Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-318/2023 29.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1980-ci ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işləməyən, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binqədi rayonu, Xocəsən qəsəbəsində nömrəsiz fərdi tikili evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib, özündə saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən “Sahil” şadlıq evinin yaxınlığında Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,595 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə səhər saatlarında, yəni saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün narkotik vasitə hesab olunana heroin almış və üzərində saxlamış ki, bədənində ağrılar olanda istifadə etsin. 21 oktyabr 2022-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən “Sahil” şadlıq sarayının yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik maddə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 40-cı PB-yə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 40-cı PB-yə aparılmışdır. Orada təhqiqatçı tərəfindən o, vəkil təqdim olunmuşdur. Bundan sonra razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərimdə olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli selofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun üzərində olan paltarların ciblərini açmağı tələb olunmuş, onun əynində olan paltarların ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan masanın üzərinə qoyduğu həmin şəffaf rəngli selofan bükülüdəki qəhvəyi rəngli kütlənin nə olduğu soruşduqda, o, həmin qəhvəyi rəngli kütlənin el arasınada «kakos» kimi tanınan narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 21 oktyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Əməlindən səmimi peşman olduğunu və bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsində əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. Binəqədi RPİ-nin 40-cı PB-nə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 21 oktyabr 2022-ci il tarixdə saat 17:30 radələrində o, qrup üzvü Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə kiçik inspektoru Şahid2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, “Sahil” şadlıq sarayının yaxınlığına gəlmişlər. 21 oktyabr 2022-ci il tarixdə saat 18:00 radələrində yuxarıda göstərilən ünvanın qarşısında olan zaman orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi görmüşlər və ona yaxınlaşmışlar. Onu ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər, o, buna etiraz etmədikdən sonra onu oraya apararaq barəsində araşdırma aparılması üçün 40-cı PB-nin təhqiqatçı Məhərrəm Muxtarova təhvil vermişlər. Təhqiqatçı M.Muxtarov ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakıla onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini mahiyyəti üzrə eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 220041212 nömrəli cinayət işi 22 oktyabr 2022-ci il tarixdə Binəqədi RPİ 40-cı PBnin təhqiqatçısı, polis mayoru Məhərrəm Muxtarov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmışdır. 21 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs də 21 oktyabr 2022-ci il saat 18:00 dəqiqədə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 23 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs Binəqədi MSY-dən azad olunması barədə qərar qəbul edilmişdir. 24 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. 24 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətlə Bakı şəhəri Binəqədi rayon prokurorluğuna müraciət edilmiş, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədovun 24 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. 24 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında İltizam» növündə qətimkan tədbiri seçilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 22 oktyabr 2022-ci il tarixli 6/6135 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün № 234» dairəvi möhür əksi, “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,595 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 703 №-li rəyindən görünür ki, Müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 21 oktyabr 2022-ci il tarixə aid «şəxsi axtarış və götürmə aparılması haqqında» iş materoialalrına əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Vət. Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü və əynində olan qısaqol gödəkçənin sağ yan cibindən ayağında olan qolbağın aparatını çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Papanin adlanan ərazidə tanımadığı şəxsədən 10 manata aldığını bildirmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Musayev X7 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Bakı şəhər Probasiya İdarəsinin 20 iyun 2023-cü il tarixli 101521-21-1/3- 14662-10 saylı məktubundan görünür ki, Musayev X7 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-117/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığı üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-318/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 3-13-46-5/2-10203/2023 saylı məktubu və ona əlavə edilmiş “axtarışda olan şəxsin tutulmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-318/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(001)-318/2023 saylı cinayət işinin icraatı təzələnmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağı - 13 sentyabr 2008-ci il tarixdə doğulmuş X9 və xx.xx.2011ci il tarixdə doğulmuş X10 vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X3 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 saylı Qərarının 14-cü bəndində göstərilir ki, «… Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır». Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən səmimi peşmanlığının məhkəmə iclas zalında hal və hərəkətləri ilə uyğun olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayət törədərkən onun nəinki məhkumluğu ödənilmiş, həmçinin o cinayati əvvəlki hökm üzrə cəza çəkdiyi müddətdə törətmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi və cəza çəkdiyi müddətdə yeni cinayət törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər təyin edilmiş azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəzanın təyin edilməsi cəzanın məqsədinə çatılmasına nail olmamışdır. Məhkumluğu ödənilmədən yeni cinayətin törədilməsi onun yüngül cəza ilə islah olunmadığını göstərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsini, səmimi peşmanlığını habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 22 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,545 qram kustar üsulla hazırlanmış narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 60 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 22 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertizanın keçirilməsinə çəkilmiş xərc 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,545 qram kustar üsulla hazırlanmış narkotik maddə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış video çəkilişin qeydə alındığı 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-318/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-318/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver