Məhkəmə qərarları › İş №1(001)-323/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-323/2023

10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-323/2023 10.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Xızı rayonu Sitayçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xızı rayonu Sitayçay kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Xocahəsən qəsəbəsi Yeni Yol küçəsi nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında Bakı şəhəri, Binəqədi rayonu, Xocəhəsən qəsəbəsində naməlum «Şirbəy» adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd 5 ml-lik şprisdəki 1,8 ml həcmində qəhvəyi rəngli məhlulun quru maddəsinin təmiz çəkisi 0,760 qram çəkidə heroini əldə edib üzərində daşıyaraq saxlamış və Binəqədi RPİ-in 40-cı PB-in əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 13:30-da Bakı şəhəri, Binəqədi rayonu, Xocəhəsən qəsəbəsi, Yeni yol küçəsində yaşadığı evin qarşısında saxlanılaraq, ünvan 1 ünvanda yerləşən Binəqədi RPİ-in 40-cı PB-in inzibati binasına aparılmış, orada həmin tarixdə saat 15:00-da üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı təzyiq ölçən aparatın qara rəngli dəri qabın içərisindən bir ədəd 5 ml-lik şprisdəki 1,8 ml həcmində qəhvəyi rəngli məhlulun quru maddəsinin təmiz çəkisi 0,760 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroini əldə edib istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəhəsən qəsəbəsində yerləşən, Yeni yol küsəsi ilə piyada gedən zaman, iki nəfər mülkü geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə Binəqədi RPİ-in 40-cı PB-yə dəvət etmişlər. Bundan sonra öz razılığı ilə polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-in 40-cı PB-yə getmiş və orada ona yenidən öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, üzərində qeyri-qanuni əşyanın olub-olmadığı barədə soruşulduqda o, sağ əlində saxladığı təzyiq ölçən aparatın qara rəngli dəri qabın içərisindən bir ədəd 5 ml-lik şprisdəki məhlulu çıxararaq, masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa bir əşyanın olub-olmaması barədə sual edilmiş, daha sonra isə polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən təqdim etdiyi şprisdən başqa bir əşya aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən özünün iştirakı ilə təqdim etdiyi şprisə baxış keçirilmiş və o, həmin şprisin içərisində olan məhlulun narkotik maddə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Xochəsən qəsəbəsində «Şirbəy» kimi tanıdığı şəxsdən pulsuz, pay kimi şəxsi istifadəsi üçün almışdır. Əməlindən səmimi peşmandır. Yaşını, öz əməlinə mənfi münasibətini, himayəsində ağır şəkər xəstəsi arvadı olduğunu nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 40-cı PB-in Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olduğu zaman, xx.xx.1963-cü il tarixdə Xızı rayonu, Sitalçay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bölmənin rəhbərliyinə qərarla müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat əsasında Binəqədi RPİ-in 40-cı PB-in sahə inspektoru, polis baş leytenantı Şahid2lə birlikdə xx.xx.2022-ci il tarixdə saat 13:30da Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsinə getmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq,özlərini təqdim etdikdən sonra, sonuncuya narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-in 40-cı PB-yə getməsini təklif etmişlər. Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirdib onlarla birlikdə Binəqədi RPİ-in 40-cı PB-yə getmişdir. Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru İlkin Əsgərova həvalə olunmuşdur. Video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində olan təzyiq ölçən aparatın qara rəngli dəri qabın içərisindən 01 ədəd şprisi çıxararaq, həmin şprisin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şpris, təhqiqatçı tərəifndən qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyni soruşduqda, sonuncu həmin heroini tutulmazdan təxminən bir həftə əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Xocəhəsən qəsəbəsində «Şirbəy» adlı şəxsdən təmənnasız öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, daha sonra iştirakçılar tərfindən həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 40-cı PB-in sahə inspektoru, polis baş leytenantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 23). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13:30-da Bakı şəhəri, Binəqədi rayonu, Xocəhəsən qəsəbəsi, Yeni yol küçəsində yaşadığı evin qarşısında saxlanılaraq, ünvan 1 ünvanda yerləşən Binəqədi RPİ-in 40-cı PB-in inzibati binasına aparılmış, orada həmin tarixdə saat 15:00-da üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı təzyiq ölçən aparatın qara rəngli dəri qabın içərisindən bir ədəd 5 ml-lik şprisdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 34-37). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2306 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində «… Azərbaycan Respublikası DİN Zərflər üçün № 234…» möhür əksi və «..Təqsirləndirilən şəxs.» və s. sözlər olan zərfə qablaşdırılmış 01 ədəd 5 ml-lik şprisdəki 1,8 ml həcmdə qəhvəyi rəngli məhlul narkotik vasitə – heroin məhluludur. Məhlulun quru maddəsinin təmiz çəkisi 0,760 qram təşkil edir (cild 1, i.v 44-47). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 64-65). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o saxlandığı MSY-dən azad edilmişdir (cild 1,i.v 76-78). Maddi sübut kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd 5 ml-lik şprisdəki məhlulun quru maddəsi 0,760 qram təşkil edən heroin maddi sübut kimi tanınaraq, tədqiqata sərf edildikdən sonra qalan çəkisi 0,710 qram heroin saxlanması üçün Binəqədi RPİ-in maddi sübutların saxlanması yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü bir ədəd sd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 84,112). Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v.96). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli 4070 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v. 100-101). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs yaşını, öz əməlinə mənfi münasibətini və səmimi peşmançılığını cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli,azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlanıldığı müddət (cəmi 2 gün) ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli 4070 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Rəydə onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilsə də, Təqsirləndirilən şəxs məcburi müalicə tətbiq edilə bilməz. Belə ki, cinayət işindən görünür ki, Təqsirləndirilən şəxs yaşı 60 yaşından yuxarıdır. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” Qaydasının 3 və 3.7-ci bəndlərinə əsasən 60 yaşından yuxarı olan kişilərə narkomaniyadan məcburi müalicə tətbiq edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ona məcburi müalicə tətbiq edilməməlidir. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ümumi qalıq çəkisi 0,710 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini (Bakı şəhəri Binəqədi rayonu Xocahəsən qəsəbəsi Yeni Yol küçəsi nömrəsiz ev) gecə saat 2200-dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,710 qram narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar