Məhkəmə qərarları › İş №1(001)-315/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-315/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-315/2025 01.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, "xxxx" MMC-də usta işləyən, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Bədəlli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan övladları, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və 16 sentyabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 118 manat olmaqla cəmi 236 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Qobustan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(026)-301/2016 saylı və xx.xx.2023-cü il tarixdən başlayaraq, övladları, xx.xx.2011-ci ildə anadan olmuş X2 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay hər uşağa 150 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(026)- 190/2023 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM- in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2024-cü il tarixədək Qobustan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(026)-301/2016 saylı və Qobustan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(026)-190/2023 saylı qanuni qüvvəyə minmiş qətnamələri üzrə 18912 manat (on səkkiz min doqquz yüz on iki) manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2016cı ildə aliment kəsilməsindən xəbərsiz olmuşdur. 2023-cü ilə kimi ailəsilə, uşaqları ilə bir yerdə, bir evdə yaşamışdır. Keçmiş arvadının bütün təminatlarını o, ödəmişdir. O bu barədə 2023-cü ildə Qobustan Rayon Məhkəməsində bildirmiş, sübut edə bilmədiyinə görə məhkəmə bunu qeydə almamışdır. Ondan sonrakı vaxtda da, 2023-cü ildən başlayaraq əmək haqqından hər ay 70 faizi tutulmuş və yerdə qalan hissəni də öz imkanı çatdığı qaydada ödənişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, 2006-cı ildə evlənmiş, evlənəndən 6 ay sonra başqa evə köçmüş, valideynlərindən ayrı yaşamağa başlamışlar. Onların birgə nikahdan iki uşaqları doğulmuşdur. Zərərçəkmiş şəxs ilə mübahisələri 2023-cü ildə pisləşmiş, həmin ildə boşanmışlar. 2023-cü ildən sonra aliment hər ay əmək haqqından tutulmuş, özü də əlavə ödəmişdir. 2016-cı ildə aliment kəsilməsindən o, xəbərsiz olmuş, ailəsi birgə yaşaya-yaşaya uşaqlarını özü saxlamışdır. 2016-cı ildə aliment kəsilmiş, lakin həmin vaxt boşanmamışlar. 2023-cü ildə rəsmi olaraq boşanmışdır. O, 2023-cü ildən sonra inzibati məsuliyyətə cəlb edilmişdir. Onun 2016-cı ilin qətnaməsindən xəbəri olmamışdır. 2023-cü ilə kimi ona heç bir xəbərdarlıq olmamışdır. 2023-cü ildən sonra, qətnamədən xəbəri olandan sonra alimenti ödəməyə başlamışdır. O, 18912 manat aliment borcunu etiraf edir, xəbərsiz olduğu üçün həmin borc yığılmışdır. Hər ay əmək haqqından 70 faiz olmaqla, 364 manat pul tutulmuş, qalan məbləği də imkanı çatdığı qədər ödəmişdir. 2016-ci ildə məhkəməyə dəvət olunmağı barədə ona məlumat verilməmişdir. Məhkəmə məktub göndərsə belə, ünvan dəyişildiyinə görə gəlib ona çatmamışdır. O, 2012-ci ildən qanuni şəkildə müəssisələrdə, fabriklərdə, zavodlarda daimi maaşa işləmişdir. İstənilən vaxt alimenti ödəmədiyi halda onun aylıq maaşından aybaay tutula bilərdi. O, 2012-ci ildən faktiki olaraq kərpic zavodunda aylıq maaşla işə başlamışdır. Onun maaşı əvvəl 400 manat, sonra isə 500 manat olmuşdur. Yəni alimenti ödəməyə həmin vaxt imkanı olmuşdur. Amma nə icra məmuru pulu ondan tələb etmiş, nə də aliment əmək haqqından tutulmamışdır. O, 2006-cı ildən Bakı şəhərində yaşamağa başlamış, həmin ildən evi tikməyə başlamış, 2015-ci ildə başa çatdırmışdır. Evin tikilişində başqa adamın vəsaiti olmamış, ancaq öz şəxsi vəsaiti hesabına evi tikmişdir. Maddi olaraq heç kəs kömək etməmişdir. İzahatda onun uşaqlarında kömək etməməyi barədə yazılanlarla razı deyil. Qobustan Rayon Məhkəməsinə də bu barədə şikayət etmiş, amma tam sübuta yetirə bilməmişdir. Hal-hazırda ancaq aylıq maaş aldığı üçün yığılmış borcu tam ödəmək imkanı yoxdur. O, evini satdıqdan sonra aliment borcunu ödəyə bilər. O, həmin evdən çıxmış, faktiki olaraq həmin evdə yaşaya bilmir. Ona görə də mülk iddiası qaldırmışdır. Mülkünün dəyəri aliment borcundan 2000-5000 manat, bəlkə də ondan da yuxarıdır. O, məhkəmədə artıq olan məbləği də tələb etməmiş, artıq olan məbləği də öz övladlarına bağışlamağı düşünmüşdür. Hal-hazırda övladlarını evdən çıxardıb, evi satmaq istəmir. Bu övladlarına ikinci bir zərbə ola bilər. O, alimenti ödəməkdən qərəzli şəkildə yayınmamış, alimentdən xəbərsiz olmuş, uşaqlar onun himayəsində olmuşdur. O, məhkəmədən qeyd edilənlərin nəzərə alınmağını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs qərəzli şəkildə yığılmış alimentləri ödəməmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq Təqsirləndirilən şəxs borcunu ödəməmiş, bu da uşaqlarına maddi cəhətdən problem yaratmışdır. O, Təqsirləndirilən şəxslə 2006-cı ildə evlənmişdir. 2015-ci ildən arlarında mübahisə yaranmış, 2016-cı ildə alimentlə bağlı müraciət etmişdir. Həmin qətnamədən Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət etmiş, alimentdən xəbəri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxslə aralarında barışıq olmamışdır. Müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs onlarla birlikdə yaşayıb getmişdir. O, alimenti tələb etmişdir. Təqsirləndirilən şəxs onlara maddi yardım göstərməmiş, 2023-cü ildən aliment ödəməyə başlamışdır. Təqsirləndirilən şəxs övladlarına baxmadığına görə o, alimentə görə müraciət etmişdir. Qobustan Rayon Məhkəməsində keçirilən prosesdə onlar razılığa gəlmiş, lakin təqsirləndirilən şəxsin qardaşı evin onun adına keçirilməsinə imkan vermədiyi üçün razılıq olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi Rayon İcra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Qobustan Rayon Məhkəməsinin 2(026)- 301/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs hər ay 118 manat olmaqla, cəmi 236 manat aliment alınmasına dair icra sənədi ilk olaraq Qobustan rayon İcra və probasiya şöbəsinin icraatında olmuş və xx.xx.2016-cı il tarixdə icraata başlanılmışdır. Qobustan rayon İcra və probasiya şöbəsinin icraatında olan zaman icra sənədi Təqsirləndirilən şəxs işlədiyi "xxxx" MMC-yə göndərilmiş, aliment üzrə borcun 19824 manat olması götərilmişdir. xx.xx.2023-cü il tarixdə borclu barəsində inzibati protokol tərtib olunmuş, borclu inzibati qaydada həbs olunmuş, bundan sonra 19860 manat borcun ödənilməsi təkrar tələb edilsə də, ödəyə bilməmişdir. Borclu həmin məbləği silinməsi barədə Qobustan Rayon Məhkəməsinə müraciət etmiş, iddiası rədd edilmişdir. Daha sonra Qobustan rayon İcra və probasiya şöbəsinə alimentin artırılmasına dair icra sənədi daxil olmuş, xx.xx.2023-cü il tarixdə icraata başlanılmış, yenə də "xxxx" MMC-yə Qobustan rayon İcra və probasiya şöbəsi tərəfindən məktub göndərilmiş, Təqsirləndirilən şəxs tərəfindən 294 manat məbləğində alimentin köçürülməsi göstərilmişdir. xx.xx.2024-cü il tarixdə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bütün bunlarla bağlı icra tədbirləri aparılsa da, borclu yaranmış icra sənədləri üzrə borclarını ödəyə bilmədiyini bildirmişdir. Borclu barəsində inzibati protokol tərtib edilmiş, 500 manat cərimə edilmişdir. Hazırki vaxtadək həmin inzibati cəriməni də ödəməmişdir. Borclu icra sənədi üzrə tələbi təmin etməkdən yayınmış, ona görə də barəsində CM-in 306.1-ci maddəsi üzrə baxılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmiş, cinayət işi başlanılmışdır. Borclun 18912 manat aliment borcu qalmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, borclunu idarəyə dəvət etmiş, hər dəfə çağırılanda gəlmişdir. Təqsirləndirilən şəxs evinin satılmaması üçün uşağının adına keçirməyi düşünmüşdür. İcra işi xx.xx.2024-cü il tarixdə onun icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs rəsmi olaraq Zərərçəkmiş şəxs ilə bir yerdə yaşaması ilə bağlı hər hansı sənəd yoxdur. Yaranmış borca görə Təqsirləndirilən şəxs xəbərdarlıq olunmuş, həm borcun həm də alimentin ödənilməsi tələb edilmişdir. Cinayət işinin başlanılmasına səbəb yaranmış borc olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi Rayon İcra şöbəsinin böyük icra məmuru Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi faktına görə CM-in 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(026)-301/2016 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşağa 118 manat olmaqla cəmi 236 manat sabit pul məbləğində alimentin tutularaq 04 mart 2011-ci il tarixdə anadan olmuş X3 və 16 sentyabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(026)-301/2016 nömrəli icra sənədinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(026)-190/2023 nömrəli qətnaməsindən və həmin qətnamə əsasında verilmiş eyni tarixli icra vərəqəsindən görünür ki, Qobustan Rayon Məhkəməsinin 14 aprel 2016-cı il tarixli, 2(026)-301/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, Təqsirləndirilən şəxs hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub 04 mart 2011-ci il tarixdə anadan olmuş X3 və 16 sentyabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs ödənilməsi və alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(026)-190/2023 nömrəli icra sənədinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(026)-168/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(026)-368/2023 nömrəli qətnaməsindən görünür ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(026)- 301/2016 nömrəli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs tələb olunan 19284 manat alimentin silinərək ödəməkdən azad edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. 21.09.202-cü il tarixli qərardan görünür ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(026)-301/2016 nömrəli və xx.xx.2023-cü il tarixli, 2(026)-190/2023 nömrəli icra sənədləri bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 2252/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-712/2024 nömrəli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(026)-301/2016 nömrəli və xx.xx.2023-cü il tarixli, 2(026)-190/2023 nömrəli icra sənədləri üzrə borcu 18912 manat təşkil edir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 306.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 01 may 2025-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 01 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar