Məhkəmə qərarları › İş №1(001)-328/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-328/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-328/2024 20.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) İdrisli Jalə Qalib qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, 05 noyabr 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2an, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə 07 sentyabr 2016-cı il tarixli 1056/ş əmrlə həmin nazirliyin X4 Xidmətinin Qaradağ DYMH-in 15 nömrəli yanğından mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edilərək həmin vəzifədə xx.xx.2023-cü il tarixədək işləyərkən, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində kiçik rəis heyəti üzrə vəzifəyə işə düzəlməsindən ötrü ona müraciət edən tanışı Zərərçəkmiş şəxs1 əmlakını qəsdən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyətilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Fövqəladə Hallar nazirliyində işə qəbulla bağlı hər hansı səlahiyyətlərinin olmamasına baxmayaraq, işlə təmin edilməsi üçün özünün kifayət qədər səlahiyyət və əlaqələrə malik olmasını bildirib, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində müvafiq işə götürüləcəyinə nail olacağını yalandan vəd edərək aldatmaqla etibarını qazanaraq, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə və aldatmaqla həmin məsələnin müsbət həlli üçün əvvəlcə 10.000 manat istəsə də, sonuncu maddi imkanının olmadığını bildirib imtina etdiyi üçün, o Zərərçəkmiş şəxs1 müharibə iştirakçısı olduğunu bildirib işə qəbulu 3500 manat müqabilində həll edə biləcəyini vəd edib inandırıb razılaşdıraraq, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 19 radələrində, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin Qaradağ DYMH-in 15 nömrəli yanğından mühafizə bölməsinin Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən inzibati binasında xidməti otağında Zərərçəkmiş şəxs1 məxsus 3500 manat məbləğində pul vəsaitini sonuncunun atası Şahid1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə, qulluq mövqeyindən istifadə etməklə nağd qaydada alıb ələ keçirdikdən sonra, şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs1 göstərilən miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə 07 sentyabr 2016-cı il tarixli 1056/ş əmrlə həmin nazirliyin X4 Xidmətinin Qaradağ DYMH-in 15 nömrəli yanğından mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edilərək həmin vəzifədə xx.xx.2023-cü il tarixədək işləyərkən, tanışı Şahid2 vasitəsi ilə tanış olduğu, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi 7 ünvanında yerləşən Azərbaycan Respublikası FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi Riskli Xilasetmə və mühafizə alayının XRXT-nın Xüsusi riskli xilas bölyünün Radiasiya və kimyadan mühafizə tağımının Deqazasiya və Dezaktivasiya manqasının mütəxəssis-deqazatorçusu vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 təxminən 2022-ci ilin dekabr ayının ortalarında xidməti iş yerinin yaşayış yerinə ünvan 4 ünvanına yaxın yerə dəyişdirilməsi xahişi ilə ona müraciət etdikdə, Fövqəladə Hallar Nazirliyində kadrların qəbulu, xidməti iş yerlərinin dəyişdirilməsi ilə bağlı hər hansı səlahiyyətlərinin olmamasına baxmayaraq, o, təkrarən, etibardan sui-istifadə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək qərarına gələrək, həmin məqsədlə əvvəl Zərərçəkmiş şəxs2 xidməti iş yerinin təmənnasız dəyişdirilməsinə nail ola biləcəyi barədə yalan vəd verməklə onu inandıraraq etibarını qazanmış, lakin təxminən 2022-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefonla zəng edərək, xidməti iş yerinin təmənnasız dəyişdirilməsinin mümkün olmadığını və bu işin 5.000 manat müqabilində həll edəcəyini bildirdiyinə görə Zərərçəkmiş şəxs2 2023-cü ilin yanvar ayının əvvəlində onunla xidməti iş yerində görüşərək, 5.000 manat verdikdən sonra, o, 2023-cü ilin fevral ayının 16-da yenidən Zərərçəkmiş şəxs2 zəng edərək, işin alınması üçün əlavə 1000 manat da verilməsini istədiyinə görə sonuncu da 2023-cü ilin fevral ayının 20-də Təqsirləndirilən şəxs məxsus “Kapital Banka” aid olan **********890793 nömrəli kart hesabına Sumqayıt şəhəri, 6MKR ərazisində yerləşən terminal vasitəsi ilə 1.000 manat pulu göndərsə də, o, özgənin xeyli miqdarda əmlakının ələ keçirilməsinə yönəlmiş hərəkətlərini davam etdirərək, 2023-cü ilin təxminən mart ayının sonu aprel ayının əvvəllərində yenidən Zərərçəkmiş şəxs2 zəng edərək, işinin artıq həll olduğunu, bu işi düzəldən şəxsin əlavə pul istədiyini, ondan aldığı pulları isə müəyyən şəxslərə verdiyinə görə geriyə almağın ayıb olmasını və bir-iki həftəyə iş yerini dəyişəcəyini vəd edib aldatmaqda davam edərək, əlavə 4.000 manat da verilməsini bildirməklə Zərərçəkmiş şəxs2, 2023-cü il aprel ayının 4-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, “Davam marketin” içərisində yerləşən terminal vasitəsi ilə ona məxsus “Kapital Banka” aid olan **********890793 nömrəli kart hesabına əlavə 4.000 manatın göndərilməsinə nail olaraq, ümumilikdə 10.000 (on min) manat məbləğində pulu qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirdikdən sonra, şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs2 göstərilən məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2002-ci il tarixdən 01 avqust 2023-cü il tarixədək FHN-nin X4 orqanlarında xidmət etmiş,sonuncu dəfə 2016-cı il tarixdən, xx.xx.2023-cü il tarixədək Qaradağ DYMH-in 15 nömrəli yanğından mühafizə bölməsinin rəisi vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Zərərçəkmiş şəxs1 təqribən 5 ildir ki, iş yerinin yaxınlığında yaşayan və həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olun şəxs kimi tanımışdır, belə ki, taksi lazım olduqda onun xidmətindən istifadə etmiş və aralarında səmimi münasibət yaranmışdır.Təbiətdən başqa atası Əli ilə də tanışlığı olmuşdur. Zərərçəkmiş şəxs1 2022-ci ilin əvvəllərində ona müharibə iştirakçısı olmasını və FHN-də şəxsi heyətə yığım olarsa ona da deməsini tapşırmışdı, o da 2022-ci ilin aprel ayında nazirliyə müharibə iştirakçılarını işə götürülməsi üçün elan verilməsini ona demişdir. Təbiət atası ilə birgə onun xidməti otağına gəlmişlər və o, Şahid1 demişdir ki, başqa yerdə işə neçəyə düzəldirlər, maraqlansın, o da xahiş edər, 3500 manata həll edərlər, yəni Zərərçəkmiş şəxs1 FHN-də işə düzəldəcək. Onlar da razı olmşlar. Elə xidməti otağında ona 3500 manat pul vermişlər. Zərərçəkmiş şəxs1 AR Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə onun atası Şahid1 Qaradağ DYMH-in 15 nömrəli yanğından mühafizə bölməsinin Qaradağ rayonu, Səngaçal qəsəbəsində yerləşən xidməti otağında 2022-ci ilin aprel ayında 1,5,10,20,50 və 100 manatlıq əskinaslardan ibarət olan 3500 manat pul almışdır. Əskinaslardan bəziləri köhnəlmişdi, bəzilərində kiçik yırtıqlar vardı. 20 manatlıq əskinaslar daha çox idi. Sonra da həmin pulu şəxsi ehtiyaclarına sərf etmişdir, Zərərçəkmiş şəxs1 işə düzəltməmişdir. Həmin vaxt xatırlamadığı adamdan sələmə pul götürmüş və aldığı pulun bir hissəsini həmin borcuna, bir hissəsini ailəsinə bazarlığa, bir hissəsini isə özünə paltar və.s əşyalar almağa sərf etmişdir. Zərərçəkmiş şəxs1 öz vəzifəsi və əlaqələrinin gücü hesabına işə düzəltməyə cəhd belə etməmiş, pulu almamışdan qabaq da Təbiəti işə düzəltmək kimi niyyəti olmamış, məqsədi Zərərçəkmiş şəxs1 3500 manat pulunu almaq olmuşdur. Təbiətin barəsində isə işi ilə əlaqədar heç bir quruma müraciət etməmiş, sənəd də toplamamış, Zərərçəkmiş şəxs1 və onu atası Şahid1 inandırmaq məqsədi ilə onların yanınıda özünü kiminləsə iş barədə danışan kimi göstərmiş, əslində o, heç kimlə Təbiətin işi barədə danışmamışdır. Şahid1 3500 manat pul almaqda məqsədi həmin pulu özünə götürmək olmuşdur. Zərərçəkmiş şəxs1 müharibə iştirakçısı olduğuna görə fikirləşmişdir ki, FHN rəsmi saytı vasitəsilə işə düzəlmə barədə özü müraciət etsə onu işə götürərlər. 3500 manat pulu Şahid1 alıb, Zərərçəkmiş şəxs1 da rəsmi müraciət etməsini demişdir. Ancaq sonradan öyrənmişdir ki, Zərərçəkmiş şəxs1 işə götürməyiblər, o isə 3500 manatı şəxsi ehtiyaclarına sərf etdiyinə görə pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, onun işlədiyi ərazidə kafe işlədən Şəhram adlı tanışı vardır. Şəhram ilə tanışlığı kafeyə gedib-gələrək müştəri qismində yaranmışdır. Zərərçəkmiş şəxs2 da o, Şəhrama görə tanımışdır. Şəhram 2022-ci ilin sonlarında, dəqiq tarix yadında deyil, ona “***-***-**-**” saylı sim kartına zəng edərək, bir dostu olduğunu, xidməti yerini dəyişmək istəməsini ona kömək edib-etməyəcəyini soruşmuş, o isə «köməklik eləməyə çalışıram» demişdir. Bundan sonra o, Şəhram və Eynur görüşmüş, onun xidməti yerini öyrənmiş və təmənnasız köməklik etməyə çalışacağını bildirmiş, lakin üzərindən müəyyən müddət keçdikdən sonra o, Eynura zəng etmiş və bu məsələnin pulsuz həll mümkün olmadığını bildirərək Eynura pul verməli olduğunu demişdir. Eynur razılaşmış,daha sonra Eynur onun işlədiyi yerə gəlmiş, onunla birlikdə orada Şəhram və onların ortaq tanışı Müslüm də olmuşdur. Müslüm və Şəhram otaqda olan zamanı Eynur ona heç bir pul verməmişdir. O, 5000 manat pul lazım olduğunu əvvəlcədən Eynura demişdir. Şəhram və Müslüm otaqdan çıxandan sonra ondan öz otaqında 5.000 manat pulu götürmüşdür. Bundan müəyyən vaxt keçəndən sonra o, Eynura yenidən zəng edərək, 1000 manat pul lazım olduğunu demişdir. 2023-cü ilin fevral ayının 20-də Eynur ona məxsus “Kapital Banka” aid olan **********890793 nömrəli plastik karta 1000 manat pulu göndərmişdir. Daha sonra yenə müəyyən vaxt keçdikdən sonra o, yenə pul lazım olduğunu Eynura demiş, 2023-cü il aprel ayında ona yenə bu işin alınması üçün 3000 manat məbləğində pul lazım olduğunu bidirmişdir. Lakin Eynur isə 2023-cü il aprel ayının 4-də 4000 manatı yenidən ona məxsus “Kapital Banka” aid olan **********890793 nömrəli plastik karta göndərmişdir, həmin pulu verdikdən sonra onun öz “whatsap” sosial şəbəkə hesabına həmin çeklərin şəkillərini atmış, o isə cavab olaraq “ok” yazmışdır. O, Zərərçəkmiş şəxs2 ümumilikdə 10.000 manat məbləğində pul götürmüşdür. Bu pulu 3 dəfə hissə- hissə əldə etmişdir, əvvəlcə öz xidməti otaqında 5000 manat götürmüş, daha sonra göstərdiyi kimi,2023-cü ilin fevral ayının 20-də ona məxsus “Kapital Banka” aid olan **********890793 nömrəli plastik karta Eynur 1000 manat göndərmiş, 2023-cü il aprel ayının 4-də isə 4000 manatı yenidən ona məxsus “Kapital Banka” aid olan **********890793 nömrəli plastik karta göndərmişdir. O pulları aldıqdan sonra, hər hansı şəxs ilə Eynurun işi ilə bağlı əlaqə yaratmamış, heç bir hərəkət etməmişdir. Zərərçəkmiş şəxs2 şikayət etməmişdən əvvəl ona zərərin əvəzində 5.600 manat məbləğində pul verməsini təklif etmiş və xahiş etmişdir ki, bu məbləği götürsün, digər qismini də yaxın vaxtlarda ödəyəcini bildirmişdir,lakin Eynur şikayət edəcəyini, pulu bütöv şəkildə qanuni yolla alacağını israrla bildirmişdir. Bundan sonra Eynur görüş təkliflərindən imtina edərək, Sumqayıt şəhər polis idarəsinə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək, zərərçəkmiş şəxslərə dəymiş zərərin tam olaraq ödədiyini və qanunvericilikdə nəzərdə tutulmuş ona aid ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödədiyini bildirərək barəsində olan cinayət təqibinə bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə dəftərxana vasitəsi ilə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs X3 01 iyul 2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxslər qismində çağırılmış X3 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. Cinayət işi üzrə şahidlər Şahid2 və Şahid3 məhkəməyə 01 iyul 2024-cü il tarixdə teleqram ünvanlayaraqibtidai istintaq zamanı vermiş olduqları ifadələrini təsdiq etdiklərini, məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Binəqədi rayon prokurorluğu tərəfindən CM-in 178.2.3, 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X3 zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli, 8İ-1821 nömrəli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı hər hansı şikayət və tələbi yoxdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. 240036003 saylı cinayət işinə əlavə edilmiş sənədlər: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 178.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* nörməli cinayət işi üzrə həmin tarixdə saat 18:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli qərradan görünür ki, ********* nömrəli cinayət işi icraat qəbul edilməklə ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrə ilə davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə və 04 aprel 2024-cü il tarixdə CM-nin 178.2.3-cü maddəsi ilə elan edilmiş ittihamlara dəyişiklik və əlavələr edilməklə o, həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələr ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın ona aid hissəsinin iyirmi beş faizi olan 3375 (üç min üç yüz yetmiş beş) manat məbləğində pul dövlət büdcəsi hesabına keçirilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş maddi ziyanı ona aid hissəsini tam şəkildə ödəməklə barışıq əldə etmiş, habelə həmin ziyanın 25% (iyirmi beş faiz) məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 65 (altmış beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 65 (altmış beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X2 göstərdiyi cəmi 65 (altmış beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 65 (altmış beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar