Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-327/2021 09.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, yeni növ koronovirus «Covid 19» infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronovirus «Covid 19» infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə tətbiq etdiyi qadağaları, «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 4 və 25-ci maddələrinin tələblərini və «Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydalarının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2020-ci il tarixli 73-1 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları» nın 4.5.5-ci maddəsinin, yəni «Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir» tələblərini pozaraq, 05.12.2020-ci il tarixdə tibbi müayinədən keçdikdən sonra verdiyi testin nəticəsinin «Pozitiv» olmasına dair 09.12.2020-ci il tarixdə saat 13:55-də «İTS.GOV.AZ» internet saytı vasitəsi ilə rəsmi olaraq məlumatlandırılmasına və məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq, 10.12.2020-ci il tarixdə saat 18:30 radələrində yaşadığı Bakı şəhəri Binəqədi rayonu H.Hüseynov küçəsi 23, mənzil 18-i tərk edərək, epidemiya əleyhinə rejimin sanitariyagigiyena və karantin rejim qaydalarını pozmaqla bilə-bilə xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05.12.2020-ci il tarixdə səhhətində yaranmış problemlərə görə ailə üzvləri təcilli yardım çağırmışlar. Həmin vaxtı qızdırması olduğuna görə həkimlər ondan və ailə üzvlərindən «Covid 19» testi götürmüşlər. Test götürən zaman əlaqə üçün o, qardaşı Şahid2 məxsus mobil telefon nömrəsini vermişdir. Həmin tarixlərdə X1 da səhhətində problemlər olduğuna görə, müalicə olunmaları üçün yaşadığı evin yaxınlığından müxtəlif dərmanlar almışdır. 09.12.2020-ci il tarixdə saat 20 radələrində evdə olan zaman qardaşı Xalid ilkin olaraq anasına zəng edərək, anası və onun «Covid 19» xəstəliyinə yoluxduqlarını, buna görə də evdən çıxmamağı bildirmişdir. Bir neçə dəqiqədən sonra Xalid ona da zəng eləmiş və onunda xəstələndiyini bildirmişdir. X1 da səhhətində problemlər olduğuna görə, müalicə olunması üçün qardaşı Xalid müxtəlif dərmanlar almışdır. 10.12.2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evə tibb bacısı gəlmiş və ilkin olaraq anasına sistem vurmuş, o, həmin tibb bacısına ona da sistem vurmasını xahiş etmişdir. Lakin həmin vaxtı az yaşlı uşağı sözə qulaq asmadığına görə tibb bacısı ona sistem vura bilməyəcəyini söyləmiş və müalicə olunmağı üçün xəstəxanaya getməyini bildirmişdir. Tibb bacısının sözlərinə əsəbiləşmiş və buna görə də özünə məxsus dərmanları götürüb evdən çıxmışdır. Yaşadığı evin yaxınlığında olan xəstəxanaya getmiş, lakin axşam saatları olduğundan ona sistem vurmağa həkim tapa bilməmişdir. Buna görə avtobusa əyləşərək şəhərə getmiş, şəhərdə olan bütün xəstəxanalara müraciət etmiş, axşam saatları olduğuna görə əksəriyyəti bağlı olmuşdur. Əsəbindən yaşadığı evə qayıtmamış səhərə qədər piyada şəhərdə gəzmişdir. 11.12.2020-ci il tarixdə səhər saatlarında «Əcəmi» metro stansiyasının yaxınlığına getmiş orada xəstəxana axtarmış, lakin tapa bilməmişdir. Həmin günü telefonuna zəng gəlmiş və özünü polis əməkdaşı kimi təqdim edən şəxs ondan anasının onu axtardığını və onun harada olduğunu soruşmuşdur. Polis əməkdaşı ilə danışdıqdan sonra yəni 11.12.2020-ci il tarixdə saat 18 radələrində evə qayıtmışdır. Evdə olan zaman polis əməkdaşları yaşadığı evə gəlmişlər və onun xəstə ola-ola hansı səbəbdən yaşadığı evi tərk etdiyini soruşmuşlar. Hazırda törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05.12.2020ci il tarixdə qızı Təqsirləndirilən şəxs hərarətinin qalxdığı və «Covid 19» virusuna yoluxduğuna şübhələndiyiklərinə görə test vermişdir. 07.12.2020-ci il tarixdə onunda hərarəti qalxdığına görə o, da «Covid 19» testi vermişdir. Qızı Fərəh test verən zaman özünə məxsus telefon işlək vəziyyətdə olmadığına görə, əlaqə üçün oğlu Xalidə məxsus mobil telefon nömrəsini vermişdir. 09.12.2020-ci il tarixdə saat 13 radələrində oğlu telefonla onunla əlaqə saxlamış və Fərəhin «Covid 19» virusuna yoluxduğunu bildirmişdir. Dərhal o, Fərəhə «Covid 19» virusuna yoluxduğunu, buna görə də evdən bayıra çıxmamasını söyləmişdir. Həmin tarixlərdə o, və Fərəhin xəstə olduğuna görə oğlu Xalid tanışının evində qalmışdır. Onun verdiyi testin cavabı da pozitiv çıxdığına görə Fərəhlə birlikdə evdə müalicə almışlar. 10.12.2020-ci il tarixdə sistem vurmaq məqsədi ilə tibb bacısı evlərinə gəlmişdir. İlkin olaraq tibb bacısı ona sistem vurmağa başlamış, həmin vaxtı nəvəsi Ələsgər Hüseynzadə sakit dayanmadığına görə qızı Fərəhə tibb bacısı sistem vura bilməmiş və vaxt məhdudiyyəti ilə əlaqədar ona sistem vura bilməyəcəyini bildirmişdir. Bundan sonra 10.12.2020-ci il saat 18 radələrində Fərəh əsəbiləşmiş və dərmanları götürüb evdən getmişdir. Fərəh evdən sistem vurdurmaq üçün getmişdir. Fərəh həmin günü evə qayıtmamış və sonuncunun mobil telefonu işləmədiyinə görə narahat olub qohumları ilə əlaqə saxlamış, onlarda Fərəhin harada olduğunu bilmədikərini söyləmişlər. 11.12.2020-ci il tarixdə saat 12 radələrində o, DİN-nin 102 xidmətinə zəng edərək qızı Təqsirləndirilən şəxs «Covid 19» virusuna yoluxduğu halda evi tərk etməsi barədə məlumat vermişdir. Həmin günü axşam saatlarında Təqsirləndirilən şəxs evə qayıtmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 05.12.2020ci il tarixdə bacısı Təqsirləndirilən şəxs hərarətinin qalxdığına və «Covid 19» virusuna yoluxduğuna şübhələndiklərinə görə test vermişdir. 07.12.2020-ci il tarixdə anası Şahid1 da hərarəti qalxmış və oda testi vermişdir. Bacısı Fərəh test verən zaman özünə məxsus telefon işlək vəziyyətdə olmadığı üçün ona məxsus mobil telefon nömrəsini vermişdir. 09.12.2020-ci il tarixdə saat 13:55-də telefonuna mesaj gəlmişdir ki, bacısı Təqsirləndirilən şəxs bir neçə gün əvvəl vermiş oldu «Covid 19» testinin cavab pozitivdir. Həmin məktubu oxuduqdan sonra ilkin olaraq anasına zəng edib məlumat vermişdir. Anası və bacısının «Covid 19» testi verdikdən sonra onların xəstə olduqlarına şübhələndiyinə görə, həmin tarixdən dostunun evində qalırmışdır. Həmin günü axşam saatlarında bacısının telefonuna zəng eləmiş və ona «Covid 19» virusuna yoluxduğunu buna görə də ehtiyatlı olmasını söyləmişdir. Bunun qarşılığında bacısı Fərəh ona xəstə olmasından xəbəri olduğunu bildirmişdir. 11.12.2020-ci il tarixdə saat 12 radələrində anası və bacısının müalicəsi üçün lazımlı dərmanları almış və evlərinə aparmışdır. Evə gəldikdə anası ona bacısı Təqsirləndirilən şəxs 10.12.2020-ci il tarixdə axşam saatlarında evi tərk etdiyini və evə gəlmədiyini bildirmişdir. Bir neçə dəfə Fərəhin telefonuna zəng etmiş, lakin zəng çatmamışdır. Həmin vaxt anasından «Covid 19» virusuna yoluxacağından qorxduğuna görə çıxıb getmişdir. Daha sonra ona məlum olmuş ki, anası DİN-nin 102 xidmətinə zəng etmiş və bacısının xəstə-xəstə evi tərk etdiyini söyləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10.12.2020-ci il tarixdə xüsusi icazəsi olmadan yaşadığı ünvanı tərk edərək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozmaqla bilə-bilə xəstəliyin yayılması üçün real təhlükə yaratması faktına görə CM-in 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 11.12.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs olduğu ünvan 1 ünvanına baxış keçirilmiş və baxış zaman sübut əhəmiyyəti kəsb edən heç bir dəlil, əşya aşkar edilməmişdir. 11.12.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Şahid2 bacısı Təqsirləndirilən şəxs məxsus “Covid-19” testinin pozitiv çıxması ilə əlaqədar onun ***-***-**-** saylı mobil nömrəsinə 09.12.2020-ci il tarixdə göndərilmiş “SMS”-in fotoşəkilini könüllü şəkildə təhqiqata təqdim etmişdir. 09.12.2020-ci il tarixdə saat 13:55-də İTS.GOV.AZ-dan Şahid2 mobil telefon nömrəsinə daxil olmuş SMS məlumatından görünür ki, Təqsirləndirilən şəxs 05.12.2020-ci il tarixdə “COVİD 19” ilə bağlı verdiyi testin nəticəsi “POZİTİV” olmuş, sonuncudan və onun ailə üzvlərindən yaşayış yerini tərk etməmələri xahiş olunmuş, eləcə də ona karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq olunmuşdur. 17.12.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən Təqsirləndirilən şəxs özünün “Covid-19” virusuna yoluxduğunu, bu barədə məlumatının olduğunu, 10.12.2020-ci il tarixdə müalicə məqsədi ilə çağırmış olduğu tibb bacısı ilə aralarında baş vermiş narazılıq nəticəsində yaşadığı evi tərk edərək Nəsimi rayon ərazisində gecələdiyini bildirməsi müəyyən edilmişdir. 17.12.2020-ci il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin 5-ci PB-nin polis əməkdaşı tərəfindən aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd disk sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. 26.01.2021-ci il tarixli, 04-17/211-2021 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 04-17/216-2021 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanda yaşayan 08.09.1996-cı il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin COVİD-19 məlumat bazasına əsasən 08.12.2020-ci il tarixdə koronovirus infeksiyasına labarator müayinə nəticəsi pozitiv olmuşdur. Təqsirləndirilən şəxs COVİD-19 xəstəsi kimi ərazi üzrə Binəqədi rayonu 27 nömrəli şəhər poliklinikasında qeydiyyata götürülmüşdür. Xəstə ev şəraitində müalicə almış, 21.12.2020-ci il tarixində təcrid olunma müddəti bitmişdir. 28.01.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 10.02.2021-ci il tarixli, 136/KEŞ nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi ekspertiza və X4” publik hüquqi şəxsin rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, 08.12.2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış labarator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsi pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs «Covid-19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. «Covid-19» virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. 08.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. 08.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 10.04.2021-ci il tarixli, 759 nömrəli “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qarışıq tip şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xaraktrerini, ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmasın. Buna görə də o törətdiyi əmələ görə anlaqlı hesab edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi qeyd olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. AZ-İV 285901 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18.04.2019-cu il təvəllüdlü X3 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də müvafiq ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 139-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (qadın olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 15 (on beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-327/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-327/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver