Məhkəmə qərarları › İş №1(001)-326/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-326/2021

03.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-326/2021 03.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs hüquqi varisi X1 iştirakları ilə, xx xxxx 1963-cü ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ortaixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Seyidli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, H. Sultanov küçəsi, ev 26-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 43500,00 manat məbləğində əsas borcun, 20,00 manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq, ümumilikdə 43520,00 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Ağdam Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli, 2(13)-2188/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 3(001)-2216/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona 19 yanvar 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək borcunu tələbkara ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində fərdi olaraq ev alqı-satqısı ilə məşğul olur və aylıq gəliri orta hesabla 200 manat müqabilində təşkil edir. Zərərçəkmiş şəxs Tofiq qızı əmisi oğlunun baldızıdır. 2012 və 2013-cü illər ərzində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinin ərazisində boş torpaq sahəsi alaraq orada fərdi yaşayış evi tikib sataraq qazanc əldə edirmiş. Həmin ərəfələrdə gördüyü xırda biznes fəaliyyətini genişləndirmək məqsədi ilə ona pul lazım olduğu üçün qohumu Zərərçəkmiş şəxs borca pul istəmiş və sonuncu müxtəlif vaxtlarda ona hissə-hissə ümumilikdə 43500,00 manat məbləğində borc vermişdir. Sonradan gördüyü xırda biznes fəaliyyətində iflasa uğradığına görə qohumu Zərərçəkmiş şəxs borca aldığı məbləği qaytara bilmədiyi üçün aldığı məbləği qaytaracağı barədə notarial qaydada müqavilə bağlamaq qərarına gəlmişlər. Bundan sonra 2016-cı ilin sentyabr ayının 3-də Bakı şəhəri, Binəqədi rayonu, 9cu mikrorayonunun ərazisində yerləşən 32 saylı Dövlət Notariat Kontoruna qohumu Zərərçəkmiş şəxs ilə birlikdə gedərək sonuncudan 43500,00 manat məbləğində borc almağı barədə aralarında borc müqaviləsi bağlamışlar. Aralarında bağlanmış müqaviləyə əsasən o, 2018-ci ilin oktyabr ayının 3-nə kimi qeyd olunan məbləği tam olaraq Zərərçəkmiş şəxs qaytarmağı öz öhdəsinə götürmüşdür. Borca aldığı məbləği müqavilədə qeyd edilən müddətə kimi qaytara bilmədiyinə görə Zərərçəkmiş şəxs onun barəsində 2018-ci ilin axırlarında aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd edilən məhkəmə tərəfindən 43500,00 manat məbləğində əsas borcun, 20,00 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə cəmi 43520,00 manat məbləğində pulun ondan alnaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair 03 dekabr 2018-ci il tarixli, 2(13)-2188/2018 saylı qətnamə çıxarılmışdır. Qeyd edilən məhkəmə qətnaməsindən narazı qaldığına görə aidiyyəti üzrə apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(104)-2030/ 2019 saylı qətnaməsi ilə Ağdam Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, qeyd edilən məbləğdən əmisi oğluna 13500 manat ödəniş etmişdir. O, hazırda ailə üzvləri ilə birlikdə kirayədə qalır və zərərçəkmişə borclu olduğu məbləği ödəməyə maddi imkanı yoxdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs bacısının həyat yoldaşının əmisi oğludur və onu təxminən 2005-ci il tarixdən etibarən tanıyır. Təqsirləndirilən şəxs torpaq alqı-satqısı ilə məşğul olduğuna görə 2016-cı ilin qış aylarında ondan 43500,00 manat məbləğində borca pul istəmişdir. O, Təqsirləndirilən şəxs qohum olduğuna görə qeyd olunan məbləği sonuncuya borca vermək qərarına gəlmişdir. 2016-cı ilin sentyabr ayının 3-də Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonunun ərazisində yerləşən 32 saylı Dövlət Notariat Kontoruna Təqsirləndirilən şəxslə birlikdə gedərək sonuncuya 43500,00 manat məbləğində borca pul verməyi barədə aralarında borc müqaviləsi bağlamışlar. Aralarında bağlanmış müqaviləyə əsasər Təqsirləndirilən şəxs ondan borca aldığı məbləği tam olaraq bir ay müddətinə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin Təqsirləndirilən şəxs müqavilədə qeyd edilən m ü d d ə t d ə n xeyli vaxt keçməsinə baxmayaraq heç bir ödəniş etmədiyi üçün o, məcburiyyət qarşısında qalaraq sonuncunun barəsində 2018-ci ilin qış aylarında aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edilən rayon məhkəməsində işə baxılan zaman 43500,00 manat məbləğində əsas borcun, 20,00 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ əvəzi olaraq, ümumilikdə 43520,00 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 03 dekabr 2018-ci il tarixli 2(013)-2188/2018 saylı qətnamə çıxarıldır. Bundan sonra məhkəmə qətnaməsi uzrə verilmiş icra vərəqəsi icra olunmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən müvafiq icra hərəkətlərinin aparılmasına baxmayaraq Təqsirləndirilən şəxs ona olan borcunu ödəməkdən qərəzli olaraq yayınmağa başlamışdır. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə tənbeh növü təyin edilmişdir. Bütün bunlara baxmayaraq, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsindən sonra qeyd olunan məbləğdən heç bir ödəniş etmədiyini bildirərək borclu olduğu məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli, 2(013)2188/2018 saylı qətnaməsi üzrə verilən 03 yanvar 2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 43500 manat əsas orc olaraq, 20,00 manat dövlət rüsumu üçün ödənilmiş məbləğin əvəzi olaraq, ümumilikdə 43520,00 manatın tutulub iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi 17 yanvar 2019-cu il tarixdə icraata daxil olmuş, “İcraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələblərinə əsasən iş üzrə borcluya göndərilsə də, tələb təmin olunmamışdır. İş üzrə borclu Təqsirləndirilən şəxs 21 iyul 2020-ci il tarixdə şöbəyə müraciət etmiş, ona rəsmi xəbərdarlıq edilmiş, lakin həmin xəbərdarlıqdan nəticə çıxarmamışdır. Borclu Təqsirləndirilən şəxs 10 avqust 2020-ci tarixdə şöbəyə təkrar dəvət edilmiş, icra sənədinin icrası ilə bağlı borclunun izahatı alınmışdır. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməməsinə və tələbi icra etməməsinə görə verilmiş protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsin 14.10.2020-ci il tarixli, 3(001)-2216/2020 saylı qərarı ilə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə edilmişdir. Daha sonra borclu Təqsirləndirilən şəxs icra üçün yeni müddət təyin edilmiş, lakin o, həmin müddətdə də tələbi təmin etməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 8(001)-433/2020 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə 43520,00 manat borc məbləğindən heç bir ödəniş etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs icra şöbəsinə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs məhkəmənin qətnaməsini icra etməməsini göstərməklə icra materiallarının hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrası ilə bağlı borc məbləğinin tam ödənilməsi ondan tələb olunmuş və ödənilmədiyi təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində gəstərilənləri təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 1-2) Ağdam Rayon Məhkəməsinin 2(13)-2188/2018 saylı, 03.12.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs ümumilikdə 43520 manat pulun tutulub iddiaçı Zərərçəkmiş şəxs Tofiq qızına ödənilməsi qət edilmişdir. (i.v. 10-11) Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2030/2019 saylı, 12.06.2019-cu il tarixi qətnaməsinin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin 2(13)-2188/2018 saylı, 03.12.2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin olunmamışdır. (i.v. 22-25) 18.01.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(13)-2188/2018 saylı, 03.12.2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi icraata götürülmüşdür. (i.v.13 ) 19.01.2019-cu il tarixli bildirişin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin 2(13)-2188/2018 saylı, 03.12.2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. (i.v.14 ) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2216/2020 saylı, 14.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. (i.v.33-36 ) Ağdam Rayon Məhkəməsinin 2(13)-2188/2018 saylı, 03.12.2018-ci il tarixli icra vərəqəsində göstərilən tələblər yerinə yetirilmədiyi üçün 21.07.2020, 18.11.2020, 19.01.2021, 15.02.2021-ci il tarixində Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs oğluna cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. (i.v. 26,49,56,63) 01.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 130-131) 01.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (138-139) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 24 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v.104) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ölüm haqqında şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 14.08.2021-ci il tarixdə ölmüşdür. 03.09.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs oğlu X3 məhkəməyə ərizə ilə müraciət edərək atası Təqsirləndirilən şəxs 14.08.2021-ci il tarixdə ölməsi səbəbi ilə onun təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınaraq işə buraxılmasını xahiş etmişdir. 03.09.2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsin hüquqi varisi olan oğlu X3 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106- 1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra, yəni 14.08.2021-ci il tarixdə ölmüş və məhkəmədə sonuncunun oğlu təqsirləndirilən şəxsin hüququ varisi qismində tanındıqdan sonra məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına, CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 39, 40, 43, 175, 197, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar