Məhkəmə qərarları › İş №1(001)-321/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-321/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-321/2023 16.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Ağstafa rayonu, Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Köçəsgər ərazi dairəsi, Köçəsgər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, fərdi yaşayış evində yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı- Sumqayıt şossesinin Bakı şəhəri, Binəqədi rayonu ərazisindən keçən hissəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən «Lukoil» YDM-nin yaxınlığında Zərərçəkmiş şəxs idarə etdiyi «VAZ- 21063» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilini, saxla işarəsi verib saxladaraq yaxınlaşıb, avtomobilin qabaq sağ sərnişin qapısını açaraq, sürücüyə bir manat pula ehtiyacı olduğunu bildirmiş, sonuncu da həmin məbləğdə pulu ona könüllü olaraq vermək məqsədi ilə şalvarının sağ yan cibindən pullarını çıxartdıqda o, 497 (dörd yüz doxsan yeddi) manat məbləğində nağd pulu sürücünün əlindən alıb oradan qaçıb uzaqlaşmaqla, özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, cinsi azlıq nümayəndəsi olduğundan adətən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Bakı Beynalxalq Avtovağzalı ərazisində gəzərək, müəyyən pul müqabilində qeyri-təbbi və ya oral yolla intim xidmətlərini kişi cinsli şəxslərə təklif edirmiş. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən «Lukoil» YDM-nin həyətində «VAZ-21063» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yanında dayanmışdır. Həmin avtomobilin sürücüsü ondan intim xidmətlərin qiymətlərini soruşmuşdur. O, sürücüyə qeyri-təbii yolla intim münasibətin qiymətinin 30 manat, oral yolla intim münasibətin qiymətinin isə 10 manat müqabilində olduğunu bildirmişdir. Bundan sonra o, avtomobilə əyləşmiş və sürücü ona 20 manat məbləğində pulu verib onunla oral yolla intim münasibətində olmaq istədiyini bildirmiş, həmin anda sürücünün gödəkçəsinin sağ yan cibindən pullarının oturacağın üzərinə düşdüyünü görmüş, lakin, sürücü özü bunu hiss etməmişdir. Daha sonra sürücü avtomobili Bakı-Sumqayıt şossesi ilə Sumqayıt şəhəri istiqamətində idarə etməyə başlamış, YDMdən təxminən 200 metr məsafədə sürücü avtomobilini saxlamış və o, orada sürücüyə oral yolla intim xidməti göstərməyə başlamışdır. Həmin proses zamanı sürücü oturacağının üzərinə düşmüş pulları götürüb cibinə qoymuş, sürücü öz cinsi ehtirasını təmin etdikdən sonra o, avtomobildən düşərək YDM-nə tərəf hərəkət etməyə başlamış və həmin anda görmüş ki, sürücü əlində dəmir parçası ilə onu arxadan səsləyərək, pulunu tələb etməyə başlamışdır. O, sürücünün əlində dəmir parçasının olduğunu görüb oradan qaçaraq, uzaqlaşmağa başlamış, sürücü isə ona çata bilməmişdir. Oturacağın üzərindən götürdüyü pulları sayıdıqda, həmin pulların 50 və 20 manatlıq pul əskinazları ilə təxminən 400 manat məbləğində olduğunu müəyyən etmişdir. Cinayət yolu ilə əldə etdiyi pulları öz şəxsi istifadəsi üçün xərcləmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən peşman olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Xaçmaz rayonundan Bakı şəhərinə avadanlıq almağa gəlmişdir. Bakı şəhərini yaxşı tanımadığından, idarə etdiyi «VAZ-21063» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən «Lukoil» YDM-nin həyətində saxlayıb, özü isə taksi sifariş edib, Bakı şəhərinin mərkəzinə yollanmışdır. İşlərini bitirdikdən sonra, həmin gün təxminən saat 18 radələrində «Lukoil» YDM-nin həyətinə taksi ilə gəlib, aldığı avadanlığı avtomobilinə yükləyib, avtomobilini Bakı-Sumqayıt şossesi ilə Sumqayıt şəhəri istiqamətində idarə etməyə başlamış və YDM-dən təxminən 200 metr məsafədə bir nəfər şəxsin yolun kənarında dayanıb avtomobilə saxla işarəsi verdiyini görmüşdür. İlk öncə o, həmin şəxsin harasa getmək istədiyini başa düşüb avtomobili saxlamış, həmin şəxs avtomobilin qabaq sağ sərnişin qapısını açdıqda, sonuncudan hara getmək istədiyni soruşmuş, həmin şəxs isə heç bir yerə getmədiyini, sadəcə olaraq bir manat pula ehtiyacının olduğunu bildirmişdir. Onun həmin şəxsə yazığı gəldiyindən, sonuncuya bir manat pul vermək qərarına gəlmiş və bu məqsədlə əlini şalvarının sağ yan cibinə salıb pulları çıxardan zaman, həmin şəxs anidən əlində olan pulları götürüb qaçaraq, avtomobildən uzaqlaşmağa başlamışdır. O, dərhal həmin şəxsin dalınca qaçmağa başlamış, lakin, həmin şəxsə çata bilməmişdir. Bundan sonra o, DİN-nin 102 zəng xidmətinə zəng edərək, əlindən açıq şəkildə 90 manat məbləğində pulun naməlum şəxs tərəfindən ələ keçirildiyi barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əmkdaşları gəlmiş və hadisə yerini müayinə etməyə başlamışlar. Sonradan ona naməlum şəxs onun 90 manat yox, 50-lik, 20-lik, 5-lik və 1 mantlıq pul əskinazları ilə ümumilikdə 497 manat məbləğində pulu ələ keçirilmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ona 497 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, soyğunçuluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən «Lukoil» YDM-nin yaxınlığında baş vermişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış və CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün, saat 17:00-da CM-in 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş soyğunçuluq hadisəsi üzrə digər üç nəfər şəxslə birlikdə tanınmaya təqdim edilmiş və iş üzrə Zərərçəkmiş şəxs təqdim edilmiş şəxslərin sırasında ona məxsus pul məbləğini oğurlayan şəxsi tanıya bilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İş-nin baş müstəntiqi, polis kapitanı Emin Musayevin xx.xx.2022-ci il tarixli vəsatəti təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad olunmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-321/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 180.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 180.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən hallı nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Emin Musayevin xx.xx.2022-ci il tarixli vəsatəti təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-321/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 12 dekabr 2022-ci ildən 14 dekabr 2022-ci ilədək şübhəli və təqsirləndirilən şəxs qismində, həmçinin, 08 may 2023-cü ildən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 12 dekabr 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixə kimi şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddətinin əvvəli 08 may 2023-cü il tarixdən hesablanmalı və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 27 (iyirmi yeddi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 27 (iyirmi yeddi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 27 (iyirmi yeddi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 162 (yüz altmış iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən cinayət hadisəsi zamanı vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 08 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 27 (iyirmi yeddi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 162 (yüz altmış iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar