Məhkəmə qərarları › İş №1(001)-326/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-326/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-326/2024 09.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixda səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,648 qram çəkidə psixotrop maddə olan metamfetamini 10 manat müqabilinde əldə edib saxlayaraq üzərində daşımış, 10 yanvar 2024-cü il tarixda saat 20:10-da ünvan 3 ünvanının qarşısında olan zaman Binəqədi RPİ-nin 43-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçesi 36/1 ünvanında yerləşən 43-cü polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki açıq göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd ağ rəngli sellofan bükülüdə içərisində təmiz çəkisi 0,648 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulan vaxtı onun üzərindən heç nə çıxmamışdır. O heç kimdən, heç nə almamışdır. Onu tutan vaxtı da çəkiliş edə biləcəklərini, lakin onun çəkilişini bölmədə apardıqlarını, üzərindən heç nə çıxmadığı üçün özünü təqsirli bilmədiyini qeyd etmişdir. Verilmiş suallara cavab olaraq Şahid2 adlı şahidi tanımadığını, həmin şəxsin orada olmadığını, onları bölməyə aparanda Fəqanın orada ola biləcəyini, onların tutulmasında iştirak etmədiyini, Zeynalov küçəsi, ev 16 ünvanı yaxınlığında tutulduğunu bildirmişdir. Daha sonra polis bölməsində əməliyyatçının ona hədə qorxu gələrək ya külli miqdarda, ya da tək istifadə üçün üzərində psixotrop maddənin olmasını etiraf etməsini şərt kimi qoyduğunu, həmin şəxsin adının Tural olduğunu bildirmişdir. Fəqanın ona heç bir hədə-qorxu gəlmədiyini, onu birinci dəfədir ki, gördüyünü bildirmişdir. Üstünə baxış keçiriləndə də Şahid2 iştirak etmədiyini, tutulan vaxtı üzərində heç nə olmadığını, bölmədə onun üzərinə qoyulduğunu bildirmişdir. Daha sonra tutularkən üzərində telefon olmadığını, onu saxlayan şəxsin məhkəmə iclasında iştirak etmiş Şahid2 adlı əməliyyatçı olmadığı, başqa şəxs olduğunu bildirmişdir. Bölmədə üzərinə video çəkilişlə baxış keçirildiyini, amma orada ona təzyiq edildiyi üçün məcbur qəbul etdiyini bildirmişdir. Əvvəllər bir dəfə oğurluqla məhkumluğunun olduğunu, onu Zeynalov küçəsi, ev 16 ünvanda saxladıqlarını, polis əməkdaşlarından heç bir yerə şikayət etmədiyini, üstündə heç bir şey olmadığını, saxlanılan zaman üç nəfər olduqlarını, hər üç şəxsdə narkotik vasitə aşkar edildiyini, onları üç nəfər saxladığını, onlardan birinin adının Tural olduğunu, digərlərinin adlarını bilmədiyini qeyd etmişdir. Bununla bağlı müdafiəçisinə qorxusundan heç nə bildirmədiyini, bu işdə üzərində heç nə olmadığını, psixotrop maddədən ara-bir istifadə etdiyini, onu axşam 9-10 radələrində tutduqlarını bildirmişdir. Son sözündə əməlindən peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, təxminən 5-6 aydır ki, psixotrop maddə metamfetamin istifadə edir. 09 yanvar 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində, DSK yolunda olarkən bir nəfər tanımadığı şəxslə rastlaşmış, həmin şəxslə söhbət etmiş, söhbət zamanı məlum olmuşdur ki, həmin şəxsdə narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Həmin şəxs ona psixotrop madd satmağı təklif etmiş, həmin şəxsdən 10 manata şəxsi istifadəsi üçün bir büküm içərisində "patı" adlanan psixotrop maddə olan metamfetamin almışdır. Aldığı psixotrop maddə metamfetamini istifadə etmək üçün üzrində saxlamışdır. 10 yanvar 2024-cü il tarixdə saat 20:10-da Baki şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsində uzun muddətdir ki, yaşadığı məhəİlədən tanıdığı dostları X3 və X4 ilə birlikdə piyada hərəkətdə olan zaman 4- 5 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra Binəqədi RPİ-nin 43-cü polis bölməsinin əməkdaşları olduğunu bilmişdir. Həmin polis əmkdaşları onları 43-cü polis bölməsinə dəvət etmiş, onlarla razılaşmışlar və polis əməkdaşları il 43-cü polis bölməsinə gəlmişdir. Polis bölməsində olan zaman dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli olduğunu və üzərində şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Sonra öz razılığı ilə müdafiəçinin iştirakı olmadan polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi bildirilmişdir. Gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb, əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibində öz istifadəsi üçün saxladığı 1 ədəd ağ rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin nə olduğu, haradan aldığını soruşanda, həmin maddənin "şüşə patı" olduğunu, Binəqədi qəsəbəsində, DSK yolunda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin tərəzidə çəkildikdə çəkisinin 0,73 qram olması müəyyən edilmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış özünün və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, saxlanılarkan, polis bölməsinə gətirilərkən, eləcə də üzərinə şəxsi axtarış aparılarkən heç bir psixi və fiziki təsirə məruz qalmamış, habelə heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrdən yalnız özünün şəxsi istehlakı üçün istifadə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təxminən 2024-cü il yanvar ayının əvvəli əməliyyat məlumatı daxil olmuşdur ki, 3 nəfər şəxs qanunsuz olaraq narkotik vasitələrin gəzdirməsi ilə məşğuldur. Bölmə rəisi tərəfindən 4 nəfər əməkdaşdan ibarət qrup yaradılmışdır. Xidməti ərazidə xidmət apararkən 3 nəfər şəxsin şübhəli olduğunu görüb və 43-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin 3 nəfər şəxsin ayrı-ayrı təhqiqatçıların otağında üzərlərinə baxış keçirilmişdir. O, Təqsirləndirilən şəxs çəkilişində iştirak etmişdir. Təhqiqatçı tərəfindən onun üzərinə baxış keçirilərkən ona üzərində qanunsuz əşya varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Şəxs etiraz etməyərək üzərində olan bir ədəd qızılı şəffaf rəngdə olan bükümü masanın üzərinə qoymuşdur. Video çəkiliş zamanı təhqiqatçı tərəfindən video baxış keçirilərkən ağ şəfaf rəngdə narkotikə bənzər vasitə aşkar olunmuşdur. Verilmiş suallara cavab olaraq əməliyyat tədbirinə dörd nəfər getdiklərini, həmin tədbir zamanı üç nəfər şəxsin saxlandığını, həmin saxlanılan şəxslərin adlarının Elnur, Ramil və Namiq olduğunu bildirmişdir. Daha sonra həmin 3 nəfər şəxsin Binəqədi rayonu, Zeynalov küçəsi yaxınlığında saxladıqlarını, hər 3 şəxsin bir yerdə olduqlarını, axşam tərəfi onları saxladıqlarını, baxışın bölmədə təhqiqatçı tərəfindən keçirildiyini bildirmişdir. Namiqin sol yan cibindən bir büküm aşkar olunduğunu, patı deyilən maddə olduğunu, öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən almasını qeyd etdiyini bildirmişdir. Daha sonra maddəni özü könüllü olaraq təqdim etdiyini, bölmədə təqsirləndirilən şəxsə qarşı hər hansı bir fiziki, psixoloji təsir olunmadığını bildirmişdir. Daha sonra küçədə bu şəxsi saxladıqları zaman hazırlıqsız vəziyyətdə olduqlarından çəkiliş edə bilmədiklərini, Namiqin saxlanılmasında iştirak etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin bölmədə üzərinə hər hansı maddə qoyulmadığını, belə şeylərlə çox rastlaşdıqlarını, şəxsi axtarışın videoçəkilişlə, qanuni şəkildə həyata keçirildiyini bildirmişdir. Əməliyyat məlumatı onlara əvvəlcədən daxil olduğunu, üzərində telefon olubolmaması tam xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxsi axşam tərəfi saxladıqlarını, dəqiq vaxtı hazırda xatırlamadığını, onlara küçədə yaxınlaşdıqlarını, həmin şəxslərdən də birinin həmin küçədə qaldığını, onlara yaxınlaşanda heç bir müqavimət göstərmədiklərini bildirmişdir. Saxlanılan hər üç şəxsin üzərindən narkotik vasitə çıxdığını, amma o, birində iştirak etdiyini, baxışın və videoçəkilişin bölmədə keçirildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, 10 yanvar 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olduöundan, Zeynalov küçəsi, ev 16 ünvanının yaxınlığında üç nəfər şəxsə yaxınlaşıb, özlərini təqdim etdikdən sonra onları bölməyə gətirmişlər. Təhqiqatçının otağında üzərinə baxış keçirilmişdir. Üstündən bir büküm narkotik vasitə aşkar edildiyini, özü də səmimi etiraf edərək, istifadəçisi olmasını və DSK yolundan tanımadığı şəxsdən 10 manata aldığını, ona qarşı heç bir təzyiq və hədə-qorxu olmadığını bildirmişdir. Verilmiş suallara cavab olaraq orada Məmmədli Məmməd, Hüseyn Quluzadə, Şahid2, İlkin Şahverdiyevlə birlikdə iştirak etdiklərini, şəxsi axşam vaxtı saat 8-9 arası saxldıqlarını, video çəkilişdə iştirak etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:10 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.21-22); şəxsi axtarış və götürmə aparılması haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan açıq göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükümdə- psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (i.v.33-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/148 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Vətəndaş Təqsirləndirilən şəxs Niyətulla oğlunun üzərindən-..." soyad və imzalar qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə ki, təmiz çəkisi-0,648 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasinın ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İİ) daxildir. Həmin rəyə əlavə edilmiş aktdan görünür ki, götürülmüş psixotrop maddədən 0,05 qram nümunə götürülmüş, 0,598 qram psixotrop maddə metamfetamin geri qaytarılmışdır. (i.v.38-43); DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərinə əməkdaşların iştirakı ilə şəxsi axtarış aparılarkən ona üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın sol yan cibindən özünə məxsus olan 01 ədəd qızılı ağ rəngli sellofan bükümü çıxararaq masanın üzərinə qoyur və həmin ağ rəngli sellofan bükülünü içərisində “şüşəpatı” adlanan psixotrop maddə metamfetamin olduğunu bildirir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini dünən yəni 09 yanvar 2024-cü il tarixdə DSK yolunda tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış nəticəsidnə qanunla qadağan olunmuş hər hansısa əşya aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli sellofan büküm təhqiqatçı tərəfindən açılırakən videoçəkilişin 6-cı dəqiqəsinin 14-cü saniyəsində bükümün içərisində ağ kütlənin bir hissəsi yerə düşür və dərhal təhqiqatçı tərəfindən videoçəkilişdə iştirak edən iştirakçıların müşayiəti ilə yerdən götürülür və bükümün içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu görünür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli seilofan büküm elektron tərəzidə çəkilir və çəkisinin 0.73 qram olması müəyyən edilir. Bundan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm zərfə qoyularaq qablaşdırılır və möhürlə möhürlənməklə iştirakçılar tərəfindən imzalanır. Videogörüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmamışdır (i.v.71); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(001)-25/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 yanvar 2024-cü il saat 20:10-dan hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.82- 86); Əşyanın maddi sübut hesab edilməsi və saxlanışa verilməsi haqqında 15 yanvar 2024-cü il tarixi qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kağız zərfdə qablaşdırılmış 1 ədəd sellofan bükümdə 0.648 qram, tədqiqatdan sonra qalıq qalmış 0.598 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Binəqədi RPİ-nin maddi sübutların saxlanması kamerasına təhvil verilməsi qərara alınmış, eləcə də axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi zamanı əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işi materiallarında saxlanılması qərara alınmışdır. (i.v.105-108); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 20 noyabr 2023-cü il tarixli tələbnamədən, eyni zamanda iş materiallarına əlavə edilmiş hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 fevral 2018-ci il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun AR CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilməklə qəti cəzası 06 il həddində müəyyən edilmiş, 11 iyun 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 05 il 06 aya endirilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 7 ay 2 gün vaxtından əvvəl şərti olaraq cazadan azad edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək cəzasının çəkilməmiş 7 ay 2 gününü çəkmək üçün cəza çəkmə müəssisəsinə qaytarılmış, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə məntəqə tipli çəzaçəkmə müəssisəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v.122-146). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 noyabr 2023-cü il tarixdən 4 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti olaraq 11 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (i.v.147-153); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 29 yanvar 2024-cü il tarixli, 530 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.154-155); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X9 13 yanvar 2024-cü il tarixli, 61 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır. (i.v.157-159); Sübutların qiymətləndirilməsi haqqında 29 mart 2024-cü il tarixi qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 11 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınmışdır. (i.v.167-175); Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 12 yanvar 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində təqsirini etiraf etməməsinə və psixotrop maddəni üzərində daşımaması, həmin psixotrop maddənin bölmədə ona verilərək cibindən çıxarmasına məcbur edilməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi məsuliyyətdən yayınma məqsədi ilə verilmişdir və özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər məhkəmə iclasında yuxarıda qeyd edilən məzmunda ifadələr verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təkzib etmişlər. Bundan başqa, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişə baxış zamanı şahidlərin ifadələrində göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində arabir psixotrop maddədən istifadə etdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmənin son iclasında, son sözündə əməlindən peşman olduğunu, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Bununla da bir daha belə qənaətə gəlinməlidir ki, Təqsirləndirilən şəxs məsuliyyətdən və cəzadan yaxa qurtarmaq üçün özünü təqsirli bilməyərək məhkəmə baxışı zamanı onun üzərindən psixotrop maddə aşkar olunmaması ilə bağlı ifadə vermişdir. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə onun barəsində həbs qətimkan tədbirinin seçilməsiylə bağlı verilmiş vəsatət və təqdimata baxılarkən izahatında himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini xahiş etmiş, həmin məhkəmə iclasında onun üzərində psixotrop maddə metamfetaminin olmaması, bölmədə əməliyyatçılar tərəfindən ona hədə qorxu gəlinməsiylə əladəqar hər hansı xüsusat bildirməmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,648 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı onun AR CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli az ağır cinayət hesab edilən həmin Məcəllənin 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilməklə qəti cəzası 06 il həddində müəyyən edilmiş, 11 iyun 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 05 il 06 aya endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırki cinayət işi üzrə cinayət qanunu ilə qadağan olunmuş əməli isə 09 yanvar 2024-cü il tarixdə, yəni onun az ağır cinayətlərə görə məhkum olunduğu cəzadan azad olunduqdan 2 il keçdikdən sonra törətmişdir. Göründüyü kimi xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunduğu vaxtdan 2 ildən çox zaman keçdiyi üçün Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-240/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsini və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, təkrar cinayət törətməsini, məsuliyyətini yüngülləşdirən halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, «CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır.” Həmin qərarın 20-ci bəndində isə göstərilmişdir ki, “cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır.” Məhkəmə hesab edir ki, qeyd olunan cəzanın çəkilmə müddətinin əvvəlinin müəyyən edilməsi təyin edilmiş cəzanın həddinə təsiri olmasa da, məhkum olunmuş şəxsin sonrakı hüquqi vəziyyətinə təsiri baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, CM-in 76 və 90-cı maddələrində nəzərdə tutulan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və həmin Məcəllənin 77 və 90-1-ci maddələrində nəzərdə tutulan cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə şərtləri cəzanın çəkilmə müddətinə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsini nəzərdə tutan 70-ci maddəsində və bir sıra digər güzəştləri nəzərdə tutan normalarda da cəzanın çəkilmə müddətinə dair tələblər müəyyən edilmişdir. Məhkəmənin cəzaçəkmə müddətinin əvvəlini düzgün müəyyən etməməsi hökm qanuni qüvvəyə mindiyi təqdirdə hökmün icrası qaydasında cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı məhkumun məhkəməyə müddət baxımından müraciət etmə imkanını aradan qaldırır və onun vəziyyətini ağırlaşdırır. Cəzaların İcrası Məcəlləsinin 70.2.4-cü maddəsinə əsasən az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə cəza müddətinin ən azı üçdə birini çəkdikdə keçirilə bilərlər. Göründüyü kimi cəza çəkmə müddətinin əvvəlinin hazırkı halda təqsirləndirilən şəxsin həbsə alındığı xx.xx.2024-cü il tarixdən hesablandığı halda onun yuxarıda qeyd edilənlərlə bağlı məhkəməyə müraciət etmək hüququ daha tez yaranmış olur. Odur ki, təqsirləndirilən şəxsə təyin ediləcək qəti cəzanın müddətinin xx.xx.2024-cü il tarixdən götürüldüyü halda onun vəziyyətini yüngülləşdirdiyindən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuş, faktiki azadlığı isə həmin gün saat 20:10-dan məhdudlaşdırılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(001)-25/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 10 yanvar 2024-cü il saat 20:10-dan hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət qanunu ilə qadağan olunmuş əməli 09 yanvar 2024-cü il tarixdə, yəni Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-240/2024 saylı hökmündən əvvəl törətmişdir. Buna görə də ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Yəni hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-240/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-240/2024 hökmü ilə məhkum edildiyi 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli onun hazırkı cinayət işi üzrə azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-240/2024 saylı hökmü ilə təqsili bilindiyi cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı müddət ona cinayətlərin məcmusu üzrə təyin ediləcək qəti cəza müddətindən çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 0,598 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 991.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-240/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-240/2024 saylı hökmü ilə məhkum olunduğu cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1(bir) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,598 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmənin həyata keçirlməsini zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar