Məhkəmə qərarları › İş №1(001)-332/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-332/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-332/2023 19.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Ağsu rayonu, Ərəbsərvan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci mədən, fərdi yaşayış evində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına etap olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi evin həyətinə daş hasarın üzərindən keçərək qanunsuz daxil olub orada evin mətbəxinin pəncərəsini güc tətbiq etməklə sındırıb açaraq evin içərisinə qanunsuz daxil olandan sonra evin mətbəxində olan 1 ədəd dəyəri 25 manat dəyərində “Baysular” markalı işıq tənzimləyicisi, 1 ədəd dəyəri 450 manat dəyərində “Unikal İdea” markalı kombi istilik aparatı, 1 ədəd dəyəri 250 manat dəyərində «Bosch» markalı paltaryuyan maşını, 1 ədəd dəyəri 88 manat dəyərində istilik radiatorunu, 1 ədəd 50 manat dəyərində “Beko” markalı mikrodalğalı sobanı, 1 ədəd 40 manat dəyərində «First super grinder» markalı ətçəkən maşını, 1 ədəd 10 manat dəyərində tosteri, 1 ədəd 5 manat dəyərində “Bosch” markah çaydanı gizli taladıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində yenidən eyni məqsədlə Zərərçəkmiş şəxs qızma məxsus yaşayış sahəsinə xx.xx.2022-ci il tarixdə açıq qoyduğu darvazadan qanunsuz daxil olub evin otağından 1 ədəd pultla bir yerdə 250 manat dəyərində «Toshiba» markalı televizoru, 1 ədəd 5 manat dəyərində markalanma göstəriciləri olmayan çayniki, 1 ədəd 30 manat dəyərində «Fujifilm» markalı fotoaparatı gizli taladıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində yenidən eyni üsulla və məqsədlə Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə qanunsuz daxil olub evin otağından 4 ədəd cəmi 429 manat dəyərində istilik radiatorlarını, mətbəxdən dəyəri 110 manat olan 1 ədəd hamam su qızdırıcısını, 5 ədəd 350 manat dəyərində «Tefal» markalı qazanları, evin həyətindən 1 ədəd dəyəri 120 manat olan su mühərriki, 700 manat dəyərində müxtəlif avtomobil hissələrini, 24 metr uzunluğunda 34 manat dəyərində plastmas boruları vahid niyyətlə əhatə olunan qəsdlə gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2946 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağsu rayonu, Ərəbsərvan kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci mədəndə fərdi evdə kirayədə yaşamışdır. 2022-ci ilin noyabr ayının axırlarında kirayə yaşadığı 1-ci mədəndə gəzişən zaman əvvəllər tanıdığı Ruslan adlı şəxsin yaşadığı evin işığı yanmadığını görmüş və evdə heç kim olmadığını başa düşmüşdür. Həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, birinci dəfə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində həmin evin yanına gəlmiş və evin həyətinin darvazasının üstündən həyətə keçmiş, sonra həyətdəki evin pəncərəsindən mətbəxinə girmişdir. O, mətbəxdən 1 ədəd elektrik tənzimləyicisi ilə bir yerdə kombi aparatı, 1 ədəd paltaryuyan maşın və 1 ədəd istilik radiatorunu söküb mətbəxdən çıxardaraq həyətdə darvazanın yanına qoymuşdur. Sonra o, 1 ədəd mikrodalğalı soba, 1 ədəd «First» markalı ətçəkən maşın, 1 ədəd tosteri, 1 ədəd elektrik çaynikini mətbəxdən götürüb darvazanın yanına qoymuşdur. Bundan sonra həmin gün təxminən saat 09 radələrində Ceyhuna zəng vuraraq bildirmişdir ki, qardaşı kirayə pulu verə bilmir, ona görə də, ev əşyalarını satır, almaq istəyirsə ona satsın. Ceyhun ondan «problem olmaz sonra?» deyə soruşmuş, o isə Ceyhuna «məni tanımırsan, problem olsa sənə demərəm» deyə bildirmişdir. Ceyhun almağa razlaşmış və onunla Binəqədi qəsəbəsinin «Mərkəz» adlanan yerində görüşmüşlər. Görüşdükdən sonra o, Ceyhuna bildirmişdir ki, onu «Mərkəz» deyilən yerdə gözləsin, o da gedib əşyaları gətirsin. Binəqədi qəsəbəsinin «Mərkəz» deyilən yerində tanımadığı və nömrəsinə fikir vermədiyi bir «Jiquli» markalı furqon avtomaşının sürücüsünə yaxınlaşıb bildirmişdir ki, evlərini təmir edirlər və buna görə də, ev əşyalarını söküb rayona yola salmaq istəyir, əşyaları evdən «Mərkəzə» gətirmək lazımdır. Həmin sürücü razılıq vermiş və onunla bir yerdə Ruslangilin evinin yanına gəlmişlər. «Mərkəz» deyilən yerə gedəndə həyətin darvazısının qapısını içəridən açmış və qıfılı bağlamamışdır ki, ora sürücü ilə qayıdanda şübhələnməsin. Sürücü avtomaşını darvazanın yanında saxlamış və o, düşüb oğurladığı əşyaların yanına gəlmiş,kombi aparatını tənzimləyicisi ilə bir yerdə, istilik radiatorunu, mikrodalğalı sobanı, «First» markalı ətçəkən maşını, tosteri, çayniki özü tək avtomaşına qoymuşdur, paltaryuyan maşını isə həmin sürücünün köməyi ilə maşına qoymuşlar. Sonra onlar «Mərkəz» deyilən yerə Ceyhunun yanına qayıtmışlar. Ceyhun «Jiquli» markalı avtomaşının içərisində olan əşyalara baxmış və markası yadında qalmayan avtomaşınla onun yanına qayıtmışdır. Daha sonra o, bir ədəd kombi aparatını tənzimləyicisi ilə bir yerdə, mikrodalğalı sobanı, «First» markalı ətçəkən maşını, tosteri, paltaryuyan maşını Ceyhunla birlikdə «Jiquli» markalı avtomaşından digər avtomobilə doldurmuşlar, 1 ədəd elektrik çayniki və 1 ədəd istilik radiatoru isə «Jiquli» markalı avtomobildə qalmışdır. O, Ceyhuna bildirmişdir ki, qardaşı olan evdə televizor və başqa əşyalar da var, onları isə sonra gətirər. Ceyhun bununla razılaşmış və onlar bütün əşyaların 500 manata satılmasına dair aralarında razılıq əldə etmişlər. Sonra o, “Jiquli” markalı avtomobillə 1 ədəd istilik radiatorunu aparıb «Şəhriyar» marketin yanında olan metal qəbulu məntəqəsinə təhvil vermiş, sürücüyə isə 10-12 manat zəhmət haqqı vermişdir. Qalan 1 ədəd elektrik çaynikini isə evə aparmışdır. Qeyd etmişdir ki, nə Ceyhun, nə «Jiquli» markalı avtomobilin sürücüsü, nə də ki, metal qəbulu məntəqəsində işləyən şəxs onun əşyaları oğurluqla əldə etdiyini bilməmişlər. Ceyhun həmin gün, yəni xx.xx.2022-ci il tarixdə pulun 200 manatını ona Bakı şəhərində çatdırmışdır. Ruslangilin evində olarkan o, orada digər oğurlanası əşyaları da görmüşdür. Buna görə də, o, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində yenidən Ruslangilin evinin yanına gəlmiş və açıq qoyduğu darvazanın qapısından həyətə daxil olmuşdur. Sonra o, həyətdə olan mətbəxə və evə daxil olmuşdur. O, həmin evdən həmin günü 1 ədəd «Toshiba» markalı televizor, 1 ədəd «Fujifilm» markalı fotoaparat, 1 ədəd «Simbo» markalı çaynik oğurlayıb həyətə bir yerə yığmışdır. Sonra o, yenə də səhər açılanda «Mərkəz» deyilən yerə gedib taksi sifariş vermişdir. Onun sifarişinə tanımadığı və nömrəsinə fikir vermədiyi bir xarici markalı taksi avtomaşını gəlmişdir. O, sürücüyə bildirmişdir ki, evdə təmir işləri görürlər, buna görə də, ev əşyalarını rayona göndərmək istəyir. Sürücü razılaşmış və o, həmin avtomaşınla Ruslangilin evinin yanına gəlmişlər. Burada o, oğurladığı 1 ədəd «Toshiba» markalı televizor, 1 ədəd «Fujifilm» markalı fotoaparat, 1 ədəd «Simbo» markalı çayniki həmin taksi avtomaşınına yükləmiş və «20 Yanvar» metrostansiyasının yanına gəlmişdir. Burada o, həmin əşyaları taksidən düşürtmüş və Ceyhuna zəng etmişdir ki, yenə də qardaşıgildən evin əşyalarını gətirmişdir. Ceyhun ona bildirmişdi ki, bir maşınla həmin əşyaları ona göndərsin. O, «20 Yanvar» metrostansiyası yaxınlığında nömrəsinə fikir vermədiyi «Toyota Prius» markalı avtomaşının sürücüsü ilə danışaraq, Sabirabad rayonuna əşyalar aparmaq lazım olduğunu bildirmişdir. Sürücü razılıq vermiş və o, oğurladığı əşyaların içərisində olan fotoaparatı götürmüş, qalan 1 çaynik, 1 ədəd «Toshiba» markalı televizoru isə nömrəsini bilmədiyi «Toyota Prius» markalı avtomaşınla Sabirabada göndərmişdir. Fotoaparatı isə yaşadığı evə aparıb evdə saxlamışdır. Təxminən 3-4 gündən sonra Ceyhun Bakıya gəlib ona 250 manat vermiş və 50 manat borclu qalmışdır. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində yenidən Ruslangilin evinə gəlmişdir. Bu dəfə o, mətbəx və otaqlardan 4 ədəd istilik radiatoru sökmüş, sonra hamamdan 1 ədəd su qızdırıcısı (pyatiminutka) sökmüş, mətbəxdən 1 dəst «Tefal» qazanları götürmüş, həyətdən 1 ədəd su mühərriki sökmüş, eyni zamanda müxtəlif avtomobil açarları və plastmas borular götürmüş və bunların hamısını həyətdə bir yerə yığmışdır. Daha sonra o, həmin oğurladığı əşyaları aparıb satmaq məqsədilə yaxınlıqda olan zibilliyə daşımışdır. Səhər tezdən markası və nömrəsi yadında qalmadığı avtomaşınla oğurladığı pyatiminutka ilə 4 ədəd radiatorları, 1 dəst «Tefal» markalı qazanları, 1 su mühərrikini, avtomobil ehtiyat açarları və plastmas boruları Sabunçu rayonunda «Rus bazarı» adlanan yerə aparıb 68 manata satmış, 1 ədəd daha əvvəl oğurladığı radiatoru isə «Şəhriyar» marketin yanında olan metal qəbulu məntəqəsinə 18 manata təhvil vermişdir. «Şəhriyar» marketin yanında olan metal qəbulu məntəqəsində ondan sənəd tələb etmişlər və o, şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Lakin, «Rus bazarı» adlanan yerdə heç bir sənəd təqdim etməmişdir. «Şəhriyar» marketin yanında olan metal qəbulu məntəqəsində şəxs ondan təhvil verdiyi radiatorun oğurluq olub-olmaması barədə soruşmuş və o, cavabında bildirmişdir ki, mal onun özünə məxsusdur və oğurluq deyil. Oğurluq nəticəsində əldə etdiyi pulları o, öz təlabatına xərcləmişdir. Onu polis əməkdaşları saxladıqdan sonra Ceyhun tərəfindən ondan aldığı əşyalar qaytarılmışdır. Eyni zamanda onda olan fotoaparat, elektrik çaynikini də qaytarmışdır. O, Zərərçəkmiş şəxs evindən oğurluq edərkən sökdüyü əşyaları özündə olan alətlərlə sökmüşdür. Sonralar həmin alətləri itirdiyinə görə istintaq orqanına təqdim edə bilməmişdir. O, xx.xx.2022-ci il tarixdə ifadə verərkən fikirləşmişdir ki, onu döyərlər, ona görə də, etmədiyi oğurluqları boynuna almışdır. Lakin, hal- hazırda o, düzgün ifadə verərək bir daha bildirir ki, o, cəmi bir evdən, yəni Ruslangilin evindən 3 dəfə oğurluq etmişdir. O, ikinci evdən və 2 dəfə neft mədənindən heç bir şey oğurlamamışdır. O, birinci dəfə Zərərçəkmiş şəxs evinə girən zaman görmüşdür ki, orada oğurlamaq üçün çox miqdarda əşyalar var. Lakin, həmin əşyaların hamısını bir dəfəyə oğurlaya bilmədiyi üçün fikirləşmişdir ki, yenidən həmin evə gələrək oğurluq edər. Buna görə də, o, Zərərçəkmiş şəxs evindən 3 dəfə oğurluq etmişdir. Zərərçəkmiş şəxs evindən tək oğurluq etmişdir, hadisəni görən şahid olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, DSK, 1-ci mədən, Yeni yaşayış massivində ailəsi ilə birlikdə yaşayır və Bakı şəhəri, Binəqədi rayonu, «Şəhriyar» marketin qarşısında yerləşən metal qəbulu məntəqəsində işləyir. xx.xx.2022-ci il tarixdə o, Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət olunmuşdur. Orada ona məlum olmuşdur ki, əvvəllər ona metal qırıntıları gətirərək satan Təqsirləndirilən şəxs oğurluq hadisəsi törətməyinə görə saxlanılmışdır. O, Elşənin ona əvvəllər metal qırıntıları satdığına və onu sifətdən tanıdığına görə fikirləşmişdir ki, yəqin Elşən ona kombi və istilik radiatoru da satmışdır. Lakin, o, dəqiq bilirdi ki, həmin vaxt metal qəbulu məntəqəsində nə kombi aparatı, nə də radiator yoxdur. Odur ki, o, fikirləşmişdir ki, həmin radiatoru və kombi aparatını metal qırıntısı kimi zavoda göndərmişlər. Buna görə də, o, bu məzmunda izahat yazaraq bildirmişdir ki, Elşəndən kombi və istilik radiatoru almış və zavoda təhvil vermişdir. Lakin, o, polisdən iş yerinə qayıtdıqdan sonra onda olan sənədləri yoxlamış və müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs nə 2022-ci ilin noyabr ayının axırlarında, nə də ondan əvvəl o, işlətdiyi metal qəbulu məntəqəsinə 1 ədəd işlənmiş kombi aparatı satmamışdır və o, sonuncuya 200 manat ödəməmişdir. O, Elşəndən 1 ədəd istilik radiatoru alaraq sonuncuya 18 manat pul vermiş və həmin radiatroru satmışdır. Belə ki, o, metal qəbulu məntəqəsinə metal qəbul edərkən metalı satan şəxsdən həmin metalın oğurluq olub-olmaması barədə soruşur, sonra həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin surətini alır və metal təhvil verən şəxs həmin surətin üzərinə təhvil verdiyi metal qırıntılarını göstərməklə imza edir. O, aldığı hər hansısa bir metalın qeydiyyatını aparır, lakin hal-hazırda həmin qeyd dəftəri qurtardığından o, həmin dəftəri və işlədiyi dövrdə olan şəxsiyyət vəsiqələrinin surətlərini atmışdır və buna görə də həmin dəftəri və şəxsiyyət vəsiqəsinin surətini istintaq orqanına təqdim edə bilməmişdir. O, Təqsirləndirilən şəxs heç bir kombi aparatı almamış və sonuncudan ancaq bir istilik radiatoru almışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə dair ərizə ünvanlamışdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə dəftərxana vasitəsi ilə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxs ƏŞRƏFOV e Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olmamasına dair ərizəsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:21-də CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-in 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi CM-in 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmiş, cinayət işi ********* nömrəsi altında istintaq edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-in 177.1-ci maddəsi ilə fakta görə cinayət işi başlamışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1402/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, CM-in 177.2.3-2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmiş, cinayət işi ********* nömrəsi altında və CM-in 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, faktla əlaqədar CM-in 177.2.3-2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə: xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 2 ünvanında yerləşən X3 məxsus fərdi yaşayış evində oğurluq hadisəsi baş vermişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş X6 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icraatda olan CM-in 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraatda olan CM-in 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət işi ********* nömrəsi altında istintaq olunmuşdur. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanıdır. Həmin ünvanda bir ev və bir yardımçı tikili vardır. Həmin yardımçı tikili mətbəx kimi istifadə olunur. Həmin mətbəxin pəncərsi açıq vəziyyətdədir. Mətbəxin içərisindən 1 ədəd paltaryuyan maşın, 1 ədəd kombi cihazı, 1 ədəd mikrodalğalı soba, 1 ədəd ev qızdıran radiator, 1 dəst “Tefal” markalı qazan, 1 ədəd çaynik, hamamın içərisindən 1 ədəd su qızdırıcısı cihazı (pyatiminutka), avtomobilə aid bir neçə kiçik ölçülü ehtiyat hissələri və həyətə su çəninin yanından 1 ədəd su mühərriki oğurlanmışdır. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, oğurluq hadisəsi nəticəsində ona 4500 manat məbləğində maddi ziyan dəymişdir. Baxış zamanı hədisə yerindən 3 ədəd əl izləri götürülmüşdür. Habelə, hadisə yerinə baxış zamanı 3 ədəd əl izləri götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİyə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi xx.xx.1994-cü ildə Ağsu rayonunda anadan olmuş X1 əlinin ovuc (01-pəncərənin iç tərəfi üzərindən götürülmüş) əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. xx.xx.2022-ci il tarixli “maddi sübutu götürmə haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş X5 evindən oğurlanmış 1 ədəd «Fujifilm» markalı fotoaparat və bir ədəd elektirik çayniki təqdim edilmişdir. Həmin əşyaların fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/95-№li rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs qızma məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 03 ədəd kağız parçasının üzərinə yapışdırılmış 03 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc izi xx.xx.1994-cü il tarixdə Ağsu rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucu ilə eynilik müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/440 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadə olunması nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti: 1 ədəd Polşa istehsalı olan “Toşiba” markalı “46WL863” modelli 46 düymli qara rəngli televizorun dəyəri 250 manat, 1 ədəd İtaliya istehsalı olan “Unikal İdea” markalı 24-lük ağ rəngli kombi aparatının dəyəri 450 manat, 1 ədəd “Bosch” markalı paltaryuyanın dəyəri 250 manat, 1 ədəd Almaniya istehsalı olan üzərində “First super grinder” yazıları olan ağ rəngli ətçəkən maşının dəyəri 40 manat, 1 ədəd “Fujifilim” markalı 5xzoom yazıları olan ağ rəngli 16 meqapikselli fotoaparatın dəyəri 30 manat, 1 ədəd “Baysullar” markalı işəq tənzimləyici cihazının dəyəri 25 manat, 1 ədəd üzərində markalanma göstəriciləri olmayan kiçik ölçülü uzun müddət istifadə olunmuş tosterin dəyəri 10 manat, 1 ədəd “Beko” markalı ağ rəngli mikrodalğalı sobanın dəyəri 50 manat, 1 ədəd “Bosch” markalı qırmızı rəngli elektrikli saydanın dəyəri 5 manat, 1 ədəd üzərində markalınma göstəriciləri olmayan 1 litr tutumlu ağ rəngli çaynikin dəyəri 5 manat olmaqla ümumi dəyəri təxminən 1115 manat müyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs etdiyi şikayətlə bağlı Binəqədi Rpi-nin 43-cü PB-də saxlanılan 1 ədəd «Bosch» markalı paltar yuyan maşın, 1 ədəd «Unikal İdea» markalı kombi İstilik aparatı, 1 ədəd «Baysullar» markalı işıq tənzimləyicisi, 1 ədəd mikrodalğalı soba, 1 ədəd «First super grinder» markalı ət çəkən elektrik maşın, 1 ədəd toster, 1 ədəd «Bosch» markalı elektri çaydan, 1 ədəd pultla bir yerdə «Toşiba» markalı televizor, 1 ədəd «Fujifilm» markalı fotoaparat, 1 ədəd elektrik çayniki təhvil almış və məhkəmə prosesi bitənə kimi saxlamağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2, 177.2.3-2 və 177.2.3-cü maddələrindən həmin məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir.İş üzrə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində zərərçəkmiş şəxs X3 məxsus 1 ədəd kombi istilik aparatının və xx.xx.2022-ci il tarixdə saat 02 radələrində zərərçəkmiş hüquqi şəxs “X10” şirkətinə məxsus 1-ci mədənin 5-ci sahəsinin ərazisində olan 150148 nömrəli neft quyusunun mühərrikinin oğurlanmasına dair epizodlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan çıxarılsın və həmin epizodlar üzrə onun barəsində aparılmış cinayət təqibinə hissəvi xitam verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından CM-in 177.2.3 və 177.2.3-2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və ona CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-237/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Zərərçəkmiş şəxs xx.xx.2023-cü ildə məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. DİN-in Baş Əməliyyat və Satatistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il 03 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 1(001)- 242/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Ağsu rayon İcra Hakimiyyəti başçısının Ərəbsarvan kənd inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə yaşadığı müddətd nə kənd bələdiyyəsinə, nə də Ərəbsarvan kənd icra nümayəndəliyinə mənfi xarakterli ərizə və şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını, CM-in 59.2-ci maddəsinə əsasən yaşadığı ərazi üzrə müsbət xarakterizə edilməsini, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərnindən məhkumluq götürülmədən o, yenidən cinayət əməli törətmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli hökmü ilə məhkum olunduğu cəza azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından CM-in 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməsi və ya götürülməsini), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, oğurladığı əşyaları qaytarmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci mədən, fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 14 dekabr 2022-ci il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 16 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1402/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 14 dekabr 2022-ci il tarixdən 19 may 2023-cü il tarixə kimi həbsdə olduğu 05 ay 05 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd «Bosch» markalı paltaryuyan maşın, 1 ədəd «Unikal İdea» markalı kombi İstilik aparatı, 1 ədəd «Baysullar» markalı işıq tənzimləyicisi, 1 ədəd mikrodalğalı soba, 1 ədəd «First super grinder» markalı ət çəkən elektrik maşın, 1 ədəd toster, 1 ədəd «Bosch» markalı elektri çaydan, 1 ədəd pultla bir yerdə «Toshiba» markalı televizor, 1 ədəd «Fujifilm» markalı fotoaparat, 1 ədəd elektrik çaynikinin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 36 (otuz altı) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 36 (otuz altı) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 36 (otuz altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 216 (iki yüz on altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi zamanı ona vurulmuş ziyanın ödənilməməsi ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd «Bosch» markalı paltaryuyan maşın, 1 ədəd «Unikal İdea» markalı kombi İstilik aparatı, 1 ədəd «Baysullar» markalı işıq tənzimləyicisi, 1 ədəd mikrodalğalı soba, 1 ədəd «First super grinder» markalı ət çəkən elektrik maşın, 1 ədəd toster, 1 ədəd «Bosch» markalı elektri çaydan, 1 ədəd pultla bir yerdə «Toshiba» markalı televizor, 1 ədəd «Fujifilm» markalı fotoaparat, 1 ədəd elektrik çaynikinin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 36 (otuz altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 216 (iki yüz on altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar