Məhkəmə qərarları › İş №1(001)-328/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-328/2022

18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-328/2022 18.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkillər bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1991-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, İsmayıllı şəhəri, X7 küçəsi ev 7-B ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 00:30 radələrində ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs məxsus 1250 manat dəyərində Tufan M50 markalı mopedi sükanının kilidini güc tətbiq edib açaraq gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib etirafedici ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə günorta saatlarında o Binəqədi rayonu S.Məmmədova küçəsində yaşayan bacısının evinə qonaq getmişdir. Həmin gün saat 23 radələrinədək bacısıgildə oturub sonradan onlardan çıxmışdır. Bacısının evindən çıxandan sonra 10 dəqiqə binaların arası ilə piyada hərəkət etməyə başlamışdır. S.Məmmədova küçəsində binanın qarşısında yerləşən parkda təxminən bir saatdan çox oturmuşdur. Saat 00:20 radələrində, o məhəlləyə gələn maşının işiqları yayılan binanın qarşısında blokun yanında saxlanılmış qırmızı rəngli moped olmasını görmüşdür. O mopedə yaxınlaşmış lakin binadan adam baxdığını görüb geriyə çəkilmişdir. Bir qədər sonra yenidən yaxınlaşıb heç kəsin onu görmədiyindən əmin olub mopedin rulunu güc tətbiq edib kiliddən çıxarıb əli ilə itələyərək oradan uzaqlaşdırmışdır. Mopedlə birlikdə 30 nömrəli məktəbin yanına kimi piyada hərəkət etmiş və orada mopedi açar yerinin naqilləri ilə işə salıb mopedi idarə edərək İsmayıllı rayonuna getmişdir. Təxminən 6 saatdan sonra o İsmayıllı rayonuna çatmışdır. İki gün ərzində o mopedi İsmayıllıda idarə etmişdir. İki gündən sonra o mopedi İsmayıllıda ümumi bazara aparmışdır. Orada moped satılan bir mağaza olduğunu bildiyindən o həmin mağazanı tapıb yaxınlaşmışdır. Həmin mağazanı işlədən Nurlan adlı şəxs ona yaxınlaşmış o Nurlana demişdir ki, mopedini satmaq istəyir. Nurlan ona demişdir ki, həmin mopedə 300 manat pul verə bilər. O mopedi 300 manata Nurlana satıb Bakı şəhərinə qayıtmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin himayəsində iki azyaşlı övladının olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 dekabr 2021-ci il tarixdə axşam saat 00:15 radələrində o özünə məxsus olan qırmızı rəngli Tufan M50 markalı mopedi ilə Binəqədi rayonu, S.Məmmədova küçəsi, 207A saylı binada yaşayan dostunun evinə getmişdir. Mopedi binanın qarşısında dostu Bursenin yaşadığı blokun qarşısında həyətdə saxlamışdır. Mopedi saxlayarkən onun rulunu kilidləmişdir ki, heç kim sürüb apara bilməsin. Bundan sonra o dostunun evinə qalxıb bir neçe dəqiqə orada çay içmişdir. Təxminən 10 dəqiqə sonra o evin küçəyə baxan pəncərəsindən blokun qarşısına baxmışdır ki, görsün mopedin saxladığı yerdədirmi. Pəncərədən baxanda o görmüşdür ki, mopedi saxladığı yerdə yoxdur. Dərhal evdən çıxıb küçəyə blokun qarşısına çıxmışdır. Ətrafa baxıb mopedini görmədiyi üçün oğrulanmasını düşünüb təxminən saat 01:24 radələrində 102 xidmətinə bu barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşmışlar. İstintaqın gedişində moped ona geri qaytarılmışdır lakin əvvəlki kimi saz vəziyyətdə olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o İsmayıllı rayonunda mopedləri alıb düzəldib daha sonra sataraq gəlir əldə etməklə məşğuldur. O Təqsirləndirilən şəxs əvvəllər heç vaxt tanımamışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə o İsmayıllı rayonunda ümumi bazar adlanan yerdə olarkən Kənan adlı şəxs ona yaxınlaşmışdır. Kənan ona qırmızı rəngli, Tufan M50 markalı mopedi göstərib özünə məxsus olduğunu və satmaq istədiyini demişdir. O Kənana bildirmişdir ki, almaq istəmir. Çünki həmin vaxt mopedi almaq üçün üzərində pulda kifayət qədər olmamışdır. Kənan alı şəxs ona demişdir ki, uşağı xəstə olduğu üçün pula ehtiyacı vardır. O bu səbəbdən birazda Kənanın xəstəsi olduğunu düşünüb 300 manata razılaşıb həmin mopedi şəxsiyyət vəsiqəsini təqdim etməsi ilə ondan almışdır. Həmin gündən etibarən moped onda olmuşdur və satmaq istəmişdir. Sonradan polis əməkdaşları ona zəng edərək mopedin oğruluq olduğunu bildirmişdirlər. O mopedi polis bölməsinə təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə ********* №-li cinayət işi, vət.Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-1/1634 saylı material üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanılmış və icraata götürülərək ibtidai istintaqı aparılmışdır. xx.xx.2022-ci il tarixdə həmin cinayət işi üzrə icraat hadisəni törətmiş şəxs müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə hadisəni törətmiş şəxs Bayramlı X4 RPİ-nin 7-ci PB-nin əməkdaşları tərərfindən müəyyən edilərək Binəqədi RPİ-nin istintaq şöbəsinə təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə dayandırılmış cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid 01 ədəd “Tufan M50” markalı mopedi istintaqa təhvil vermişdir. Əşyanın vahid nüsxədə tanınmaya təqdim edilməsi protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ona təqdim olunmuş 01 ədəd “Tufan M50” markalı mopedi tanıyaraq həmin mopedin ona məxsus olan oğurlanmış moped olmasını bildirmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/2323 saylı məhkəmə - əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 2020-ci il buraxılışı olan 01 ədəd Tufan M50 markalı mopedin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 1250 manat müəyyən edilir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-133/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Qubad oğlunun AR CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X2 CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, oğurlanmış əmlakın qaytarılmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan İsmayıllı rayonu, İsmayıllı şəhəri, X7 küçəsi ev 7-B ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı İsmayıllı rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğuya cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonu, İsmayıllı şəhəri, X7 küçəsi ev 7 B ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli və Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut qismində Binəqədi Rayon Polis İdarəsində saxlanılan “Tufan M50” markalı mopedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınaraq onun istifadəsinə verilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 420 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəza Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-234/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaqla, qəti olaraq Təqsirləndirilən şəxs üzərində 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonu, İsmayıllı şəhəri, X7 küçəsi ev 7-B ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Tufan M50» markalı mopedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar