Məhkəmə qərarları › İş №1(001)-330/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-330/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-330/2023 27.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs hüquqi şəxsin direktoru Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X2 nömrəsiz ev ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə, 05 avqust 1978-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu Siyatük kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək "xxxx" MMC-in direktoru Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncuya aldıqları kimyəvi təmizləyici maddələri satıb pulunu vaxtında ödəyəcəklərini yalandan vəd verib aldadaraq 2022-ci ilin may ayının 20də günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, məhəllə 31\23 ünvanda yerləşən "xxxx" MMC-in həyətindən 1575 manat dəyərində «Biecer» markalı yuyucu-ağardıcı toz, 2010 manat dəyərində «Snejok» markalı yuyucu-agardıcı toz, 2079 manat dəyərində «Sodex» markalı yuyucu-ağardıcı toz, 867 manat dəyərində «Feri» markalı qabyuyan, 1182 manat dəyərində «Snejinka» markalı yuyucu-ağardıcı tozları birlikdə alıb ələ keçirərək zərər çəkmiş hüquqi şəxs şəxs "xxxx" MMC-yə ümumilikdə 7713 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs2 onun dostudur. Aradabir vətəndaşlardan nisbətən ucuz qiymətə nisyəyə mal götürüb satmaqla çörək pulu qazanır. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., məhəllə 31\23 ünvanda yerləşən "xxxx" MMC-in direktoru Zərərçəkmiş şəxs oğlunun Sədərək ticarət mərkəzinin bəzi satıcılarına nisyəyə mal verdiyini eşitmişlər. Bu məqsədlə Təqsirləndirilən şəxs2lə 05 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaxınlaşaraq satmağa mal istəmişlər. İlk öncə Zərərçəkmiş şəxs onlara inanmayaraq mal verməmişdir. Sonra onlar 20 may 2022-ci ildə yenidən Nazirlə Əbülfəzin iş yerinə gəlmişlər. Danışmışlar ki,nisyəyə mal götürərək 45 gün ərzində pullarını verərlər. Bu barədə yazılı qəbz də vermişlər. Ağardıcı tozlar, qab yuyan alaraq malların qiymətini hesablamaqla 6531 manata razılaşmışlar. Həmin yuyucuağardıcı tozlar bunlar olmuşdur: 1575 manat dəyərində «Biecer» markalı yuyucu-ağardıcı toz, 2010 manat dəyərində «Snejok» markalı yuyucu-agardıcı toz, 2079 manat dəyərində «Sodex» markalı yuyucu-ağardıcı toz, 867 manat 30 qəpik dəyərində «Feri» markalı qabyuyan. Əbülfəzin onlara təqdim etdiyi qaimə-fakturaya da imza atmışlar. Yoldan tutduqları yük avtomobili ilə ora gələrək malları maşına yükləmişlər. Malları avtomobilə yükləyərkən o və Nazir belə qərara gəlmişlər ki, Əbülfəzə zəng vursunlar. Belə ki, həmin yüklədikləri malların yanında yerdə «Snejok» markalı lil və «Snejinka» markalı ağardıcı toz qalmışdır. Əbülfəzə zəng vurub demişlər ki, həmin malları da avtomobilə yükləmək istəyirlər. Birtəhər Əbülfəzi razı salmışlar, Əbülfəz demişdir ki, həmin malların dəyəri 1200 manat təşkil edir. Əbülfəz öz işçisinə zəng vurub demişdir ki, malları aparsınlar. Həmin malları da maşına yükləyərək cıxıb getmişlər. Əslində götürdükləri malları satıb pulunu Əbülfəzə vermək niyyətləri olmamışdır. Belə ki, həmin dövrdə pula ehtiyacları olduğu üçün kimdənsə nisyə mal götürüb sataraq pulunu ələ keçirmək fikrində olmuşlar. Buna görə Əbülfəzin onlara verdiyi malları dəyərindən ucuz qiymətə, dəyər-dəyməzə satmış, əldə etdikləri pulu öz aralarında bölüb xərcləmişlər. Zərər çəkmiş şəxsə vurduqları ziyanı tamamilə ödəmişdir. Zərər çəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxslə barışıq əldə edərək, ona dəymiş ziyanı ödədiyini, öz əməlinə mənfi münasibətini nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, eyni məzmunlu ifadə verib təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 bildirdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-in direktoru Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., məhəllə 31\23 ünvanda yerləşən "xxxx" MMC-in təsisçisi olmaqla direktorudur. MMC-in fəaliyyəti karton qutuların istehsalı və yuyucu-ağardıcı tozların qablaşdırılmasından ibarətdir. 05 may 2022-ci ildə ona naməlum şəxs zəng vuraraq bildirmişdir ki, ticarətlə məşğul olurlar və nisyəyə mal istəyirlər. Həmin şəxsə demişdir ki, onları tanımır, buna görə mal verə bilməz. Sonra həmin şəxslər demişlər ki, görüşüb söhbət etmək istəyirlər. Razılaşmış və onlar gələrək özlərini təqdim edib bildirmişlər ki, bazarlara mal verirlər. Həmin şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olmuşlar. Onlara demişdir ki, nisyə malın müqabilində girov qoysunlar. İlk olaraq onlara heç nə verməmişdir. 20 may 2022-ci il tarixdə onlar yenidən iş yerinə gəlmişlər. And-aman etmişlər ki, nisyəyə mal götürsünlər və 45 gün ərzində pulu verəcəklər. Onlar bildirmişlər ki, girov qoymağa əşyaları yoxdur. Onlara 1575 manat dəyərində «Biecer» markalı yuyucu-ağardıcı toz, 2010 manat dəyərində «Snejok» markalı yuyucu-agardıcı toz, 2079 manat dəyərində «Sodex» markalı yuyucu-ağardıcı toz, 867 manat dəyərində «Feri» markalı qabyuyan vermişdir. Həmin malların qiymətini hesablamışlar, 6531manat 30 qəpik olmuş və razılaşmışlar. Hər ikisi yazaraq zəmanət vermişlər ki, hər həftə ödəniş etmək şərtilə 45 günə malların pulunu verəcəklər. Onlar yük avtomobili ilə gəlmiş, malları maşına yükləyəndə o çıxıb getmişdir. Təxminən 1 saat sonra ona mobil telefonla zəng vurub demişlər ki, yerdə həmin yüklədikləri malların yanında bir az da yuyucu tozlar qalmışdır, onları da birdəfəlik maşına yükləmək istəyirlər. Birtəhər onu razı salmışlar. O da Kərim adlı işçisinə zəng vurub demişdir ki, qoy aparsınlar. Həmin malların dəyəri təxminən 1200 manat olmuşdur. Bu barədə onlara bildirmişdir. Həmin gün axşam işə qayıtmış, Nazir və Elnurun ikinci dəfə apardıqları malların qiymətini Kərimlə birlikdə dəqiq hesabdayaraq 1182 manat dəyərində «Snejok» markalı lil və «Snejinka» markalı ağardıcı toz olduğunu bilmişdir. Bir neçə həftədən sonra onlara zəng vurmuş, hər ikisi mobil telefonlarını söndürmüşlər. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ondan nisyə aldıqları malları dəyərindən ucuz qiymətə ayrı-ayrı yerlərə satmışlar. Onda anlamışdır ki, həmin şəxslərin niyyəti aldatma yolu ilə onun əmlakını ələ keçirmək olmuşdur. Cinayət nəticəsində ona ümumilikdə 7713 manat maddi ziyan vurmuşlar. İşə məhkəmədə baxıldığı dövrdə hadisə nəticəsində ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdur (cild 1, i.v 53). Əməlin tövsif edilməsi edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsindən həmin Məcəllənin Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 1, i.v 61). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 63-64). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 89-93). Tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur (cild 1, i.v 111). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək xx.xx.2023-cü ildə ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 96-97). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində bir ay iyirmi gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 137-141). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuyucu tozları götürən zaman imzaladıqları qəbz cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 171). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, i.v 28-29). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 178.2.1 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirliliyi öz ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir və onlara düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-in direktoru Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, cinayət nəticəsində ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət nəticəsində zərər çəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişdir. Zərər çəkmiş şəxs ərizə verərək təqsirləndirilən şəxsdən heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Cəzalarını ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alıb məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri CM-in 178.2.1 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barələrində seçilmiş «həbs» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməklə dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, hökmün icrası yaşayış yerləri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində onların üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi, habelə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı cəmi 4 (dörd) ay 15 (on beş) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalı, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı cəmi 3 (üç) ay 7 (yeddi) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:..132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuyucu tozları götürən zaman imzaladıqları qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçilər Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 cinayət işi üzrə təqsirləndirilən şəxslərə ayrı-ayrılıqda cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı cəmi 4 (dörd) ay 15 (on beş) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə (ünvan 4) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 2200-dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı cəmi 3 (üç) ay 7 (yeddi) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə (Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X2 nömrəsiz ev) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 2200-dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut – bir ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərdikləri cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ayrı-ayrılıqda xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar