Məhkəmə qərarları › İş №1(001)-318/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-318/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-318/2025 13.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, işləməyən, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov 98 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanıdığı Zərərçəkmiş şəxs Elm və Təhsil Nazirliyinə mütəxəssis vəzifəsi üzrə işə qəbul olunmasına köməklik göstərilməsi barədə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 2022-ci ilin aprel ayının ortalarında ünvan 3 ünvanında yerləşən dərzixanada 5.000 manat və eyni niyyətlə 2022-ci ilin aprel ayının sonlarında eyni ünvanda 5.500 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 10.500 (on min beş yüz) manat məbləğində xeyli miqdarda maddı ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Şəhlanın vasitəsilə tanımışdır. Belə ki, Günel ilə o, 2022-ci ilin mart ayında söhbət gedən zaman ondan diplom təsdiqlənməsi üçün Təhsil Nazirliyində tanışının olub-olmadığını maraqlanmışdır. O, əvvəllər Yasamal rayon İcra Hakimiyyətində başçının köməkçisi vəzifəsində çalışmış, Günel də bunu bilmişdir. Günel özü ondan xahiş etmişdir ki, onu Təhsil Nazirliyində işə düzəltməkdə köməklik etsin. O, həmin vaxt düşünmüşdür ki, hər hansı bir tanışının vasitəsi ilə Günelin işə düzəlməsində köməklik edə bilər. O, Güneldən əlində nə qədər pulunun olub-olmadığını soruşduqda, Günel ona 10500 manat pulunun olduğunu bildirdikdə 2022-ci ilin aprel ayında iki dəfə olmaqla, həmin məbləğdə pulu baldızı Şəhlanın işlədiyi Binəqədi rayonu, Ə.Naxçivani küçəsində yerləşən dərzi dükanında ayrıayrı vaxtlarda almışdır. Əlavə olaraq, Güneldən bir sıra sənədlər də almış, lakin daha sonra Günelə verdiyi vədi yerinə yetirə bilməmişdir. Belə ki, tanışları vasitəsi ilə Güneli işə düzəldəcəyini düşünsə də, bu baş tutmamışdır. Buna baxmayaraq Güneldən almış olduğu 10000 manat məbləğində pulu artıq şəxsi ehtiyaclarına xərcləmişdi. Təxminən bir qədər müddət keçdikdən sonra Günel ona davamlı olaraq zəng vuraraq işin vəziyyətini maraqlanmağa başlamış, o, isə işin alınmadığını görüb Gunelə məsələni izah etdikdə ona vermiş olduğu pulu geri istəməyə başlamışdır. O, Günelə bu vaxta kimi 10000 manat puldan 8000 manat olan hissəsini qaytara bilsə də qalan hissəni geri qaytara bilməmişdir. Qalan hissənidə qaytaracaqdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər yaşadığı Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən 27 saylı binadan tanıyır. Həmin şəxs onun qonşusu olmuşdur. Aqşinin baldızı Şəhla adlı qadınla yaxşı münasibət olmuş, onların yaşadığı evin yanında dərzi olaraq işləmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində o, Şəhla ilə aralarında söhbət edən zaman Şəhla Aqşinin anasının Odlar Yurdunda müəllimə işlədiyini bildirmiş, o, da Şçhlaüa Təhsil Nazirliyində mütəxəssis kimi işləmək istədiyini dedikdə Şəhla həmin vaxtı ona Aqşini məsləhət görmüşdür. Bir neçə gün keçdikdən sonra Şəhla ona zəng vuraraq onu işlədiyi dərzixanaya dəvət edərək Aqşinin də gələcəyini bildirmişdir. O, da Şəhlanın dediyi formada etmişdir. Belə ki, o, Şəhlanın işlədiyi dərzixanada olan zaman o, Şəhla və Aqşin öz aralarında söhbət edərkən Aqşin ona Təhsil Nazirliyində mütəxəssis vəzifəsində işləmək istədiyini soruşduqda o, da Aqşinin bu təklifini qəbul etmiş, Aqşin ona Təhsil Nazirliyində hansı şöbələrin birində yer olarsa xəbər edəcəyini bildirmişdir. Təxminən 4-5 gün keçdikdən sonra onun mobil telefonuna Aqşin zəng vuraraq ona təqdim etmiş olduğu sənədlərin qəbul edildiyini bildirərək həmin işlərin görülməsində müəyyən xərclərin baş tutacağını demişdir. O, Şəhlanın işlədiyi Binəqədi rayonu, Ə.Naxçivani küçəsində yerləşən dərzixanada Şəhla ilə birlikdə söhbət edən zaman Aqşin sonradan dükana gəlmişdir. Dükanda olan zaman Aqşin yenidən ona sənədlərin qəbul edildiyini və bunun üçün müvafiq şəxslərə rüsum ödənməli olduğunu dedikdə ona demiş olduğu 10000 manat məbləğində pulun hamısını birdən-birə deyil, hissə-hissə olmaqla verə biləcəyini bildirdikdə Aqşin da razılaşmışdır. Bu söhbətdən 2022-ci ilin aprel ayının ortalarında o, Aqşinlə baldızı Şəhlanın işlədiyi dərzixanada görüşmüş və Aqşinə 5000 manat məbləğində pulu Şəhlanın iştirakı ilə verən zaman Aqşinə iş həll edilməmiş, pulu kiməsə verməməsini bildirdikdə Aqşin onu arxayın salaraq narahat olmamağını demişdir. O da işlərinin arxasıyca getmişdir. Təxminən 2-3 gün keçdikdən sonra o, Aqşinlə baldızı Şəhlanın işlədiyi dərzixanada görüşmüş və Aqşina qalan 5000 manat məbləğində pulu vermiş, Aqşin ona qısa müddətdə xəbər çıxacağını bildirmişdir. O da Aqşinin dediyi müddəti gözləməyə başlamışdır. Lakin Aqşinin dediyi müddətlərdə xəbər çıxmadığını gördükdə o, Şəhlayə zəng vuraraq Aqşinin onu aldatdığını və bu səbəbdən də ondan şikayət edəcəyini demiş, nəticədə Aqşinin barəsində Binəqədi RPİ-nin 5-ci PB-yə şikayət ərizəsi yazmışdır. Hazırki vaxta qədər təqsirləndirilən şəxs ona dəymiş ziyandan cəmi 8.000 manat pul ödəmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir (cild 1, i.v 43). Zərər çəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-ü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v 54). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün tutulmuşdur (cild 1, i.v 90). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 98). Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir (cild 1, i.v 110). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-dən verilmiş xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs AR CM-in 178.2.1, 29, 178.2.4, 273-2, 294.3, 29, 294.3, 32.4, 312.2, 320.1, 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir və hal-hazırda baxılmaqdadır (cild 1, i.v 67-69). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxs ifadəsi, şahid ifadələri sübut növü kimi qiymətləndirilmişdir (cild 1, i.v 120- 124). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-318/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir (cild 1, i.v 224-226). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)- 1338/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində xx.xx.2026-cı il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Qərarda qeyd olunur ki, “Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışları Səmədov Fariz Şahid oğlu, X2 və X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Lifecenter” binasının ikinci mərtəbəsindəki icarəyə götürməklə satış ofisi görünüşünə saldıqları mənzildə özünü CamalovAyxan Mövla oğluna "Premium Residance 5 ulduz" yaşayış kompleksinin satış ofisinin səlahiyyətli şəxsi kimi təqdim edərək ünvan 5 ünvanında inşa edilən yüksək mərtəbəli binanın E girişi, 13-cü mərtəbə, 13/1 nömrəli mənzilini satdığı görünüşünü yaradıb özlərinin hazırladıqları müqaviləni imzalatmaqla yalan vəd verməklə 257000 (iki yüz əlli yeddi min) manat məbləğdə pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışları Səmədov Fariz Şahid oğlu, X2 və X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2025-ci il tarixdə ünvan 6 ünvanda yerləşən "Adore Plaza” binasının dördüncü mərtəbəsindəki icarəyə götürdükləri ofisi, satışı ofisi görünüşünə salmaqla həmin ünvanda özünü X6ma “Parktoun MTK-nm satış ofisinin səlahiyyətli şəxsi kimi təqdim edərək Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı və Tağı Şahbazi küçələrinin kəsişməsində yerləşən binanın E girişi, 13 cü mərtəbə, 68 nömrəli mənzilini satdığı görünüşünü yaradıb özlərinin hazırladıqları müqaviləni imzalatmaqla yalan vəd verərək, sonuncuya Bank of Baku ASC-nin Nərimanov rayonu, Atatürk prospektində yerləşən baş ofisindən 170000 manat pulunu özlərinə məxsus bank hesabına köçürtəklə Bəsti Vəlizadəyə eyni məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə tərəfimdən ittiham elan edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona ittiham olunan əməldə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, əvvəllər mühəndis işləmişdir, bir il olar işləmir. Birinci epizod üzrə özünü təqsirli bilir, belə ki, Camalov Ayxana qarşı törədilmiş dələduzluq epizodu üzrə 8000 manat pul almışdır. 2-ci epizod üzrə isə orada pul alarkən olmadığnı və müştərini kimin tapdığını bilmir. Yekunda hər hansı zorakılığa məruz qalmadığını bildirmiş, təqdimatın təmin edilməməsini və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsini xahiş etmişdir (cild 2, i.v 1-6). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Göründüyü kimi, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin hüquqi meyarlarına tam cavab verir. O, tamah niyyəti ilə, yüksək vəzifəli şəxslərlə guya yaxın münasibətlərinin olduğunu bildirərək, zərərçəkmiş şəxsə Elm və Təhsil Nazirliyində mütəxəssis vəzifəsinə işə qəbul olunmasına köməklik göstərə biləcəyini yalandan vəd etmiş, bunun müqabilində ümumilikdə 10.500 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Bu zaman təqsirləndirilən şəxs bilərəkdən həqiqətə uyğun olmayan məlumatlar vermiş, real olmayan imkanları mövcud kimi təqdim etmiş, bununla da zərərçəkmiş şəxsdə yanlış təsəvvür formalaşdırmaqla onun etibarından sui-istifadə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində özünün etirafı, zərər çəkmiş şəxsin və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hərçənd ki, təqsirləndirilən şəxs hazırkı vaxta qədər vurulmuş ziyanın 8.000 manat hissəsini zərərçəkmiş şəxsə ödəmişdir və bu hal Cinayət Məcəlləsinin 59-cu maddəsi baxımından cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilə bilər, məhkəmə hesab edir ki, qeyd olunan amil təkbaşına təyin ediləcək cəzanın növünü müəyyən edərkən həlledici əhəmiyyət kəsb etmir. Çünki cəza yalnız vurulmuş ziyanın kompensasiyasına görə deyil, eyni zamanda törədilmiş cinayətin xarakterinə, onun ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda doğrudur ki, formal baxımdan hazırda təqsirləndirilən şəxsin məhkumluğu yoxdur. Lakin məhkəmə diqqətdən kənarda saxlaya bilməz ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir. Bu hal hüquqi baxımdan məhkumluq yaratmasa da, təqsirləndirilən şəxsin davranış modelini, cinayətə münasibətini və hüquqa zidd hərəkətlərə meyilliliyini səciyyələndirən mühüm hal kimi qiymətləndirilməlidir. Bundan əlavə, baxmayaraq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 29, 178.2.4, 273-2, 294.3, 29, 294.3, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə ittiham olunduğu cinayət işi hazırda baxılma mərhələsindədir və həmin iş üzrə hələ hökm çıxarılmamışdır, məhkəmə təqsirsizlik prezumpsiyasını şübhə altına almadan bu halı da təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən amil kimi nəzərə almağı zəruri hesab edir. Çünki Cinayət Məcəlləsinin 58.3-cü maddəsi məhkəmədən yalnız formal məhkumluq məsələsini deyil, həm də təqsirkarın həyat tərzini, davranışını və cinayət törətməyə meyilliliyini kompleks şəkildə dəyərləndirməyi tələb edir. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs barəsində eyni xarakterli əməllərlə bağlı daha bir cinayət işi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsi üzrə cinayət işi hazırda istintaq mərhələsində olmaqla, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hərçənd ki, qeyd olunan iş üzrə istintaq hələ davam edir və yekun məhkəmə hökmü çıxarılmamışdır, məhkəmə təqsirsizlik prezumpsiyasını pozmadan onu da nəzərə alır ki, həmin qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarında təqsirləndirilən şəxsin əməllər üzrə özünü qismən təqsirli hesab etməsi qeyd edilmişdir. Bu hal hüquqi baxımdan təqsirin sübuta yetirilməsi kimi qiymətləndirilə bilməsə də, təqsirləndirilən şəxsin davranışını, cinayətə münasibətini və eyni tipli hüquqazidd əməllərə meyilliliyini səciyyələndirən əlavə amil kimi cəza təyin edilərkən məhkəmə tərəfindən nəzərə alınmalıdır. Əslində, hazırkı cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallar göstərir ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllər təsadüfi xarakter daşımır. O, əvvəlki fəaliyyətinin və vəzifə statusunun yaratdığı imkanlardan istifadə etməklə, dövlət orqanında işə qəbul məsələsini guya qeyri-rəsmi təsir və şəxsi əlaqələr vasitəsilə həll edə biləcəyini vəd etmiş, bu yolla qarşı tərəfin etibarından sui-istifadə edərək maddi maraqlarını təmin etmişdir. Bu cür davranış yalnız konkret zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla kifayətlənmir, eyni zamanda dövlət qulluğuna qəbulun qanuni, obyektiv və şəffaf mexanizmləri barədə cəmiyyətdə yanlış təsəvvür formalaşdırmaqla dövlət qulluğunun nüfuzuna, dövlət orqanlarının şəffaflığına və vətəndaşların dövlət institutlarına olan inamına ciddi zərbə vurur. Xüsusilə vurğulanmalıdır ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin etmək imkanına malikdir. Lakin məhkəmə hesab edir ki, mövcud faktiki hallar və təqsirləndirilən şəxsin cinayət törətməyə davamlı meyilliliyi nəzərə alındıqda, belə bir cəza nə cəzanın məqsədinə xidmət edər, nə də sosial ədalətin bərpasını təmin edə bilər. Azadlığın məhdudlaşdırılması cəzası bu şəraitdə təqsirləndirilən şəxsin islah olunması üçün yetərli və təsirli vasitə hesab edilə bilməz. Bu baxımdan cəza elə təyin edilməlidir ki, həm xüsusi preventiv, yəni təqsirləndirilən şəxsin gələcəkdə yeni cinayətlər törətməsinin qarşısını alsın, həm də ümumi preventiv xarakter daşımaqla cəmiyyətdə analoji əməllərə meyilli şəxslər üçün çəkindirici təsirə malik olsun. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi yalnız törədilmiş cinayətə adekvat hüquqi reaksiya olmaqla kifayətlənmir, eyni zamanda sosial ədalətin bərpasına, cinayətlərin qarşısının alınmasına, dövlət orqanlarının nüfuzunun və vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə yönəlmiş zəruri və ədalətli tədbir hesab edilməlidir. Yalnız bu cür cəza ilə cinayət hüququnun qoruyucu və preventiv funksiyaları real və effektiv şəkildə həyata keçirilə bilər. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdən 18 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün cəzasının müddətinə hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 70 (yetmiş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Həmin Qərara edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 15 saatın hər iş saatının 6 manatdan, 55 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 695 manat (15 saat x 6 AZN + 55 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdən 18 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün azadlıqdan məhrumetmə müddətinə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2026-cı il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərdiyi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 695 (altı yüz doxsan beş) (15 saat x 6 AZN + 55 saat x 11AZN) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar