Məhkəmə qərarları › İş №1(001)-322/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-322/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-322/2024 27.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi X5, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Yaşoviçin iştirakı ilə, xx xxxx 1973-cü ildə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 177.3.1-ci və başqa maddələri ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 9 ilə endirilmiş, məhkumluğu ödənilməmiş, Gürcüstan Respublikası Kutaisi şəhəri İ.Abaşidze prospekti 29 mənzil 30 ünvanda qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Yaşoviçin Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Yaşoviç tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 27 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən 39 saylı mənzilin giriş qapısının daxili taxma konstruksiyalı qıfılın silindrik mexanizmini özü ilə gətirdiyi ştat açarı olmadan müxtəlif növ qıfılları açmaq üçün alətlərdən istifadə etməklə qırıb qapını açmaqla, yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında paltar dolabından 1 ədədinin dəyəri 120 manat olmaqla cəmi 2 ədəd 240 manat dəyərində “Hublot” markalı “Big bang cwcm025” modelli qara və göy rəngli kişi qol saatlarını, dəyəri 95 manat olan “Emporium Armani” markalı, “ar2448” modelli 1 ədəd kişi qol saatını, dəyəri 150 manat olan “Casio” markalı, “mtp-1375L-7avdf” modelli 1 ədəd kişi qol saatını, dəyəri 3.000 manat olan İtaliya Respublikası istehsalı brilliant qaşlı 1 dəst qızıl sırğa və üzük, dəyəri 800 manat olan Türkiyə Respublikası istehsalı 1 ədəd qadın qızıl qolbağını, dəyəri 1.100 manat olan İtaliya Respublikası istehsalı 1 ədəd qadın qızıl qolbağını, dəyəri 2.200 manat olan İtaliya Respublikası istehsalı 1 dəst qızıl boyunbağı və kulonu, dəyəri 1.000 manat olan Türkiyə Respublikası istehsalı “Pandora” markalı 1 ədəd qızıl üzük və sırğanı, dəyəri 1.000 manat olan Türkiyə Respublikası istehsalı 1 ədəd tək qırmızı qaşlı böyük qadın qızıl üzüyü, dəyəri 600 manat olan Türkiyə Respublikası istehsalı olan 1 ədəd ağ tək qaşlı qadın qızıl üzüyü, dəyəri 400 manat olan Türkiyə Respublikası istehsalı olan 1 ədəd qadın qızıl üzüyü, dəyəri 600 manat olan Türkiyə Respublikası istehsalı olan 1 dəst qızıl üzük və tək tay qızıl sırğanı, dəyəri 600 manat olan Türkiyə Respublikası istehsalı olan 1 dəst ağ-qara qaşlarla nazik qızıl sepi və qara kulonlu qızıl sırğanı, dəyəri 1.000 manat olan İtaliya Respublikası istehsalı 1 ədəd brilliant qaşlı qızıl kişi üzüyü, dəyəri 250 manat olan 1 dəst tünd göy qaşlı gümüş sırğa, üzük və sep, dəyəri 200 manat olan 1 ədəd gümüş mirvari kulonlu mirvarili qolbağı, dəyəri 70 manat olan 1 dəst qızıl sırğanı, dəyəri 150 manat olan 1 ədəd “Svarovski” markalı ürək formalı kulonlu gümüş boyunbağını, dəyəri 200 manat olan 1 dəst təbii mirvari boyun və qolbağı, dəyəri 300 manat olan 1 dəst gümüş qolbaq və maviqırmızı təbii qaşlı üzüyü, eləyəri 150 manat olan 1 ədəd kulonlu gümüş qadın boyunbağını, dəyəri 150 manat olan 1 ədəd gümüş kişi boyunbağını, dəyəri 100 manat olan 1 ədəd gümüş kişi boyunbağını, dəyəri 120 manat olan 1 dəst yaşıl qaşlı gümüş üzük və tək sırğanı, dəyəri 150 manat olan 1 ədəd gümüş qadın ayaq üçün bilərziyi, 1 ədədinin dəyəri 2 manat olmaqla cəmi 3 ədəd 6 manat dəyərində müxtəlif rəngli «S» formalı yaxa sancağını, dəyəri 4 manat olan 1 ədəd sarı rəngli metaldan, üzərində mirvariyə bənzər muncuqlar və ağ şəffaf qaşlar olan yaxa sancağını, dəyəri 10 manat olan 1 ədəd “Gipfel” markalı termosu, dəyəri 30 manat olan 1 ədəd “Aaopusen” markalı qara rəngli məktəbli çantasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 14.675 (on dörd min altı yüz yetmiş beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Yaşoviç Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü ildə Bakı şəhərinə işləməyə gəlmişdir. Bakı şəhərində müxtəlif ünvanlarda yaşamışdır. İş olmadığı üçün oğurluq edib 2015-ci ildə yenidən Gürcüstan Respublikasına qayıdarkən gömrükdə tutulmuşdur. Bakı və Gəncə şəhərlərində oğurluq etdiyinə görə barəsində olan cinayət işləri tamamlanıb baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmiş, məhkəmə onu, AR CM-in 177.3.1 və 177.3.2-cü maddələri ilə təqsirli bilərək barəsində 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. xx.xx.2023-cü ildə cəzasının qalan hissəsindən şərti azad olunmuşdur. Azadlığa çıxandan sonra Sabunçu rayonu Bakıxanov qəsəbəsində kirayə qalmışdır. 10 saylı Cəzaçəkmə Müəssisəsindən çıxarkən dustaq yoldaşı Şahid cəzasının az qaldığı üçün azadlığa çıxanda onunla əlaqə saxlamağı üçün əlaqə nömrəsini götürmüşdür. 2023-cü ilin yay aylarında İlqara zəng vurmuşdur. Telefona İlqar cavab vermiş, onun çıxdığını bilib onunla bir neçə dəfə telefonda danışmışlar. Sonra onun işlədiyi Nərimanov rayonundakı avtoservisdə görüşmüşlər. Söhbət zamanı o, İlqardan işləmədiyini, qalmağa yeri olmadığını onunla bir yerdə yaşamağına köməklik etməsini xahiş etmişdir. İlqar ona işlərini qaydasına qoyandan sonra, onunda tək yaşadığını, birlikdə onunla qala biləcəklərini demişdir. 2023cü ilin avqust ayında İlqarla danışıb onun yaşadığı Binəqədi rayon, A.Gəraybəyli küçəsi, bina 37A, mənzil 49 ünvana gəlib, o, vaxtdan İlqarla yaşamağa başlamışlar. Həmin ev İlqarın bacısına məxsusdur, lakin bacısı Türküyə Respublikasında yaşayır. O, Azərbaycan Respublikasının vətəndaşı olmadığından, azərbaycan dilini bilmədiyindən heç bir yerdə iş tapa bilməmişdir. Arada İlqar ona köməklik etmiş, Gürcüstan Respublikasından anası və qohumları ona pul göndərmişlər. O, maddi imkanının çətinləşdiyi üçün məcbur qalıb oğurluq etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə 19 radələrində oğurluq etmək üçün evdən çıxıb küçələri gəzməyə başlamışdır. O, həmin zaman nömrəsi olmayan qara rəngli mopedlə məhlələri gəzib işıqları yanmayan evlər axtarmağa başlamışdır. Həmin zaman beş mərtəbəli binanın ikinci mərtəbəsində evin işığının sönülü olduğunu görmüşdür. Həmin evin pəncərələrinin çərçivəli olduğundan evdə qızıl və pul ola biləcəyini düşünüb bloka girmişdir. Blokun işıqları hərəkətlə yanmışdır. İkinci mərtəbəyə qalxıb evin boz rəngli qapısını dörd dəfə döymüşdür. Qapını açan olmayıb, geri qayıdıb mopeddən qapını açmaq üçün əşyaları götürüb geri qayıtmışdır. Qapının kilidini vint açanla vurub qırmış və içəri girmişdir. Evin işıqlarını yandırmadan siqaret yandıranın fənəri ilə evi axtarmağa başlamışdır. Evin yataq otağına girib pul və qızılın burada ola biləcəyini düşünüb otağın qapısının sağ tərəfində açıq rəngli balaca dolabı açıb oradan qızılları götürmüşdür. Sonra qızıla oxşatdığı bir neçə bujuteri əşya götürmüşdür. Sonra həmin otaqda olan paltar dolabından brend firmaların kopyası olan üç ədəd qol saatı götürmüşdür. Həmin əşyaları çantaya qoyub ev sahibi gəlməmiş oradan çıxmışdır. O, evdən çıxıb yaşadığı evə gəlmişdir. Evdə oğurladığı əşyalara baxıb saatların dəyərsiz olduğunu, bəzi əşyaların isə bujuteria olduğunu müəyyən etmişdir. Qızılların bir hissəsini səhəri günü Binəqədi rayonunda gəzib qaraçılara 1000 manata satmış, saatları küçədə zibil qablarına atmış, qızılların qalan hissəsi isə saxlanılarkən polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs Yaşoviç əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onlar tərəfindən döyülmüş və polislər tərəfindən götürülmüş qızıl-zinət əşyalarını satdığı kimi ifadələr verməyə məcbur edilmişdir. Halbuki, qızılların əsas hissəsi saxlanılarkən polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verən mənzilə xx.xx.2023-cü ildə köçmüşlər. Həmin bina beş mərtəbəli, daş binadır. Binanın blokları həyətə baxır, həyətdə qarajlar və fərdi tikililər vardır. Binanın həyətində müşahidə kamerası yoxdur, lakin məhəllə işıqlandırma sistemi ilə işıqlandırılır. Onların mənzil binanın sağ tərəfində ikinci mərtəbədə, piləkanla qarşı-qarşıya yerləşir. Hər mərtəbədə iki mənzil vardır. Mənzilin giriş qapısı boz rəngdə zavod üsulu ilə istehsal olunmuş qapı olmaqla, «VAZ» kilidlidir. xx.xx.2024-cü ildə saat 17:00 radələrində yoldaşı uşaqlarla birlikdə qaynatasıgilə qonaq getmişdilər. O, özü isə 18:15 radələrində işdən evə gəlib qapını açıb evdən əl çantasını götürüb idmana getmişdir. Saat 22:00-da geri qayıdıb maşını həyətdə saxlayıb evə qalxarkən, evin giriş qapısının kilid hissəsinin içərisinin yerində olmadığını aşkar etmişdir. Qapıya əlini uzadanda qapının kilidinin açıq olduğunu görmüşdür. Qapını açanda kilidin dil hissəsinin dəhlizdə yerdə olduğunu görmüşdür. Evə kiminsə girdiyinə əmin olub DİN 102 xidmətinə zəng vurmuşdur. Bir az sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Mənzilə baxarkən yataq otağında paltar dolabında ona məxsus 02 ədəd hər birinin qiyməti 120 manat olan Hublot markalı BİG BANG CWCM025 modelli biri qara rəngli digəri göy rəngli kişi qol saatı, 01 ədəd qiyməti 95 manat olan Emporio Armani markalı AR2448 markalı kişi qol saatı, 01 ədəd qiyməti 150 manat olan Casio markalı MTP- 1375L-7AVDF modelli qol saatı, 01 ədəd İtalyan istehsalı olan 3000 manat dəyərində briliant qaşlı qızıl dəst sırğa və üzük, 01 ədəd Türküyə istehsalı olan 800 manat dəyərində qadın qol bağı, 01 ədəd İtalyan istehsalı olan 1100 manat dəyərində qadın qol bağı, 01 dəst İtalyan istehsalı olan 2200 manat dəyərində tros boyun bağı və kulonu, 01 dəst Türküyə istehsalı olan 1000 manat dəyərində «Pandora» markalı üzük və sırğa dəsti, 01 ədəd Türküyə istehsalı olan 1000 manat dəyərində tək qırmızı qaşlı böyük qadın üzüyü, 01 ədəd Türküyə istehsalı olan 600 manat dəyərində ağ tək qaşlı qadın üzüyü, 01 ədəd Türküyə istehsalı olan 400 manat dəyərində ağ və sarı qızıl qadın üzüyü, 01 ədəd Türküyə istehsalı olan 600 manat dəyərində qızıl üzük və tək tay sırğası, 01 ədəd Türküyə istehsalı olan 600 manat dəyərində qızıl sırğa ağ-qara qaşlarla nazik sep qara kulonu ilə, 01 ədəd İtalyan istehsalı 1000 manat dəyərində brilyant qaşlı qızıl kişi üzüyü, 01 dəst 250 manat dəyərində tünd göy qaşlı gümüş sırğa, üzük və sep dəsti, 01 ədəd 200 manat dəyərində gümüş mirvarili qolbaq və mirvari kulonu, 01 ədəd 70 manat dəyərində bir cüt sırğa, 01 ədəd 150 manat dəyərində Svarovski markalı gümüş boyunbağı ürək kulonla, 01 ədəd 200 manat dəyərində təbi mirvari boyun və qol bağı dəsti, 01 ədəd 300 manat dəyərində gümüş qolbaq və üzüyü ilə birlikdə mavi və qırmızı təbii qaşlarla, 01 ədəd 150 manat dəyərində gümüş qadın boyunbağısı və kulonla, 01 ədəd 150 manat dəyərində gümüş kişi boyunbağı, 01 ədəd 100 manat dəyərində gümüş kişi boyunbağısı, 01 ədəd 120 manat dəyərində yaşıl qaşlı günüş üzük və tək sırğası, 01 ədəd 150 manat dəyərində gümüş qadın ayaq üçün bilərzik, hər birinin dəyəri 5(beş) manat olan qırmızı, qəhvəyi və qırmızı rəngli «S» formalı sancaqları, 01 ədəd 10(on) manat dəyərində gül formalı üzərində suni ağ qaşlar və suni mirvari olan sancağı, 01 ədəd 10 manat dəyərində su termosu və 01 ədəd 30 manat dəyərində qara rəgli məktəbli çantası oğurlanmışdır. Oğurluq nəticəsində mənə 14690 manat məbləğində maddi ziyan dəymişdir. Vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs Yaşoviçin cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yaşoviçlə bir yerdə yaşayır, fərdi əməklə rəngsaz işləyir. Qriqolini 2015-ci ildən 10 saylı cəza çəkmə müəssisəsindən tanıyır. Onunla birlikdə həmin cəza çəkmə müəssisəsində cəza çəkərkən tanış olmuşdur. Qriqoli oğurluq etdiyinə görə, o, isə ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə məhkum olunmuşdur. Qriqoli 2021-ci ilin fevral ayında vaxtından əvvəl azad olunmuşdur. O, isə xx.xx.2023-cü ildə əfv olunub azadlığa çıxmışdır. Qiqoli cəzaçəkmə müəssisəsindən çıxanda onun mobil nömrəsini götürmüşdür ki, azadlığa çıxanda zəng vurub görüşsün. Azadlığa çıxandan təxminən iki ay sonra Qriqoli ona zəng vurmuşdur. Onun azadlığa çıxdığını eşidib, kef-hal eləmişdir. Sonra ona bir neçə dəfə zəng vurub telefonda danışmışlar. Sonra, onun işlədiyi Nərimanov rayonundakı avtoservisdə görüşmüşlər. Söhbət zamanı Qriqoli ona heç bir yerdə işləmədiyini, qalmağa yeri olmadığını, kirayə pulunu verə bilmədiyini bu səbəbdən onunla bir yerdə yaşamağına köməklik etməyini ondan xahiş eləmişdir. O, Qriqoliyə işlərini qaydasına qoyandan sonra, tək yaşadığını, gəlib onunla birlikdə qala biləcəyini demişdir. 2023-cü ilin avqust ayında Qriqoli onunla danışıb onun yaşadığı Binəqədi rayon, A.Gəraybəyli küçəsi, bina 37A, mənzil 49 ünvana gəlmiş, o, vaxtdan onunla bir evdə yaşamağa başlamışdır. Həmin ev onun bacısına məxsusdur, lakin, bacısı Türküyə Respublikasında yaşayır.Qriqoli, Azərbaycan Respublikasının vətəndaşı olmadığından, azərbaycan dilini bilmədiyindən heç bir yerdə iş tapa bilməmişdir. Arada o, ona köməklik edirmiş, Gürcüstan Respublikasından anası və qohumları ona pul göndərirmişlər. O, Qriqoliyə hər nə lazımdır ona köməklik edəcəyini, lakin onun pis işlərlə məşğul olmamasını tapşırmışdır. O da, ona problem yaradacaq heç bir iş görməyəcəyini bildirmişdir. Qriqoli ona deməsinə görə hansısa tanışı Moped vermişdir ki, onunla işləyib pul qazansın. Buna baxmayaraq o, heç bir işlə məşğul olmurdu. O, səhər işə gedib, axşam gəldiyi üçün Qriqolinin evdə tək olanda nə ilə məşğul olduğunu bilmirmiş. Sonradan polis əməkdaşları onlara gələndə, Qriqolinin kiminsə evindən oğurluq etdiyini eşitmişdir. Məhkəmənin qərarına əsasən yaşadığı evə onun, Qriqolinin, vəkilin və tərcüməçinin iştirakı ilə axtarış keçirib, Qriqolinin oğurluqda istifadə etdiyi alətləri və əşyaları maddi sübut olaraq götürmüşlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yaşoviç həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 37). Axtarış aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yaşoviçin yaşadığı ünvan 4 ünvanında aparılmış axtarış nəticəsində 01 ədəd qara rəngli çanta, 01 ədəd termos, 04 ədəd yaxa sancağı, 06 ədəd vintaçan, 01 naqqaş, 06 ədəd kustar üsulla hazırlanmış alətlər aşkar edilərək götürülmüşdür (cild 1, i.v 55-60). Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilən çantalar arasında özünə məxsus «AOPUSEN» markalı məktəbli çantasını, özünə məxsus gül formalı üzərində suni ağ qaşlar və suni mirvari olan sancağı və özünə məxsus qırmızı, qəhvəyi və bənövşəyi rəngli «S» formalı sancaqları tanımışdır (cild 1, i.v 72-74). Əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki iş üzrə əməl AR CM-in 177.2.3-cü maddəsindən CM-in 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 1, i.v 78-79). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 01.02 .2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yaşoviç həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 81-83). Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yaşoviç barəsində “həbs” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 116- 121). Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/1364 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: 3 ədəd müxtəlif rəngli “S” formalı yaxa sancağı - qeyri metal tərkibli olmaqla kilid yerinin metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 4,39 qramdır; 1 ədəd sarı rəngli metaldan, üzərində mirvariyə bənzər muncuqlar və ağ şəffaf qaşlar olan yaxa sancağı - metalı qiymətsiz əlvan metal ərintisindən və dəmir əsaslı ərintidən hazırlamışdır, qaşları qiymətli qaşlara aid deyil, çəkisi 7,21 qramdır. Ekspertiza tədqiqatına təqdim edilən 2 ədəd məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 50,0 manat müəyyən edilir. Ayrı- ayrılıqda qiymətlər tədqiqi hissədə göstərilmişdir (cild 1, i.v 140-143). Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3/341 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilən daxili taxma konstruksiyalı qıfılın silindrik mexanizmi üzərində rəyin tədqiqi hissəsində təsvir edilmiş iz və zədələr vardır. Silindrik mexanizmin üzərində olan zədələrin yerləşmə sahəsinə, forma və istiqamətinə əsasən həmin zədələr silindrik mexanizmin kənar predmetin (məs. kəlbətin və s.) vasitəsilə sındırılması nəticəsində əmələ gələ bilər. Bu cür zədələr yaratmaqla silindrik mexanizm üçün oyuq vasitəsilə daxili hissəsinə müdaxilə etməklə açmaq mümkündür. Tədqiqata təqdim edilən silindrik mexanizm hal hazırda istifadəyə yararsızdır. Tədqiqata təqdim edilmiş predmetlərdən bir ədəd qırıq açar, iki ədəd üzərində sonradan dəyişiklər edilmiş vintaçan, bir ədəd üzərində sonradan dəyişliklər edilmiş bıçaq tiyəsi (dəstəyin yuxarı hissəsi ilə birlikdə), iki ədəd metal alət ölçülərinə, konstruktiv əlamətlərinə, hazırlanma üsulunun xüsusiyyətlərinə görə, xüsusi ədəbiyyatda göstərilən - ştat açarı olmadan müxtəlif növ qıfılları açmaq üçün, onlara kənar müdaxilə edərkən istifadə edilən zavod və ya kustar üsulla hazırlanmış alətlərin texniki məlumatlara uyğun gəlir (cild 1, i.v 144-147). Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 03 ədəd müxtəlif rəngli «S» formalı yaxa sancağı, 01 ədəd sarı rəngli metaldan, üzərində mirvariyə bənzər muncuqlar və ağ şəffaf qaşlar olan yaxa sanğacığı, 01 ədəd «AOPUSEN» markalı qara rəngli məktəbli çantası, 01 ədəd «GİPFEL» markalı termosu, Təqsirləndirilən şəxs Yaşoviçin yaşıdığı mənzildən götürülmüş 06 ədəd vintaçan, 01 naqqaş, bir ədəd qırıq açarı, iki ədəd üzərində sonradan dəyişiklər edilmiş vintaçan, bir ədəd üzərində sonradan dəyişliklər edilmiş bıçaq tiyəsi (dəstəyin yuxarı hissəsi ilə birlikdə), iki ədəd metal aləti, hadisə yerindən götürülmüş daxili taxma konstruksiyalı qıfılın silindrik mexanizmi maddi sübut kimi tanınmaqla Binəqədi RPİ-də saxlanılır (cild 1,i.v 148). Məhkəmə Təqsirləndirilən şəxs Yaşoviçə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Yaşoviçin Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Yaşoviçin polis əməkdaşları tərəfindən döyülməsi və qızıl-zinət əşyalarının götürülməsi barədə ifadəsində göstərdiyi xüsusatları əsaslı hesab etmir. Belə ki, həmin ifadənin araşdırılması üçün prokurorluğa məlumat göndərilmiş və həmin məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsi tərəfindən araşdırma aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Binəqədi RPİ-in 5-ci PB-in əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işi başlanması cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Qərar mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Yaşoviçin gətirdiyi dəlillər həmin dəlillərin yoxlanılması zamanı öz təsdiqini tapmadığından özünümüdafiə xarakterli qiymətləndirilib rədd edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli Tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yaşoviç CM-in 177.3.1-ci və başqa maddələri ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 9 ilə endirilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 il 02 ay 10 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmişdir (cild 1,i.v.125-139). Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.1-ci və 83.3.4-cü maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs Yaşoviçin əməlində residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə müvafiq olaraq, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs Yaşoviç qəsdən ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Yaşoviçin əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və ona, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Yaşoviçin cəzasını yüngülləşdirən hal müəyyən etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Yaşoviçə təqsirli bilindiyi Cinayət Məcəlləsinun 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Yaşoviçin cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı 07 fevral 2023-cü il tarixli qərarı CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Yaşoviçə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 2 (iki) ay 10 (on) gün hissəsi ona hazırkı hökmlə təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs Yaşoviçə qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Yaşoviç təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi cıxarılmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Binəqədi RPİ-də saxlanılan 03 ədəd sarı rəngli metaldan hazırlanmış üzərində mirvariyə bənzər muncuqlar və ağ şəffaf qaşlar olan yaxa sancaqları, 01 ədəd “AOPUSEN” markalı qara rəngli məktəbli çantası və 01 ədəd “GİPFEL” markalı termos zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs Yaşoviçin yaşadığı mənzildən götürülmüş və hazırda Binəqədi RPİ-də saxlanılan 06 ədəd vintaçan, 01 ədəd naqqaş, bir ədəd qırıq açar, 02 ədəd üzərində sonradan dəyişikliklər edilmiş bıçaq tiyəsi, 02 ədəd metal aləti və daxili taxma konstruksiyalı qıfılın silindrik mexanizmi məhv edilməlidir. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 230 (iki yüz otuz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs Yaşoviçdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs Yaşoviçə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Yaşoviç Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Yaşoviçin cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı 07 fevral 2023-cü il tarixli qərarı CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Yaşoviçə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 2 (iki) ay 10 (on) gün hissəsi Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs Yaşoviçə qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yaşoviç təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 230 (iki yüz otuz) manat Təqsirləndirilən şəxs Yaşoviçdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan 03 ədəd sarı rəngli metaldan hazırlanmış üzərində mirvariyə bənzər muncuqlar və ağ şəffaf qaşlar olan yaxa sancaqları, 01 ədəd “AOPUSEN” markalı qara rəngli məktəbli çantası və 01 ədəd “GİPFEL” markalı termos zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın, Təqsirləndirilən şəxs Yaşoviçin yaşadığı mənzildən götürülmüş və hazırda Binəqədi RPİdə saxlanılan 06 ədəd vintaçan, 01 ədəd naqqaş, bir ədəd qırıq açar, 02 ədəd üzərində sonradan dəyişikliklər edilmiş bıçaq tiyəsi, 02 ədəd metal aləti və daxili taxma konstruksiyalı qıfılın silindrik mexanizmi məhv edilsin. Təqsirləndirilən şəxs Yaşoviçə göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar