Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-320/2021 01.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 nümayəndəsi “Kermur” ixtisaslaşdırılmış Vəkil Bürosunun vəkili X7 iştirakı ilə, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X10 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X15 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab oxunur. X5 haqqında yalan böhtan məlumatları yaymaqla işlədiyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində onu tanıyan insanlar, kollektiv arasında nüfuzdan salmış, qəsdən mənfi rəy yaratmış, bir insan kimi şərəf və ləyaqətini ləkələmişdir. Belə ki, X8 məhkəmədə çıxışında, qarşılıqlı iddia ərizəsi ilə qərardaddan Binəqədi Rayon Məhkəməsinə verdiyi 29.03.2021-ci il tarixli şikayətdə və “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 19.04.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, “X10 (X11) şəxsi həyatının sirrini təşkil edən məlumatları yayaraq guya o çoxsaylı dələduzluq cinayətləri törətdiyinə görə Beynəlxalq interpolda axtarışdadır, adını, soyadını dəyişmişdir. Halbuki, məhkəmədə baxılan işdə onun şəxsi həyatı mübahisə predmeti deyil və o, interpolda axtarışda olmadığını, adını, soyadını dəyişmədiyini sübut etməyə borclu deyildir. Bundan başqa, X5 haqqında mənfi rəy yaratmaq məqsədilə ona böhtan ataraq, məhkəmədə bildirmişdir ki, “əməkdaşları qınamır onlar rəhbərlikdən asılı vəziyyətdədirlər və rəhbərlik nə desə, onu edəcəkdir. Orxan Əliyev rəsmi direktor olsa da, o da şirkətə əslində rəhbərlik edən İsa Hüseynovdan (köhnə adı Elsən Tağıyev’) asılı vəziyyətdədir və onun tapşırığından kənara çıxa bilməz.” 19.04.2021ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanına 19.04.2021-ci il tarixli cavab məktubu göndərərək bildirmişdir ki, “2020-ci ilin yanvar ayına kimi işə gedib-gəlməyinə, əmək haqqı almağına və hazırkı vaxta kimi bu şirkətin işçisi olmağına baxmayaraq, şirkətin idarə edilməsini üzərinə götürmüş İsa Hüseynovun (əvvəlki adı Elşən Tağıyev) namizədi X14 yeni direktor təyin edildikdən sonra 2020-ci ilin yanvar ayında ona bildirmişdir ki, həyat yoldaşı Qitlin Aleksey şirkətin həmtəsisçidir, onunla digər həmtəsisçisi, İsa Hüseynovun (əvvəlki adı Elşən Tağıyev) arasında həll edilməmiş məsələlər var və həmin məsələlər həllini tapmayınca işə buraxılmırsınız”. Həmçinin bildirmişdir ki, çoxsaylı dələduzluq cinayətləri törətdiyinə görə X1 İsa Hüseynov (əvvəlki adı Elsən Tağıyev) ona telefon edərək bildirmişdir ki, həyat yoldaşı şirkətdə olan payından onun xeyrinə imtina etməlidir, etməsə başına oyunlar açacaq, hər şeydən onları məhrum edəcək, rus millətinin nümayəndəsi olduğu üçün onları məhv etmək dərəcəsinə çatdıracaq, hamı onu eşidəcək, rus olduğu üçün ona heç kim kömək etməyəcək, onun özünü isə işə buraxmayacaqdır. X6 həmin sözləri onun şəxsiyyətinin başqa şəxslərin gözündə alçaldılmasına yönəldilmişdir. X6 ifadələri ona qarşı böhtan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu, təmiz adını ləkələyən məlumatlar kimi qiymətləndirilməlidir. X6 yuxarıda qeyd olunan təqsirli hərəkətləri ilə ona iztirablar vermiş və onun mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur. X6 bütün bu hərəkətləri isə onun psixologiyasına pis təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. X2 haqqında yalan böhtan məlumatlar yaymaqla işlədiyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində onu tanıyan insanlar, kollektiv arasında nüfuzdan salmağa, qəsdən mənfi rəy yaratmaqdır, onun bir insan kimi şərəf və ləyaqətinə ləkə yaxmaq cəhdidir. X8 Apellyasiya Məhkəməsində işə baxılan zaman həm iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə və qarşılıqlı iddia ərizəsində, həmçinin məhkəmə iclasında çıxış zamanı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 19.04.2021-ci il tarixli cavab məktubunda bildirmiş olduğu fikirlərin onun şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzlarına xələl gətirən məlumatlar olub-olmamasının müəyyən edilməsi üçün "X9" vəkil sorğusu göndərilmişdir. 24 may 2021-ci il tarixli 11/21 saylı linqvistik Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, X6 adından olan iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, qarşılıqlı iddia ərizəsində və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məktubda “X13 (X11) aid edilən çoxsaylı dələduzluq cinayətləri törətdiyinə görə X1 İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev) şirkətin idarə edilməsini üzərinə götürmüş İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev)” kimi söz və ifadələr linqvistik təhlil baxımından X10 (X11) şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzunu ləkələyən söz və ifadələr hesab edilir. Cavabdehin adından olan iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, qarşılıqlı iddia ərizəsində və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məktubda X13 (X11) aid edilən Çoxsaylı dələduzluq cinayətləri törətdiyinə görə X1 İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev) tərəfindən söylənilməsi iddia olunan “Həyat yoldaşın şirkətdə olan payından mənim xeyrimə imtina etməlidir, etməsə başınıza oyunlar açacam, hər şeydən sizi məhrum edəcəm, rus millətinin nümayəndəsi olduğunuz üçün sizi məhv etmək dərəcəsinə çatdıracam, hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyəcək” kimi hədə-qorxu tərkibli məlumatların X15 (əvvəlki adı Elşən Tağıyev) tərəfindən söylənməsi öz təsdiqini tapmadığı halda böhtan hesab edilir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 nümayəndəsi “Kermur” ixtisaslaşdırılmış Vəkil Bürosunun vəkili X12 şikayət ərizəsində göstərilənləri müdafiə edərək işin məhkəmə baxışına təyin edilməsini və X6 CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamış, eləcə də X3 böhtan atmasını təsdiq edə biləcək hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs özü haqqında, yəni soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi barədə məlumatları şikayətində göstərməli olduğu halda, X15 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə özü haqqında məlumatları tam şəkildə qeyd etməməklə, məşğuliyyət növü və vəzifəsi barədə məlumatları göstərməmişdir. Bundan başqa, CPM-in 293.3.4-cü maddəsində şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməli olsa da, X15 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə cinayətin törədilmə hallarına dair nə şahid ifadələri, nə hər hansı bir sənəd, nə də bunu təsdiq edəcək sübut göstərilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə X3 böhtan atmasını təsdiq edəcək sübutlar kimi sonuncunun məhkəmə qərardadından şikayəti, apellyasiya şikayəti və digər müraciətlərini göstərsə də, X6 həmin hərəkətləri CM-in 147.1-ci maddəsinin tərkib əlamətini yaratmır. Çünki “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.02.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15 tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.02.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X8 barəsində CM-in 147.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X6 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X10 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-320/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-320/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver