Məhkəmə qərarları › İş №1(001)-331/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-331/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-331/2022 16.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən,Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 Noyabr –Zəfər günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Binəqədi rayon Məhkəməsinin 7(001)-47/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cəza müddəti 01 il azaldılmış və xx.xx.2022ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, ünvan 2abr 2022-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, 26 oktyabr 2022-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib, özündə saxlayaraq daşımışdır. Belə ki, o, 25 yanvar 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən «Halal» marketin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib, özündə saxlayaraq daşımış, 25 yanvar 2022-ci il tarixdə saat 20:40-da Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən «Halal» marketin yaxınlığında Binəqədi RPİyby 43-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ 43-cü PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibində 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,424 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.25 yanvar 2022-ci il tarixdə saat 20:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən «Halal» marketin yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ 43-cü PB-nə dəvət etmişlər.Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-nə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir.Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qırmızı rəngli alışqan, bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli selofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur.Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Ondan sonra onun, qara rəngli gödəkçənin və boz rəngli şalvarının ciblərini açmağı tələb olunmuş, onun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Ondan həmin şəffaf rəngli selofan bükülüdəki qəhvəyi rəngli kütlənin nə olduğu soruşulduqda, o, həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir.O, həmin narkotik vasitəni xx.xx.2022-ci ildə təxminən saxlanılmamışdan bir saat əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Binəqədii qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən «Halal» marketin yaxınlığında tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün almışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 Tariel oğlu bildirmişdir ki, Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur.Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 25 yanvar 2022-ci il tarixli qərar qəbul edilməklə, 43-cü polis bölməsinin rəisi, polis polkovnik- leytenantı Nəriman Bayramov tərəfindən 25 yanvar 2022-ci il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 həmin qrupa daxil edilmişdir.Əməliyyat müvəkkili Şahid2la birlikdə 25 yanvar 2022-ci il tarixdə saat 20:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən «Halal» marketin yaxınlığında Təqsirləndirilən şəxs görüb bir qədər gizli müşahidə etdikdən sonra ona yaxınlaşmışlar, özlərini ona təqdim edib polis əməkdaşı olduqlarını demişlər.Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 43-cü polis bölməsinə gətirmişlər.Bu barədə polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəriman Bayramovun adına raport tərtib edərək, bölmə rəisinin göstərişi əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 43cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyevə təhvil vermişlər.X4 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır.Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyanı könüllü surətdə verməsi təklif edilmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd qırmızı rəngli alışqan, bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəfaf rəngli selofan bükülünü çıxardaraq masanın üzərinə qoymuşdur.Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş o, həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə, narkotik vasitəni saxlanılmamışdan bir saat əvvəl Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən «Halal» marketin yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını bildirmişdir.Bundan sonra həmin bükülü zərfə qoyularaq qablaşdırılmışdır.Bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadə vermiş Şahid2 ifadə verərək digər Şahid1 Tariel oğlunun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 26 yanvar 2022-ci il tarixli 6/500 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs..” sözlər və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi- 1,424 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroin 2005-ci il 28 iyun tarixli «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxs tərəindən keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 950 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiycı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnaməyə və hökmün surətinə əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 Noyabr –Zəfər günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Binəqədi rayon Məhkəməsinin 7(001)-47/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cəza müddəti 01 il azaldılmış və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında”xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların 1 siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,150 qram müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitə heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən bir neçə dəfə artıq olmuşdur.Həmçinin, təqsirləndirilən şəxs eyni xarakterli cinayəti əvvəllər törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, lakin o, yenidən eyni xarakterli cinayəti törətmişdir, bu isə onu göstərir ki, yenidən ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onun islah olunması ilə nəticələnməyəcəkdir.Bundan başqa, onun narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəzaya uyğun cəza təyin edilməsi, artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması ilə nəticələnə və cəzanın fərdiləşdirilməsi prinsipinə zidd ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsi, üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı, habelə eyni əmələ görə əvvəllər azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu halda islah yoluna qədəm qoymadığı nəzərə alınmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və təqsirini etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək həbsdə olduğu - 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır.Belə ki, iş materiallarından aydın olur ki, Binəqədi rayon Polis idarəsinin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyev tərəfindən qəbul edilmiş 25 yanvar 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdə tutulmuşdur.Həmçinin, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Şövqi Əsgərov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə o, tutulmadan azad edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 26 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Binəqədi rayon Məhkəməsinin 1(001)- 260/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmişdir. Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin 43cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən tərtib edilmiş tutma protokoluna əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Həmçinin, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs nakomaniyadan məcburi müalicəyə ehtiyacı olduğuna görə, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 110 (yüz on manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin – 1,374 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut- 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 48 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdən - 27 yanvar 2022-ci il tarixədək həbsdə olduğu cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 26 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan 1,374 qram heroin qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 48 saat hüquqi xidmətin dəyəri 288 (iki yüz səksən səkkiz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ**********000 0001944.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar