telefon nömrəsinə şərh yazaraq onu “fahişə” adlandırmışdır. Həmin profillərin Fəridə Şəfiyevaya məxsus olduğu həm istifadəçi adı (“Feride Shefiyeva”), həm də istifadə etdiyi mobil telefon nömrəsi “+**********16” ilə təsdiq olunur. Fəridə həmin istifadəçi adı və mobil telefon nömrəsi ilə qardaşını da eyni qaydada təhqir etdiyi üçün Yasamal RPİ-in 29-ci PB-yə dəvət edilmiş, orada yazdığı izahatında təqsirini etiraf etmişdir. Bununla bağlı qardaşı Nümayəndə xüsusi ittiham qaydasında şikayətinə məhkəmədə baxılmış, Fəridə Kərimli CM-in 148-ci maddəsilə təqsirli bilinib cərimə cəzasına məhkum olunmuşdur. Hökmdən verdiyi apellyasiya şikayəti isə təmin edilməmişdir. Qeyd olunanları nəzərə alıb, Fəridə Kərimlinin azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X1 nümayəndəsi Nümayəndə xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun çıxış edərək, Fəridə Kərimlinin azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Getcontact” internet informasiya ehtiyatından çıxarışdan görünür ki, ********** mobil nömrəsi ilə qeydiyyatdan keçmiş “Mustafazadə Hüseyn” adlı profil sahibinə həmin tətbiqdə ********** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “jajananska”, “ью,чб” və “ürək” işarəli profilin istifadəçisi tərəfindən “fahişədi” şərhi yazılmışdır. Şəfiyeva (Kərimli) Fəridə Vaqif qızı barəsində aparılan inzibati araşdırma zamanı verdiyi xx.xx.2024-cü il tarixli izahatında aşağıdakı məzmunda izahat vermişdir: “Yuxarıda göstərilən ünvanda ailəmlə birlikdə yaşayıram. 2023-cü ilin aprel ayında rəsmi qaydada nikahda olduğum İsmayılov Vusal adlı şəxslə rəsmi boşanmışam. Ailə münasibətində baş verən problemlərlə bağlı dəfələrlə təhqirə məruz qalmışam. Boşandıqdan sonra məndən əl çəkməmiş, dəfələrlə telefonla narahat etmişlər. Bunun qarşılığında əsəblərimə hakim ola bilməyib getcontact proqramının rəy bölməsində şəxsin adına nalayiq ifadə işlətmişəm. Bununla bağlı 29-cu Polis Şöbəsinə dəvət olunmuşam və barəmdə inzibati protokol tərtib olunmuşdur. Həmin protokolla bağlı heç bir şikayətim yoxdur. Səmimi olaraq qeyd etmək istəyirəm ki, bir daha belə hala yol verməyəcəm. İzahatı özüm yazdım, düzdür, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm.” xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı “X11 Haqqında” qərarın surətindən görünür ki, Şəfiyeva (Kərimli) Fəridə Vaqif qızı AR İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində inzibati qaydada 50 manat cərimə edilməsi barədə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-557/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, X9 özünə məxsus ********** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “Getcontact” internet informasiya ehtiyatında “jajananska”, “ью,чб” adları ilə və “ürək” işarəsi adı ilə 10 dekabr 2023-cü il tarixdə xüsusi ittihamçı Nümayəndə ********** mobil nömrəsinə qeyri-etik şərhlər yazaraq kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında sonuncunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etdiyinə görə Azərbaycan Respublikası CM-in 148-ci maddəsilə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-364/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, X6 müdafiəçisinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-557/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmündən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X6 “Getcontact” internet informasiya ehtiyatında xüsusi ittihamçı X1 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etməsi ilə bağlı xüsusi ittiham qaydasında şikayətin dəlillərinə münasibət bildirərək hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş, biri digərini tamamlayan mötəbər sübutlarla açıq-aşkar təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxs X6 iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Getcontact” internet informasiya ehtiyatında ********** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “jajananska”, “ью,чб” adları ilə və “ürək” işarəsi adı ilə X1 ********** mobil nömrəsinə yazdığı şərhlərdən görünür ki, o, 09 dekabr 2023cü il tarixdə “Getcontact” internet informasiya ehtiyatında X1 ********** mobil nömrəsinə “fahişədi” kimi şərhlər yazaraq kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında X2 “fahişə” adlandırmışdır. Məhkəmə hesab edir ki, həmin ifadənin məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən (məhkəmə-linqvistik ekspertizası keçirmədən) cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla müəyyən edilməsi mümkündür. Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə, isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Bu mənada məhkəmə, xüsusi ittihamçı X1 mövqeyilə, yəni təqsirləndirilən şəxs X6 09 dekabr 2023-cü il tarixdə “Getcontact” internet informasiya ehtiyatında onu “fahişə” adlandırmaqla, xüsusi ittihamçının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldıb onu təhqir etməsinin baş verməsi ilə razılaşır və qeyd edir ki, təqsirləndirilən şəxs X9 bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 148-ci maddəsində göstərilən cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər (5-ci bənd). Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 xüsusi ittihamçı X3 qarşı Azərbaycan Respublikası CM-in 148-ci maddəsində göstərilən cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. X9 məhkəmədə özünü təqsirli bilməsə də, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla X6 X4 barəsində təhqir xarakterli məlumatlar yayması öz təsdiqini tapmış, həmçinin məhkəmədə həmin məlumatların təhqir xarakterli olmasını istisna edəcək sübuta rast gəlinməmişdir. Belə ki, F.Kərimli Yasamal RPİ-in 29-cu Polis Bölməsində verdiyi izahatında əsəblərinə hakim ola bilməyib Getcontact proqramının rəy bölməsində Nümayəndə (xüsusi ittihamçının qardaşı) barəsində təhqiredici şərhlər yazdığını etiraf etmişdir. Həmin izahat təqsirləndirilən şəxs X6 “Getcontact” mobil tətbiqində ********** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyini, “jajananska”, “ью,чб” adlarını və “ürək” işarəsi adını profil kimi istifadə etdiyini, həmin profillərdən istifadə edərək xüsusi ittihamçının qardaşı barəsində əvvəllər qeyri-etik ifadələrlə şərhlər yazdığını təqdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, F.Kərimlinin hazırda belə bir məzmunda ifadə verməsi məsuliyyətdən yayınmaq xarakteri daşıyır. Məhkəmə təqsirləndirilən şəxs X8 istinad edilən (Azərbaycan Respublikası CM-in 148ci maddəsi) cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, xüsusi ittihamın əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu xüsusi ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində X6 təqsirliliyi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs X6 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X6 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, X8 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, bu kateqoriya işlərlə bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda uyğunluq təşkil edə bilər (9-cu bənd). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş Tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, X9 Azərbaycan Respublikası CM-in 148-ci maddəsilə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Cərimə ödənilməmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, X8 Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cərimə növündə cəza təyin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş cərimə cəzası CM-in 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək üzərində qəti cəza saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi işi üzrə təqsirləndirilən şəxs X8 cəmi 20 (iyirmi) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, xüsusi ittiham qaydasında şikayətin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X9 Azərbaycan Respublikası CM-in 148-ci maddəsilə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə X8 təyin edilmiş 1000 (min) manat miqdarda cərimə cəzası hazırki hökmlə ona təyin edilmiş 1500 (min beş yüz) manat miqdarda cərimə cəzası ilə qismən toplanılmaqla F.V.Kərimliyə qəti olaraq 2000 (iki min) manat miqdarda cərimə cəzası təyin edilsin. Hökmün icrası X6 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs X8 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı –120 (yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-314/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-314/2025
04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver