Məhkəmə qərarları › İş №1(001)-333/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-333/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-333/2021 20.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, fəhlə işləyən, Binəqədi Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 1(001)-165/2021 saylı hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, 1410 keçid, məhəllə 3215, ev 2A, mənzil 28 qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 01.04.2021-ci il tarixdə axşamüstü istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,408 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 01.04.2021-ci il tarixdə saat 21:20-də Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən qəsəbəsində yerləşən Lallar fabrikinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən 43-cü Polis Bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ arxa cibindən bir ədəd göy rəngli kağıza bükülmüş təmiz çəkisi 1,408 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmünə əsasən oğurluğa görə məhkum olunmuş, barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur.01.04.2021-ci il tarixdə saat 21:20 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədəndə yerləşən Lallar fabrikinin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət etmişlər.Bundan sonra o, öz razılığı ilə 43-cü Polis Bölməsinə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulmuşdur.O, əynində olan narıncı rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli “Nokia” markalı mobil telefonu, həmin gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli telefon adaptoru, əynində olan boz rəngli şalvarın sağ arxa cibindən bir ədəd göy rəngli kağız bükülünü çıxarıb masanın üzərinə qoymuşdur.Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmişdir, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Sonra onun boz rəngli idman şalvarının, narıncı rəngli gödəkçəsinin ciblərini açmağı tələb olunmuşdur.Üzərindən hər hansı digər qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Ayağında olan qara rəngli ayaqqabını çıxararaq içərisini göstərmiş, ayaqqabının içərisindən də heç nə aşkar olunmamışdır.Üzərindən aşkar olunmuş bükülü iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş qəhvəyi rəngli tozşəkilli maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir.O, həmin narkotik vasitəni həmin gün saat 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “Xutor” adlanan yerdə tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün almışdır.Belə ki, o, təxminən 1-2 ildir ki, narkotik vasitə istifadə edir. Əynində olan boz rəngli şalvarın sağ arxa cibindən çıxarıb könüllü təqdim etdiyi narkotik vasitə heroindir.Əvvəllər də narkotik vasitəni adını bilmədiyi üzdən tanıdığı şəxslərdən almışdır.O, özü narkotik vasitə istifadəçisidir, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir.Ona qarşı polis əməkdaşları tərəfindən heç bir zor tətbiq olunmamışdır. Narkotik vasitəni əldə etməkdə məqsədi onu özü üçün istifadə etmək olmuşdur.İndiyə qədər aldığı narkotik vasitədən heç kimə təklif etməmiş, heç kimə bu barədə məlumat verməmişdir.Narkotik vasitə əldə etmək üçün verdiyi pul öz pulu olmuşdur, fəhləlik edərək qazanmışdır.Heç kim onun həmin pula narkotik vasitə alacağını bilməmişdir.O, həmişə öz istifadəsi üçün “kokos” adlanan narkotik vasitə heroin almışdır.O,həmin şəxsin anket məlumatlarını bilmir və zahiri görünüş əlamətlərini xatırlamır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu və himayəsində 2 (iki) azyaşlı övladının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir.ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələri gəzdirməsi, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və alınmış məlumat barədə rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir.01.04.2021-ci il tarixdə saat 20.00 radələrində məlumat əsasında əməliyyat qrupunun üzvü olan Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2la birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən qəsəbəsində yerləşən Lallar fabrikinin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs zahiri əlamətlərinə oxşar, arıq bədən quruluşlu, saçı qısa və nisbətən ağarmış, əynində narıncı rəngli gödəkçə, boz rəngli idman şalvarı olan bir nəfər şəxsin olduğunu görərək ona yaxınlaşmışlar.Həmin şəxsə özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirdikdən sonra onun xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər.Bundan sonra Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına dəvət etmişlər.Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, öz xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə tanış olub, onu qəbul etdiyini bildirmişdir. Sonra bölmənin inzibati binasının otaqlarından birində 01.04.2021-ci il tarixdə videoçəkiliş ilə üzərində olan narkotik vasitəni təhvil verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədiyini bildirmişdir və əynində olan narıncı rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli “Nokia” markalı mobil telefonu, həmin gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli telefon adaptoru, əynindəki boz rəngli şalvarın sağ arxa cibindən isə bir ədəd göy rəngli kağız bükülünü təqdim etmişdir.Ondan bükülünün içində nə olduğu soruşulduqda narkotik vasitə olan heroin olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir.Ardınca Təqsirləndirilən şəxs üzərinə özünün razılığı ilə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini haradan əldə etdiyini və hansı məqsədlə saxladığını soruşduqda, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni həmin gün bir neçə saat əvvəl Bakı şəhəri, Binəqədi rayonu, “Xutor” adlanan yerdə tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir.Bundan sonra aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq möhürlənmiş, tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs qarşı zorakılıq, fiziki və ya psixoloji təsir göstərilməmiş, Təqsirləndirilən şəxs özünü sakit aparmışdır. Vüqarın narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində fəaliyyət göstərsələr də, nəticə əldə edə bilməmişlər.Hazırda da bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini tam təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 02.04.2021-ci il tarixli, 6/1293 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,408 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Təqdim olunmuş heroinin ümumi təmiz çəkisi 1,408 qram qram tədqiqatdan sonra qalıq şəkisi 1,358 qram müəyyən edilmişdir. İş materiallarında olan ambulator Azərbaycan Respublikası Səhiyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının 07.06.2021-ci il tarixli, 1777 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm 05.11.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir.Bundan başqa, ona, Binəqədi Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 1(001)-165/2021 saylı hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.Beləliklə də, məlum olur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İş materiallarında olan AZE 12734185 saylı və AZE 12734172 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 12.11.2006-cı il təvəllüdlü X6 və 23.07.2009-cu il təvəllüdlü X4 adlı övladları vardır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini və himayəsində 2 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 1(001)-165/2021 saylı hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 11 ay 26 gün müddətinə təyin edilmiş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası CM-nin 67.1-ci maddəsi ilə hazırki hökmlə təyin olunan cəza ilə qismən birləşdirməklə qəti cəza təyin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, AR CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 01 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 81,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin 1,358 qram olan qalığı məhv edilməlidir. İş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-19 8, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 1(001)- 165/2021 saylı hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 11 ay 26 gün müddətinə təyin edilmiş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası CM-nin 67.1-ci maddəsi ilə hazırki hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 01 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin 1,358 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar