Məhkəmə qərarları › İş №1(001)-331/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-331/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-331/2023 27.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(099)-255/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilməmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi N ay azaldılmış və üzərində 02 ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, məhkumluğu olan, Lənkəran şəhəri, Qalayçılar küçəsi, ev 18-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, fərdi nömrəsiz evə gələrək üzərində gəzdirdiyi vintaçandan istifadə etməklə qonaq otağının pəncərəsini sıxıb açmaqla içəriyə qanunsuz daxil olaraq evin qonaq otağındakı divara quraşdırılmış 01 ədəd 200 manat dəyərində 108 diaqonal “Samsung” markalı plazma televizoru, həmin otaqda masanın üzərində olan 01 ədəd 100 manat dəyərində üzərində 16 manat dəyərində ***-***-**-** saylı sim kart nömrə və 10 manat danışıq konturu olan “Samsung A01” markalı mobil telefonu, 01 ədəd 200 manat dəyərində “Lenovo K53” markalı mobil telefonu, yataq otağındakı paltar dolabında 01 ədəd 80 manat dəyərində “Samsung J5” markalı mobil telefon və 01 cüt Rusiya istehsalı olan 585 əyyarlı, çəkisi 1,66 qram olan 140 manat dəyərində qızıl sırğanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 746 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs2 müvəqqəti yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində yerləşən fərdi nömrəsiz evin daş hasarından aşmaqla evin qapısından içəriyə qanunsuz daxil olaraq evin qonaq otağındakı divara quraşdırılmış 01 ədəd 550 manat dəyərində “LG” markalı plazma televizoru, həmin evin yataq otağındakı paltar dolabın rəfinin üzərində ümumi dəyəri 1800 manat olan 01 ədəd boyun bağı, bir cüt sırğa və bir qadın üzüyü və 500 manat nəğd pul gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2850 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, maddi durumu pis vəziyyətdə olduğundan yaşadığı yer olan Lənkəran şəhərindən Bakı şəhərinə yollanmışdır. 2022-ci ilin sentyabr ayının sonlarında Bakı şəhərində olan zaman fərdi evlərdən oğurluq etməyə qərar vermişdir. Bu məqsədlə o, 14 oktyabr 2022-ci il tarixdə, saat 12 radələrində piyada şəkildə hərəkət edən zaman Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “DSK yolu” yerləşən “Fab boya”nın yaxınlığındakı fərdi evlərin birinin qarşısında dayanmış, evin giriş-çıxış qapısının üzərində kilid olduğunu görüb evin hasarın aşaraq həyətə daxil olmuşdur. Evin həyətində olan zaman evin arxa tərəfindəki pəncərələrin birinə yaxınlaşıb üzərində gəzdirdiyi vintaçanla pəncərəyə müdaxilə etməklə itələyib evin içərisinə daxil olmuşdur. Evin qonaq otağında olan zaman divara quraşdırılmış “Samsung” markalı plazma televizoru yerindən tərpətməklə çıxarıb kənara qoymuş, həmin vaxtı masanın üzərində olan 01 ədəd “Samsung” və 01 ədəd “Lenovo” markalı mobil telefonları götürüb cibinə qoyduqdan sonra evin digər otağı olan yataq otağına daxil olmuşdur. Yataq otağında olan zaman asılqanda olan gödəkçənin ciblərinə əl gəzdirən zaman gödəkçənin cibindəki 01 ədəd “Samsung” markalı mobil telefonu tapıb cibinə qoymuş, daha sonra ev sahibinin gələcəyindən ehtiyat edərək plazma televizoru götürüb evdən çıxaraq yol taksilərin birinə əyləşib oradan “Neftçilər metrostansiyası”na yollanmışdır. Həmin evdən o, qızıl oğurlamamışdır. Qeyd olunan ünvanda olan zaman tanımadığı şəxsə yaxınlaşıb oğurlamış olduğu mobil telefonları və plazma televizoru ümumilikdə 180 manata sataraq əldə etmiş olduğu pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə, saat 01 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində piyada gəzərkən məhəllələrin birində evdə adam olmayan bir ev axtarırdı, qırmızı darvazalı bir ev görüb hasardan boylanaraq içəri baxmış, evdə heç kimin olmadığını görüb əmin olduqdan sonra daş hasarı aşıb evə girmişdir. Evin giriş qapısına yaxınlaşaraq qapının açıq olduğunu görüb qapının arxasına daş kubik qoymuşdur. Həmin daş kubiki itələyib evə daxil olaraq sağdan birinci otağa girib qonaq otağında “LG” markalı televizoru görmüş, ev təmirsiz və dağınıq olduğuna görə fikirləşmişdir ki, burada başqa qiymətli bir şey olmayacaq ona görə televizoru götürdükdən sonra evdən çıxaraq dəmir darvazanı açıb oradan uzaqlaşmışdır, başqa nə pul, nə də qızıl-zinyət əşyası tapa bilmədiyi üçün götürməmişdir. xx.xx.2022-ci il tarixdə yoldan ötən taksilərin birini saxlayıb oradan “Nefçilər” metrosu tərəfdə tanımadığı şəxsə yaxınlaşaraq həmin televizoru 80 manata sataraq əldə etdiyi pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, qeyd olunan oğurluq əməlini tək törətmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Eyni zamanda cinayət əməlini səmimi etiraf etməsinin və əməlindən peşman olmasının nəzərə alınmaqla məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün, yəni 14 oktyabr 2022-ci il tarixdə, saat 07 radələrində o və yoldaşı Barat Məmmədov işə getmişlər, uşaqları isə birini məktəbə, digərini isə baxçaya aparmışdır. Həmin gün saat 13 radələrində o, işdən icazə alıb yaşadığı evə qayıdan zaman evin həyətinə daxil olarkən evin qonaq otağının pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb oğurluq olmasından şübhələnərək evə daxil olan zaman divardan asılmış vəziyyətdə olan 01 ədəd “Samsung” markalı plazma televizorun, həmçinin də masanın üzərində olan 01 ədəd “Samsung A01” və “Lenovo K53” markalı mobil telefonların yerində olmadığını görüb yataq otağına keçmiş, yataq otağında olan zaman paltar dolabının qapısının açıq vəziyyətdə olduğunu görüb paltar dolabında olan 01 ədəd “Samsung J5” markalı mobil telefon və 01 cüt qızıl sırğanın yerində olmadığını aşkar etdikdən sonra anlamışdır ki, yaşadığı evdə naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq hadisəsi törədilmişdir. O, baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-in 102 saylı xidmətinə məlumat vermişdir. Ona 746 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfində vurulmuş ziyan ödənilməmiş, sonuncu ilə barışmamış, Təqsirləndirilən şəxs şikayətçi olmaqla barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2018-ci ilin may ayından Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində Leyla Əliyevaya məxsus fərdi nömrəsiz evdə kirayədə yaşayır. 29 oktyabr 2022-ci il tarixdə, saat 22:30 radələrində o, qeydiyyatda olduğu Cəlilabad rayonu, Şiləvəngə kəndində yerləşən evinə getmişdir. 31 oktyabr 2022-ci il tarixdə o, həyətə daxil olmuşdur. O, həmin vaxt evin qapısının açıq olduğunu görüb evə daxil olmuşdur. Otaqda olan əşyaların yerə töküldüyünü və səliqəsizliyi görüb oğurluq hadisəsi olduğunu başa düşmüşdür. Zala daxil olduqda kitab masasının üzərində olan 2021-ci il tarixdə 550 manat dəyərində aldığı “LG” markalı televizorun olmadığını görmüşdür. Bundan sonra o, yataq otağına daxil olanda qapısı olmayan açıq vəziyyətdə paltar dolabın rəfinin üzərində 2022ci ildə 1000 manata aldığı arvadının doğum haqqında şəhadətnaməsinin arasında olan bir komplekt dəqiq əyarını və çəkisini bilmədiyi qızıldan olan bir boyun bağı, bir cüt sırğa və bir qadın üzüyü və 500 manat nəğd pulun olmadığını görmüşdür. Doğum haqqında şəhadətnamə də yoxa çıxmışdır. O, oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Ona 2850 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfində vurulmuş ziyan ödənilməmiş, sonuncu ilə barışmamış, ondan şikayətçi olmaqla barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən lombard dükanını icarə əsasında 2022-ci ilin iyul ayından həmin ilin dekabr ayına kimi işlətmişdir. 2022-ci ilin oktyabr ayının ortalarında dükanda olan zaman adının sonradan bildiyi Aqşin adlı şəxs dükana daxil olaraq 03 ədəd markalarını xatırlamadığı mobil telefon və 01 ədəd “Samsung” markalı plazma televizoru satmaq fikrində olduğunu bildirmiş və o, həmin şəxsdən qeyd olunan əşyaların sonuncuya məxsus olub-olmadığını soruşduqda Aqşin həmin əşyaların özünə məxsus olduğunu təsdiqləmiş, o, həmin şəxsdən sənəd tələb etdikdə şəxsiyət vəsiqəsinin surətini təqdim etmiş və o da qeyd olunan əşyaları ümumilikdə 180 manata alaraq həmin almış olduğu əşyaları tanımadığı şəxsə satmışdır. Bir neçə ay keçdikdən sonra onu Binəqədi RPİ-nin 4- PŞ-nə dəvət edərək, Təqsirləndirilən şəxs ona satmış olduğu əşyaların oğurluq olmasını bildirmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, 14 oktyabr 2022-ci il tarixdə, saat 12 radələrində olan oğurluq hadisəsi Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində baş vermişdir. (i.v. 9-12) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. ( i.v. 29) Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(012)-694/2022 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 30-34) xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsi əsasında toplanılmış HK-1/1810-2022 saylı material ********* saylı cinayət işinə birləşdirilmişdir. (i.v. 41-42) xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, 31 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində olan oğurluq hadisəsi Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində baş vermişdir. (i.v. 51-56) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərilən xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. (i.v. 67-69) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərilən xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. (i.v. 70-72) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (i.v. 73) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 84- 85) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadələrini bir daha təsdiqləyərək hadisələrin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. (i.v. 105- 110) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və müvafiq hökmdən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmişdir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 330.2.2, 330.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 62, 66.5-ci maddəsinə əsasən 01 il N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə xx.xx.2018-ci il tarixli hökm dəyişdirilmiş, Azərbaycan Respublikası cm-nin 62-ci maddəsi hökmdən xaric edilmiş və CM-nin 66.5, 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 il N ay 13 gün azadliqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 330.2.2 və 330.2.3-cü maddələri ilə təqsirli bilindiyi əməli Azərbaycan Respublikası CM-nin yeni redaksiyada 330.3.4, 330.3.5-ci maddələrinə tövsif olunmuş və xx.xx.2018-ci il tarixli qərarı ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası qəti olaraq 02 il 02 ay 13 günə endirilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(099)-255/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilməmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi N ay azaldılmış və üzərində 02 ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. (i.v. 114-133) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3/1736 nömrəli rəyində qeyd edilmişdir ki, təqdim edilmiş 1,6,8,10 saylı daktilolentlərin səthindəki ovuc izləri və 9,11 saylı daktilolentlərin əl-barmaq izləri səthindəki şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 9,11 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri və 2,3,4,5,7,12 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sol əlinin ovucundan və 6 saylı daktilolentin səthindəki ovuc izi onun sağ əlinin ovucundan qalmışdır. Təqdim edilmiş 8,10 saylı daktilolentlərin səthindəki ovuc izləri və 9,11 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuclarından qalmamışdır. (i.v. 139-146) Azərbaycan Respublikasının DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin (Lənkəran ŞRPŞ-dən ADİS-nin məlumat bankına daxil olmuş), xx.xx.2023-cü ildə Lənkəran rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucu ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir. (i.v. 147-148) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8990 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyasının və mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar intevsivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir:

1. 01 ədəd “Samsung J5” markalı mobil telefon – 80,00 manat:

2. 01 ədəd “Samsung A01” markalı mobil telefon – 100,00 manat:

3. 01 ədəd “Lenovo K53” markalı mobil telefon – 200,00 manat:

4. 01 cüt Rusiya istehsalı olan 585 əyyarlı, çəkisi 1,66 qram olan qızıl sırğa – 140,00 manat (1,66 qram x 85,00 manat):

5. 01 ədəd 2013-cü ildə 108 diaqonal “Samsung” markalı plazma televizor – 200,00 manat. (i.v. 150-152) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/1796 saylı rəyindən görünür ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki əl-barmaq izi, 5 saylı daktilolentin səthindəki ovuc izi müqayisəli tədqiqat üçün yararlıdır. - ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 və 2 saylı daktilolentlərin səthlərindəki “a” əl-barmaq izləri Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi isə onun sağ əlinin böyük barmağından qalmışdır. - Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “b” əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki əl-barmaq izi, 5 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. - Tədqiqata təqdim edilmiş 1,2 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri, 6-14 saylı daktilolentlərin səthlərindəki əl-barmaq və papilyar izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. (i.v. 154-160) xx.xx.2023-cü il tarixli şəxsin tanınması haqqında protokoldan görünür ki, Şahid təqdim olunmuş şəxslər arasında Təqsirləndirilən şəxs göstərərək, istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək, onu boyundan və üz quruluşundan tanıdığını bildirmişdir. (i.v. 169-171) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. (i.v. 181-182) Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-217/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması məhkəmə hazırlıq iclası keçirilənədək uzadılmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-217/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkəməyə verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, fərdi evdən qızıl oğurlamaması, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə, saat 01 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi, fərdi evdən pul, qızıl-zinyət əşyası oğurlamaması ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə barəsində qətimkan tədbiri seçilməmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(012)-694/2022 saylı qərarı ilə ********* saylı cinayət işi üzrə, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin iş aidiyyatı üzrə Abşeron rayon Məhkəməsinə göndərilmiş və hazırda iş həmin məhkəmənin icraatdadır. Qeyd olunanların və Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərə alınaraq sonuncunun barəsində həbs qətimkan tədbiri seçilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 27 aprel 2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 272,40 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 27 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 272,40 (iki yüz yetmiş iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE**********000 ******* saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar