Məhkəmə qərarları › İş №1(001)-329/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-329/2022

16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-329/2022 16.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 yanvar 2022ci il tarixdə saat 00:30 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evin qarşısına gələrək, evin birinci mərtəbəsindəki plastik pəncərənin açıq vəziyyətdə olmasından istifadə edib qanunsuz olaraq daxil olduqdan sonra evin həyətində yerləşən hamam otağından 01 ədəd 500 manat dəyərində 32 kv-lıq “ECA” markalı kombi aparatını və 50 manat dəyərində 01 ədəd su nasosunu, evin ikinci mərtəbəsində yerləşən qonaq otağından üzərində 10 manat dəyərində dəmir kronşteyn olan 01 ədəd 180 manat dəyərində “LG” markalı, “42LB561V” model, 42 düym televizoru, evin ikinci mərtəbəsində yerləşən yataq otağından hər birinin dəyəri 20 manat olan 04 ədəd eynək, hər birinin dəyəri 25 manat olan 06 ədəd kişi üçün qol saatı və hər birinin dəyəri 10 manat olan 05 ədəd uşaq üçün avtomobil oyuncaqlarını gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1020 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 yanvar 2022-ci il tarixdə saat 12:30 radələrində yaşadığı evin yaxınlığında, daha dəqiq Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 3 ünvanında piyada hərəkət edərkən həmin döngədə yerləşən küçə ilə hərəkətini davam edən zaman yol kənarında yerləşən iki mərtəbəli yaşayış evinin birinci mərtəbəsinin küçə tərəfə olan plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. O, yaxınlaşıb evin qapısını döymüş, evdə heç kəs olmadığına əmin olmuşdur. Maddi vəziyyəti ilə bağlı həmin evə daxil olaraq hər hansı bir əşya oğurlamağa qərar vermiş və fikirləşmişdir ki gündüz saatları olduğundan ətrafdan kimsə onu görər və bunun üçün gecə saatlarında qayıtmağı fikriləşmişdir. Daha sonra o, oradan uzaqlaşıb yaşadığı məhəlləyə gəlmişdir. 19 yanvar 2022-ci il tarix saat 00:30 radələrində həmin evin qarşısına gəlmiş, pəncərənin yenədə açıq olduğunu, evin işıqlarının sönülü olduğunu görmüş və bununlada tam əmin olmuşdur ki, evdə kimsə yoxdur. Bundan sonra o, həmin pəncərə vasitəsilə evə daxil olmuşdur. Daxil olduğu yer zirzəmi tipli və yaşayış hissəsi olmayan otaq olmuşdur. Həmin otaq vasitəsilə evin həyətyanı sahəsinə keçmiş, həyətdə evin ikinci mərtəbəsinə qalxan pilləkan olduğunu görmüşdür. Həmin pilləkanın yanında isə hamam otağı yerləşmişdir. O, hamam otağına daxil olmuş, orada kombi cihazının quraşdırıldığını görmüş və kombini çıxarıb kənara qoymuşdur. Bundan başqa hamamda olan su nasasunu çıxarıb kənara qoymuşdur. Daha sonra pilləkanla evin ikinci mərtəbəsinə qalxmışdır. Orada olan plastik pəncərəni əli ilə itələyib açmışdır. Həmin pəncərə vasitəsilə içəriyə daxil olmuşdu. Daxil olduğu yer mətbəx olmuşdur. O, mətbəxdən qonaq otağına keçmiş, qonaq otağında divara bağlanmış bir ədəd televizoru arxasında olan divara quraşdırılması üçün dəmirlə birlikdə çıxarıb kənara qoymudur. Daha sonra digər otaqları axtarmış, lakin hər hansı bir qiymətli əşya və ya pul tapa bilməmişdir. Evin ikinci mərtəbəsində olan yataq otağından içərisində sonradan bir neçə ədəd qol saatı, bir neçə ədəd eynək və bir neçə ədəd uşaq oyuncaqlarının olduğunu bildiyi torbanı götürmüşdür. Götürdüyü əşyaları evin həyətində olan giriş qapının yanına yığmışdır. Daha sonra həyətdən küçəyə çıxmış ki küçədə kimsənin olub-olmadığına baxsın. Gecə saatları olduğundan orada heç kəs olmamışdır. Yaşadığı ev həmin ünvandan az məsafədə yerləşmişdir. Həmin əşyaları iki dəfəyə hissə hissə olmaqla yaşadığı evin zirzəmisinə aparıb orada saxlamışdır ki kimsə görməsin. Səhəri gün, 20 yanvar 2022-ci il tarixdə saat 12:30 radələrində kombinin içərisində olan mis detalları çıxarıb, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən metal qəbulu məntəqəsinə özünə məxsus olduğu bildirməklə 70 manat müqabilində satmışdır. Kombinin digər hissələri isə yaşadığı evdə zirzəmidə qalmışdır. Evdən oğurladığı LG markalı televizoru isə Ramin adlı qonşusuna, özünə məxsus olduğunu bildirməklə 100 manat müqabilində satmışdır. Qalan saatlar, eynəklər və uşaq oyuncaqlarını kimə satacağını bilməmiş və düşünmüş ki, həmin əşyaları satsa, ondan alan hər hansı bir şəxs əşyaların oğurluq olmasını bilər və həmin torbanı Biləcəri qəsəbəsində hazırda xatırlamadığı yerdə tullamışdır ki onda qalmasın. Zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənildiyini bildirərək hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Əslində idman müəllimi olduğunu və tələbələrinin müxtəlif müsabiqüələrdə dərəcə aldıqlarının bildirmişdir. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Evli olduğunu və himayəsində 1 azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Həbsdə olduğu müddətdə artıq islah olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs maddi çətinliklə əlaqədar məhkəmə iclaslarına gələ bilmədiyi və Təqsirləndirilən şəxs heç bir tələb və şikayətinin olmadığı məzmunlu teleqram ünvanlamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi döngə 3, ev 20 ünvanında yerləşən evin qapı və pəncərələrini bağlayaraq Bərdə rayonuna getmiş və olmadığı müddətdə evə nəzarət etməsini yeznəsi Şahid1 tapşırmışdır. 19 yanvar 2022-ci il tarixdə saat 18:30 radələrində Şahid1 ona zəng edərək yaşadığı evə nəzarət etmək üçün gəldikdə evin pəncərəsinin açıq olduğunu və evdən oğurluq hadisəsinin baş verməsini bildirmişdir. O, yeznəsinə aidiyyəti üzrə polis bölməsinə getməsini və ərizə ilə müraciət etməsini söyləmişdir. Daha sonra o növbəti gün, yəni 20 yanvar 2022-ci il tarixdə Bakı şəhərinə gəlmiş və evə baxış keçirdikdə məlum olmuşdur ki, naməlum şəxs(lər) qanunsuz olaraq pəncərədən daxil olaraq evin həyətindəki hamam otağından kombi cihazının və su nasosunun, evin ikinci mərtəbəsində yerləşən qonaq otağından televizorun, televizorun divara bağlanması üçün dəmir kronşteynin, evin ikinci mərtəbəsində yerləşən yataq otağından uşaq oyuncaqlarının, qol saatlarının, eynəklərin oğurlandığını aşkar etmişdir. Oğurlanmış kombi cihazı «ECA» markalı 500 manat dəyərində, su nasosu 50 manat dəyərində, «LG» markalı televizor 450 manat dəyərində, televizorun divara bağlanması üçün dəmir kronşteyn 20 manat dəyərində, hər biri 10 manat olmaqla 5 ədəd uşaq avtomobil oyuncağı, hər biri 25 manat olan 6 ədəd kişi üçün qol saatları, hər birinin dəyəri 20 manat olan 4 ədəd eynəklər olmaqla, ümumilikdə ona 1300 manat maddi ziyan vurulmuşdur. İş üzrə əlavə ifadəsi alınmış Zərərçəkmiş şəxs bildirmişdir ki, o, məhkəmə əmtəəşsünaslıq ekspertizasının rəyi ilə razıdır, belə ki, televizoru 450 manata alsa da, 2-3 ildirki istifadə etməsini və ona geri qaytarılacağını nəzərə alaraq 180 manat dəyərləndirilməsinə, həmçinin dəmir kronşteynin 10 manat dəyərləndirilməsinə etiraz etməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi Zərərçəkmiş şəxs məxsus olduğunu qeyd etmişdir. 30 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə Bərdə rayonuna getmiş və Bakı şəhərində olmayacağı müddət ərzində evinə mütəmadi olaraq nəzarət edilməsini ona tapşırmışdır. Buna görə də o, mütəmadi olaraq Alimə məxsus olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi döngə 3, ev 20 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək nəzarət etmişdir. Sonuncu dəfə 19 yanvar 2022-ci il tarixdə saat 18:30 radələrində yenidən nəzarət etmək məqsədilə həmin ünvana gələrkən aşkar etmişdir ki, evin plastik pəncərəsi açıq vəziyyətdədir. Qapını açaraq evə daxil olmuş, qonaq otağında divara bağlanmış televizorun yerində olmadığını görmüş, həmçinin həyətdə olan hamam otağına daxil olduqda kombi cihazının və su nasosunun yerində olmadığını aşkar etmişdir. Oğurluq baş verməsində əmin olub dərhal bu barədə ev sahibi Zərərçəkmiş şəxs zəng edərək məlumat vermişdir. Alim ona polisə müraciət edərək şikayət ərizəsi yazmağını, özü isə rayondan çıxıb gələcəyini bildirmişdir. Bu səbəbdən də o, ərazi üzrə 6-cı Polis bölməsinə gedərək şikayət ərizəsi ilə müraciət edərək oğurluq barədə məlumat vermişdir. Ərizə və izahatında yalnız kombi, nasos və televizor oğurlandığını qeyd etmiş, lakin sonradan ev sahibi Alim gəldikdə evdən başqa əşyalarında oğurlandığını aşkar etmişdir. Lakin ev sahibi olan qohumu Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənildiyini əşyaların qaytarıldığını bildirmişdir. Məhkəmə baxışı zamanı Şahid2 ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanımış, belə ki onlar qonşu olmaqla uşaqlıqdan eyni məhəllədə böyümüş və münasibətləri yaxşı olmuşdur. 20 yanvar 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evin qarşısında dayanarkən qonşusu Ceyhunun küçə ilə piyada hərəkət etdiyini və əlində televizor olduğunu görmüşdür. Onunla salamlaşaraq hal əhval tutmuş və söhbət əsnasında Ceyhun ona uşağının ad günü olduğunu, lakin qeyd etmək üçün pulu olmadığını və bunun üçün evlərində olan iki ədəd televizordan birini satmağa getdiyini bildirmişdir. O, Ceyhundan satacağı qiymət barədə soruşmuş, Ceyhun 100 manat verən olsa sata biləcəyini demişdir. O, televizora baxmış və bəyəndiyi üçün təklif etmişdir ki, televizoru o özü alsın. Ceyhun razılığını bildirmiş və o, üzərində olan 100 manat pulu ödəyərək televizoru almışdır. Daha sonra o, yaşadığı evə getmiş, Ceyhun isə öz yaşadığı ev istiqamətində getmişdir. Aldığı televizoru səhəri gün yaşadığı evdə quraşdırmış və işə salmaq istədikdə ekranın yanmasına baxmayaraq rənglərin qarışıqlığını, tam aydın göstərmədiyini aşkar etmişdir. Ceyhunun əlaqə nömrəsi olmadığı üçün onunla əlaqə yarada bilməmiş və düşünmüşdür ki, məhəllədə rastlaşanda bu barədə ona bildirsin. Lakin Ceyhunu görə bilməmiş, sonradan eşitmişdir ki, Ceyhun polis tərəfindən tutulmuşdur. Həmçinin hazırda istintaqa dəvət olunan zaman bildirmişdir ki, Ceyhun oğurluq törətməsinə görə tutulmuşdur. Ceyhundan aldığı televizoru istintaqa təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə baxışı zamanı Şahid3 ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən əlvan metal qəbulu məntəqəsində işləyir. 20 yanvar 2022-ci il tarixdə günorta saatlarında işlədiyi məntəqəyə bir nəfər şəxs gələrək mis detallarını təhvil vermək istədiyini bildirmiş, həmin şəxs mis detallarını yaşadığı evdə olan yararsız kombi aparatından çıxartdığını və satmaq istədiyini bildirmişdir. Təqdim etdiyi mis detallara baxaraq 70 manat müqabilində ala biləcəyini demiş, Həmin şəxs onunla razılaşaraq mis detalları təhvil vermiş və əvəzində ondan 70 manat pul alaraq çıxıb getmişdir. O, həmin əşyaları alarkən həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməsini istəmiş, sənəddən məlum olmuşdur ki o, Təqsirləndirilən şəxsdur. Ceyhun ona həmin misi oğurluq yolu ilə əldə etdiyini bildirməmiş, həmin əşyanın özünə məxsus olduğunu söyləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 23 yanvar 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılaraq, ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. 23 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 17:30 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 25 yanvar 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən, həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. 25 yanvar 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. 25 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayev tərəfindən 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 16 aprel 2022-ci il tarixdə iş üzrə toplanmış sübutlar qiymətləndirilərək Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən, həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmiş, həmin tarixdə də ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 mart 2022-ci il tarixli, 9/1249 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 690,0 manat müəyyən edilir. Belə ki,

1. “LG” markalı, “42LB561V” model, 42 düym televizor 180 manat.

2. 32 kv-lıq “ECA” markalı kombi aparatı (sökülməmişdən əvvəl normal vəziyyətdə) 500 manat.

3. Televizorun divara bağlanması üçün kronşteyn 10 manat. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən talanmış Zərərçəkmiş şəxs məxsus olan “ECA” markalı kombi apartın hissələrini Təqsirləndirilən şəxs təhqiqata təqdim etmiş və Binəqədi RPİ 6-cı PB-nin PB-nin baş təhqiqatçısı, polis mayoru İsmət Musayev tərəfindən xx.xx.2022-ci il tarixdə qərar və protokol tərtib edilməklə götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə talanmış və sonradan Şahid2 satılmış 01 ədəd “LG” markalı televizoru, sonuncu könüllü olaraq istintaqa təqdim etmiş, qərar və protokol tərtib edilməklə götürülmüşdür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialalrında olan Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi N.B.Məmmədov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 193-cü ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır və qeydiyyatda olduğu müddət ərzində onun haqqında Biləcəri QİƏD üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il tarixdə doğulmuş X4 adlı 1 azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, oğurladığı əmlakları könüllü təhvil verməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı həbsdə olduğu müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut 01 ədəd “LG” markalı, “42LB561V” model, 42 dyüm televizor, 32 kv.m “ECA” markalı 01 ədəd kombi aparatının hissələri və televizorun divara bağlanması üçün kronşteynin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o dərhal məhkəmə iclas zalından azad edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən tutulduğu və hazırkı vaxtadək həbsdə olduğu, 06 (altı) ay 24 (iyirmi dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 10 (ay) 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut olan - 01 ədəd “LG” markalı, “42LB561V” model, 42 dyüm televizor, 32 kv.m “ECA” markalı 01 ədəd kombi aparatının hissələri və televizorun divara bağlanması üçün kronşteynin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar