Məhkəmə qərarları › İş №1(001)-329/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-329/2020

04.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-329/2020 04.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Yevlax rayonu Havarlı kəndində daimi qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində fərdi evdə kirayənişin yaşayan barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2020-ci ilin fevral ayının 5-nə keçən gecə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2 korpus 73 ünvanında yerləşən 185 saylı evinin pəncərəsini vintaçan vasitəsi ilə açaraq, qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq, yataq otağında yerləşən paltar dolabının içərisindəki rəfdən kağıza bükülmüş 3200 manat nağd pulu, həmin otaqda termonun siyirməsindən dəyəri 4 manat olan 1 ədəd gümüşdən hazırlanmış, çəkisi 2 qram olan boyun zəncirini, dəyəri 2 manat olan sarı rəngli adi metaldan hazırlanmış üzərində qara rəngli qaş olan üzüyü, dəyəri 500 manat olan 583 əyarlı bir cüt qızıl sırğanı, şüşə bankanın içərisində olan 130 manat məbləğində xırda qəpik pulları və manat əskinzlarını, termonun üzərində olan hər birinin dəyəri 100 manat olmaqla, cəmi dəyəri 200 manat təşkil edən 2 ədəd “Dior”markalı qol saatını, dəyəri 100 manat olan bir cüt gümüş sırğanı, dəyəri 300 manat olan 1 ədəd qadın qızıl üzüyünü, ümumilikdə 4436 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsiilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri “Papanin” adlanan ərazidə nömrəsiz evdə kirayədə yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə maddi imkanı çətin olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, fikirləşmiş, götür qoy etmişdir ki, dostu Binəqədi qəsəbəsində Mədən küçəsində yaşayan, yanacaq doldurma məntəqəsində operator işləyən təxminən 3 il olar ki, normal münasibətdə olduğu Şahid Rəhim oğlu ilə zəngləşmiş, ona yalandan qəsəbədə bir nəfər tanış Əli adlı şəxslə görüşməyə gələcəyini, vaxt olsa yol üstü onunla görüşəcəyini demişdir. Rəsul evdə olduğunu, gəlib çatanda xəbər etməsini onu gözləyəcəyini demişdir. O, Rəsula zəng etmək də məqsədi birdən gecə oğurluq etməyə münasib ev tapa bilmədikdə, geri evə qayıtmaq gec olacağı təqdirdə, gecəni Rəsulun evində gecələməyi, səhər çıxıb küçələrdə hansı ev boşdur ora girib oğurluq etməyi düşünmüşdür. Həmçinin ona yalandan uydurub demişdir ki, güya Əli adlı şəxsə satmağa qızıl əşyası vermişdir, o, qızılları sata bilməmiş və qaytarmaq üçün onu evinə çağırmışdır ki, qızılları geri qaytarsın. Həmin gün saat təxminən 23 radələrində metronun “Azadlıq” stansiyasından çıxıb marşrut avtobusu ilə Binəqədi rayonu ərazisində olan həyət evlərinin olduğu yerə getmişdir. Bir saatdan artıq bir müddətdə orada sahibsiz ev axtarmışdır ki, oğurluq etsin. Orada bir həyət evi onun diqqətimi çəkmiş, o, qapını döymüşdür ki, evdə adam olub olmadığına əmin olsun. Sonra o, həmin evdə kimin yaşamasını bilmək üçün, küçədən keçən tanımadığı bir oğlandan soruşmuşdur ki, Tofiqgilin evi bu evdirmi. O, ona, bu ev Fəridgilin evidir demişdir. Ondan aralanıb təkrar olaraq qapını döymüş və bu vaxt qonşuluqdan bir nəfər kişi ondan nə istədiyini soruşmuşdur. O, da cavabında, güya Fəridin dostu olduğunu, onu axtardığını demişdir. Həmin şəxs onların evdə olmadığını ona demişdir. O, oradan kənara çəkilib sakitçilik yaranmasını gözləmək məqsədi ilə həmin yerdən uzaqlaşmış, təxminən saat 24 radələrində o, Rəsulun evin qarşısına gəlmiş və onu səsləmiş və Rəsul evdən çıxmış, onunla evin qarşısında görüşmüşdür. Keyf-əhval tutduqdan sonra, Rəsul ondan nə məsələdir, xeyr ola gecə vaxtı gəlmisən soruşmuşdur. O, yalandan Rəsula, güya 2-ci mədən küçəsində yaşayan Əlinin evinə getdiyini, evdə anası ilə görüşdüyünü, lakin Əlinin hələ gəlmədiyini, onun evdə olmadığını, işdə yubandığını və bir saata gələcəyini demişdir. Əlini niyə axtardığını soruşduqda, ona ailəyə aid bir neçə qızıl əşyasını bir həftə öncə ona satmağa verdiyini, o, əşyaları sata bilmədiyini, səhər tezdən rayona çıxıb gedəcəyini və onlara gəlməyini, görüşüb əşyaları geri qaytarmaq istəyini demişdir. Rəsul onun söylədiyi yalanlara inanmış və onda heç bir şübhə yaranmamış, əsil niyyətini Rəsuldan gizlətmişdir. Bundan əlavə o, oğurluğa tək getmək istəmiş, həm də, Rəsulu bu işə qatmaq istəməmiş, fkirləşmişdir ki, əgər Rəsula oğurluq etmək məqsədini bildirsə, o, nəinki onun bu hərəkətinə razı olmayacaq, bəlkə də, onu bu yoldan çəkindirəcəkdir. Bu səbəbdən o, ona uydurma niyyətini bildirmiş və həqiqəti isə ondan gizlətmişdir. Rəsul ona evə keçməyi oturub çayzad içməyi təklif etmiş, Əli gələndə gedərsən, desə də, lakin o, onun təklifinə etiraz etmiş və ona evdəkiləri narahat etmək istəmdiyini, eybi yoxdur küçədə gözləyəcəyini, indilərdə Əli gələr və onunla görüşüb sonra evə qayıtmalı olduğunu söyləmişdir. O, müəyyən vaxt qazanmaq istəmiş, tam qaranlıq düşsün, hamı yatsın və o, əlverişli vəziyyətdə oğurluq edə bilsin. Bir az küçədə birlikdə dayanıb gözləmiş, sonra o, yalandan mobil telefonu ilə güya Əlini yığmış, güya onunla danışmış və sonra Rəsula demişdir ki, Əli gəlib evə onu evdə gözləyir. Rəsul ilə sağolaşıb ayrılmaq istəyəndə, o, ona istəyirsən səni ötürüm demişdir. O, ona yolu tanıdığını, təxminən 5 dəqiqəlik onunla görüşüb qayıdacağını demişdir. Bir az Rəsul ilə getdikdən sonra Rəsula, daha sən gəlmə, küçənin başında dayan gözlə, yaxşı deyil, kənd yeridir, başqa şey başa düşər demişdir ki, Rəsul, onun hansı evə girdiyini bilməsin. Rəsul etiraz etməmiş və küçənin başında dayanıb onu gözləyəcəyini demiş, o, isə ondan xeyli aralanıb getmişdir. Bir neçə dəqiqədən sonra o, həmin evə yaxınlaşmış və darvaza qapısını itələmiş, bağlı olduğunu görmüş və cəld olaraq daş hasarın üzərindən həmin evin həyətinə düşmüşdür. Həyətə keçdikdən sonra həyətə tərəf baxan plastik pəncərəni üzərində olan vintaçanla açmış və evə daxil olmuşdur. Mətbəxə daxil olmuş, oradan da otaqlara keçmiş, yataq otağında olan masanın siyirməsindən bəzək zinət əşyaları yəni 1 ədəd gümüş sep, 1 ədəd qızıl suyuna batrılmış üzük, termonun üzərindən 2 ədəd Dior markalı qol saatlarını, bir ədəd gümüş sırğa, qadın qızıl üzüyü, siyirmədən qızıl sırğa, bankanın içərisindən xırda pullar, təxminən 130 manat və paltar dolabının içərisindəki rəfdən ağ kağıza bükülmüş vəziyyətdə 100 lük əskinazlarla olan 3200 manat məbləğində pulu götürmüş və cibinə qoymuşdur. Təxminən 10-15 dəqiqə keçmiş, səs gəldiyini eşitmiş, yataq otağının pəncərəsini açmış, oradan çıxıb hasardan aşıb küçəyə düşmüş və bu zaman telefonuna zəng gəlmiş, telefonu açmış, Rəsulun ona zəng etdiyini bilmiş o, gəlirsən, əgər yubanırsansa çıxıb gedirəm evə demişdir. O, ona hə çıxmışam gəlirəm demişdir. Bu zaman 2-ci mədən küçəsi ilə piyada üzü aşağı tərəfə gedəndə Rəsula arxadan gəlib çatmış və sən allah bağışla, sənidə gözlətdim demişdir. Sonra onlar birlikdə Rəsulgilin küçəsinə tərəf dönmüş və küçə ilə gedərkən Rəsul qızılları geri ala bilməsi ilə maraqlanmışdır. O da, Rəsulda şübhə yaranmasın deyə, əlini cibinə salıb cibindən qızıl əşyaları çıxarıb göstərmiş və sonra qızılları cibinə qoymuşdur. O, həmin əşyaların hansı formada olduğuna diqqət etməmiş, küçə qaranlıq olmuş, həm də o, qızılları ona tam göstərməmişdir. Bundan sonra müəyyən qədər piyada getmişlər, Rəsul ona, artıq gecdir, istəyirsən gəl gedək bizdə qonaq qal, səhər gedərsən təklif etmişdir. O, minətdarlığını ona bildirmiş və yalandan ona demişdir ki, yox qala bilməyəcək, onu evdə gözləyən var, narahat olacaqlar. Sonra o, əli ilə işarə edib yol ilə hərəkət edən markasını xatırlamadığı taksi avtomobili saxlatmış və Rəsul ilə sağollaşıb taksi avtomobilinə əyləşib evinə getmişdir. xx xxxx 2020-ci il tarixdə o, evdə olarkən ona polis əməkdaşları yaxınlaşmışlar və onu saxlayıb polis bölməsinə gətirmişlər və orada sorğusual zamanı o, xx xxxxxx 2020-ci il tarixdə qəsəbədə sonradan adını sonralar bildiyi Lalə adlı qadının evinə girdiyini və oradan qızıl-zinyət əşyaları və pul oğurladığını bildirmişdir. Həmin əşyalardan 1 ədəd gümüşdən hazırlanmış boyun zəncirinin və 1 ədəd sarı rəngli üzərində qara qaşı olan üzüyü evdə saxladığını bildirmiş və təqdim etmək istədiyini demişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə onun kirayədə yaşadığı evə getmişlər və baxış keçirilmiş və o, könüllü olaraq həmin əşyaları polisə təhvil vermişdir. Digər əşyaların isə qızıl olmadığını, bujeteriya olduğunu fikirləşib onları küçədə tullamışdır. Oğurluqdan əldə etdiyi 130 manat xırda qəpik və manat şəkilində 130 manat pulu və 3200 manat məbləğində pulu öz şəxsi ehtiyacına xərcəlmişdir. Oğurluğu tək etdiyini bildirmişdir. Heç kimlə bu oğurluqda əlbir olmadığını qeyd etmişdir. Əməlimdən isə peşman olduğunu, başqa heç bir cinayət törətmədiyini, vulurulmuş ziyanın ödənildiyni bildirmişdir. İbtidai istintaq vaxtı zərərçəkmiş şəxs qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan olunmuş Zərərçəkmiş şəxs ifadəsindən məlum olur ki, o, Bakı şəhəri F.Məmmədov küçəsi 17 mənzil 13-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən, korpus 73 mənzil 185-də yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində oğlu Məmmədlə birlikdə “Mərkəz” adlanan ərazidə yaşayan qohumu Nuranənin evinə qonaq getmişlər. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 02 radələrində o, Ələddin adlı qohumunun idarə etdiyi avtomobillə evə qayıtmışdır. Evə qayıdarkən küçələrində bir nəfər təxminən 25 yaşlarında olan şəxsin dayandığını görmüş, o həmin vaxtı telefonla danışırdı. Daha sonra isə həyətə daxil olmuş, həmin vaxtı evin mətbəxinin pəncərəsində olan torun yerə düşdüyünü aşkarlamışdır. Bundan o, şübhələnmiş və tez evə girmiş, evin dağınıq vəziyyətdə olduğunu və yataq otağının pəncərəsinin açıq olduğunu aşkar etmişdir. Bundan sonra evinə baxdıqda, yataq otağında yerləşən paltar dolabının içərisindəki rəfdən kağıza bükülmüş 3200 manat nağd pulu, həmin otaqda termonun siyirməsindən dəyəri 4 manat olan 1 ədəd gümüşdən hazırlanmış, çəkisi 2 qram olan boyun zəncirini, dəyəri 2 manat olan sarı rəngli adi metaldan hazırlanmış üzərində qara rəngli qaş olan üzüyü, dəyəri 500 manat olan 583 əyarlı bir cüt qızıl sırğanı, şüşə bankanın içərisində olan 130 manat məbləğində xırda qəpik pulları və manat əskinzlarını, termonun üzərində olan hər birinin dəyəri 100 manat olmaqla, cəmi dəyəri 200 manat təşkil edən 2 ədəd “Dior”markalı qol saatını, dəyəri 100 manat olan bir cüt gümüş sırğanı, dəyəri 300 manat olan 1 ədəd qadın qızıl üzüyünü, ümumilikdə 4430 manat məbləğində əmlakının gizli olaraq oğurlandığını aşkar etmişdir. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə prosesində elan olunmuş Şahid Rəhim oğlunun ifadəsindən məlum olur ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşamış, “Azpetrol” şirkətində operator vəzifəsində işləyir. Təqsirləndirilən şəxs təxminən üç il olar ki, tanımış, o, Papanin adlanan yerdə kirayədə yaşamışdır və onunla münasibəti normal olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 19 radələrində dostu Təqsirləndirilən şəxs ilə zəngləşmış, söhbət edərkən, o, Binəqədi qəsəbəsində 2-ci mədən küçəsində bir nəfər Əli adlı qızıl əşyaları alıb satan əsgər yoldaşı olmuş, onunla şəxsi işinin olduğunu və onunla görüşmək üçün gələcəyini, sonra yol üstü onunla görüşəcəyini demişdir. O, ona evdə olduğunu, gəlib çatanda xəbər edib görüşməsini demişdir. Təxminən saat 23-24 də Anar onların evin qarşısına gəlmiş və onu səsləmiş və o, evdən çıxıb onunla evlərinin qarşısında görüşmüşlər. O, onunla söhbət zamanı nə məsələ olduğunu, xeyr ola gecə vaxtı gəlməsini soruşmuşdur. O, ona 2-ci mədən küçəsində yaşayan Əlinin evinə getdiyini, evdə anası ilə görüşdüyünü, lakin Əlinin hələ gəlmədiyini, onun evdə olmadığını, işdə yubandığını və bir saata gələcəyini demişdir. Əlini niyə axtardığını soruşduqda, o, ailəsinə aid bir neçə qızıl əşyasını bir həftə öncə ona satmağa verdiyini, əşyaları isə sata bilmədiyini, Əlinin səhər tezdən rayona çıxıb gedəcəyini, ona görə də, onlara gəlib qızılları geri götürməsini demişdir. O, ona evə keçməyi oturub çay içməyi, Əli gələndə getməyi təklif etmiş, lakin o, etiraz etmiş və ona, evdəkiləri narahat etmək istəmədiyini, helə küçədə gözləyəcəyini, indilərdə Əlinin gələcəyini və onunla görüşüb sonra qayıdacağını demişdir. Onlar bir az küçədə birlikdə dayanıb gözləmişlər, sonra Anar mobil telefonu ilə kimləsə danışmış və ona, Əlinin gəldiyini, evdə onu gözlədiyini bildirmişdir. Anar onunla sağolaşıb ayrılmaq istəyəndə, o, ona istəyirsən ötürüm demişdir. O, ona yolu tanıdığını, təxminən 5 dəqiqəlik onunla görüşüb qayıdacağını demişdir. Bir az onu ötürdükdən sonra Anar ona istəyirsən küçənin başında dayanıb gözlə, yaxşı deyil, kənd yeridir, başqa şey başa düşərlər demişdir. O, etiraz etməmiş və küçənin başında dayanıb Anarı gözləmiş, Anar ondan aralanıb getmişdir. O, küçədə tində siqaret çəkib gözləmiş, var-gəl etməyə başlamış və vaxtın keçdiyini, təxminən 15 dəqiqə keçdiyini, telefonuyla Anara zəng etmiş, ondan gəlirsən, əgər yubanırsansa çıxıb gedim evə demişdir. O, hə çıxdım gəlirəm demişdir. O, bu zaman 2-ci mədən küçəsi ilə piyada üzü aşağı evlərinə tərəf getmiş və bu zaman Anar arxadan gəlib ona çatmış və sən allah bağışla, sənidə gözlətdirdim, demişdir. Sonra onlar birlikdə onların küçəsinə tərəf dönmüşlər və küçə ilə gedərkən Anardan qızıllarını geri ala bilməsi ilə maraqlanmışdır. O, əlini cibinə salıb cibindən qızıl əşyaları çıxarıb göstərmiş və sonra cibinə qoymuşdur. O, həmin əşyaların hansı formada olduğuna diqqət etməmiş, həm küçə qaranlıq olmuş, həmdə onun üçün əhəmiyyət daşımamışdır. Bundan sonra müəyyən qədər piyada getmişlər, Anara artıq gecdir, istəyirsən gəl gedək bizdə qonaq qal, səhər gedərsən demişdir. O, isə yox qala bilməyəcəyini, onu evdə gözləyən olduğunu, narahat olacaqlarını demişdir. Sonra Anar əli ilə işarə edib yol ilə hərəkət edən bir Mersedes avtomobili saxlatmış və onunla sağollaşıb taksi avtomobilinə əyləşib getmişdir. xx xxxx 2020-ci il tarixdə qəsəbədə olarkən ona polis əməkdaşları yaxınlaşmışlar və onu saxlayıb polis bölməsinə gətirmişlər və orada sorğu-sual zamanı ona, Anarın xx xxxxxx 2020-ci il tarixdə qəsəbədə sonradan adını bildiyim Lalə adlı qadının evinə girib və oradan qızıl-zinyət əşyaları və pul oğurladığı məlum olmuşdur. Onda başa düşmüşdür ki, Anar ona yalandan, güya Əli adlı bir qızıl alverçisi ilə görüşməyə gəlib ki, ona vermiş olduğu qızılları geri alıb aparsın demişdir. Anar oğurluq etməsini ondan gizlətmişdir. O, Anarın belə bir hərəkət etməsindən çox narahat olmuş və hadisənin necə olduğunu tam şəkildə polisə bildirmişdir. O, həmin gecə Anarın konkret olaraq kimin evinə necə girməsini görməmişdir. O, Anarın Lalə adlı qadının, yoxsa digər bir şəxsin evinə oğurluğa girməsini görməmiş, konkret olaraq nə oğurladığını görməmişdir. Sadəcə o, ona cibindən çıxarıb ovcunda gözəyarı şəkildə qızıl əşyaları göstərmiş, güya qızıllarını geri almışdır. O, Zərərçəkmiş şəxs, o, cümlədən Əli adlı şəxsi tanımamış və onların harada yaşamalarını belə bilməmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2020-ci il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycna Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbi seçilmişdir, və o, MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan qəbzdən məlum olur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə evindən oğurlanmış puldan 2000 manatını qəbul etdi. İş materiallarında olan qəbzdən məlum olur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş maddi ziyandan 2400 manat ödənildi. İş materiallarında olan zərərçəkimiş Zərərçəkmiş şəxs ərizəsindən məlum olur ki, oğurluq nəticəsində ona vurulmuş ziyan Təqsirləndirilən şəxs yaxın qohumları tərəfindən ona tam şəkildə ödənildiyi üçün onun iş üzrə heç bir şikayəti, iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaq. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan məlum olur ki, Şahid Rəhim oğlunun əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət təqibinə xitam verilmiş, hadisə yerindən aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus əl izləri sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması, istintaq zamanı aşkar edilmiş 1 ədəd gümüşdən hazırlanmış, çəkisi 2 qram olan boyun zənciri və 1 ədəd sarı rəngli adi metaldan hazırlanmış üzərində qara rəngli daş olan üzük iş üzrə cinaytin predmeti olduğundan və sübut əhəmiyyətinə malik olduğundan zərərçıkmiş Zərərçəkmiş şəxs istintaqın sonnuda təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan qəbzdən məlum olur ki, Şirinova X2 rayon Pİ-də saxlanılan bir ədəd gümüş boyun zəncirini və bir ədəd üzüyü qəbul etdi. İş materiallarında olan Müstəqil Məhkəmə Ekspertizası tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məhkəmə əmtəşünastlıq ekspertizası rəyindən məlum olur ki, təhqiqata təqdim edilmiş 2 adda əşya; 1 ədəd gümüşdən hazırlanmış çəkisi 2 qram olan boyun zənciri qiyməti 4 manat; 1 ədəd sarı rəngli adi metaldan hazırlanmış üzərində qara rəigli qaş olan üzüyün dəyəri 4 manat təşkil edir. İş materiallarında olan bildirişdən məlum olur ki, ekspertiza təhqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin və şahidin verdikləri ifadələr, ekspertiza rəyi və digər iş materiallarla tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.3 -cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsi onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqın məhdudlaqdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki, iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlığının məhdudlaşdırılması onun törətdiyi əməllər barəsində düşünməsinə və gələcəkdə cəmiyyətə tam yararlı insan olaraq qayıtmasına köməklik edəcəkdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi fərdi yaşaşış evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 201025, VÖEN **********, müxbir–hesab AZ37NABZ********************944, SWİFT-AİİVAZ2X, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnin”: VÖEN **********, hesab AZ53AİİV******************** hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınan saxlanması üçün zərərçəkmiş şəxsə təhvil verilmiş 1 ədəd gümüşdən hazırlanmış çəkisi 2 qram olan boyun zənciri və 1 ədəd sarı rəngli adi metaldan hazırlanmış üzərində qara rəigli qaş olan üzük zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübüt kimi tanınmış Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir və üzərinə həbs qoyulması təklif olunan əmlak yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cümaddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-cu il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin VÖEN **********, hesab AZ53AİİV******************** hesabına keçirilməli. İş üzrə maddi sübut kimi tanınan və saxlanması üçün zərərçəkmiş şəxsə təhvil verilmiş 1 ədəd gümüşdən hazırlanmış çəkisi 2 qram olan boyun zənciri və 1 ədəd sarı rəngli adi metaldan hazırlanmış üzərində qara rəngli qaş olan üzük zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar