Məhkəmə qərarları › İş №1(001)-318/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-318/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-318/2021 24.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, 03.22.1989-cu ildə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, orta təhsilli, işləməyən, Binəqədi Rayon Məhkəməsinin 15.03.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 69.3-cü maddəsi ilə 02 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11.11.2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən fərdi tikilidə yaşayan, Binəqədi Rayon Məhkəməsinin 24 mart 2021-ci il tarixli, 4(001)-278/2021 saylı qərarına əsasən barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 1(001)- 318/2021 saylı qərarına əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, 11.10.2021-ci il tarixdə tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 22 mart 2021-ci il tarixdə saat 10:30-da Bakı şəhəri, Binəqədi rayonu,DSK yolu deyilən yerdən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 25 manata 1 ədəd gümüşü rəngli kağızına bükülmüş çəkisi 0.938 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini alıb üzərində saxlamaqda daşımış, 22 mart 2021-ci il tarixdə saat 15:40 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədəndə yaşadığı evin yaxınlığında Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş və inzibati binada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş ümumi çəkisi 0,938 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 22 mart 2021-ci il tarixdə saat 10:30-da Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda üzdən tanıdığı adını bilmədiyi həmin şəxsdən 25 manat müqabilində bir ədəd gümüşü rəngli kağzına bükülmüş bükümdə olan heroin alaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibində gizlətmişdir.Həmin günü saat 15:40-da yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü mədəndə yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etdikdən sonra onu Binəqədi RPİ-nin 43-cü polis bölməsinə aparmış və onun razılığı ilə hüquqlarının müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək video çəkiliş aparılmaqla üstünə şəxsi axtarış keçirilmişdir.Onun üstünə şəxsi axtarış keçirilən zaman o,üzərində olan geymində qeyri-qanuni əşyanın olması soruşulduqda əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxararaq həmin maddənin heroin olmasını etiraf edərək polis əməkdaşlarına təqdim edərək masanın üzərinə qoymuş və həmin maddə Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı tərəfindən götürülərək qablaşdırılmışdır.Bundan sonra polis əməkdaşları protokol tərtib etmişlər, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin zərfə qoyaraq qablaşdırmışlar və möhürləmişlər.Tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur.Bundan başqa, o göstərdiyi hallarla bağlı izahat vermiş və doğruluğunu imzası ilə təsdiq etmiş, izahatdakı və protokoldakı imzaların ona məxsus olmasını bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu və himayəsində 2 azyaşlı övladının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Hacıyev X4 RPİ-nin 43-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir.Toğrul adlı şəxsin Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə Binəqədi RPİ-nin 43-cü PBnin rəisinin 22 mart 2021-ci il tarixli əmri ilə əməliyyat qrupu yaradılmış və o, Binəqədi RPİnin CA üzrə kiçik əməliyyat müvəkkili, polis baş sergantı Şahid2 həmin qrupa daxil edilmişdir.Əmrin icrası ilə əlaqədar olaraq 22 mart 2021-ci il tarixdə saat 15.40-da Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü mədəndə yaşadığı evin yaxınlığında əməliyyat tədbirləri keçirən zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər.Polis bölməsinin inzibati binasında olan xidməti otaqların birində həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin gün saat 17.15-dən 17:35 kimi onların iştirakı ilə onun üstünə video çəkiliş aparılmaqla təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağzına bükülmüş həmin bükümünü çıxararaq açmış heroin olmasını etiraf etmiş və təhqiqatçıya təqdim etmişdir.Qeyd edilən maddə təhqiqatçı tərəfindən götürülümüş və qablaşdırılmışdır.Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təzyiq göstərilməmiş və o, könüllü olaraq tərtib edilmiş protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 digər şahid X6 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 23.03.2021-ci il tarixli, 6/1153 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,938 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələ”in siyahısına (Siyahı 1) daxildir. Tədqiqat zamanı narkotik vasitə olan heroinin 0,05 qramı istifadə olunandan sonra 0,888 qram qalıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının 05.05.2021-ci il tarixli, 1363 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidləri tərkibində saxlayan maddələrdən və metamfetamindən istifadə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Məmmədov X2 Rayon Məhkəməsinin 15.03.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 69.3-cü maddəsi ilə 02 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11.11.2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir, əməlində cinayətin residivi vardır Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki. cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır.Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların 1 siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitə - heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olmuşdur.Onun narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəzaya uyğun cəza təyin edilməsi, artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması ilə nəticələnə və cəzanın fərdiləşdirilməsi prinsipinə zidd ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsi, üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı nəzərə alınmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini və himayəsində 2 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir.Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunmuş maddələr üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir.Həmçinin, Təqsirləndirilən şəxs 22 mart 2021-ci il tarixdən - 11 avqust 2021-ci il tarixədək tutulduğu və ev dustaqlığında olduğu 4 (dörd) ay 20 (iyirmi) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs «ev dustaqlığı» qətimkan tədbirinin tələblərini pozduğundan və buna görə də, Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 1(001)-318/2021 saylı qərarına əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edildiyinə görə axtarışda olduğu müddət cəzadan çıxılmamalıdır. Məhkəmə, həmçinin hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğuna görə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətini, təqsirləndirilən şəxsin tutulduğu vaxtdan, yəni 11 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 109,9 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan - heroin 0,888 qram olan qalığı məhv edilməlidir. İş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs oğlunun 22 mart 2021-ci il tarixdən - 11 avqust 2021-ci il tarixədək tutulduğu və ev dustaqlığında olduğu 4 (dörd) ay 20 (iyirmi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 01 (bir) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 11 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanısın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin 0,888 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109,9 (yüz doqquzmanat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar