Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-315/2021 17.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Rusiya Federasiyası, Astarxan vilayəti, Privolskiy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu Qubaxəlilli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, fərdi evdə yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 23 aprel 2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən Yasamal rayonu uAğ Çiçəyim” şadlıq sarayının yanından satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamış, 25 aprel 2021-ci il tarixdə, saat 16:00da həmin narkotik vasitəni üzərində daşıyarkən, Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu, Matadrom yaşayış masivində saxlanılaraq Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına aparılaraq saat 17:15-də orada üzərinə baxış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə olan təmiz çəkisi 0.260 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü tam təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, 23 aprel 2021-ci il tarixdə Yasamal rayonunda yerləşən “Ağ Çiçəyim” şadlıq evinin arxasındakı məhəllələrdən tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin alıb istifadə etmək məqsədi ilə üzərində saxlamış, 25.04.2021-ci il tarixdə, saat təxminən 16 radələrində Binəqədi rayonu, Matadrom yaşayış massivində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 40-cı PB-nə gətirmişlər. Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə videoçəkiliş altında baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağıza bükülmüş büküm aşkar edilərək götürülmüş, üzərindən aşkar olunmuş heroin adlanan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, müvafiq qaydada tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmiş, narkotik vasitə olan heroini aldığı şəxsi tanımadığını, özünün isə narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış şahid Binəqədi RPİ-İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 25 aprel 2021-ci il tarixdə xx xxxx 1992-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edərək, qəbul etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də Binəqədi RPİ-nin 40cı PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət olmaqla əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra Şahid1la birlikdə məlumat əsasında həmin tarixdə saat 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Motodrom yaşayış massivində məlumatda əlamətləri uyğun gələn və xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsi saxlamış, saxlanan şəxsdən kimliyi soruşulduqda o, özünü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş, sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması, həmin yerdə isə şərait olmadığından polis bölməsinə getməklərini, polis bölməsində videokameradan istifadə etməklə videoçəkiliş altında onun üzərinə şəxs axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş, birlikdə Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə getmişlər. Polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsi ilə hüquq və vəzifələri izah edilərək, üzərinə şəxsi axtarış və götürmə aparılması barədə mövcud qərarla tanış edilərək, videoçəkiliş aparılacağı bildirilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş, içərisində olan bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan qəhvəyi rəngli toz halında olan maddənin el arasında “kakos” kimi tanınan narkotik maddə heroin olduğunu bildirmiş, həmin narkotik vasitəni 23 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Ağ Çiçəyim» restoranının arxa hissəsində tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını və həmin gündən də üzərində saxlayıb gəzdirdiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində hər-hansı başqa bir qanunsuz əşyanın olub-olmaması soruşulmuş, o, üzərində heç bir başqa əşya olmadığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, heç bir qanunsuz əşya aşkar edilməmiş, bundan sonra sonuncunun üzərindən aşkar olunmuş həmin bükümə baxış keçirilən zaman bükülüdə qəhvəyi rəngli maddə olduğu müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülünün içərisində olan narkotik vasitəyə bənzər kütlənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs özü və iştirakçılar tərəfindən imzalanmış, bütün görülmüş hərəkətlər sənədləşdirilərək protokol tərtib olunmuş, ucadan oxunmuş və protokolun düzgünlüyünü Təqsirləndirilən şəxs və digər iştirakçılarla birlikdə imzalarla təsdiq etmişlər, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasına çağırılmış şahid Binəqədi RPİ-nin 40-cı PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 25.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.23) 25.04.2021-ci il tarixli “şəxsi axtarış və götürülmə aparılması barədə” protokoldan görünür ki, 25.04.2021-ci il tarixdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan şəffaf sellofana bükülmüş içərisində olan bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündən qəhvəyi rəngli toz halında el arasında kakos kimi tanınan narkotik vasitə aşkar edilərək götürülmüşdür. (i.v. 34-36) 26.04.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v.1 ) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2021-ci il tarixli, 6/1642 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: «...Təqsirləndirilən şəxs (imza)...’’sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,260 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v.43-47) Binəqədi rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 əməliyyat tədbirləri həyata keçirilməsi barədə 25 aprel 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (i. v. 52- 53) 27.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v. 56-57) Binəqədi rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. (i.v.77-79) 27.04.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir.(i.v.80-81) 28.04.2021-ci il tarixli maddi sübut kimi tanınma haqqından qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,260 qram olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,210 qram olan narkotik vasitə heroin cinayət işi üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v.84-85) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X6 Ambulator X1 ekspert komissiyasının 05 may 2021-ci il tarixli, 1362 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə etməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 96-97) 12.05.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin İstintaq şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan şəffaf sellofana bükülmüş içərisində olan bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündən qəhvəyi rəngli toz halında el arasında kakos kimi tanınan narkotik vasitə aşkar edilərək götürülmüş və o, həmin narkotik vasitəni 23 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Ağ Çiçəyim» restoranının arxa hissəsində tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını və həmin gündən də üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. (i.v. 99) Sübutların qiymətləndirilməsi haqqında 27.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən «Panasonic» markalı video kamera vasitəsi ilə video çəkiliş üçün istifadə edilmiş 01 ədəd “CD” disk cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi subut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v.100-105) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 07.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (i.v. 92) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-315/2021 saylı, 03.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada gətirilməsi qərara alınmışdır. Binəqədi rayon Polis İdarəsinin 13.11.2021-ci il tarixli məktubundan görünür ki, 03.09.2021-ci il tarixdə CM-in 234.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli 4(001)-927/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi üzrə 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə olan təmiz çəkisi 0.260 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib saxlaması təqsirləndirilən şəxsin, iş üzrə keçən şahidlərin ifadələri, aparılmış ekspertiza rəyləri və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini və iş materiallarında olan digər sübutları araşdırıb, dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması haqqında təklifini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddə cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. AZ-İV 503303 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29.05.2020-ci il təvəllüdlü X3 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olmasını, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin növü və çəkisi, habelə işə məhkəmədə baxıldığı dövrdə barəsində Bakı şəhəri Binəqədi RPİ-in İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yeni (210040644 saylı) cinayət işi başlanması, həmin cinayət işi üzrə təqsiləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçildiyi nəzərə alınaraq ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli 4(001)-927/2021 saylı qərarı əsasında həbsdə olması nəzərə alınmalı, cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı 17 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 81 manat 82 qəpik Təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə, qanunun təsvir edilmiş tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,210 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd “CD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 50 saat müddətində hüquqi yardım göstərmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25.04.2021-ci il tarixdən 27.04.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli 17.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri həbs qətimkan tədbiri il əvəz edilsin və onun Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 06.09.2021-ci il tarixli 4(001)-927/2021 saylı qərarı əsasında həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 0,210 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-315/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-315/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver