Məhkəmə qərarları › İş №1(001)-328/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-328/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-328/2025 01.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3321383Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2008-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, Şəmkir rayonu, Şəmkir şəhəri, Səməd Vurğun küçəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, döngə 2 ünvanında yaşayan, barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi döngə 2 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs qardaşı Şahid1 saç darağını götürməsini iddia etməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tədbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib silah qismində istifadə olunan bıçaq ilə Zərərçəkmiş şəxs hər iki əlindən və sağ bud nahiyəsindən qəsdən vurub sağ sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası, sol əlin İ barmağının və sağ əlin V barmağının vətərin kəsilməsi ilə müşayiət olunan kəsilmiş yaraları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sağ sağrı nahiyəsinin səthi kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığa zərərvurmayan xəsarətlərə aid edilmədiyindən dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdikdən sonra Zərərçəkmiş şəxs saçından tutub başını qəsdən yerə vuraraq baş beyin silkələnməsi ilə müşayiət olunan sol gözaltı nahiyənin qançırlı sıyrığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 okatybr 2024-cü il tarixdə şəhər mərkəzindən evə qayıdırdı. Evə 150 metr məsafə qalmış saat 20 radələrində görmüş ki, 3-4 nəfər 10-11 yaşlı uşaqlar sözlə mübahisə edirlər. O, onlara yaxınlaşıb niyə mübahisə etmələrini soruşmuşdur. Öyrənmişdir ki, onlar saç darağının üstündə mübahisə edirlər. O, həmin uşaqları tanımırmış və darağın kimdə olmasını soruşsa da heç kim bunu boynuna almamışdır. Həmin uşaqlardan 3-ü qaçaraq oradan uzaqlaşmış və biri də ona demişdir ki, qardaşını çağırmağa gedir. O, bir qədər aralıya çəkilmiş və az sonra həmin uşağın tanımadığı 5-6 nəfərlə birlikdə ona yaxınlaşmasını görmüşdür. Orada öyrənmişdir ki, qardaşını çağırmağa gedən həmin uşağın adı Orxan, qardaşı da Ayxandır. O, Ayxanı 2-3 ildir ki qiyabi tanıyır və yaxın münasibəti olmamışdır. Ayxan ona qışqıraraq “gəl gedək meşə zolağına, orada aydınlaşdırarıq” ifadəsini işlətmişdir. Meşə zolağı onların dayandığı yerdən 150-200 metr aralıda idi. O, Ayxana demişdir ki, qardaşının darağı onda deyil. Ayxan isə ona inanmayaraq söyüş söymüş və ona demişdir ki, “qardaşımı sıxışdıraraq darağını götürmüsən, darağı geri ver”. Bu ifadələrdən sonra Ayxan əli ilə köynəyinin yaxasından yapışmış və onlar dartışmağa başladıqda o, yumruqla 2-3 dəfə onun sifətindən vurmağa başlamışdır. Ayxanın yanındakı tanımadığı 15-16 yaşlarında olan 2 nəfər cavan oğlan ona yumruqla sağ qoltuqaltı nahiyəsindən və belindən vurmuşlar. O, Ayxanla yerə yıxılmış və Ayxan ona başı ilə kəllə ataraq başından vurmuşdur. O da Ayxana yerdə yumruqla sifət nahiyəsindən vurmuşdur. Həmin zaman Ayxanın yanında olan və ona xəsarət yetirən 2 nəfər şəxsdə yerdə yumruq və təpikləri ilə sifət və sağ tərəfdən qarın boşluğundan vurmağa başlamışlar. Ayxanın yanında olan, lakin, onunla dalaşmayan şəxslər onları ayıraraq yerdən qaldırmışlar. Ayxan və ona xəsarət yetirən yanındakı 2 nəfər yenidən onu vurmaq üçün üzərinə gəldikdə onlara gücü çatmayacağını fikirləşib şalvarının cibindən qara rəngli qatlanan bıçağı çıxararaq əlində tutaraq nümayiş etdirməklə özünü müdafiə etməyə çalışmışdır. Həmin vaxt Ayxanın yanında olan uşaqlar geri çəkilmişlər. Amma Ayxan əli ilə bıçaq tutduğu əlindən yapşıaraq onu almağa çalışmışdır. Dartışdıqları üçün bıçaq Ayxanın hər iki əlinin iç hissəsini kəsmiş və əli qanamağa başlamışdır. O, bıçağı vermədikdə, Ayxan qolunu boğazına dolayaraq arxa tərəfinə keçmiş və bıçağı almağa çalışdığı zaman dartışdığı üçün o tərəf bu tərəfə getdikdə bıçağın kəsici hissəsi Ayxanın hansısa ayaq nahiyəsinin buduna batmış və oradan xəsarətlər almışdır. Aralarındakı münaqişə 8-9 dəqiqə müddətində baş vermişdir. Onlar münaqişə etdikləri zaman meşədə heç kim yox idi. Amma səs-küyə sonradan tanımadığı 25-30 yaşlarında 2 nəfər şəxs oraya gəlmiş və onları aralamışlar, onlardan biri bıçağı ondan almış və qaytarmayıb özündə saxlamışdır. Az sonra Ayxanla ilk dəfə gələn uşaqlar oradan qaçıb getmişlər. Sakitləşdikdən sonra onları ayıran şəxslər də oradan getmişlər və bıçağı ona qaytarmamışlar, o da qaytarması ilə bağlı bir söz deməmişdir. Daha sonra o, Ayxanın sol əlinin və ayağının bıçaqla kəsilməsini, həmin nahiyədən qan axmasını gördüyü üçün ona kömək edərək Ayxanı yol kənarına çıxarmış, həmin zaman Ayxanın qardaşı atasını çağırmaq üçün oradan getmişdir. Fikirləşmişdir ki, Ayxanın atası onların yanına gəlsə onun işi heç də yaxşı olmayacaq. Bu baxımdan o, oradan uzaqlaşmışdır. Səhərisi gün eşitmişdir ki, Ayxanın bıçaqlanması ilə bağlı atası PB-yə gedərək şikayət etmişdir. Səhəri günü yaşadığı evə polis əməkdaşları gəlmişlər, o da PByə gedərək izahat vermişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 08 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı evin yaxınlığından (100 metr aralıqdan) piyada keçdiyi zaman 12 yaşlı qardaşı Orxanın binanın qarşısında ağladığını görmüş və soruşduqda öyrənmişdir ki, məhlə uşağı olan Təqsirləndirilən şəxs ondan darağını alıb qaytarmamışdır. O, Tunarın 100 metr aralıda oradakı binanın qarşısında dayandığını görüb Orxanla ona yaxınlaşmışlar. Tunarı 4-5 ildir qiyabi tanıyır və yaxın münasibəti olmamışdır. O, Tunardan Orxandan aldığı darağı qaytarmasını tələb etmiş, lakin Tunar onda daraq olmadığını və söhbətlərini yaxınlıqda olan meşə zolağında etməyi təklif etmişdir. Həmin zaman onların yanında heç kim yox idi, amma Tunarın yanında Cavanşir adlı həmyaşıdı var idi, Cavanşirlə də münasibəti olmamışdır. O, razılıq verərək qardaşı Orxanla meşə zolağına keçmişdir. O, söhbətə başlamaq istəyən anda Tunar şalvarının arxa cibindən bıçağı çıxartmış və ona söyüşlər ifadə edərək bıçağı qarın nahiyəsinə doğru bir dəfə vurmaq üçün uzatmışdır. O da qeyri iradi olaraq sağ əlini qabağa verdikdə bıçaq həmin əlinin ovuc hissəsini və barmaqlarını kəsmişdir. Tunar ikinci dəfə bıçaqla vurmağa cəhd etdikdə sol qolunu onun boyun nahiyəsinə dolayaraq bıçağı almaq istəmişdir. Dartışdıqları üçün Tunarın əlindəki bıçaq onun sol əlinin ovucuna və barmaqlarına xəsarət yetirmişdir. Həmin zaman Tunar sağ ayağının bud nahiyəsinə 2-3 dəfə bıçaqla qəsdən vurmuşdur. Hər iki əli və bud nahiyəsindən qan axmağa başlamışdır. Yoldan keçən 20-25 yaşlı bir nəfər onlara yaxınlaşmış və Tunarı ondan ayıraraq bıçağı ondan alıb onları sakitləşdirmişdir. Daha sonra həmin şəxs bıçağı götürərək oradan uzaqlaşmışdır. Tunar isə sakitləşməyərək yenidən ona yaxınlaşmış və saçından yapışaraq başını yerə çırpmağa başlamışdır. Həmin zaman başının təpə nahiyəsi və sol gözünün alt hissəsi yerdə olan maneələrə dəydiyindən xəsarətlər almışdır. Səs-küyə yoldan keçənlər yaxınlaşmış, Tunarı və onu binanın qarşısına gətirmişlər. Orada ona su vermişlər və onu orada otuzdurmuşlar, həmin zaman əli və bud nahiyəsindən qan axmaqda davam etmişdir. Sonradan Orxan baş verənlər barədə atasına məlumat vermişdir. Az sonra atası oraya gəlmiş və onu ilk olaraq 6-cı PB-yə aparmışdır. Polis əməkdaşları təcili tibbi yardım çağırmışlar. Həkimlər ona PBdə ilk yardım göstərib daha sonra X4 aparmışlar. Oradan da əlindəki xəsarətlərlə bağlı travmatologiya institutuna getmişlər. Meşə zolağında baş verənlər təxminən 4-5 dəqiqə müddətində olmuşdur. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyil və ondan hər hansı tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxsin qanuni nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3321383Qanuni nümayəndə2 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışıq əldə etdiklərini, ona qarşı heç bir şikayətləri və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 08 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı məhlənin yaxınlığında olarkən görmüşdür ki, Ayxanın qardaşı Orxan ağlaya-ağlaya yol ilə gedir və ondan soruşduqda o, demiş ki, Tunar adlı uşaq darağını əlindən alıb, qaytarmayıb. O da həmin zaman Ayxanın ***-***-**-** saylı nömrəsinə zəng edərək bu barədə ona məlumat vermişdir. Məhlədə olduqda görmüşdür ki, Ayxan qardaşı Orxanla bir qədər aralıda qiyabi olaraq tanıdığı Tunar adlı uşağa yaxınlaşıb onunla danışmağa başlamışdır. Tunarın yanında bir nəfər də həmyaşıdı var idi, onu tanımırdı. O da həmin zaman məhlə uşağı olan Rəşadla birlikdə idi və onlara tərəf yaxınlaşdıqda Tunar Ayxana təklif etmiş ki, meşə zolağına keçərək söhbəti orada aparsınlar. Onlar yaxınlıqda yerləşən meşə zolağına tərəf keçdikdə maraq üçün o da Rəşadla birlikdə oraya getmişdir. Bu zaman Ayxanla Turan demişlər ki, onlar söhbətlərini təklikdə edəcəklər, heç kim onlara yaxınlaşmasın. Bu baxımdan o, Rəşad, Ayxanın azyaşlı qardaşı Orxan və Turanın yanında olan adını sonradan öyrəndiyi Cavanşir adlı uşaq 5-6 metr aralıqda dayanaraq onların danışıqlarına qulaq asmağa başlamışlar. Ayxan həmin zaman Tunardan darağı qaytarmasını tələb etməyə başlamışdır. Bu zaman Tunarın əlini havada yellədiyini görmüşdür. Hava qaranlıq olduğundan Tunarın əlində bıçaq olmasını görməmişdir. Ancaq Ayxan “bıçaq” sözünü ifadə etdikdə o və Rəşad da aralaşdırmaq üçün onlara yaxınlaşmışlar. Tunar həmin vaxt 1-2 dəfə bıçaqla vurmaq üçün Ayxana əlini uzatmağa başlamışdır. Bu zaman Ayxan əli ilə özünü müdafiə edirmiş və anidən Tunarın arxasına keçərək qolunu onun boynuna dolamış və aşağı çönbələrək bıçağı almağa çalışmışdır. Həmin vaxtı yoldan keçən tanımadığı şəxslər onlara yaxınlaşmış və köməklik şəkildə Ayxanla Turanı ayırmışlar. Həmin şəxslərdən biri Turanın əlindəki bıçağı almış və bir qədər sonra onlar çıxıb getmişlər, ancaq bıçağı qaytarmamışlar. Bundan sonra Tunar sakitləşməyərək yenə də Ayxanın saçından yapışaraq başını torpağa vurmağa başlamışdır. Həmin vaxtı yoldan keçən digər şəxslər gəlmişlər və hadisəni sakitləşdirmişlər. Daha sonra Orxan qaçaraq atasını çağırmağa getmişdir. Az sonra Ayxanın atası Tofiq oraya gəlmiş və Ayxanı da götürərək oradan getmişlər. İlk dəfə o, bıçaq sözü eşidib onları ayırmaq üçün getdiyi zaman Ayxanın əllərindən qan axırmış və düşünmüşdür ki, Tunar bıçağı havada nümayiş etdirərək vurmaq üçün atdıqda bıçaq Ayxanın əllərini kəsmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 08 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində o, yaşadığı evin yaxınlığında olan mağazaya girmiş və çıxanda mağazanın qarşısında məhlə uşağı olan Təqsirləndirilən şəxs və yanında olan Cavanşir adlı şəxsi görmüşdür. Həmin zaman Tunar onun əlində olan alimünium açılıb-bağlanan darağı almış və geri qaytarmamışdır. Onun israrlarına baxmayaraq Tunar darağı qaytarmamış və ayağını ayağına ilişdirib onu yıxmaq istəmişdir. O yıxılmamış və heç bir xəsarət almamışdır. Ancaq oradan ağlaya-ağlaya uzaqlaşmağa başlamışdır. Bir qədər qarşıda qardaşı Ayxanı görmüş və Təqsirləndirilən şəxs darağını alıb qaytarmadığını demişdir. Onlar Tunarın 100 metr aralıda oradakı binanın qarşısında dayandığını görüb ona yaxınlaşmışlar. X2 aldığı darağı qaytarmasını tələb etmiş, lakin Tunar darağın onda olmadığını və yaxınlıqdakı meşə zolağında getməyi və söhbətlərini orada etməyi təklif etmişdir. Həmin zaman onların yanında heç kim yox idi, amma Tunarın yanında Cavanşir adlı həmyaşıdı var idi. O, Cavanşiri qiyabi olaraq tanıyır və münasibəti yoxdur. O, qardaşı Ayxanla birlikdə Tunarın tələbi ilə meşə zolağına keçmişlər. Qardaşı Ayxan bir daha Turandan darağı qaytarmağı, söhbəti böyütməməsini xahiş etdikdə Tunar şalvarının arxa cibindən bıçağı çıxarmış və bıçağı Ayxanın qarın nahiyəsinə doğru bir dəfə vurmaq üçün uzatmışdır. Qardaşı Ayxan əlini qabağa verdikdə bıçaq Ayxanın barmağını kəsmişdir. Tunar ikinci dəfə bıçaqla vurmağa cəhd etdikdə Ayxan sol qolunu onun boyun nahiyəsinə dolayaraq bıçağı almaq istəmişdir. Onlar dartışdığı zaman Tunarın əlindəki bıçaq Ayxanın sol əlinə xəsarət yetirmişdir. Həmin zaman Tunar qardaşı Ayxanın sağ ayağının bud nahiyəsinə bıçaqla vurmağa başlamışdır. Həmin zaman Ayxanın hər iki əli və bud nahiyəsindən qan axmağa başlamışdır. Yoldan keçən tanımadığı 20-25 yaşlı bir nəfər onlara yaxınlaşmış və Tunarı Ayxandan ayıraraq bıçağı ondan alıb onları sakitləşdirməyə başlamışdır. Daha sonra həmin şəxs bıçağı götürərək oradan uzaqlaşmışdır. Tunar isə sakitləşməyərək yenidən Ayxana yaxınlaşmış və saçından yapışaraq başını torpağa çırpmağa başlamışdır. Ayxanın başı yerdə olan maneələrə dəydiyindən xəsarətlər almışdır. Səs-küyə yoldan keçənlər yaxınlaşmış, Tunarı və Ayxanı binanın qarşısına gətirmişlər, Ayxana orada su vermişlər və otuzdurmuşlar. Həmin zaman Ayxanın əli və bud nahiyəsindən qan axmaqda davam etmişdir. Sonradan o yaşadığı evə qaçaraq baş verənlər barədə atası Tofiqə məlumat vermişdir. Az sonra atası Tofiq oraya gəlmiş və Ayxanı polisə aparmışdır. Meşə zolağında baş verənlər təxminən 5-6 dəqiqə müddətində olmuşdur. Meşə zolağında Turan ona heç bir xəsarət yetirməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Qanuni nümayəndə qismində təyin etmə haqqında 10 və 18 oktyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 xx xxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qanuni nümayəndələri qismində tanınmışlar (cild 1, i.v 24,32). Məhkəmə tibbi ekspertizasının 06 noyabr 2024-cü il tarixli 2157 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan sol gözaltı nahiyənin qançırlı sıyrığı bərk küt əşyanın təsirindən, sağ sağrı nahiyəsinin deşilmiş- kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin), sol əlin İ barmağının və sağ əlin V barmağının vətərin kəsilməsi ilə müşayiət olunan kəsilmiş yaraları, sağ sağrı nahiyəsinin səthi kəsilmiş yarası isə kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün “X5” PHŞ-yə müraciət etdiyi 08 oktyabr 2024-cü il saat 20:40-dan bir qədər əvvəl əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən baş beyin silkələnməsi ilə müşayiət olunan sol gözaltı nahiyənin qançırlı sıyrığı, sağ sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası, sol əlin İ barmağının və sağ əlin V barmağının vətərin kəsilməsi ilə müşayiət olunan kəsilmiş yaraları dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, sağ sağrı nahiyəsinin səthi kəsilmiş yarası isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən deşilmiş-kəsilmiş, kəsilmiş və səthi kəsilmiş yaralar bıçağın tiyəsinin deşici-kəsici və kəsici təsirindən, baş beyin silkələnməsi ilə müşayiət olunan sol gözaltı nahiyənin qançırlı sıyrığı isə insan bədəninin hissəsi (yumruq, təpik və s.) ilə endirilmiş zərbə nəticəsində qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilmələri nəticəsində əmələ gələ bilmələri üçün xarakterik deyildir (cild 1, i.v 48-50). Zərər çəkmiş şəxs qismində tanınma haqqında 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v 56). Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-in 128-ci maddəsindən 221.3-cü maddəsinə tövsif edilməsi və istintaqın aparılması qərara alınmışdır (cild 1, i.v 86). Cinayət işinin icraata qəbul edilməsi haqqında 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi və ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır (cild 1, i.v 89). Məhkəmə tibbi ekspertizasının 27 yanvar 2025-ci il tarixli 127 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş sol diz oynağı nahiyəsinin çapığı səthi kəsilmiş yaranın izi olub, kəsici əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Vətəndaş Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və zərərçəkənin təsvir etdiyi şəraitdə, yəni 08 oktyabr 2024-cü il tarixdə bıçağın tiyəsinin kəsici təsirindən əmələ gələ bilərdi (cild 1, i.v 145-147). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v 105). Qətimkan tədbiri seçilməsi haqqında 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 127). Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 30 yanvar 2025-ci il tarixli 249 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükəli olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs kobudluq, eqosentrizm, öz maraqlarını üstün tutmaq, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafı normaya uyğundur. Əqli inkişafına görə baş verənləri düzgün qavrayıb təsvir etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi anda əqli-intellektual imkanlarında dəyişiklik yaranmamış, öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir (cild 1, i.v 139-141). Məhkəmə psixoloji ekspertizasının 30 yanvar 2025-ci il tarixli 250 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ünsiyyətçillik, emosionallıq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar olunmamışdır. Zərərçəkmiş şəxs əqli inkişafı normaya uyğundur. Əqli inkişafına görə baş verənləri düzgün qavrayıb təsvir etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs cinayəti törədildiyi anda əqli-intellektual imkanlarında dəyişiklik yaranmamış, öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hazırda baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir (cild 1, i.v 142-143). Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Şövqi Əsgərov tərəfindən tərtib edilmiş arayışdan tərtib olunmuş arayışdan görünür ki, 28 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə barəsində «nəzarət altına vermə» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, habelə xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə maddi ziyan yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində insident zamanı ilkin zorakılığın digər şəxs tərəfindən başlanıldığını, onun isə yalnız özünü müdafiə etmək məqsədilə bıçaqdan istifadə etdiyini bildirsə də, mübahisənin hansı şəraitdə və kim tərəfindən başladığına dair təqsirləndirilən şəxsin ifadəsini təsdiqləyən heç bir sübut təqdim olunmamış, şahid ifadələri ilə insidentin aktiv mərhələsinin məhz təqsirləndirilən tərəfindən təşəbbüs edildiyi və qarşı tərəfə birbaşa və məqsədli fiziki təsir göstərildiyi müəyyən edilmişdir. Əgər hadisə, təqsirləndirilənin bildirdiyi kimi, özünümüdafiə şəraitində və qarşı tərəfin təşəbbüsü ilə baş vermiş olsaydı, təqsirləndirilən şəxsin hadisə baş verdikdən sonra hüquq-mühafizə orqanlarına müraciət etməsi və ya zərərçəkmişə yardım göstərməsi gözlənilirdi, lakin o, əksinə, hadisə yerindən uzaqlaşmış və heç bir müraciət etməmişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin özünü müdafiə halı ilə bağlı verdiyi izahatlar ümumi xarakter daşıyır, obyektiv sübutlarla təsdiqini tapmır və təqsirdən yayınmaq məqsədi daşıyan izahat kimi qiymətləndirilməlidir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə əlavə olaraq Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, şəxsiyyətlərinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan 26 dekabr 2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, i.v 85). Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.2 və 59.1.12-ci maddələrinə əsaslanmaqla cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini və zərər çəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. “Yetkinlik yaşına çatmayanların cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla belə məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından, onun cəmiyyət üçün təhlükəlilik dərəcəsi, psixoloji və mənəvi inkişaf səviyyəsi, habelə şəxsiyyəti barədə verilən ekspert rəyləri və törətdiyi əməl üzrə sonrakı davranışı nəzərə alınmaqla cəzanın məqsədlərinə tam şəkildə şərti məhkumetmə yolu ilə nail olunması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkün olduğundan ona Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunaraq, şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini və şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini həll etməlidir. Qanunvericiliyin qeyd edilən tələbinə əsasən məhkəmə hesab edir ki, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini tərk etməmək vəzifəsi qoyulmalıdır. Həmçinin məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Cinayət işinə əlavə edilmiş vəkil Müdafiəçi tərəfindən məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilsin. Sınaq müddəti 1 (bir) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin və onun üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 330 (üç yüz otuz) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar