Məhkəmə qərarları › İş №1(001)-32/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-32/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-32/2024 01.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 12.55 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1990-cı il tarixdə Daşkəsən rayonu, Daşkəsən qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060-765/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Daşkəsən rayonu, Quşçu Ə/D, Quşçu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən nömrəsiz evdə yaşayan, baxılan iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, başqa cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 15:10 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısından keçən zaman, sonuncunun həyət darvazasının qapısını bağlayaraq çıxıb getdiyini görüb bundan istifadə edərək, hasardan aşmaq yolu ilə həyətə kçdikdən sonra, evin birinci mərtəbəsində olan qonaq otağının pəncərəsinin üzərində olan dəmir barmaqlığı, həmin evin həyətindən tapdığı dəmir parçası ilə qırıb, açıq pəncərədən evə qanunsuz daxil olaraq, mətbəx otağında divardan asılmış 200 (iki yüz) manat dəyərində Rusiyada 2020.01 tarixdə istehsal edilmiş 01 ədəd «Samsung» markalı, «UE32N5300AU» model, 32 düym televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Daş bazarı» adlanan yerə özünə iş axtarmaq məqsədi ilə getmiş, lakin həmin vaxt içkili olduğundan, onu işə qəbul etməmişlər. «Daş bazarı» adlanan yerdən çıxıb, qəsəbədə olan 1 May küçəsi ilə piyada getdiyi zaman, həmin küçədə yerləşən nömrəsiz fərdi yaşayış evindən bir nəfər qadının həyətin darvazasının qapısını bağlayaraq, çıxıb getdiyini görmüşdür. Həmin anda o, qeyd olunan evdən oğurluq etmək qərarına gəlmiş və əmin olmaq üçün hasardan boylanıb evə baxmışdır. Evdə kimsənin olmadığına əmin olduqdan sonra, hasardan aşaraq evin həyətinə daxil omuş, həmin ev iki mərətbədən ibarət olmuş, evin birinci mərtəbəsində olan pəncərələrin üzərində dəmir barmaqlıqlar olmuşdur. Həyətə nəzər yetirdikdə, yerdən dəmir parçasını tapmış və evin birinci mərtəbsində yerləşən qonaq otağının üzərində olan dəmir barmaqlığı, tapdığı dəmir parçası ilə qırmış, pəncərə açıq oluduğundan, həmin pəncərədən evin qonaq otağına daxil olmuş və evi axtarmağa başlamış, laikn, evdə qızıl-zinət əşyaları və nağd pul tapa bilmədiyindən, qonaq otağında və mətbəxdə divardan asılmış markaları yadında qalmayan iki ədəd televizorları yerindən çıxarmış, daha sonra isə həmin televizorlaı pəncərədən bayıra çıxarmışdır.Qonaq otağından götürdüyü televizor böyük, ağır olduğundan və televizor pəncərədən çıxartdığı zaman zədələndiyindən, həmin televizoru həyətdə saxlayası olmuş, mətbəxdən götürdüyü televizoru isə özü ilə aparıb yaşadığı 28 May qəsəbəsində yaşayan Mətləb adlı şəxsə 80 manat müqabilində satmışdır. Oğurluq yolu ilə əldə etdiyi 80 manat məbləğində pulu şəxsi ehtiyaclarıma xərcləmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olmasını, vurulmuş zərəri tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını və himayəsində 2 (iki) azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində 0,03 ha torpaq sahəsində özünə məxsus iki mərtəbəli evi vardır. Həmin ev dörd tərəfdən divar daşları ilə hasara alınıb, həyətə giriş dəmir darvazadan, evə giriş isə dəmir qapıdan mümkündür. Qeyd olunan ünvanda o, 2007-ci ildən ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023cü il tarixdə təxminən saat 14:50 radələrində evdən çıxaraq, evin giriş qapısını və həyətin darvazasını açarla bağlayıb, Qaradağ rayonunda yerləşən «Sədərək» ticarət mərkəzinə getmişdir. Həmin gün saat 17:30 radələrində isə geri qayıtmışdır. Evə qayıdan zaman, həyətin darvazasını açıq vəziyyətdə olduğunu, evin birinci mərtəbəsində yerləşən qonaq otağının pəncərəsinin üzərində olan dəmir barmaqlığın qırılmış vəziyyətdə və həyətdə darvazanın yanında evin qonaq otağında divardan asılmış «LG» markalı televizorun yerdə ekranının zədələnmiş vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, dərhal evin giriş qapısını özündə olan açrala açıb evinə daxil olmuş və otaqları dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, başa düşmüş ki, evdə olmadığı müddət ərzində naməlum şəxs evinə daxil olmuşdur. Evə baxış keçirdikdə, mətbəx otağında divardan asılmış 700 manat dəyərində qara rəngli «Samsung» markalı televizorun oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, evindən oğurluq olması barədə məlumat vermiş və bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 700 manat dəyərində maddi ziyan dəymişdir, lakin, «LG» markalı televizorun yararsız hala düşməsi nəticəsində isə ona 4000 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 4700 manat məbləğində maddi ziyan dəymişdir.Məhkəmə iclasında və məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli yazılı ərizəsində zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, onunla barışmışdır və təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır belə ki, sonuncu onun uzaq qohumudur və onunla bir qəsəbədə yaşayır.Adnam yaşadığı ünvanın yaxınlığında telefon aksesuarları mağazasını işlədirmiş. Təxminən xx.xx.2023-cü il tarixdə Adnamla qəsəbədə görüşdükdə, sonuncu işlətdiyi mağazanı bağladığını və mağazada olan 01 ədəd «Samsung» markalı televizoru satmaq istədiyni ona bildirmişdir. O, Adnama televizor almaq niyyətində olmadığını bildirsə də, Adnam ona həmin televizoru ucuz qiymətə, yəni 80 manat müqabilində satdığını bildirmişdir. Adnamın bu sözündən sonra sonuncuya 80 manat məbləğində pulu verib, televizoru evinə aparmışdır. O, həqiqətən də Adnamın mağazanı bağladığından həmin televizoru ucuz qiymətə satmasını düşünürmüş, həmçinin Adanam onun uzaq qohumu olduğundan, sonuncuya inanmışdır. Lakin, sonradan polis əməkdaşları ona zəng vuraraq, Binəqədi RPİ-nə dəvət etmiş və idarədə o, Adnamdan aldığı «Samsung» markalı televizorun oğurluq yolu ilə əldə olunduğunu bilmişdir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarxili, 9/6282 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların hazırki vəziyyətdə 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 325,00 manat, təqdim edilməyən 2 adda mallar nəzəri qaydada ümumilikdə - 110,00 manat müəyyən edilir.Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli diskə baxış protokolundan görünür ki, diskdə olan video görüntü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən fərdi evin fasadına quraşdırılmış müşahidə kamerası ilə xx.xx.2023-cü il tarixdə saat 14:59-dan saat 15:27-dək olan müddət ərzində qeydə alınmışdır. «CD» formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində bir ədəd video fayl olduğu müəyyən edilmişdir. Həmin video fayl açıldıqda xx.xx.2023-cü il tarixdə saat 14:59da bir nəfər əynində qara rəngli şalvar, qırmızı rəngli gödəkçə olan kişi cinsli şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi hərəkət etdiyi, Zərərçəkmiş şəxs evinin qarşısında dayanıb hasardan boylanaraq baxması, sonradan geri qayıdaraq saat 15:27-də əlində bir ədəd televizor küçə ilə həmin yerdən uzaqlaşdığı müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə əlində televizor olan şəxsin özü olduğu və həmin televizoru Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən fərdi evdən oğurladığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/2047 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Rusiyada 2020.01 tarixdə istehsal edilmiş “Samsung” markalı, “UE32N5300AU” model, 32 düym televizorun istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin mart aıyına olan orta bazar qiyməti təxminən 200,00 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli yazılı ərizəsində Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. İş materiallarında olan olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Qəhrəmanov Adnam Abdulla oğlu Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinib 03 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)- 430/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 1(105)-230/2021 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə qəti olaraq 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Qəhrəmanov Adnam Abdulla oğlu barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndi tətbiq edilərək onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 02 il 03 ay 28 gün hissəsi 6 ay azaldılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)-1021/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Qəhrəmanov Adnam Abdulla oğlu Abşeron Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarı və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı nəzərə alınmaqla ona qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 (on) ay 03 (üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan əlavə, Qəhrəmanov Adnam Abdulla oğlu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060-765/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Beləliklə də, məlum olur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və əməlində cinayətin residivi vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir.Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır. Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin, «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməldən peşman olmasını, vurulmuş zərəri ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində 2 (iki) azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Republikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin təqsiri, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ilkin izahat və ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə tam təsdiqini tapır, buna görə də, təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli bilinməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin 1(060)-765/2023 saylı, 01 dekabr 2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə qəti olaraq təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar görə cəza təyin edilir.Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il saat 13.50 tarixdən 17 mart 2023-cü il saat 11.10 tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və başqa cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğundan ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – 01 ədəd “Samsung” markalı televizorun sahibi –Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut – 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 72 saat vaxt sərf etmişdir. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 72 saat hüquqi xidmətin dəyəri 432 manat "xxxx" ASCnin Binəqədi filialına (kod 200156,VÖEN**********, m/hAZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin 1(060)-765/2023 saylı, 01 dekabr 2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə qəti olaraq təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdən 17 mart 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində baxılan iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut - 01 (bir) ədəd “Samsung” markalı televizorun sahibi – Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – 01 (bir) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 72 (yetmiş iki) saat hüquqi xidmətin dəyəri 432 (dörd yüz otuz iki) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********, m/hAZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X, hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar