Məhkəmə qərarları › İş №1(001)-316/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-316/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-316/2023 04.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, İsmayıllı rayonu Küdrmaşı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-123/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə çəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin hökm üzrə məhkum edildiyi cəzanı çəkib qurtarmamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmaqlan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, sərxoş vəziyyətdə, 02 sentyabr 2022-ci il tarixdə gecə saat 03 radələrində, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «555» kafesinin həyətində Şahid1 yaxınlaşaraq qeyri-etik təkliflər edərkən hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs həmin hərəkətlərini ona irad tutmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ictimai yer hesab olunan yerdə Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyməklə və sifət nahiyəsinə əl ilə zərbələr vurub zor tətbiq etməklə üst dodağının sağ yarısının şişkinliyi fonunda dəri səthinin qançırı və ona müvafiq dodağın seliklik qişasının ətrafı qansızmalı əzilmiş yarası ilə nəticələnən və dərəcəsinə görə ümumilkdə sağamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin yay aylarında Binəqədi rayonu Xocasən dairəsində yerləşən «Murad» kafesini icarəyə götürərək işlədərkən Zərərçəkmiş şəxs Ulduz qızı da kafeyə müştəri qismində gəlibgediyinə görə onunla tanış olmuş, lakin Günayla heç bir vaxt pis münasibət, ədavət və ya düşmənçliyi olmamışdır. Günayı bir neçə il olar tanımış və aralarında daha yaxın münasibət yaranmışdır. 01 sentyabr 2022-ci ildə Sulutəpə qəsəbəsində «Xan bağı» kafesində tanışları ilə oturub yemiək yeyərkən spirtli içki qəbul etmişdir. 02 sentyabr 2022ci il tarixə keçən gecə təxminən gecə saat 3-4 radələrində Biləcəri qəsəbəsində yerləşən «555» adlanan kafenin yaxınlığına gəlmiş və orada tanışı Elgün və başqa qadınla söhbət etmişlər. Bu zaman nömrəsini dəqiq görmədiyi ağ rəngli «Ford» markalı kiçik yük daşıyan maşın onun yanından keçərkən bir nəfər maşının içərisindən əl edərək onu çağrmışdır. Bundan sonra həmin maşın irəlidə dayanmış və maşından Günay düşərək ona tərəf gəlməyə başlamışdır. Hərəkətlərindən Günayın sərxoş vəziyyətdə olmasını hiss etmişdir. Günay ona çatandan sonra onu qısqandığı üçün söyüşlə danışmağa başlamış və Günayın hərəkətləri onun xoşuna gəlmədiyinə görə də, o, əsəbiləşərək Günayın sifətindən əli ilə bir dəfə vurmuşdur. Bundan sonra Günay ondan aralanmış və gedib «Ford» markalı avtomobilə minərək çıxıb getmişdir. Daha sonra Günay ondan polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı təlb və şikayətinin olmadığını qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu Sulutəpə qəsəbəsi DSK yolu deyilən ərazidə yerləşən «555» adlı kafedə xörəkpaylayan işləyir. Şahid1 onun iş yoldaşıdır. Təqsirləndirilən şəxs təxminən 2 il olar ki, tanıyır və onunla heç vaxt pis münasibəti olmamışdır. Sonradan Azadın onunla daha yaxın münasibəti olmuşdur. 2 sentyabr 2022-ci il tarixə keçən gecə təxminən saat 03 radələrində o, «555» kafesinə gəlmişdir ki, Səyalını evə aparsın. Kafeyə çatmağa az qalmış görmüşdür ki, Azad işçiləri aparan avtomlobilə başını salıb, əllərini də qapıya söykəyib, Səyalının üstünə qışqırır və söyüş söyür ki, səni aparacam, bu gecə sən mənim olmalısan. O, yaxınlaşanda Azadın sərxoş vəziyyətdə olduğunu görmüşdür. Buna görə də Azada irad tutub, Səyalıdan nə istəyirsən deyə soruşmuşdur. Azad ona tərəf dönüb sillə ilə bir dəfə sifətindən vurmuşdur. O, Azada, «görürsən Səyalı səni istəmir, əl çək qızdan» deyərkən Azad söyüş verib onu təhqir etmişdir. Yaranmış səs-küyə kafedən çıxıb getmək istəyən tanımadığı müştərilər ora yaxınlaşaraq onu Azadın əlindən almışlar. Lakin Azad sakitləşməyərək onun və Səyalının ünvanına nalayiq söyüşlər söymüşdür. O, Azadı qısqandığı üçün onu söymüş və Azad da onu vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onlar barışmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında «Bolt» taksi şirkətində günəmuzd götürdüyü «Meqan» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü işləmişdir. 02 sentyabr 2022-ci il tarixdə gecə saat 03 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «555» kafesinin həyətində tanışı Təqsirləndirilən şəxs və «555» kafesini işlədən Elgün adlı şəxslə söhbət edərkən kafedən bir qızın çıxaraq yaxınlıqda dayanmış avtomobilə əyləşdiyini görmüşdür. Azad həmin qızı görən kimi avtomobildən düşərək onun yanına getmişdir. Bu zaman kafenin həyətinə dövlət nömrə nişanını xatırlamadığı «Ford» markalı kiçik yük avtomobili gəlmiş, həmin avtomobildən bir nəfər qız yerə düşmüş və Azadı görən kimi ona yaxınlaşmışdır. Həmin qız Azadla söhbət etməyə başlamış, bir qədər sonra Azadın ünvanına nalayiq söz deyəndə Azad qızın sifətindən sillə ilə vurmuşdur. Bu zaman «Ford» markalı kiçik yük avtomobilinin sürücüsü həmin qızın qolundan tutaraq onu aparıb avtomobilinə mindirmişdir. Kafedən çıxıb başqa avtomobildə əyləşən qız da həmin «Ford» markalı avtomobilə əyləşmiş və onlar çıxıb getmişlər. O, Azadı idarə etdiyi «Meqan» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib oradan evinə gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 1895 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- üst dodağın sağ yarısının şişkinliyi fonunda dəri səthinin qançırı və ona müvafiq dodağın selikli qişasının ətrafı qansızmalı əzilmiş yarası bərk küt əşyanın (alətin) bir zərbəsi təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 02 sentyabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə əl ilə (yumruqla) vurma nəticəsində əmələ gələ bilərdilər və djərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə CM-in 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 06 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 7(001)- 971/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 1(001)-87/2022 nömrəli hökmü ilə məhkum olunduğu 01 il 06 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 01 il 01 ay 21 günü, azadlıqdan məhrum etmənin bir gününə, azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb 06 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs məhməkə zalından dərhal həbs edilərək cəza çəkmə müddətinin əvvəli 26 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən barəsində qətimkan tədbirinin seçilməsi zərurətinin olmaması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs bağışlamış, onunla barışmış, sonuncuya qarşı heç bir şikayət və təlbi yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-123/2023 nömrəli hökmündan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə çəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair məhkəmə iclasında verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs eyni xarakterli cinayət əməlini törətməyə görə əvvəllər məhkum olunmasını, habelə hazırda həmin məhkumluq üzrə cəzanı çəkməsini, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd olunan qanuvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri rəhbər tutularaq, onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)- 123/2023 nömrəli hökmü ilə məhkum edildiyi 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-123/2023 nömrəli hökmü nömrəli hökmü ilə müəyyən edilmiş vaxtdan, yəni 07 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 44 (qırx dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 44 (qırx dörd) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 44 (qırx dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 264 (iki yüz altmış dörd) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-123/2023 nömrəli hökmü ilə məhkum edildiyi 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və təyin edilmiş cəzanın əvvəli 07 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 44 (qırx dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 264 (iki yüz altmış dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar