Məhkəmə qərarları › İş №1(001)-320/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-320/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-320/2024 04.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci Ermənistan Respublikası, Spitak rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 24 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində xx.xx.2023-cü il tarixli, ƏNVİİİ 798280 nömrəli etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Sonata” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsi ilə 40 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bu tələblərə riayət etməyərək, həmçinin həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq avtomobili sərxoş vəziyyətdə idarə edib yol hərəkət qaydalarını pozub hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək avtomobilin idarəetməsini itirib E.Babayev küçəsi 109a saylı ünvanın yaxınlığında piyada hərəkətdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs vurub ehtiyatsızlıqdan ona sağ aşağı ətrafın sağ diz oynağı səviyyəsində travmatik amputasiyası ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (60%) daimi (dayanıqlı) itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid, sol bud nahiyəsinin əzilmiş- cırılmış yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sol baldır və sol ayaq pəncəsi nahiyələrinin əzilmiş yaraları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, ona CM-in 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Hyundai Sonata” markalı 90 ER-419 dövlət qeydiyyat nişanlı avtomobil onun adına qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən kafedə bir neçə bakal pivə içdikdən sonra kafedən çıxmış və avtomobilini idarə edib yaşadığı evə getmək istətmişdir. O, Binəqədi rayonu, E.Babayev küçəsi ilə saatda təxminən 40 km sürətlə hərəkətdə olan zaman qarşıda sərt döngənin olduğunu görmüş, sərxoş vəziyyətdə olduğundan idarə etməni itirmiş və avtomobil əks yola çıxıb qarşıdakı evin daş hasarına dəymişdir. Avtomobil həmin daş hasara çırpılıb dayandıqdan sonra hasar uçmuş və hasarın yanı ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs üzərinə daş hasarın hissələri tökülmüşdür. Həmin vaxt hasarı uçmuş evdə yaşayan əvvəllərdə tanıdığı Coşqun küçəyə çıxmış, onu maşından çıxarmışdir O, içkili olduğundan Coşqunla yaşadığı evə gedərək əl-üzünü yuyub hadisə yerinə qayıtmışdır. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşları onun iştirakı ilə hadisə yerində müəyyən sənədləşmə aparmışlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən sonra zərərçəkmiş şəxsə maddi yardım etmiş, zərərçəkmiş şəxslə ibtidai istintaq zamanı barışmış, lakin sonradan sonuncu ondan əlavə pul tələb etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsi ilə yolun kənarı ilə piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onu ayağından vurub xəsarət yetirmişdir. Hadisə nəticəsində ayağı diz nahiyəsindən aşağı hissədən qopmuşdur. Hadisə vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə daş hasara çırpılmış, hasarın qopmuş hissəsi onun üzərinə dağılmışdır. Bundan sonra hadisə yerinə çox sayda adam toplaşmış, təcili tibbi yardım gəlib onu xəstəxanaya aparmışdır. Xəstəxanada əməliyyat olunmuş və sağ ayağı amputasiya olunmuşdur. Hadisədən sonra təqsirləndirilən şəxs ona maddi yardım göstərmiş, lakin tam xərclərini ödəməmişdir. Ona görə də Təqsirləndirilən şəxsla barışmamış, sonuncudan şikayətçidir. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşamış, qonşu kimi münasibəti olmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən axşam saat 23 radələrində yaşadığım evdə olan zaman küçədə güclü səs eşitdiyi üçün çölə çıxmış və yaşadığı həyət evinin hasarının bir hissəsinin uçduğunu, hasarın yanında yerdə bir nəfər qadının olduğunu və ayağının daşın altında qaldığını görmüşdür. O, həyətdən çıxandan sonra Təqsirləndirilən şəxs idarə etdiyi maşını görmüş və qəza törətdiyini başa düşmüşdür. Bundan sonra Vüsalın yaşadığı evə gedərək hadisə barədə onun qardaşı Vüqara məlumat vermiş və sonuncu ilə birlikdə hadisə yerinə gəlmişdir. Vüsal həmin vaxt içkili oduğundan o, sonuncunu evlərinə aparmış, Vüsal əl-üzünü yuduqdan sonra hadisə yerinə qayıtmışdır. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım gəlmiş və xəsarət almış qadını xəstəxanaya aparmışdır. O, hadisədən sonra Vüsalı öz maşını ilə polis idarəsinə aparmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid3 Fəhrad oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 24 sentyabr 2023-cü il tarixdə saat 24 radələrində o, yaşadığı evdə olan zaman qonşusu Coşqun onun yaşadığı evə gələrək Vüsalın idarə etdiyi avtomobillə qəza törətdiyini bildirmişdir. O, Coşqunla birlikdə hadisə yerə getmiş və orada bilmişdir ki, Vüsal idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs vurmuş və avtomobil Coşqunun yaşadığı evin hasarına çırpılmışdır. Həmin vaxt Vüsal içkili vəziyyətdə olduğundan Coşqun sonuncunu əl-üzünü yuması üçün evə aparmış, o, isə hadisə yerində qalmışdır. Bir qədər sonra hadisə yerinə təcili-tibbi yardım gəlmiş və Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşuluqda yaşayan şəxs kimi tanımışdır. O, hadisə olan vaxtı idarə etdiyi avtomobili hadisə yeri üzbəüz saxlamışdır. O, avtomobildən düşüb yaşadığı evə gedərkən avtomobildə siqaretini unutduğu üçün geri qayıtmış, həmin vaxt səs gəldiyini eşitmiş və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə qəza törətdiyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yaxınlaşmış, sonuncunu avtomobildən çıxarmışlar. O, əvvəlcə zərərçəkmiş şəxsi görməmiş, sonra görmüşdür ki, hadisə vaxtı bir qadın xəsarət almışdır. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım gəlmiş və xəsarət almış qadını aparmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs şokda olmuş, nə etdiyini başa düşməmişdir. O, Vüsal qardaşı ilə birlikdə xəstəxanaya getmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 263-1.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 2 ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verən yerdə yol asfalt/beton örtüklü olmaqla, düz və qurudur. Həmin yerdə yol örtüyünün hər iki istiqamət üçün ümumi eni 6 metr, işlək hissəsinin eni 6 metr, ehtiyat hissəsinin eni 1, ayrıcı zolağın eni 3 metr təşkil edir, hərəkət hissəsi iki hərəkət zolaqlıdır. Yolun üzərində 1.5 üfüqi nişanlanma xətti çəkilmişdir. xx.xx.2023-cü il tarixli, 2/19920 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni 24 sentyabr 2023-cü il tarixdə sərxoş vəziyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixli, 2101 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə - Tibbi Ekspertiza və X3” X8 rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ aşağı ətrafın sağ diz oynağı səviyyəsində travmatik amputasiyası, sol bud nahiyəsinin əzilmiş-cırılmış yarası, sol baldır, sol ayaq pəncəsi nahiyələrinin əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “Az.Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 00:30-dan bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sağ aşağı ətrafın sağ diz oynağı səviyyəsində travmatik amputasiyası ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (60%) daimi (dayanıqlı) itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid edilir, sol bud nahiyəsinin əzilmiş-cırılmış yarası dərəcəsində görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol baldır və sol ayaq pəncəsi nahiyələrinin əzilmiş yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildikdən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin onu vurması nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsindən sonra tibbi yardım üçün “ETTOİ” PHŞ-nə müraciət etmiş və orada müayinələr zamanı onun 8 həftə, 5 günlük hamilə olması müəyyən olunmuşdur. Dölün ürək döyüntüləri və müddətinə görə vəziyyəti normal olmuşdur. Lakin stasionar müalicə müddətində qəbul etdiyi dərmanlarla əlaqədar hamiləliyin tibbi abortla sonlandırılması üçün o, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanası” X7 göndərilmişdir. xx.xx.2023-cü il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanası” X7 qəbul olunmuş və orada tibbi abort edilmişdir. Beləliklə, Zərərçəkmiş şəxs hamiləliyi tibbi abortla sonlandırıldığından və “ETTOİ” PHŞ-nə gətirilərkən hamiləliyin normal vəziyyətdə olmasını nəzərə alaraq demək olar ki, onun hamiləliyin pozulması ilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi arasında səbəbli əlaqə yoxdur. xx.xx.2023-cü il tarixli, 8/3519 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Hyundai Sonata” markalı, 90ER419 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli, 3-13-16/2-179075/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır, həmin vəsiqə xx.xx.2027-ci il tarixədək etibarlıdır və sonuncunun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Hyundai Sonata” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. AZ-İİİ №019428 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X5 adlı bir azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263-1.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmin məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzalarının təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, “Hyundai Sonata” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi X2 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 9 (doqquz) ay il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, “Hyundai Sonata” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar