Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-331/2024 24.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1985-ci ildə Abşeron rayonunda doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli –himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş,ünvan 1 ünvanda qeydiyyatda olmaqla Abşeron rayonu Qobu qəsəbəsində fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu Papanin adlanan ərazidə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 0,534 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib saxlamaqla üzərində daşımış, 19 fevral 2024-cü il tarixdə saat 17:30-da Bakı şəhəri Binəqədi RPİ-in 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 14 ünvanda yerləşən parkın yaxınlığında saxlanılaraq, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 40-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada saat 19:05-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli qış papağın qatlanan hissəsində bir ədəd bükümdə təmiz çəkisi 0,534 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə saat 13-14 radələrində Sulutəpə qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılarkən üzərinə baxış keçirilməmiş, 40-cı PB-yə aparılmışdır. Orada üzərinə baxış keçirilmiş, üzərindən qanunsuz heç bir əşya, o cümlədən psixotrop maddə metamfetamin aşkar olunmamışdır. 40-cı PB-də təsir və təzyiqə məruz qalmış, nəticədə törətmədiyi cinayəti etiraf etmişdir. Qeyd olunanları nəzərə alıb, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 40-cı PB-in əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 40-cı polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etmə, daşıma, saxlama və istifadə etməsi barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 18 fevral 2024-cü il tarixdə qərar qəbul edilmişdir. Binəqədi RPİ-in 40-cı PB-in sahə inspektoru polis mayoru Şahid2 ilə birlikdə həmin qrupa daxil edilmişdir. 19 fevral 2024-cü il tarixdə saat 17:30-da ünvan 4 ünvanda yerləşən parkın yaxınlığında olan zaman əlverişli şərait yarandığı üçün Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 40-cı polis bölməsinə gətirmişlər. Bu barədə raport tərtib edərək, Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil vermişlər. X3 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs başındakı göy rəngli qış papağının qatlanan yerindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümdə metamfetamin olduğunu, həmin bükümü xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən onun tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmişdi, tərtib olunan protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və saxlanıldıqdan sonra ona qarşı heç bir fiziki və psixoloji təsir və ya təzyiq olmamışdır. Onun bu barədə məhkəmədə bildirdikləri doğru deyil, əvvəllər məhkum olunduğu üçün üzləşə biləcəyi daha ağır cəzadan bu üsulla yaxa qurtarmaq məqsədi daşıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 40-cı PB-in sahə inspektoru Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq elmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 22). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə saat 17:30-da Bakı şəhəri Binəqədi RPİ-in 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 14 ünvanda yerləşən parkın yaxınlığında saxlanılaraq, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 40-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada saat 19:05-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli qış papağın qatlanan hissəsində bir ədəd bükümdə ağ rəngli kristallik psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 35-36). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/1013 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vət. Təqsirləndirilən şəxs…» sözləri zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,534 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,484 qram (cild 1, i.v 43-46). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 21.02 .2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 56-57). Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 83-87). Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 0,534 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla qalıq çəkisi 0,484 qram saxlanılması üçün Binəqədi RPİ-yə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd dvd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1,i.v.95). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 1428 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.129-130). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətmədiyi, xx.xx.2024-cü ildə saat 13-14 radələrində Sulutəpə qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanıldığı, 40-cı PB-də təsir və təzyiqə məruz qaldığı üçün törətmədiyi cinayəti etiraf etməyə məcbur qalması barədə ifadəsində göstərdiyi xüsusatları əsaslı hesab etmir. Belə ki, işdə olan vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş və o, hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiəçi təqdim edildikdən sonra Təqsirləndirilən şəxs ilə aparılmış bütün istintaq hərəkətləri vəkilin iştirakı ilə keçirilmiş, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilərkən cinayətlə bağlı etirafedici ifadələr vermişdir. Məhkəmədə də Təqsirləndirilən şəxs hüquqları həmin müdafiəçi tərəfindən müdafiə edildiyindən bu xüsusat əlavə olaraq ondan soruşulmuş və Təqsirləndirilən şəxs müdafiəçisi ilə etdiyi söhbətlərdə bir dəfə də olsun ona məhkəmədə verdiyi ifadəsinə uyğun söz demədiyini bildirmiş, bunun ağlabatan səbəbini göstərə bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs saxlanılma vaxtı ilə bağlı bildirdikləri texniki vasitələrlə ötürülən məlumatlarının ələ keçirilməsilə yoxlanılmış, lakin təsdiqini tapmamışdır. Belə ki, R.Ağayev xx.xx.2024-cü ildə saat 13-14 radələrində saxlanıldığını və həmin vaxtdan polis bölməsində olduğunu bildirsə də, ələ keçirilmiş texniki vasitələrlə ötürülən məlumatlardan görünür ki, onun həmin tarixdə saat 17:00-dək Bakı şəhərində və Abşeron rayonunda müxtəlif ünvanlarda hərəkəti qeydə alınmış, 40-cı polis bölməsinə gəlişi isə saat 17:30-dan sonraya təsadüf etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs gətirdiyi dəlillər həmin dəlillərin yoxlanılması zamanı öz təsdiqini tapmadığından özünümüdafiə xarakterli qiymətləndirilib rədd edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli Tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 05 ay 21 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmişdir (cild 1,i.v.97- 111). Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.1-ci və 83.3.4-cü maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs əməlində residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə müvafiq olaraq, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və ona, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İşdə olan AZE № 11301242 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və AZ-İV seriyalı 765001 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-ci il təvəllüdlü Həqiqət və xx.xx.2021-ci il təvəllüdlü Əhmədağa adlı uşaqları vardır (cild 1,i.v.121-124). Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində azyaşlı uşaqlar olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinun 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 1428 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,484 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 0,484 qram (qalıq çəkisi) psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-331/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-331/2024
24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver